“Həsən
Əliyev-110: torpaqşünaslığın
müasir problemləri”
mövzusunda respublika elmi konfransı keçirilib
Dekabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Torpaqşünaslıq
və Aqrokimya İnstitutunun təşkilatçılığı
ilə görkəmli
alim, ictimai-siyasi dövlət xadimi, Dövlət mükafatı
laureatı, akademik Həsən Əliyevin 110
illik yubileyinə həsr olunan “Həsən Əliyev-110: torpaqşünaslığın
müasir problemləri”
mövzusunda respublika
elmi konfransı keçirilib.
Əvvəlcə konfrans iştirakçıları
Fəxri xiyabanda akademik Həsən Əliyevin məzarını
zıyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
AZƏRTAC xəbər
verir ki, konfransda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi,
akademik Əhliman Əmiraslanov tədbirin Prezident İlham Əliyevin “Akademik Həsən Əliyevin 110
illik yubileyinin keçirilməsi haqqında”
2017-ci il 7 fevral tarixli Sərəncamına
əsasən təşkil
olunduğunu söyləyib.
Böyük alimin elmi fəaliyyətindən söz
açan Ə.Əmiraslanov
bildirib ki, Azərbaycanda coğrafiya,
kənd təsərrüfatı,
aqrobiologiya, torpaqşünaslıq,
ekologiya kimi elm sahələri görkəmli təbiətşünas
alim, akademik Həsən Əliyevin rəhbərliyi ilə formalaşıb və inkişaf edib. Unudulmaz alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli
istifadə üzrə
kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirib. AMEA Torpaqşünaslıq
və Aqrokimya İnstitutunun yaranması və inkişafında, çoxsaylı milli elmi kadrların yetişməsində də
akademik Həsən Əliyevin misilsiz xidmətləri olub. Məhz onun gərgin əməyinin və elmi fəaliyyətinin
nəticəsində respublikamızda
torpaqşünaslıq, təbiətin
mühafizəsi sahəsində
xeyli iş görülüb. Apardığı
tədqiqatların, elmi
araşdırmaların müsbət
nəticələri bu
gün də ölkəmizdə kənd
təsərrüfatının müxtəlif sahələrində
hiss olunmaqdadır. Akademik Həsən Əliyev təbiətşünas
və coğrafiyaçı,
torpaqşünas və
ekoloq kimi həm Azərbaycanda, həm də dünya miqyasında tanınıb.
Azərbaycan Ağsaqqallar Şurasının
sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ölkəmizdə coğrafiya
və torpaqşünaslıq
elmlərinin müxtəlif
sahələrinin inkişafında
akademik Həsən Əliyevin əvəzsiz xidmətləri olduğunu
vurğulayıb. Qeyd
edib ki, respublikanın hər bölgəsini qarış-qarış
gəzən görkəmli
alim Vətənə,
torpağa, xalqa bağlı insan olub. Mərhum akademik ömrünü Azərbaycan elminin inkişafına, əsasən
təbiətin, ətraf
mühitin qorunmasına
həsr edib.
Akademik Həsən
Əliyevin yüksək
mənəvi keyfiyyətlərindən
söz açan F.Heydərov onu vətənpərvər insan
kimi xarakterizə edib, alimlə bağlı xatirələrini
bölüşüb.
Milli Məclisin Aqrar
siyasət komitəsinin
sədri Eldar İbrahimov bildirib ki, təbiət vurğunu Həsən Əliyevin elmi yaradıcılığı müasir
dövrdə dünyanın
ən mühüm qlobal məsələsi olan təbiətin bütövlüyünün qorunmasına
və bioloji müxtəlifliyin mühafizə
olunmasına həsr edilib. O, insan
müdaxiləsi nəticəsində
təbiətdə baş
verən mənfi prosesləri müəyyən
edib, onların qarşısının alınması
üçün təxirəsalınmaz
təbirlərin görülməsi
məqsədilə həyəcanını
bəyan edib. Alimin “Həyəcan təbili” kitabında bu məsələlər geniş
şərh edilib. Ölkəmizin ərazisini
qarış-qarış gəzib
onun təbiətini mükəmməl öyrənən
akademik bu kitabında təbiətin
əsas sərvətləri
olan torpaq, meşə, su və təbii qoruqlar barədə öz narahatlığını bildirib, təbiətə ziyan vurmağın fəlakətli
nəticələri barədə
həyəcanla söhbət
açıb.
E.İbrahimov qeyd edib ki,
“meşələrimizi sərvətimiz,
varlığımız və
məişətimizin bir
hissəsi” adlandıran
alim təbiət aşiqi idi. O, tez-tez rayonlara gedir, meşələri gəzir və meşə sahələrinin
genişləndirilməsinin vacibliyini hər zaman ön plana
çəkirdi.
“Akademik Həsən Əliyevin zəngin elmi yaradıcılıq yolu” mövzusunda məruzə ilə çıxış
edən AMEA-nın aqrar məsələlər
üzrə müşaviri,
akademik Qərib Məmmədov görkəmli
alimin təbiətşünaslıq
elmində, eləcə
də ətraf mühitin mühafizəsi
sahəsində xidmətlərindən danışıb.
Görkəmli alimin 1953-cü ildə
rus dilində işıq üzü görmüş “Azərbaycan
SSR-in torpaqları” monoqrafiyasının əsas
müəlliflərindən və məsul redaktorlarından biri olduğunu deyən Q.Məmmədov bildirib ki, kitabda respublikada
torpaq əmələgəlmə
şəraiti dərindən
təhlil edilib, ilk dəfə bütün toksonomik torpaq vahidlərinin hərtərəfli
elmi təhlili verilib.
Bildirilib ki,
Həsən Əliyev
bir sıra qurumlara rəhbərlik etdiyi müddətdə ciddi ictimai və
pedaqoji fəaliyyətlə
məşğul olmasına
baxmayaraq, elmi potensialından da səmərəli istifadə
edib, tədqiqatlarını
uğurla həyata keçirib. Torpaqşünaslıq
elminin elmi-nəzəri
və təcrübi problemlərini incəliklərinə
kimi bilən alim torpaq coğrafiyasını
torpaqşünaslığın ən mühüm sahəsi kimi qiymətləndirib.
Sonra Torpaqşünaslıq
və Aqrokimya İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü Əlövsət
Quliyev “Akademik Həsən Əliyevlə
bağlı xatirələr”
mövzusunda məruzə
ilə çıxış
edib. O, Həsən Əliyevin vətənpərvər,
qayğıkeş, həssas
bir alim olduğunu, hər zaman insanlara təbiətə sevgi hissləri aşıladığını
söyləyib.
Milli Məclisin deputatı
Musa Quliyev, akademik Məhərrəm Babayev, AMEA Coğrafiya İnstitutunun şöbə
müdiri Ənvər
Əliyev, Bakı Dövlət Universitetinin coğrafi ekologiya kafedrasının dosenti Allahverdi Dolxanov və digər çıxış edənlər
ölkəmizdə coğrafiya
və torpaqşünaslıq
elmlərinin müxtəlif
sahələrinin təşəkkül tapmasında,
bir sıra yeni elmi istiqamətlərin
bugünkü vəziyyətinin
müəyyənləşməsində akademik Həsən Əliyevin müstəsna xidmətlərini qeyd edib, alimlə bağlı xatirələrini
bölüşüblər.
Çıxışlarda görkəmli alimin Azərbaycan Təbiəti
Mühafizə Cəmiyyətinə
sədrliyi xüsusi qeyd olunub. Vurğulanıb ki, o zaman Azərbaycanda
bu sahədə aidiyyəti dövlət qurumunun fəaliyyət göstərməsinə baxmayaraq,
bölgələrdə cəmiyyəti
daha çox tanıyırdılar, təşkilatın
çağırışlarına əməl edirdilər.
1972-ci ildə Xəzər
dənizinin açıq
hissəsində
tərpənməz özül
üzərində dünyada
ilk dəfə dəniz rəsədxanasının
yaradılması və
25 il fəaliyyət göstərməsi akademik
Həsən Əliyevin
xidmətlərinin nəticəsidir.
Qeyd olunub
ki, aydın təfəkkürə, geniş
dünyagörüşə malik vətənpərvər
insan və böyük alim Həsən Əliyevin xatirəsi hər zaman qəlblərdə yaşayacaq.
Mərhum akademikin
oğlu, Əməkdar
Memar Rasim Əliyev konfransın təşkilinə görə
ailəsi adından
AMEA-nın rəhbərliyinə
və iştirakçılara
minnətdarlığını bildirib.
Konfrans işini
“Ümumi torpaqşünaslıq”,
“Torpaqların aqroekoloji
problemləri, səmərəli
istifadəsi, kadastrı
və qiymətləndirilməsi”,
“Aqrokimya və torpaq münbitliyi”, “Torpaqların meliorasiyası,
rekultivasiyasi, mühafizəsi
və eroziyası” .
Yeni Azərbaycan.- 2017.- 23 dekabr.- S.10