Azərbaycanın
regionlarında yeni sənaye layihələri uğurla həyata
keçirilir
Sumqayıt Kimya Sənaye Parkında bütövlükdə 2,7 milyard dollar həcmində sərmayə qoyuluşu nəzərdə tutulur
Son illərdə Azərbaycanın bütün ölkə boyu uğurlu inkişafından söhbət açarkən regional sənaye quruculuğu istiqamətində əldə olunan nailiyyətləri də xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, 2004-cü ildən bəri Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikanın bütün bölgələrində yüksək səviyyəli infrastruktur yaradılıb - regionların enerji, qaz, su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb, yollar yenidən qurulub. Bütün bunlar isə öz növbəsində bölgələrdə də sənaye inkişafı üçün münbit zəmin formalaşdırıb. İnvestorlar dövlət tərəfindən yaradılan müvafiq infrastrukturdan bəhrələnərək regionlarda müxtəlif təyinatlı sənaye müəssisələrinin yaradılmasına böyük həcmlərdə maliyyə vəsaitləri yönəldirlər.
Beləliklə, artıq ölkəmizin sənaye xəritəsi regionlara doğru genişlənir. Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında regionlarda sənaye məhəllələrinin yaradılması prosesi uğurla gedir. 2017-ci ildə dövlət başçısının iştirakı ilə Neftçala Sənaye Məhəlləsi işə salındı. Gələcəkdə isə belə sənaye zonaları bütün rayonlarda fəaliyyət göstərəcək. Eyni zamanda, ölkədə paytaxt Bakının sənaye şəhəri kimi üstün mövqeyi qorunub saxlanılmaqla yanaşı, daha bir neçə şəhərin də sənaye mərkəzinə çevrilməsi qərara alınıb. Hazırda bu istiqamətdə intensiv iş aparılır. Belə şəhərlər sırasına Gəncə və Mingəçevirlə yanaşı, Sumqayıt da daxildir.
Sumqayıt boruyayma zavodu yenidənqurmadan sonra işə salınıb
Sumqayıt şəhərinin sənaye
quruculuğu sahəsində ənənələrinin
dirçəldilməsi ölkəmizdə regionların sənaye
potensialının artırılmasına göstərilən
diqqətin təzahürüdür. Təkcə son illərdə
şəhərdə yerli və xarici investisiyalar hesabına
çoxlu sayda sənaye müəssisəsinin fəaliyyəti
bərpa edilib. Bir qədər bundan əvvəl isə “Baku
Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan
sonra açılışı olub. Prezident
İlham Əliyevin də qatıldığı
açılış mərasimində vurğulanıb ki,
ölkənin qeyri-neft sektoruna yönəldilən investisiyalar
Azərbaycan iqtisadiyyatının daha da inkişafına və
keyfiyyətli yerli məhsullar istehsalının genişləndirilməsinə
hərtərəfli təkan verir. Bu baxımdan “Baku Steel
Company” MMC-nin Sumqayıt boruyayma zavodu ölkə
iqtisadiyyatına mühüm töhfədir. Bu
cür zavodların fəaliyyəti ölkə
iqtisadiyyatının sənayeləşdirilməsinin sürətləndirilməsinə,
yeni təşəbbüslər nəzərə alınmaqla
sənayenin modernləşməsinə, rəqabətqabiliyyətli
müasir və prioritet istehsal sahələrinin
yaradılmasına, sənayenin innovasiyalar əsasında
inkişafının və yeni iş yerlərinin
açılmasının təmin edilməsinə xidmət
edir. Hazırda enerjidən səmərəli
istifadə edilən, yüksək əlavə dəyər
yaradan və ən son elmi-texniki yeniliklərə əsaslanan rəqabətqabiliyyətli
sənaye istehsalının genişləndirilməsi
üçün respublikamızda yenidənqurma tədbirləri
ardıcıl xarakter daşıyır. “Baku Steel Company” MMC-nin
Sumqayıt boruyayma zavodunda da bu istiqamətdə tədbirlər
davam etdirilir.
Azərbaycan boruyayma zavodu 1947-ci ildə yaradılıb,
tam gücü ilə istehsal fəaliyyətinə isə
1952-ci ilin dekabrında başlayıb. Keçmiş SSRİ ərazisində
tikişsiz boru istehsal edən 26 müəssisədən biri
olan bu zavodda çalışanların sayı 12 min nəfər,
onun illik istehsal gücü isə 1 milyon ton məhsul təşkil
edib. 1979-cu ildə Ulu öndər Heydər
Əliyevin tapşırığına əsasən zavodun ərazisində
neft sənayesi üçün qazma borularının
istehsalı sahəsi yaradılıb. Bununla
da zavod keçmiş SSRİ məkanında qazma borusu istehsal
edən 3 müəssisədən birinə çevrilib.
Zavodda istehsal olunan qazma, qoruyucu, nasos-kompressor,
neft-qaz boruları, həmçinin ümumi təyinatlı
borular neft və maşınqayırma sənayesində
geniş istifadə edilib. 1995-ci ildə
zavod fəaliyyətini tamamilə dayandırıb. İstehsal sahələri və qurğuları
texniki cəhətdən yararsız hala düşüb.
2016-cı ilin oktyabr ayında “Baku Steel Company”
MMC-nin oksigen zavodunun açılışı zamanı
Prezident İlham Əliyev Sumqayıt boruyayma zavodunun əsaslı
yenidən qurulması və fəaliyyətə
başlaması barədə tapşırıqlar verib. Həmin tapşırıqlar əsasında zavod
qısa müddət ərzində yenidən qurulub və fəaliyyətə
başlaması üçün tam hazır vəziyyətə
gətirilib.
Yenidənqurmadan sonra zavodun illik istehsal gücü 90 min
tondan 200 min tona çatdırılıb. Müəssisədə
quraşdırılan müasir avadanlıq keyfiyyətli məhsul
əldə etməyə imkan verir. Quraşdırılan
avadanlıq dünyanın bu sahədə aparıcı
şirkətlərinin məhsuludur. Müəssisədə
531 nəfər daimi işlə təmin edilib ki, onların da
orta aylıq əməkhaqqı 1500 manatdır. Zavodda 3 növbə üzrə 24 saatlıq rejimdə
fəaliyyət göstərən 180 yerlik yeməkxana inşa
edilib.
Müəssisənin mərkəzi sınaq
laboratoriyası ABŞ, Avropa, Çin və Tayvanda istehsal
olunan müasir avadanlıqlarla təchiz edilib. Laboratoriyada
metalın bərkliyini, möhkəmliyini, axma həddini və
nisbi uzanmasını təyin edən avadanlıq
quraşdırılıb, mikro və makrostruktur analizlər
üçün hər növ mikroskoplar, metalın kimyəvi
tərkibini təyin edən spektrometr qoyulub. Azərbaycan istehsalı olan borular daxili bazarda
satılmaqla yanaşı, xarici ölkələrə də
ixrac ediləcək.
15 müəssisəyə
Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib
Məlum
olduğu kimi, Sumqayıtda Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanına uyğun olaraq
müasir Kimya Sənaye Parkı yaradılır. Fərmana əsasən Sumqayıt Kimya Sənaye
Parkı və İqtisadiyyat Nazirliyinin tabeliyində parkın
idarəedici təşkilatı olan “Sumqayıt Kimya Sənaye
Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti
yaradılıb. Hazırda Parkda istehsalat və
tikintidə 5700 nəfərdən çox işçi
çalışır. Prezident İlham Əliyev
Sumqayıta səfəri çərçivəsində həmçinin
Kimya Sənaye Parkında görülən işlərlə tanış olub, yeni müəssisələrin
təməlqoyma və açılış mərasimlərində
iştirak edib.
İqtisadiyyat
naziri Şahin Mustafayevin məlumatına əsasən,
Sumqayıt Kimya Sənaye Parkının ümumi ərazisi 505,6 hektardır. Ərazidəki
köhnə binalar və qurğular sökülüb,
parkın müasir tələblərə cavab verən
infrastrukturunun birinci mərhələsi üzrə
tikinti-quraşdırma işləri başa
çatdırılıb. Sumqayıt Kimya Sənaye
Parkında həmçinin inzibati binanın,
laboratoriyaların, texniki peşə məktəbinin,
işçilər və tələbələr
üçün yataqxana binasının, sərgi-konfrans və
logistika mərkəzlərinin, gömrük, tibb, dəmir yolu
və yanğınsöndürmə məntəqələrinin,
anbarların, yükləmə-boşaltma mərkəzlərinin
və digər obyektlərin yaradılması işləri
davam etdirilir.
Parkın
rezidentləri 7 il müddətinə mənfəət,
əmlak və torpaq vergilərindən, eləcə də
parka istehsal məqsədilə gətirilən texnika, texnoloyi
avadanlıqlar və qurğulara görə əlavə dəyər
vergisindən, həmçinin gömrük rüsumundan azad
olunublar. Rezidentlərin qeydiyyatı “bir pəncərə”
sistemi ilə həyata keçirilir. Artıq
15 müəssisəyə Sumqayıt Kimya Sənaye
Parkının rezidenti statusu verilib.
2013-cü ildən fəaliyyətə başlayan
“Azertexnolayn” MMC Türkiyə, Almaniya və Çin
texnologiyası əsasında polad və polietilen borular,
mexaniki və hidrotexniki avadanlıqlar istehsal edir. Parkın
rezidentlərindən biri olan “STP” Məhdud Məsuliyyətli Cəmiyyəti
müxtəlif istehsalat sahələri üzrə
ixtisaslaşmış zavodlar kompleksidir. “SOCAR
Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin illik
istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək
sıxlıqlı polietilen təşkil edəcək. Bu, son 40 ildə öz növünə və
miqyasına görə Azərbaycanın neft-kimya sənayesində
həyata keçirilən ən böyük layihələrdən
biridir.
Sumqayıt
Kimya Sənaye Parkının rezidentləri arasında “Alco
Lubricant Company” Məhdud Məsuliyyətli Cəmiyyəti də
var. Yeni fəaliyyətə başlayan müəssisədə
il ərzində avtomobil, hava və dəniz nəqliyyatında,
kənd təsərrüfatı, sənaye və energetika sahələrində
istifadə olunan 30 min ton müxtəlif növ yüksək
keyfiyyətli sürtkü yağlarının istehsalı nəzərdə
tutulub. Almaniya texnologiyası əsasında yaradılan müəssisədə
100 nəfər daimi iş yeri ilə təmin olunacaq. “MST
Engineering Services” Məhdud Məsuliyyətli Cəmiyyətində
ABŞ-ın Parker texnologiyası əsasında ildə 30 min ədəd
yüksək təzyiqə davamlı xortum və fitinq
istehsalı nəzərdə tutulur. Bu məhsullara
neft-kimya, maşınqayırma və digər sənaye sahələrində
böyük tələbat var.
“Aqrokimya
Azərbaycan” MMC-nin yeni zavodunda 145 çeşiddə pestisid
istehsal ediləcək
Sumqayıt
Kimya Sənaye Parkında “Gilan Sənaye Qrupu”na
daxil olan “Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin
pestisidlər istehsalı zavodunun birinci mərhələsinin
işə salınması ölkəmizdə aqraq sektorun
perspektiv inkişafı baxımından böyük
aktuallıq daşıyır. Müasir texnologiyaların tətbiqinə
əsaslanan ilk bitki mühafizəsi vasitələri - pestisidlər
istehsal edən zavodun yaradılmasında məqsəd aqrar
sektorun bu məhsullara olan tələbatını yüksək
səviyyədə təmin etməklə idxalın əvəzlənməsinə,
eləcə də gələcəkdə ixrac imkanlarına
nail olmaqdır.
Ümumi ərazisi
18,3 hektar olan zavodun istehsal sahəsi 21,4 min
kvadratmetrdir. Kompleks 5 istehsal, 4 qablaşdırma,
5 məhsul və xammalsaxlama bölmələrindən ibarətdir.
Müəssisənin birinci mərhələsinin
illik istehsal gücü 10 min tondur, ikinci mərhələdə
istehsalın həcmini 20 min tona çatdırmaq nəzərdə
tutulub. Burada 145 çeşiddə pestisid
istehsal ediləcək və məhsulun keyfiyyəti zavodun
daxilində beynəlxalq standartlara uyğun qurulmuş
laboratoriyada müəyyənləşdiriləcək.
Bu müəssisənin yaradılmasına İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
9,5 milyon manat güzəştli kredit
verilib. Zavod İtaliya və Türkiyənin
aparıcı şirkətlərinin ən son
texnologiyalarından istifadə olunmaqla qurulub. İstehsalda gələcəkdə yerli xammaldan daha
çox istifadə edilməsi nəzərdə tutulur. İdxal olunan məhsullarla müqayisədə yerli
istehsalın üstünlüyü 35-40 faiz təşkil edir.
Perspektivdə isə bir sıra məhsul
növlərinin xammal təminatı yerli istehsal hesabına təmin
olunacaq və ixrac potensialı yaranacaq.
Bunlardan əlavə,
zavodun ərazisində inzibati bina, yeməkxana, laboratoriya,
qazanxana və su anbarları var. Zavodda 100 yeni iş yeri
yaradılıb. Layihənin ikinci mərhələsində
bəzi məhsulların xammalının və yarpaq gübrəsi
istehsalının təşkil olunması nəzərdə
tutulur.
Hazırda
ölkənin pestisidlərə olan tələbatı 9,1 min ton təşkil edir. Bununla yanaşı,
182 min hektar ərazidə yaradılmaqda olan aqroparkların, 463
hektar sahədə istixana təsərrüfatlarının və
əlavə 36 min hektarda əkilməsi nəzərdə
tutulan şəkər çuğunduru sahələrinin
pestisidlərə olan tələbatı 681 ton
proqnozlaşdırılır. Beləliklə, ölkənin
pestisidlərə olan ümumi tələbatı 9,8 min ton təşkil edəcək. Zavodun fəaliyyətə başlaması bu məhsullara
olan daxili tələbatın tam ödənilməsinə imkan
verəcək.
Beləliklə, Prezident İlham Əliyevin müvafiq
tapşırıqlarına uyğun olaraq, aqrar sektorda innovativ
texnologiyaların və pestisidlərin tətbiqi kənd təsərrüfatı
məhsullarının intensiv metodla yetişdirilməsinə,
məhsuldarlığın və keyfiyyətin
artırılmasına, eləcə də yüksək rəqabətqabiliyyətliliyin
təmin olunmasına imkan verəcək.
Kimya Sənaye
Parkında daha bir neçə müəssisənin təməli
qoyulub
Sumqayıt Kimya-Sənaye Parkında Prezident İlham
Əliyevin iştirakı ilə daha bir neçə müəssisənin
təməli qoyulub. Bunlardan biri “AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin
termoformasiya metodu ilə şüşə istehsalı
zavodudur.
“AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin bəhs
olunan zavodu Almaniyanın bu sahədə böyük təcrübəsi
olan şirkətinin texnologiyası əsasında
yaradılacaq.
Müəssisədə il ərzində
termoformasiya metodu ilə 8 milyon kvadratmetr şüşə
istehsal olunacaq. Məhsulların yüksək
keyfiyyəti ilə yanaşı, rəqabətqabiliyyətli
olmasına da xüsusi diqqət yetiriləcək. Müəssisənin istifadəyə verilməsi ilə
Azərbaycanın bu sahədə ixrac potensialı da güclənəcək.
Zavodun məhsullarının Rusiya,
Gürcüstan və Orta Asiya ölkələrinə ixrac
edilməsi planlaşdırılır. Yeni
müəssisədə 180 nəfər işlə təmin
olunacaq. Zavodun 2019-cu ildə fəaliyyətə
başlaması nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində
həmçinin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
yunəyirici-boyaq fabrikinin də təməli qoyulub. Müəssisədə
yun ipliklər və təmiz yun istehsal ediləcək. Fabrik İtaliya, Fransa və Türkiyə
texnologiyası ilə fəaliyyət göstərəcək.
Müəssisədə ildə 370 ton iplik və
195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Burada əhalidən alınan xam yun emal ediləcək,
daha sonra onlardan ipliklər və təmiz yun əldə
olunacaq. Fabrikdə həmçinin boya
prosesi də həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu
fabrikdə 100 nəfər işlə təmin ediləcək.
SOCAR
karbamid zavodunda ildə 650-660 min ton azot gübrəsi istehsal
ediləcək
Perspektivdə Sumqayıt Kimya Sənaye Parkında daha bir
neçə müəssisənin yaradılması nəzərdə
tutulub. “Bakı Əlvan Metallar və Ferroərintilər
Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti İtaliya
texnologiyası əsasında yaradılacaq. Burada istehsal olunacaq məhsullar daxili bazarın tələbatını
tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac
ediləcək.
Silisium və Kalsium İstehsalat Müəssisəsində
ildə 5 min ton tikinti qatqıları istehsal olunacaq. “Azerbaiyan Fibro
Cement” Məhdud Məsuliyyətli Cəmiyyətində ildə
6 milyon kvadratmetr fibro-sement lövhələr istehsal ediləcək.
“Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin
tütün fabrikində ildə 7 milyard ədəd siqaret
istehsalı nəzərdə tutulub. Artıq
fabrikin tikintisinə başlanılıb.
SOCAR karbamid zavodunda ildə 650-660 min ton azot gübrəsi
istehsal ediləcək. Hazırda layihə üzrə
tikinti-quraşdırma işləri davam etdirilir və bu
işlərə 1800 nəfər cəlb edilib. Bu, Sənaye Parkında həyata keçirilən ən
iri investisiya layihəsidir. “SumPlast” Məhdud
Məsuliyyətli Cəmiyyəti sənayedə istifadə
üçün polimerdən beynəlxalq standartlara cavab verən
kisə və torbaların istehsalını həyata
keçirəcək. Layihənin növbəti
mərhələsində polipropilendən böyük
ölçülü toxunma torbaların və konteynerlərin
istehsalı planlaşdırılır.
Yüksək
səviyyəli infrastruktur Sumqayıt Kimya-Sənaye
Parkının ahəngdar fəaliyyətini təmin edəcək
Sumqayıt Kimya-Sənaye Parkı kimi sənaye nəhənginin
normal fəaliyyətinin təmin edilməsi baxımından
burada yaradılan müasir infrastrukturun önəmini ayrıca
qeyd etmək lazımdır. Sumqayıt Kimya Sənaye
Parkında 67 MVt gücündə 110/35/6.3 kV-luq
yarımstansiyanın inşası başa
çatdırılıb. Yarımstansiyanı
qidalandırmaq üçün 500 MVa gücündə olan
Sumqayıt Elektrik Stansiyasından 110 kV-luq ikidövrəli
kabel hava xətti çəkilib, müasir tələblərə
cavab verən avadanlıqlar, o cümlədən yerli “ATEF” MMC
tərəfindən istehsal olunan 80 MVa-lıq 2 güc
transformatoru quraşdırılıb. Parkın
kabel şəbəkəsi də “STP” MMC-dən alınmaqla
bütünlükdə yerli məhsullar hesabına təmin
edilib. Mərkəzləşdirilmiş
SCADA sisteminə qoşulan yarımstansiyanın
yaradılmasında əsas məqsəd Sənaye
Parkındakı müəssisələri fasiləsiz və
keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir.
Data Mərkəzdə
yüksək gücə malik texnoloji hesablama, kommunikasiya və
təhlükəsizlik avadanlıqlarından istifadə edilib
Sumqayıt Kimya Sənaye Parkının rezidenti - “STDC” Məhdud
Məsuliyyətli Cəmiyyətinin layihəsi olan məlumatların
emalı, qeydə alınması və ötürülməsi
mərkəzinin - Data Mərkəzin istifadəyə verilməsi
də mühüm hadisədir. “Azərenerji” ASC-nin prezidenti Etibar
Pirverdiyevin məlumatına əsasən, ümumi investisiya dəyəri
60 milyon ABŞ dolları olan Data Mərkəzdə yüksək
gücə malik texnoloyi hesablama, kommunikasiya və təhlükəsizlik
avadanlıqlarından istifadə edilib. Data Mərkəzin
yaradılmasında məqsəd İKT sahəsində
istehsalyönümlü fəaliyyəti stimullaşdırmaq,
bu sahədə innovasiyaların tətbiqinə, eləcə də
tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsinə,
ixracyönümlü layihələrin icrasına nail olmaq və
bu sahəyə xarici investisiyaları cəlb etməkdir.
Müəssisə müxtəlif tipli
informasiyaların emalı, saxlanılması və
ötürülməsi, informasiya təhlükəsizliyinin təmin
olunması sahəsində beynəlxalq və yerli müştərilərə
xidmət göstərəcək. Burada nəzarət və
digər sistemlərin idarə edilməsi dördnövbəli
iş reyimi ilə bütün sutkanı əhatə edəcək.
Bu cür mərkəzin açılması ölkəmizdə
yüksək texnologiyaların tətbiqinə, informasiya
texnologiyalarının inkişaf etdirilməsinə, yerli
yüksək ixtisaslı mütəxəssislərin
yetişdirilməsinə və informasiya təhlükəsizliyinin
təmin edilməsinə xidmət edir. Layihə
çərçivəsində gələcəkdə Azərbaycan
ərazisindəki müxtəlif mərkəzlərdə
yüksək məhsuldarlıqlı hesablama mərkəzlərinin
yaradılması planlaşdırılır. Qeyd olunan hesablama mərkəzləri əməliyyatların
uçotunun aparılması üçün elektron kitab
funksiyasını yerinə yetirən blokçeyn
texnologiyaları əsasında istənilən növ
paylanmış reyestrlərin tranzaksiyalarının təsdiqi
və müdafiəsi əməliyyatları üzrə
etibarlı infrastruktur yaradacaq. Blokçeyn
sistemi iştirakçılar tərəfindən
keçirilmiş bütün tranzaksiyalar haqqında
informasiyanı özündə saxlayan şəffaf
paylanmış məlumatlar bazasıdır. İndiyədək respublikamızda ölkədaxili
blokçeyn tranzaksiyalarının təsdiqi, xarici özəl
və publik blokçeyn şəbəkələrlə
inteqrasiya üçün nəzərdə tutulmuş
infrastruktur mövcud deyildi. Data Mərkəz
işə düşdükdən sonra Azərbaycan
iqtisadiyyatının müxtəlif sahələri üzrə
blokçeyn texnologiyalarının tətbiqi və
inkişafı əhəmiyyətli dərəcədə
artacaq. Layihə çərçivəsində
ilkin mərhələdə 100 nəfər işlə təmin
olunub.
Sumqayıt
Kimya Sənaye Parkının yaradılması dövlət-özəl
sektor əməkdaşlığına yaxşı nümunədir
Məlumdur
ki, ölkəmizdə dövlət sahibkarlara həm siyasi, həm
də maddi cəhətdən böyük dəstək
göstərir. Yeni iqtisadi şəraitdə Prezident İlham
Əliyevin siyasi iradəsi əsasında ölkədə
biznes mühitinin optimallaşdırılması məqsədilə
genişmiqyaslı islahatlar həyata keçirilir, o cümlədən
sahibkarların vergi yükü azaldılıb, sahibkarlıq
subyektlərində yoxlamalar dayandırılıb, daxili
istehsalın qorunması məqsədilə zəruri tədbirlər
həyata keçirilib. Son 14 ildə özəl bölmə təmsilçilərinə
təxminən 2 milyard manat həcmində güzəştli
kreditlər ayrılıb. Belə davamlı dövlət dəstəyi
sayəsində ölkəmizdə güclü milli sahibkarlar
ordusu formalaşıb. Hazırda respublika üzrə ümumi
daxili məhsul istehsalının təxminən 80 faizi özəl
bölmənin payına düşür. Davamlı dövlət
dəstəyi sayəsində ölkədə məşğulluqda
və vergi daxilolmalarında özəl bölmənin çəkisi
70 faizi ötüb.
Dövlətin siyasi və maddi dəstəyindən bəhrələnən milli sahibkarlar həmçinin regionlarda yeni sənaye müəssisələrinin yaradılmasında fəal iştirak edirlər. Müvafiq təşviq mexanizmi işə salındıqdan sonra ölkəmizdə özəl bölmə təmsilçilərinə 80-dən çox investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşdırılması sayəsində 6700-ə yaxın yeni iş yeri açılacaq. Layihələrin 60 faizdən çoxu sənaye sektorunu əhatə edir.
Sumqayıt Kimya Sənaye Parkının yaradılmasında da özəl bölmə təmsilçiləri fəal şəkildə iştirak edirlər. Prezident İlham Əliyev Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında Sumqayıt Kimya Sənaye Parkının yaradılmasını dövlət-özəl sektor tərəfdaşlığının gözəl nəticələri kimi səciyyələndirərək deyib: “Sumqayıt Kimya Sənaye Parkının yaradılması Azərbaycanda sənaye sahəsində aparılan siyasətin təzahürüdür. Bu ərazidə dövlət tərəfindən bütün lazımi tədbirlər görülmüşdür. Beş yüz hektar sahədə bütün kommunikasiya, rabitə, nəqliyyat, bir sözlə, bütün infrastruktur layihələri dövlət tərəfindən icra edilmişdir. Özəl sektor isə öz növbəsində ölkəmiz üçün vacib olan sahələrə investisiya qoyuluşunu təmin edib. Sumqayıt Kimya Sənaye Parkının timsalında biz dövlət-özəl sektor tərəfdaşlığının gözəl nəticələrini görürük. Bu müəssisələrdə minlərlə insan işlə təmin olunur. Hazırda parkın 15 rezidenti var. Qoyulan və qoyulacaq sərmayələrin məbləği milyardlarla dollar həcmindədir. Əgər biz hələ ki, inşası davam edən bütün layihələri də nəzərə alsaq, 2,7 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur”.
Mübariz
ABDULLAYE
Yeni Azərbaycan.- 2017.- 28 dekabr.- S.7.