Cahangir Novruzov Türkiyədə
ən yaxşı teatr rejissoru adına layiq görülüb
Azərbaycanın görkəmli teatr və kino aktyoru,
rejissor, Əməkdar
incəsənət xadimi
Cahangir Novruzov Türkiyədə “XVII Direklerarası
Seyirci Ödülleri”
teatr mükafatına layiq görülüb.
C.Novruzova bu
mükafat Adana Böyükşəhər Bələdiyyə
Teatrında səhnələşdirdiyi
A.P.Çexovun kiçik
dram əsərlərindən
ibarət “Ah, bu evlilik...” tamaşasındakı rejissor
işinə görə
verilib. Mükafat Adanada keçirilən mərasimdə həmyerlimizə
təqdim olunub.
Məlumat üçün
bildirək ki, mükafatın “Halk Jürisi”nin üzvləri
2016-2017-ci il teatr mövsümünün ən
yaxşılarını müəyyənləşdiriblər.
Münsiflər heyətinin
üzvləri Türkiyənin
bir sıra şəhərlərinin teatrlarında
səhnəyə qoyulan
tamaşaları izləyərək
qalibləri seçiblər.
Bu münasibətlə
“Yeni Azərbaycan” qəzeti olaraq qardaş ölkədə
yaşayıb-yaradan sənətkarla
əlaqə saxladıq.
O, qazandığı hər
bir uğur və mükafatın Azərbaycanın adına
məxsus olduğunu deyib: “Dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımız
və həmvətənlərimizin
borcudur ki, birlik və həmrəylik nümayiş
etdirib Azərbaycana layiqli xidmət etsin, adımızı daim zirvələrə qaldırsın. Mən də bacardığım
qədər Azərbaycan
mədəniyyətinin daha
da inkişafı üçün əlimdən
gələni edirəm
və bundan sonra da var
qüvvəmlə çalışacağam”.
Məlumat üçün
bildirək ki, 1995-ci ildən Türkiyədə
yaşayan Cahangir Novruzov hazırda Adana şəhərində
Çukurova Universitetinin
Dövlət Konservatoriyasının
teatr bölməsində
çalışır. Cahangir
Novruzov ötən teatr mövsümündə
“Tiyatro için Emek Ödülü” mükafatına layiq görülmüşdü. O, eyni
zamanda, Adana Azərbaycan Mədəniyyət
və Həmrəylik
Dərnəyinin sədr
müavinidir.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.- 2017.- 23 dekabr.- S.11.