Regionlarda qış turizm mövsümünə start verilib

 

“Şahdağ” Turizm Mərkəzində altıncı qış mövsümünün açılışında 3 min yerli və xarici turist iştirak edib

Yeni şəraitdə Azərbaycanda qeyri-neft sektorunun bütün ölkə boyu uğurla inkişaf edən və yaxşı nəticələr qazanılan istiqamətlərindən biri də turizmdir. Respublikamızda gəlirli sahə olan turizmin inkişafına dövlət səviyyəsində yüksək diqqət göstərilməsi, o cümlədən regionlar üzrə cəlbedici marşrutların yardılması, paytaxt Bakıda olduğu kimi, bölgələrdə də infrastruktur təminatının gücləndirilməsi, yeni hotellərin istifadəyə verilməsi, həmçinin qanunvericilik bazasının möhkəmləndirilməsi, gəlib-getmə qaydalarının asanlaşdırılması, ASAN viza rejiminin tətbiqi Azərbaycanın turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizin əlverişli coğrafi-iqlim xüsusiyyətləri ilin bütün fəsillərində turistləri qəbul etməyə imkan verir. Buna görədir ki, regionlarda müxtəlif marşrutlar üzərində yerləşən turistyerləşdirmə obyektlərində həm yay, həm də qış mövsümündə böyük qələbəlik yaşanır.

Son 11 ayda respublikamıza gələn turistlərin sayı artıb

Həyata keçirilən məqsədyönlü tədbirlər öz növbəsində respublikamıza gələn turistlərin sayının ilbəil artması ilə nəticələnir. Bu baxımdan artıq son günlərini yaşadığımız 2017-ci il də istisna deyildir. Cari ildə respublikamıza dünyanın müxtəlif guşələrindən gələn turistlərin sayında ciddi artım müşahidə edilib. Bunu statistik rəqəmlərdən də görmək mümkündür. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata əsasən, ötən 11 ayda respublikamıza gələn xarici turistlərin sayı 2 477 908 nəfər olub. Onlardan 790 258 nəfəri Rusiya Federasiyasının, 488 269 nəfəri Gürcüstanın, 340 702 nəfəri İranın, 275 147 nəfəri isə Türkiyənin payına düşür. Ərəb ölkələrindən respublikamıza təşrif gətirən turistlərin sayında da artım müşahidə edilməkdədir. Cari ilin 11 ayı ərzində Birləşmiş Ərəb Əmirliklərindən respublikamıza 87 215, İraqdan 58 259, Səudiyyə Ərəbistanından 32 644 turist gəlib.

Mütəxəssislərin qənaətinə görə, cari ildə respublikamıza istər qonşu, istərsə də ayrı-ayrı ərəb ölkələrindən gələn turistlərin sayının artmasına bir sıra faktorlar müsbət təsir göstərib. Bildirilir ki, əlverişli coğrafi-iqlim xüsusiyyətləri, yardılan müasir infrastruktur ilə yanaşı, ölkədəki möhkəm daxili sabitlik, əhalinin qonaqpərvərliyi, tolerantlıq mühiti, islam həmrəyliyinə verilən önəm və bu kimi digər müsbət reallıqlar xarici vətəndaşların böyük həvəslə Azərbaycana üz tutmalarını şərtləndirir.

2017-ci ildə Qəbələyə 242 min turist gəlib

Əlamətdar haldır ki, respublikamıza təşrif gətirən turistlər yalnız paytaxtda qalmaqla kifayətlənmir, həm də regionlara üz tuturlar. Ayrı-ayrı bölgələrə gələn turistlərin sayında isə daha çox artım müşahidə edilməkdədir. Məsələn, hazırda Qəbələ rayonunda soyuq və yağışlı günlər olmasına baxmayaraq, yerli və xarici turistlərin bu bölgəyə axını davam edir.

Qəbələ Turizm İnformasiya Mərkəzinin rəhbəri Anar Məhərrəmov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonda son illər qurulan müasir turizm infrastrukturu ilin bütün fəsillərində turistlərə yüksək səviyyədə xidmət göstərmək üçün əlverişlidir. Onun sözlərinə görə, isti yay günlərinin başa çatmasına baxmayaraq, istirahət etmək üçün Qəbələyə üz tutan yerli və xarici turistlərin sayında azalma müşahidə olunmur.

Qəbələdəki hotel və istirahət mərkəzlərindən verilən məlumata görə, cari ilin ötən dövründə Qəbələyə 242 min turist gəlib. Bunun 102 mini yerli, 140 mini əcnəbi turistlərdir. Xaricilərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, İraq, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qətər, İsrail, Pakistan və Misirdən olub. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il tətili günlərində Qəbələyə daha 5 min turistin gələcəyi gözlənilir. Turistlərin istirahətinin mənalı təşkili üçün hotellərdə, istirahət və əyləncə mərkəzlərində yüksək şərait yaradılıb.

Anar Məhərrəmov qeyd edib ki, hotel, istirahət və əyləncə mərkəzlərində dincəlməklə yanaşı, kanatla dağ gəzintisinə, atla meşələrdə gəzintiyə çıxmaq, güllə atıcılığı kompleksinin xidmətlərindən bəhrələnmək, ov etmək, balıq tutmaq barədə düşünənlərin arzusu Qəbələdə gerçəkləşir. Hazırda müxtəlif turizm şirkətləri Bakıdan Qəbələyə endirimli qiymətlərlə tur-aksiyalar keçirirlər. Turistlər rahat nəqliyyat vasitələri ilə Qəbələyə gələrək sifariş etdikləri hotellərdə yerləşirlər. Sonra turizm şirkətlərinin nümayəndələri onları Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Stend və Ox Atıcılığı Kompleksi, Çuxur Qəbələ kəndində yerləşən və 900 il Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərinin qalıqları, Nic qəsəbəsindəki qədim “Cotari” alban kilsəsi, Vəndam qəsəbəsindəki “Yeddi Gözəl” şəlaləsi, Qəbələ şəhərindəki “Beltman” piano fabriki, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış ediblər. Qəbələdə yerləşən turistlərin qonşu İsmayıllı, Oğuz və Şəki rayonlarına səfərləri də təşkil olunur. Turistlər yeməklə təmin olunur və mənzərəli yerlərdə xatirə şəkli çəkdirmək imkanı əldə edirlər.

Qeyd edək ki, hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu hotellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 4500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.

Bərdəyə gələn turistlər tarixi abidələrə böyük maraq göstərirlər

Cari ilin 11 ayı ərzində Bərdəyə respublikanın ayrı-ayrı şəhər və rayonlarından 7250 turist gəlib. Xarici ölkələrdən gələn qonaq və turistlərin sayı isə 1233 nəfər olub. Rayonu ziyarət edən turist və qonaqların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 faiz artıb.

Bərdə turizm informasiya mərkəzinin direktoru Hikmət Heydərov bildirib ki, turistlər daha çox Bərdənin tarixi məkanlarına maraq göstərirlər. Təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindən olan Bərdə eramızdan əvvəl ikinci minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir. 1322-ci ildə tikilmiş Bərdə türbəsi, VI əsrə aid köhnə şəhər divarlarının qalıqları, XVIII əsrə aid İbrahim məscidi, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, XIV əsrə aid Axsadan baba türbəsi, Şirvanlı kəndində yerləşən XVIII-XIX əsrlərə aid hamam və digər abidələr Bərdənin qonaqlarında yüksək təəssüratlar yaradır.

Bərdədə turistlərin ən çox maraq göstərdiyi məkanlardan biri də Tarix Diyarşünaslıq Muzeyidir. Burada Bərdənin tarixini, mədəniyyətini əks etdirən 2200-dən çox eksponat, o cümlədən qədim şəhərin maketi nümayiş etdirilir. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılıb.

Şəhərə təşrif buyuran turistlərə Bərdə Turizm İnformasiya Mərkəzinin hazırladığı tarixi abidələr haqqında buklet, “Bərdə bələdçi kitabı”, turistik xəritə və suvenirlər təqdim edilir.

“Şahdağ” Turizm Mərkəzində altıncı qış mövsümünün açılışı izdihamlı keçib

Ötən qış mövsümündə “Şahdağ” Turizm Mərkəzində 95 000-dən çox turist istirahət edib. Cari qış mövsümündə bu rəqəmin daha da artacağı proqnozlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda bildirilir ki, dekabrın 16-da “Şahdağ” Turizm Mərkəzində baş tutan altıncı qış mövsümünün açılışı ötən illərlə müqayisədə daha izdihamlı keçib. Belə ki, növbəti qış mövsümünün ilk günündə “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən 3 min yerli və xarici turist istifadə edib. Mərkəzdə təşkil edilən müxtəlif əyləncə tədbirləri, o cümlədən canlı musiqidən ibarət konsert, yerli brend malların təklif olunduğu qış yarmarkası, uşaqlar üçün maraqlı proqramlar qış mövsümünün açılışına qatılan turistlərdə zəngin təəssürat oyadıb.

Hər il olduğu kimi, bu qış mövsümündə də “Şahdağ” Turizm Mərkəzi müxtəlif əyləncələrlə qış istirahətini və aktiv istirahəti sevənlərin könlünü oxşayacaq. Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 13 növ qış əyləncəsi qonaqların ixtiyarında olacaq. Eləcə də qarla örtülən Şahdağ yamaclarını yüksəklikdən seyr etmək imkanı verən tandem paraplan uçuşlarına start veriləcək. Paraplan uçuşlarına keçən yay mövsümündən başlanılıb. Bu adrenalin dolu əyləncəyə həddindən çox maraq göstərildiyindən paraplan uçuşlarının qış mövsümündə də davam etdirilməsi nəzərdə tutulub.

Bayram günlərində Qusara gələn turistləri müxtəlif sürprizlər gözləyir

Qusar Turizm İnformasiya Mərkəzindən bildirilib ki, 2017-ci ilin son, yeni ilin isə ilk günlərini rayonda keçirmək üçün müraciət edən həm yerli, həm də əcnəbi turistlərin sayı kifayət qədər çoxdur. Qarşıdan gələn bayramlar ərəfəsində rayondakı hotel və istirahət mərkəzlərindəki yerlərin 90 faizi əvvəlcədən sifariş olunub. Əcnəbi turistlərin müraciətləri arasında ərəb ölkələrindən, Rusiya, Türkiyə və İrandan olanlar çoxluq təşkil edir. Bununla əlaqədar istirahət mərkəzlərində qonaqlara ənənəvi milli mətbəxlə yanaşı, xarici ölkə yeməkləri də təqdim olunacaq.

Ümumiyyətlə, qarşıdan gələn bayramlarla əlaqədar istirahət mərkəzləri tərəfindən qonaqlar üçün müxtəlif turizm paketləri hazırlanıb. Rayondakı mədəniyyət ocaqları da bayram günlərində qonaqları yüksək səviyyədə qarşılamağa hazırlaşır.

Bayram günlərində Qusar Tarix-Diyarşünaslıq Muzeyi də gücləndirilmiş iş rejimində çalışacaq. “Şahdağ” Turizm Mərkəzinə və digər istirahət obyektlərinə üz tutan əcnəbi qonaqlar rayonun əsrarəngiz təbiəti ilə yanaşı, tarixinə də maraq göstərirlər. Bayram günlərində muzeyi ziyarət edənlərin sayı ikiqat artır.

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2017.- 27 dekabr.- S.11.