Regionlarda
pambıq tədarükü 200 min tonu ötüb
Müvafiq
Dövlət Proqramının icrası nəticəsində
2022-ci ildə respublika üzrə xam pambıq
istehsalını 500 min tona çatdırmaq nəzərdə
tutulub
Azərbaycanın dərin konseptual yanaşmalarla
hazırlanan və uğurla reallaşdırılan
regionların sosial-iqtisadi inkişafına dair müvafiq
Dövlət proqramlarında bölgələrin iqtisadi
potensialından daha səmərəli istifadə etməklə
ölkə üzrə kənd təsərrüfatı məhsullarının
istehsal həcmlərinin artırılması da qarşıya
qoyulan əsas məqsədlər sırasında yer alır. Bu məqsədlərə
çatmaq üçün regionlar üçün xarakterik
olan ənənəvi təsərrüfat sahələrinin
dirçəldilməsinə xüsusi diqqət yetirilir.
Ölkəmizin bir sıra bölgələri
üçün belə ənənəvi və gəlirli təsərrüfatçılıq
sahələrindən biri də
pambıqçılıqdır. Ötən
ildən başlayaraq Prezident İlham Əliyevin siyasi iradəsi
əsasında regionlarda pambıqçılığın
inkişafı diqqət mərkəzində saxlanılır.
Qısa müddətdə bölgələrdə
pambıq əkiləcək sahələri genişləndirmək
üçün meliorasiya-irriqasiya tədbirləri həyata
keçirilib, müvafiq infrastruktur qurulub, fermerlərin texnika
ilə təchizatı gücləndirilib, onlara subsidiyalar
verilməsi təmin edilib, tədarük olunan məhsulun
satış qiyməti artırılıb. Dövlətin
güclü dəstək tədbirləri öz növbəsində
regionlarda pambıqçılığa marağı
artırıb. Hərtərəfli dövlət
dəstəyindən bəhrələnən fermerlər
yüksək iqtisadi səmərəliliyə malik, eyni zamanda,
əmək tutumunun kifayət qədər çox olması
baxımından həm də ciddi sosial əhəmiyyət
daşıyan pambıqçılığa böyük maraq
göstərirlər və əkin sahələrini genişləndirirlər.
Pambıq
yığımında Saatlı rayonu liderlik edir
Cari mövsümdə respublikanın əksər
bölgələrində pambıq yığımına
yüksək səviyyədə hazırlıq
görülüb. Fermerlərin texnika ilə təchizatının
gücləndirilməsinin önəmini xüsusi qeyd etmək
lazımdır. Pambıqçılıqla
məşğul olan fermerlər “Aqrolizinq” ASC-nin xətti ilə
respublikamıza gətirilən texnikadan güzəştli
şərtlərlə bəhrələnirlər. Cari pambıq yığımı mövsümü ərəfəsində
Şirvan şəhərində “Aqrolizinq” ASC-nin təchizat
bazasında yeni kənd təsərrüfatı
texnikalarının təqdimatı olub. Təqdimat
mərasimində pambıq istehsalı ilə məşğul
olan “MKT İK” MMC, “CTS-Aqro” MMC və “Şamo” MMC-nin, eləcə
də digər şirkətlərin nümayəndələri,
Kənd Təsərrüfatı Nazirliyinin müvafiq
qurumlarının mütəxəssisləri, həmçinin
fermerlər iştirak ediblər. Təqdimat
mərasimində indiyədək 4000-dən çox
texnikanın pambıq istehsalı ilə məşğul olan
fermerlərin və müvafiq qurumların istifadəsinə
verildiyi nəzərə çatdırılıb. Tədbirdə
daha 140 pambıqyığan kombayn, 400-dən çox qoşqu
“Aqrolizinq” ASC-nin regional nümayəndəliklərinin,
onların rayon (şəhər) bölmələrinin, həmçinin
pambıq istehsalı ilə məşğul olan “MKT İK” MMC,
“CTS-Aqro” MMC və “Şamo” MMC-nin istifadəsinə verilib.
Zamanında həyata keçirilən bu kimi
hazırlıq işləri yığım vaxtı fermerlərin
işini asanlaşdırıb, eyni zamanda, sahələrin məhsuldarlığına
müsbət təsir göstərib, itkilər minimum dərəcədə
aşağı düşüb. Verilən son statistik məlumatlara
görə, dekabrın ortalarınadək respublika üzrə
pambıq qəbulu məntəqələrinə 201 min 491 ton
məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
məhsul yığımında Saatlı
pambıqçıları öndədirlər. Onlar
dekabrın 14-dək 25 min 533 ton pambıq təhvil veriblər.
Ümumilikdə isə 10 min tondan çox
pambıq tədarük edən rayonların sırasına Biləsuvar,
Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan və
İmişli daxildir.
Perspektivdə
pambıqçılıq intensiv metodlarla inkişaf etdiriləcək
Azərbaycanda
pambıqçılıq perspektivdə Prezident İlham
Əliyevin 2017-ci ilin iyul ayında imzaladığı
müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan
Respublikasında pambıqçılığın
inkişafına dair 2017-2022-ci illər üçün
Dövlət Proqramı”na uyğun olaraq
inkişaf etdiriləcək. Sənəddə qeyd edildiyi kimi,
Dövlət Proqramının məqsədi ölkədə
pambıqçılıq məhsullarına tələbatın
ödənilməsi, pambıq emalı müəssisələrinin
xammal təminatının
yaxşılaşdırılması, emal sənayesinin
inkişaf etdirilməsi, pambıq məhsullarının
ixracının artırılması, kənd yerlərində əhalinin
məşğulluq səviyyəsinin yüksəldilməsi
üçün pambıqçılığa dövlət
dəstəyinin gücləndirilməsindən və bu sahənin
inkişafının stimullaşdırılmasından ibarətdir.
Bütövlükdə Dövlət Proqramı
pambıqçılığa dövlət dəstəyinin
gücləndirilməsinə və bu sahədə problemlərin
həllinə yönəldilib. Qarşıya qoyulmuş
məqsədə nail olmaq üçün institusional tədbirlərin
həyata keçirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi,
elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi,
infrastruktur təminatının
yaxşılaşdırılması, istehsal və emal sahəsində
innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi,
istehsalçılarla emal müəssisələri arasında
səmərəli iqtisadi əlaqələrin qurulması,
istehsal və emal sahələrinə yerli və xarici
investisiyaların cəlb edilməsinin təşviqi,
pambıqçılıq məhsullarının rəqabətqabiliyyətliliyinin
artırılması, ixracının təşviqi,
pambıqçılıq məhsulları üzrə
idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi,
əlaqəli sahələrin inkişafının dəstəklənməsi,
sahə üzrə kooperasiyanın inkişaf etdirilməsi nəzərdə
tutulub.
Dövlət Proqramında ölkədə
pambıqçılığın inkişafının əsas
istiqamətləri müəyyənləşdirilib. Bundan sonra
respublikamızda pambıqçılıq qabaqcıl idarəetmə
təcrübəsinin, eləcə də intensiv becərmə-suvarma
texnologiyalarının tətbiqi hesabına inkişaf etdiriləcək.
İxtisaslaşmanın dərinləşdirilməsi, növbəli
əkin sisteminin tətbiqi, mütərəqqi texnika və
texnologiyalar əsasında yeni pambıq emalı müəssisələri
yaradılması, dərin emal məhsulları
istehsalının təşviqi, dünya pambıq bazarında
müşahidə edilən konyunktur dəyişikliklərinin,
o cümlədən kimyəvi liflərin tekstil sənayesində
istifadəsinin genişlənməsinin nəzərə
alınması, toxumçuluq təsərrüfatlarının
maddi-texniki bazasının gücləndirilməsi və lifsiz
toxum istehsalının təşkili pambıqçılığın
perspektiv inkişafı baxımından böyük
aktuallıq daşıyır.
Son bir ildə
ölkə üzrə pambıq əkilən sahələr 3
dəfə genişləndirilib
Bəhs olunan Dövlət Proqramında qarşıya
qoyulan məqsədlərin reallaşdırılması
perspektivdə ölkə üzrə pambıq
istehsalının artmasını təmin edəcək. Ümumiyyətlə,
respublikanın regionlarında mərhələlərlə
pambıq əkilən sahələrin genişləndirilməsi
və daha böyük həcmlərdə məhsul
istehsalına nail olunması hədəflənib. Əgər 2015-ci ildə respublikamızda cəmi 35
min ton pambıq tədarük edilmişdisə, 2016-cı ildə
bu rəqəm təxminən 90 min tona çatıb.
Keçən il ölkənin
ayrı-ayrı regionlarında 51 min hektarda pambıq əkilmişdisə,
cari ildə 136 min hektar sahədə pambıq əkilib. Beləliklə,
respublikamızda cəmi bir il ərzində
pambıq əkilən sahələr 3 dəfə genişləndirilib.
Gələcəkdə bu artım daha dinamik hal
alacaq. Sənəddə vurğulandığı kimi,
Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda
pambıqçılıq ənənələrinin bərpa
olunmasına, pambıq emalı məhsulları üzrə
idxaldan asılılığın azaldılmasına, kənd
yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye
potensialının artırılmasına, ixrac
imkanlarının genişləndirilməsinə və ölkəyə
əlavə valyuta daxilolmalarına şərait yaradacaq. Eyni zamanda, görülən tədbirlər nəticəsində
qabaqcıl texnologiyaların geniş tətbiqinə əsaslanan
pambıq istehsalı və emalı kompleksi təşəkkül
tapacaq, yerli pambıq xammalına əsaslanan tekstil sənayesi
formalaşacaq. Dövlət
Proqramının icrası nəticəsində 2022-ci ildə
xam pambıq istehsalı 500 min tona çatdırılacaq.
2018-ci ildə
pambığın yeni satış qiymətləri müəyyənləşdiriləcək
Kənd Təsərrüfatı Nazirliyindən
verilən məlumata əsasən, ölkəmizdə 2018-ci
ildə pambığın satış qiymətinin yenidən
artırılacağı gözlənilir. Bu barədə
İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin
rəhbərlərinin iştirakı ilə pambıq
istehsalı və emalı ilə məşğul olan “MKT
İK” MMC və “CTS AQRO” MMC-nin nümayəndələri
arasında keçirilən görüşdə bildirilib. Görüşdə cari ildə görülən
işlər, pambıq yığımının gedişi, tədarükü
və emalı vəziyyəti, eləcə də
qarşıya qoyulan hədəflərə nail olunması
üçün 2018-ci ildə həyata keçirilməsi
vacib olan məsələlər müzakirə edilib.
Tədbirdə xam pambığın
satış qiymətinin artırılması məsələsi
də müzakirə mövzusu olub. Aparılan
müzakirələrin sonunda pambıq əkən fermerlərin
məhsul istehsalına həvəsləndirilməsi və
onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə
pambığın növlər üzrə mövcud
alış qiymətlərinin 2018-ci ildə hər ton
üçün 100-110 manat artırılması barədə
razılığa gəlinib. Beləliklə, birinci növ
pambığın alış qiyməti hazırkı hər
ton üçün 500 manatdan 600 manata, ikinci növ
pambığın alış qiyməti isə 470 manatdan 580
manata yüksələcək.
Yeri gəlmişkən, xam pambığın
alış qiymətlərinin hər ton üçün
100-110 manat artırılması pambıqçılıqla məşğul
olan fermerləri məhsul istehsalına daha da həvəsləndirib.
Tərtər rayon Azad Qaraqoyunlu kənd sakini
Şəmşəddin Alıyev AZƏRTAC-ın bölgə
müxbiri ilə söhbətində bildirib ki, bu il 3 hektarda
pambıq becərib və yüksək məhsuldarlığa
nail olub: “Ölkəmizdə
pambıqçılığın dirçəldilməsi
biz fermerlərin sevincinə səbəb olub.
Pambıqçılığa göstərilən dövlət
qayğısından bəhrələnərək, əkin sahələrində
aqrotexniki tədbirləri ardıcıl həyata keçirdik
və gözlədiyimiz məhsulu yetişdirdik. Artıq
pambıq yığımını başa
çatdırmışıq. On dörd ton pambıq tədarük
etmişik ki, bu da hər hektardan 46,6 sentner məhsuldarlıq
deməkdir. Təhvil verdiyim pambıqdan 3800 manat gəlir əldə
etmişəm. Veriləcək subsidiyanı da nəzərə
alsaq, builki qazancımız 5 min manatdan çox olacaq”.
Fermer bildirib ki, xam
pambığın alış qiymətlərinin
qaldırılması pambıqçılığa
marağı daha da artıracaq. “Əldə etdiyimiz nəticədən
və dövlət tərəfindən göstərilən
qayğıdan ruhlanaraq, gələn il pambıq sahələrini
daha da genişləndirəcəm”, - deyə Şəmşəddin
Alıyev qeyd edib.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycvan.-
2017.-16 dekabr.- S.7.