Ölkəmizdə yol infrastrukturunun inkişafı istiqamətində işlər bu ilin dekabr ayında da davam etdirilib

 

Bəhs edilən müddətdə kənd və qəsəbələri birləşdirən yeni yollar çəkilib, əsaslı təmir işləri görülüb

Məlum olduğu kimi, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda aparılan genişspektrli islahatlar ölkəmizin dinamik və davamlı inkişafını təmin edib. Eyni zamanda, ölkəmizin dinamik inkişafının davamlı xarakter almasını təmin edən ən mühüm amillərdən biri müxtəlif sahələri əhatə edən layihələrin, proqramların uğurla həyata keçirilməsidir. Daha dəqiq desək, hələ 2004-cü ildən həyata keçirilən və ölkəmizin ümumi inkişaf tendensiyasının yeni mərhələsi kimi dəyərləndirilən “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədlərə çatmağa imkan verməklə yanaşı, yeni inkişaf hədəflərinin müəyyənləşdirilməsinə də etibarlı zəmin yaradıb.

Azərbaycanda müxtəlif sahələri əhatə edən layihələrin müvəffəqiyyətlə icra olunmasından bəhs edərkən heç şübhəsiz infrastruktur quruculuğu istiqamətində görülən işləri də xüsusi vurğulamaq gərəkdir. Bu sahədə həyata keçirilən davamlı tədbirlər mükəmməl infrastruktur təminatının yaradılmasına imkan verib. Eyni zamanda, bu istiqamətdə görülən işlər yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində də mühüm nəticələrin əldə olunmasını şərtləndirib.

Digər tərəfdən, yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində görülən işlər paytaxt Bakı ilə yanaşı, ölkəmizin regionlarını da əhatə edir. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, bir sözlə, infrastruktur daha da yaxşılaşdırılıb. Öz növbəsində sözügedən istiqamətdə işlər bu ilin dekabr ayında da davam etdirilib.

Həmin işlərə keçməzdən öncə vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev tərəfindən qarşıya növbəti illər ərzində Azərbaycan Respublikasında bütün kənd yollarının təmirinə nail olmaqla bağlı ciddi vəzifə qoyulub. Məhz bu vəzifədən irəli gələrək yerli əhəmiyyətli və kənd yollarının müasir tələblər səviyyəsində yenidən qurulması istiqamətində görülən işlər daha da intensiv xarakter alıb. Bir sözlə, Azərbaycan bu gün yol infrastrukturunun inkişafı baxımından mühüm bir məsafə qət edib. Məhz bunun nəticəsidir ki, nəinki paytaxtımızda və ya böyük şəhərlərimizdə, eləcə də kənd və qəsəbələrimizdə salınan yeni yollar göz oxşamaqdadır.

Bu məqamda qeyd edək ki, Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır. Məlum olduğu kimi, Quba-Xaçmaz avtomobil yolu turizmin inkişafı, həmçinin vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi üçün xüsusi əhəmiyyətə malikdir. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxışı təmin edən sözügedən yolun ümumi uzunluğu 23 kilometr, eni 12 metrdir. Buraya 7.5 metr enində yolun hərəkət hissəsi və 2.25 metr enində çiyinlər daxildir. Sözügedən yolun 12 kilometrlik hissəsinə artıq yeni asfalt-beton örtüyü döşənib, digər ərazilərdə isə asfaltlama işləri davam etdirilir. Bundan başqa, yeni yol yatağı və yol əsası inşa edilir, kipləşdirmə işləri aparılır, yeni asfalt örtüyünün döşənməsi üçün hazırlıq görülür. Ümumilikdə, layihə çərçivəsində yolun 170 min kvadratmetr sahəsinə 2 qat olmaqla 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək. İşlər zamanı yolun 12 kilometrində yerləşən körpünün də təmir olunması nəzərdə tutulub. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq. Quba-Xaçmaz avtomobil yolunun bərpası ilə 7 yaşayış məntəqəsinin on minlərlə sakininin gediş-gəlişi rahatlaşacaq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış təmin olunmaqla yük və sərnişin daşınması xeyli asanlaşacaq.

Astara rayonunun dağlıq ərazisində yerləşən kəndlərdə də infrastruktur layihələri uğurla icra olunur. Məlumat üçün bildirək ki, rayonun dağlıq ərazisində minlərlə insanın yaşadığı kəndləri əhatə edən Deqədi-Pəlikəş, Taxtanakəran-Toradi avtomobil yolundan sonra, mürəkkəb relyefə malik Miki kəndinə asfalt yolun çəkilməsi Azərbaycan Prezidentinin təkcə şəhər və qəsəbələrin deyil, ucqar kəndlərin də sosial problemlərinin həllini daim diqqətdə saxlamasının bariz nümunəsidir. Uzunluğu 4,5 kilometr olan Taxtanakəran-Miki avtomobil yolundan Taxtanakəran, Vaqadi, Lobır, Qanqalaş, Qalaparqo və Miki kəndlərinin 1500-dən çox sakini istifadə edəcək. Kəndə rahat asfalt yolun çəkilməsi burada yaşayan əhalinin böyük sevincinə və ruh yüksəkliyinə səbəb olub. Belə ki, yeni avtomobil yolunun istifadəyə verilməsi ilə bu ərazidə yerləşən bütün kəndlərin inkişafına əlverişli şərait yaranacaq. Gözəl təbiətə malik olan bu kəndlərdə istirahət yerlərinin, turizm obyektlərinin tikintisi ilə əraziyə turistlərin, xarici qonaqların marağı artacaq.

Eyni zamanda, Salyan rayonunda da dörd yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi yekunlaşır. Rayonun Qaraçala-Düzənlik-Peyk-Birinci Varlı yaşayış məntəqələrini birləşdirən avtomobil yolunun tikintisi artıq sona çatmaq üzrədir. Uzunluğu 16 kilometr olan yol Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına inşa edilir. İki hərəkət zolaqlı avtomobil yolu dördüncü texniki dərəcəyə uyğun olaraq qurulub. Yolda yeni nişanlar quraşdırılıb, üfüqi nişanlama xətləri çəkilib. Avtomobil yolu 8 mindən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirir.

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda isə 14 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur. Rayonun Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə davam etdirilir. 29 min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədilə Prezidentin 2017-ci il 27 oktyabr tarixli Sərəncamı ilə dövlət büdcəsindən 5,4 milyon manat vəsait ayrılıb. Uzunluğu 25,3 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Tikinti işləri çərçivəsində eni 10 metr olan yol yatağı hazırlanıb. İki hərəkət zolaqlı yola 6 metr enində hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində yola müxtəlif yerlərdə 18 ədəd dəmir suötürücü boru qoyulub. Hazırda yola ikiqat olmaqla, 10 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənir. Artıq 10 kilometrdə asfalt-beton örtüyünün döşənməsi həyata keçirilib. Avtomobil yolunun tikintisinə 60-dan çox işçi, 40-dək texnika cəlb edilib. Yolun tikintisinin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur. Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.

Öz növbəsində bu ay ərzində Tovuz rayonunda beş yaşayış məntəqəsini birləşdirən avtomobil yolu istifadəyə verilib. Rayonun beş yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun açılışı olub. Tovuz-Əlibəyli, Əlibəyli-Hacallı və Yuxarı Öysüzlü-Ağdam avtomobil yolları əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Ümumilikdə, 15 min 600 sakinin yaşadığı beş yaşayış məntəqəsinin 13 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulub. Qeyd olunmalıdır ki, yeni yolun istifadəyə verilməsi dövlətin vətəndaşlara olan diqqət və qayğısının bariz nümunəsidir. Ağdam kəndinə gedən avtomobil yolu üzərindəki ikiaşırımlı körpünün inşası da artıq başa çatdırılıb.

Dekabr ayı ərzində həmçinin Ağstafa rayonunun Vurğun-Köhnəqışlaq avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Rayonun cəbhə bölgəsində yerləşən dörd yaşayış məntəqəsini Vurğun qəsəbəsi ilə əlaqələndirən və uzunluğu 24 kilometr olan Vurğun-Köhnəqışlaq avtomobil yolu əsaslı şəkildə yenidən qurulub. Bu yolun tikintisi də cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinə və orada yaşayan sakinlərə dövlət və şəxsən Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək qayğının bariz nümunəsidir. Verilən məlumata görə, yolun eni 12 metrdir və 3-cü texniki dərəcəyə uyğun tikilib. Tikinti işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri aparılıb. Yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib. Qeyd edək ki, ümumi uzunluğu 15,5 kilometr olan Ağstafa-Köçəsgər və Eynallı-Qırılı avtomobil yolları da istifadəyə verilib. 3-cü texniki dərəcəyə uyğun tikilən avtomobil yolları iki hərəkət zolaqlıdır və yollara 2 qat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənib, müvafiq yol nişanları və məlumatverici lövhələr qoyulub, yol-cizgi və yolgöstərici xətlər çəkilib.

Bununla yanaşı, ilin sonuncu ayı ərzində Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda inşa edilən körpü də istifadəyə verilib. Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Ağstafa rayonu ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 avtomobil körpüsünün tikinti işləri tam başa çatıb. Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 2-ci kilometrində inşa edilən və dəmiryolu üzərindən keçən 34 metr uzunluğu olan körpünün istifadəyə verilməsi münasibətilə mərasim keçirilib. Qeyd olunub ki, artıq istifadəyə verilmiş hər 4 körpü əhalinin rahat və təhlükəsiz qaydada gediş-gəlişinə ən yüksək səviyyədə xidmət edir. Körpülərin inşaat işləri çərçivəsində, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülərək yenidən inşa olunub, Kür çayı üzərindəki körpünün isə tarixi əhəmiyyəti nəzərə alınaraq bərpa edilib.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2017.- 30 dekabr.- S.7.