Ağstafa rayonunda quruculuq işləri uğurla davam etdirilir

 

Bu ilin ötən dövründə rayonun sosial-iqtisadi inkişaf göstəricilərində yüksək nəticələr əldə olunub

Məlum olduğu kimi, Azərbaycan dinamik inkişaf yolundadır. Bu mənada respublikamızın bütün bölgələrində abadlıq və quruculuq işləri böyük vüsət alıb. Abadlıq və quruculuq işləri digər rayonlarda olduğu kimi Ağstafa rayonunda da özünü əyani şəkildə göstərir. Qeyd edək ki, Ağstafa rayonunun ərazisi 1504 kv. km, əhalisi 86,5 min nəfərdir. Rayonda 1 şəhər, 9 qəsəbə və 29 kənd yaşayış məntəqəsi vardır. 2017-ci ildə rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında baş verən ən mühüm hadisələr sırasında xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağstafa şəhərində 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağstafa Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılması, həmçinin on səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon (dörd milyon səkkiz yüz min) manatının “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılmasını qeyd etmək olar. Azərbaycan Prezidenti İlham Əliyevin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda bir sıra tədbirlər həyata keçirilib. Özündə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L” EKO Sənaye Parkı fəaliyyətini uğurla davam etdirir. Bu gün sənaye parkında 7 müəssisə, eləcə də kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi fəaliyyət göstərir. Hazırda sənaye parkının layihəsinə uyğun olaraq istehsal gücü sutkada 500 kv. metr olan keramika dam örtüklərinin istehsalı zavodunun tikintisi işləri davam etdirilir. Gələcəkdə balıqçılığın inkişaf etdirilməsi üçün Həsənsu çayı üzərində işlər aparılır.

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin iştirak etdiyi “Ağstafa Aqroservis” MMC-nin ikinci mərhələsini təşkil edən Ağstafa taxıl və un məmulatları kombinatının tikintisi işləri sürətlə davam etdirilir. Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatı 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodlarıdır. Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli “fast food” iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarının tikintisi həyata keçirilir. Ümumi sahəsi 2 min kvadratmetr olacaq “fast food” iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək.

Qeyd edək ki, rayonda Saloğlu firmasının nəzdində “Modern Mebel Fabriki” və “Venzena Mebel Fabriki” layihələrinin icrası həyata keçirilir. “Venzena Mebel Fabriki”nin layihə smeta sənədləri hazırlanıb, torpaqayırma sənədləri hazırlıq mərhələsindədir, yaxın günlərdə mebel şəhərciyinin tikintisinə başlanılması nəzərdə tutulur. Ağstafada qədim xalçaçılıq ənənələrinin olması nəzərə alınaraq “Azərxalça” ASC-nin Ağstafa filialı da təsis edilib. Tikinti üçün rayon İcra hakimiyyəti tərəfindən şəhərin Hüseyn Arif küçəsində 0.50 ha torpaq sahəsi ayrılıb. Layihə üzrə birmərtəbəli və sahəsi 1246,0 kv. metr olacaq binanın inşaat işləri hazırda başa çatmaq üzrədir. Burada 465,6 kv. metr sahə toxuculuq zalı üçün nəzərdə tutulub. Müəssisə fəaliyyətə başladıqdan sonra 120 nəfər daimi işlə təmin olunacaq. Ağstafa rayonunda yeni iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi rayonun ixrac potensialını artırır və çoxsaylı yeni iş yerləri yaradır. Rayonda fəaliyyət göstərən “Akkord Tekstil” MMC-nin tikiş fabriki yeni avadanlıqlarla təchiz olunmaqla fəaliyyətini davam etdirir. Fabrikdə ixracyönlü məhsul istehsalı üçün əlavə olaraq 200 min ABŞ dolları həcmində investisiya qoyulub və bu istiqamətdə işlər davam etdirilir. Hazırda 120 nəfərin çalışdığı fabrikdə ixrac üçün nəzərdə tutulan məhsulların istehsalı həyata keçirilir. Artıq fabrikin istehsal etdiyi məhsulların Avropa bazarına çıxarılması üçün müqavilələr bağlanaraq məhsullar ixrac olunur. Gələcəkdə məhsul istehsalını çoxaltmaq, işçilərin sayını iki dəfə artırmaq və ixrac məhsullarının çeşidini və həcmini artırmaq üçün tədbirlər görülür.

Onu da bildirək ki, 2017-ci ilin 9 ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 43.6 faiz artaraq 143.7 milyon manata çatıb.

Sosial məsələlərə gəlincə, qeyd edək ki, ƏƏSMN yanında DSMF-nin Ağstafa rayon şöbəsi 11710 nəfər pensiyaçıya xidmət edir. 2017-ci ilin doqquz ayı ərzində 400 nəfərə əmək pensiyası təyin edilib, bir nəfərə düşən orta aylıq pensiyanın məbləği rayon üzrə 178.25 manat təşkil edir. 9 ay ərzində əmək pensiyalarının maliyyələşdirilməsinə 19.0 milyon manat, müxtəlif növ müavinətlərin ödənilməsinə 519.6 min manat vəsait xərclənib. Ağstafa rayonu üzrə 4347 nəfər sosial müavinət alan şəxs qeydə alınıb. Sosial məişət xidməti sektorunda 249 nəfər tənha və ahıl vətəndaşlar xidmət uçotuna götürülüb. Rayon üzrə 2304 nəfərə, 512 ailəyə ünvanlı sosial yardım verilir, hər ailəyə ödənilən yardımın məbləği 151.24 manat, adambaşına 33.61 manat təşkil edir.

Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Ağstafa rayonunda tədbirlər planına uyğun həyata keçirilir. Ağstafa rayonu üzrə 2017-ci ilin yanvar-sentyabr ayları ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda 1183 nəfər işlə təmin olunub. Rayon üzrə işlə təmin olunanların 87.5 faizi daimi işlərdə işləyənlərdir. Statistik göstəricilərə görə bu ilin 9 ayı ərzində rayonda miqrasiya artımı müsbət saldo ilə nəticələnib.

Ölkə iqtisadiyyatında xüsusi çəkisi olan kənd təsərrüfatının əsas strateji hədəfi əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Aparılan aqrar islahatlar kənd təsərrüfatında yeni münasibətlərin formalaşmasına və nəticədə məhsul istehsalının artmasına səbəb olub. Bu il Ağstafa rayonu üzrə cəmi 30883 ton taxıl istehsal edilib və hər hektardan 30.0 sentner məhsul götürülüb. İstehsal olunan taxılın 26373 tonunu buğda, 4510 tonunu arpa məhsulu təşkil edir. Rayon üzrə müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı davam etdirilir, bu günə kimi 2610 ton bostan məhsulu, 15450 ton kartof, 479 ton soğan, 6056 ton tərəvəz, 2619 ton günəbaxan, 3345 ton qarğıdalı istehsal olunub. Cari ilin yanvar-sentyabr ayları ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 371.0 min manat artıb. Bu dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı nəticəsində əldə edilib. “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na uyğun olaraq 2017-ci ildə Ağstafa rayonu üzrə 9824 istehsalçıya 1123833 manat subsidiya verilib.

Rayonda təhsil və səhiyyə sahəsində də müsbət nəticələr əldə olunmaqdadır. Bu il ilk dəfə təhsildə fərqlənən şagirdlərə fərqlənmə attestatı verilib və rayon üzrə 27 şagird fərqlənmə attestatına layiq görülüb. Rayonda təhsilin infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində ciddi işlər aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 21.10.2016-cı il tarixli Sərəncamına uyğun olaraq 1320 şagird yerlik Ağstafa şəhər 3 saylı tam orta məktəbin əsaslı təmiri işləri həyata keçirilir. Köhnəqışlaq kənd tam orta məktəbi üçün 108 yerlik yeni məktəb binasının və Kolayır kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binasının tikintisi işləri başa çatdırılıb. Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılmasından, orta ömür müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Əhalinin sağlamlığının qorunmasına dair dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi və mövcud olan tibb məntəqələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanası tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə əlaqədar Ağstafa rayon əhalisinin tibbi müayinədən keçirilməsi həyata keçirilib. Rayonun Saloğlu qəsəbəsində yeni tibb məntəqəsi tikilib istifadəyə verilib və inventar avadanlıqlarla təchiz olunub.

Qeyd edək ki, Ağstafa rayonunda yol infrastrukturunun əsaslı, yenidən qurulması işi də uğurla icra olunur. Vurğun, Həsənsu, Qırılı, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən uzunluğu 15,5 km olan Ağstafa-Köçəsgər avtomobil yolunda, eləcə də 9,5 km uzunluğunda Köçvəlili-Qarayazı avtomobil yolunun əsaslı surətdə yenidən qurulması başa çatdırılıb. Vurğun, Göycəli, Tatlı, Yaradullu və Köhnəqışlaq kəndlərini rayon mərkəzi ilə əlaqələndirən uzunluğu 24 km olan Vurğun-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. 9.5 km uzunluğunda olan Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan-Poylu avtomobil yolunun tikintisi həyata keçirilir.

Onu da bildirək ki, bu ilin ötən dövründə rayonda ictimai təşkilatlar, siyasi partiyalarla və kütləvi informasiya vasitələri ilə iş qanunauyğun tənzimlənib. Bütövlükdə, rayon əhalisi ictimai-siyasi proseslərdə fəallıq göstərir və dövlətə, ölkə Prezidentinin həyata keçirdiyi siyasətə sadiqdirlər. Əhalinin ictimai-siyasi fəallığının təmin edilməsində Yeni Azərbaycan Partiyasının (YAP) Ağstafa rayon təşkilatı aktiv rol oynayır. Rayon təşkilatının sədri Ramiz Tatarovun verdiyi məlumata görə, bütövlükdə təşkilatın üzvü olan 5 min 791 nəfər 67 ərazi ilk partiya təşkilatında birləşiblər. Təşkilat üzvlərinin 2958 nəfəri qadın, 1921 nəfəri isə gənclərdən ibarətdir. Təşkilat sədri qeyd edib ki, partiya fəalları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarını rayon əhalisi arasında geniş şəkildə təbliğ edirlər. Eyni zamanda, bütün seçkilərdə qazanılan qələbələr bütün xalqımız kimi Ağstafa sakinlərinin də Prezident İlham Əliyevin siyasətinin birmənalı şəkildə dəstəklədiyini təsdiqləyir.

Yeri gəlmişkən onu da bildirək ki, bu il dekabrın 19-da 60 illik yubileyini qeyd edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib. Hər iki əlamətdar hadisə münasibətilə Ramiz müəllimi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Nardar BAYRAMLI

Yeni azərbaycan.- 2017.- 20 dekabr.- S.5.