Əbədiyaşar alim və müəllim
Akademik İradə
Hüseynova: Biz müəllimimiz Cəlal
Əliyevdən
elmə
ciddi yanaşmağı, əməksevərliyi
və
təvazökarlığı
öyrənmişik
Böyük alim, görkəmli ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin vəfatından bir il ötür. Bu gün Cəlal Əliyev şəxsiyyəti Azərbaycan elminin tarixində böyük məna yükü daşıyan fenomenə çevrilib. O, böyük elmi məktəb yaradıb. Azərbaycan elminin dünyada tanınmasında, təbliğində və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında bu böyük alimin misilsiz xidmətləri olub.
AZƏRTAC akademik Cəlal Əliyevin yetirməsi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın görkəmli alimə həsr olunmuş “Əbədiyaşar alim və müəllim” məqaləsini təqdim edir.
Akademik Cəlal Əliyev bizim üçün həmişə nümunə olub, ondan elmə münasibəti, insanlara diqqətli olmağı, əməksevərliyi, təvazökarlığı öyrənmişik. Onun ölümü təkcə Azərbaycan elmi üçün deyil, dünya biologiya elmi üçün böyük itkidir. Biz tələbələri üçün müəllimimiz haqqında keçmiş zamanda yazmaq çox ağırdır.
Tarixdə iz qoymaq hər insana nəsib olmur. Lakin dünyanın gedişi sübut edir ki, ən böyük şəxsiyyətlər məhz tarixi yaradan insanlardır. Belə şəxsiyyətlər özlərindən daha çox mənsub olduqları cəmiyyəti düşünən, onun xoşbəxtliyi yolunda həyatlarını verən insanlardır. Ümummilli liderimiz Heydər Əliyev deyib: “Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər”. Azərbaycan xalqının elm və mədəniyyətini dünya miqyasında tanıtdıran, ona şərəf və başucalığı gətirən böyük şəxsiyyətləri hər zaman olub. Bu baxımdan yaşadığımız dövr də istisna deyil. Belə şəxsiyyətlərdən biri bütün həyatını elmə, elmin təmizliyi və elmi həqiqətin təntənəsi prinsiplərinə həsr edən, yalnız Azərbaycan elminin deyil, dünya elminin nüfuzlu simalarından olan, özünün dərin zəkası, güclü erudisiyası, sanballı tədqiqatları, parlaq əməlləri ilə Azərbaycan elminin inkişafına, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə misilsiz xidmətlər göstərən böyük alim, görkəmli ictimai-siyasi xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, Ukrayna və Belarus Aqrar Elmlər akademiyalarının xarici üzvü, AMEA Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bitki fiziologiyası və biotexnologiyası şöbələrinin müdiri, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Elmi Şuranın sədri, UNESCO yanında “Bioetika, elm və texnologiyanın etikası” üzrə Milli Komitənin səlahiyyətli nümayəndəsi, “AMEA-nın Xəbərləri” (biologiya və tibb elmləri) jurnalının baş redaktoru olmuş Cəlal Əlirza oğlu Əliyevdir.
Elm -
işıqdır, Allah nurundan yaranıb. Əsl alimlər bu nurun
daşıyıcıları, qaranlığı,
nadanlığı, məchulluğu parçalayıb yaran, bəşərin qəlbinə, ruhuna, idrakına
işıq paylayan fəzilət sahibidirlər. Bu elm işığında fotosintez prosesinin sirlərini öyrənmək, işığın içində
işığı aramaq - elə
Allahın işığına doğru daha bir addım da
yaxınlaşmaq deməkdir.
Cəlal
müəllimin
sözü, işi, əməli, şəxsiyyəti Allah nurundan
yaranmışdı. Məhz belə insanların simasında Məhəmməd peyğəmbərin (ə.s.) bu kəlamı öz yerini tapır:
“Bir insanın qiyməti onun elmi, biliyi qədərdir”.
Cəlal Əliyev şəxsiyyətinin Azərbaycan elminin tarixində müstəsna yeri var. Bu gün biz onun
yoxluğunun ağır məqamını yaşasaq da, onun tələbkarlığını,
ciddiliyini, fikir və tövsiyələrini, qayğısını, elmin inkişafına, onun təmizliyinin qorunmasına, elmə təsadüfi gələnlərə qarşı ədalətli və amansız mübarizəsinə yönəlmiş əməllərini daim
xatırlayırıq.
Azərbaycanda biologiya elminin müasir istiqamətlərinin yaranması və inkişafı məhz Cəlal Əliyevin adı ilə bağlıdır. Onun şərəfli ömür yolu Azərbaycan elminin
inkişafına və
yüksəlişinə həsr olunub. Cəlal Əliyevin
çətin,
lakin şərəfli və mənalı ömür yolu, zəngin elmi fəaliyyəti əsl həyat məktəbi, elmi ideallara xidmətin parlaq nümunəsidir. O,
ömrünün son anına qədər bu amalla yaşadı,
yaratdı, onun elmi irsi, təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Yüksək
intellektə və dərin biliyə
malik bir alim olan Cəlal
Əliyev öz fəaliyyəti ilə hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı.
Görkəmli alimin həyat və fəaliyyəti taxılla, sünbüllə, çörəklə sıx bağlı olub. Çörək - insanın
özünüdərkinin
və
azadlığının mayasıdır. İnsan
övladının tapmaq istədiyi,
bütün dinlərdə, fəlsəfələrdə, elm və
texnologiyada axtardığı o ilk şifrə, o ilahi kod məhz buğdadır. Sünbül - Allah nurunun maddi təcəssümüdür.
Cəlal
müəllim
qızılı sünbüldə
özünün daxili enerjisini, işığını,
Allahdan nurlanmış ürəyini
təcəssüm etdirirdi.
İslam aləmində çörək həmişə müqəddəs sayılır və Qurana bərabər tutulur. Akademik Cəlal
Əliyev öz misilsiz elmi fəaliyyəti ilə bir insana yox,
bütövlükdə
insanlığa çörək
vermək kimi müqəddəs bir işlə
məşğul
olub. Bu böyük insan hətta ictimai gərginliklər, iqtisadi
böhranlar, maddi çatışmazlıqlar zamanı belə dərin zəkasının
və
yaradıcılığının məhsulu
olan yeni taxıl sortları yaradaraq öz xalqına xidmət edib.
Cəlal Əliyev canlı tarix
idi! Onun heç kəsə bənzəməyən, heç kimi təkrarlamayan unikal elm və həyat yolu olub. Cəlal müəllim orijinal,
fundamental tədqiqatların,
dünya elminə
yeniliklər gətirən qlobal nəticələrin müəllifidir.
Onun adı Azərbaycan
elminin təxminən 65 illik bir
dövrünü əhatə edən tarixinin simvoluna
çevrilib. Cəlal
müəllim əsl elm fədaisi kimi gələcəyə inamla baxıb,
yorulmaq bilmədən daim elmi
axtarışlarını davam etdirib. O sadə, təvazökar bir ömürlə elmin ağır, keşməkeşli yollarında
xalqına xidmət göstərən böyük bir alim idi. Öz
ömrünü Yer üzərində həyatın əsasını
təşkil edən, həm təbiətinə
və həm də tədqiqinə
görə unikal
olan fotosintez prosesinin sirlərinin
dərk edilməsinə həsr edən
Cəlal Əliyev,
sözün əsl
mənasında,
Tanrının öz işığına doğru yönəltdiyi insanlardan idi.
O, çətin və keşməkeşli həyat yolu keçib, öz
bacarığı və gərgin əməyi hesabına maneələri dəf edə bilib. Onun çətin,
lakin şərəfli və mənalı ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti əsl həyat məktəbidir. Elmdə və elmə
münasibətdə daim həqiqət axtaran Cəlal Əliyev bu
yolda bəzən siyasi və mənəvi
təzyiqlərlə üzləşib,
lakin iradəli, cəsarətli və haqqa, ədalətə sadiq olması sayəsində bu çətinliklərdən, bu bəlalardan
üzüağ çıxmağa müvəffəq
olub. Həyatın
ən çətin anlarında belə elmi tədqiqatlarını
dayandırmayıb, elm və
insanlıq naminə
daim axtarışda olub. Cəlal Əliyevin
çoxşaxəli
fəaliyyətinin müxtəlif istiqamətlərində
qazandığı uğurların əsas
səbəbi onun nadir
istedadı və
yüksək dərəcədə əməksevərliyi olub. Yüksək
intellektual təfəkkürə malik olan alim öz
geniş diapazonlu elmi fəaliyyəti və zəngin irsi ilə
müasir Azərbaycan
biologiya elminin inkişafına dəyərli töhfələr verib. Müxtəlif tədbirlərdə, yığıncaqlarda akademik Cəlal Əliyevin
etdiyi çıxışlarda onun ensiklopedik biliyi, elmi
erudisiyasının dərinliyi,
güclü məntiqi,
dərin
müşahidə
qabiliyyəti
özünü aydın göstərirdi.
Nəinki
öz elmi istiqamətinə, ümumiyyətlə, ən
müxtəlif elm
sahələrinə aid məlumatlar daim onun maraq
dairəsində olurdu.
Cəlal müəllimin müdrik fikirləri arasında onun bir cümləsinin xüsusi çəkisi və yeri var: “Elmlə məşğul olan insanın əsas məqsədi - həmişə qabağa baxmaq, yeni sahələri inkişaf etdirmək, təzə ideyalar irəli sürməkdir”. Böyük
ustad öz fəaliyyətində bu fikirləri
reallaşdırmaqla hamıya örnək
olub.
Cəlal Əliyev öz elmi fəaliyyətini kənd təsərrüfatı bitkilərinin, əsas ərzaq bitkisi kimi buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr edib. Azərbaycan elmi tarixində ilk dəfə yer üzərində həyatın əsasını
təşkil edən fotosintez prosesinin əsaslı şəkildə öyrənilməsinə ciddi maraq göstərib və bu sahə onun elmi
yaradıcılığının fundamental tədqiqat obyektinə çevrilib. Fotosintez prosesinin müxtəlif
tədqiqat istiqamətlərinin inteqrasiyası hesabına
“yaxşı” fotosintez haqqında təsəvvür yaradıb, kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə edilməsi
üçün prosesin optimallaşdırılması məsələlərini
araşdırıb. O, dünya elmində bitkilərdə fototənəffüsün
israfçılıq olması və məhsuldarlığı
artırmaq üçün bu prosesi azaltmaq zərurəti ilə bağlı uzun illər mövcud olan təsəvvürlərin əksinə olaraq, tarla şəraitində yetişdirilən kontrast buğda və soya genotipləri ilə aparılan 40 illik təcrübələrlə sübut edib ki, fototənəffüs təkamülün gedişində formalaşmış həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını
artırmaq məqsədilə müxtəlif yollarla fototənəffüsü azaltmaq cəhdləri əsassızdır. Fototənəffüs prosesi ilə bağlı əldə
etdiyi bu qlobal nəticə dünya elminin tarixinə qızıl hərflərlə yazılacaq.
Ulu
öndər Heydər Əliyevin elm, alim haqqında fikirləri, bütün zamanlar
üçün aktualdır: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni
təcrübə ilə birləşdirən, nəzəri fikirlərini
tətbiq edə bilən və onlardan əməli nəticə gətirə
bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında
xüsusi yer tutur”.
Cəlal müəllim dərin fundamental elmi böyük praktika ilə birləşdirməyi bacaran nadir alimlərdən idi. Bütün
dünyada olduğu kimi, Azərbaycanda
da dövlətin
taxıl ehtiyatı ölkənin
ərzaq və iqtisadi təhlükəsizliyinin bazisi,
çörək isə əsas qida mənbəyidir. Millətini, Vətənini canı qədər əziz tutan, sevən Cəlal Əliyev hələ tələbəlik illərindən bunu yaxşı bilirdi və ona görə də bütün taleyini, alim
ömrünü şüurlu surətdə bu sahəyə bağlamağı,
xalqın gələcək rifahına, yüksəlişinə öz alim töhfəsini verməyi qərara almışdı. Bəlkə də məhz
bu səbəbdən akademik Cəlal
Əliyevin uğurlu elmi yaradıcılığının
əhəmiyyətli hissəsi Azərbaycanda
taxılçılığın inkişafına yönəlib. Mürəkkəb torpaq-iqlim şəraiti olan Azərbaycanın müxtəlif bölgələrinə
uyğun buğda sortlarının yaradılması zərurəti müstəqillik illərində daha da
aktuallaşmışdı. Bu tip sortlar yüksək məhsuldar, quraqlığa,
şaxtaya, xəstəlik və zərərvericilərə davamlı, şoran torpaqlarda da nisbətən yüksək məhsul vermək qabiliyyətinə malik olmalı idi. Akademik Cəlal
Əliyev seleksiya proqramında məhz bu istiqamətlərə xüsusi diqqət yetirib. İlkin
seleksiya nailiyyətlərinin təsərrüfata sürətlə
tətbiqini təşkil etmək üçün
1993-cü ildən Əkinçilik
İnstitutunda onun təşəbbüsü və kollektivin
iştirakı ilə
elmlə
istehsalatın sıx əlaqəsinin
yaradılması istiqamətində ciddi addımlar
atılıb və
bu, öz bəhrəsini verib.
Akademik Cəlal Əliyev fitri
istedadı, uzun illərə söykənən zəngin təcrübəsi, orijinal və bənzərsiz elmi yaradıcılığı sayəsində Azərbaycanda kənd təsərrüfatı bitkilərinə və onların yabanı əcdadlarına aid 40 minə yaxın nümunədən ibarət buğda genofondunu
formalaşdırıb və onun əsasında 60-dan çox yeni, müasir tələblərə cavab verə bilən buğda sortu yaratmağa
nail olub ki, bu da tək-tək elm adamının taleyinə düşən böyük Allah vergisi
hesab edilə bilər. Əkinçilik İnstitutu ilə respublikanın
toxumçuluq təsərrüfatları arasında əlaqələrin bir mərkəzdən idarə edilməsi nəticəsində toxum istehsalı sürətlə artıb,
yaradılmış yeni buğda sortlarının
toxumçuluğunun yüksək səviyyədə təşkili və təsərrüfatlara tətbiqi mümkün olub. Mübaliğəsiz demək olar ki, bitki
seleksiyası sahəsində ölkədə qabaqcıl mövqeyi ilə seçilən Cəlal Əliyev məktəbi formalaşıb. Digər
seleksiyaçı alimlər
də öz tədqiqat işlərində daim Cəlal müəllimin elmi
yaradıcılığından, dəyərli məsləhətlərindən bəhrələniblər.
Biomüxtəlifliyin qorunması da Cəlal Əliyevin diqqət mərkəzində olub, bu sahədə respublikamızda
böyük uğurlar qazanılıb. O, biomüxtəlifliyə seleksiya üçün
tükənməz mənbə kimi baxırdı. Akademik “Bioloji müxtəliflik bəşəriyyətin sərvətidir” məqaləsində göstərirdi: “Dünyada 15 milyondan
çox canlı mövcuddur və hər gün onların 100-ə yaxını məhv olur. Lakin onların məhv olması bir çox
hallarda hiss edilmir. Bəşəriyyət isə belə itkilərdən olduqca böyük ziyan çəkir. Təxminən 265 min bitki
növündən
yalnız 5 mini ərzaq
məhsulları
üçün becərilir.
Elmi seleksiyada yüksək
məhsuldar sortlar
yaradılmasında xəstəlik və zərərvericilərə azdavamlı formaların nəzərə
alınmaması kənd
təsərrüfatı bitkilərinin genetik
ehtiyatlarını məhdudlaşdırmışdır.
Yabanı formalardan daha davamlı genləri
köçürməklə itirilmiş əlamətləri bərpa
etmək olar”.
Beynəlxalq təşkilatlar, dünyanın böyük elm xadimləri akademik Cəlal Əliyevin elmi
uğurlarını yüksək qiymətləndiriblər. Onun elmi fəaliyyəti haqqında ən mötəbər kürsülərdən
ürək sözləri deyilib. “Cəlal Əliyev Azərbaycanda “yaşıl inqilab”
yaradıb” - bu sözləri Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının prezidenti, akademik G.Romanenko,
Qarğıdalı və Buğda Sortlarının
Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəzin (CIMMYT) bərk buğda seleksiyası
proqramının rəhbəri doktor F.Pfeyfer və bir çox digər məşhur seleksiyaçı alimlər Cəlal Əliyevin yetişdirdiyi
məhsuldar
buğda sortları və bu sortların əkin sahələri ilə tanış olduqdan sonra söyləyiblər. CIMMYT-nin regional təmsilçisi, doktor A.Morqunov
isə
yazırdı: “Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda aparılan nəzəri tədqiqatların təcrübi seleksiyaya tətbiqi - yaradılan sortların
ekoloji sınağından və ilkin toxumçuluqdan tutmuş
sürətlə artırılaraq fermer təsərrüfatlarında yayılmasına qədər analoqu olmayan ən ideal modeldir”.
SSRİ
Elmlər
Akademiyasının həqiqi üzvü İ.Tarçevski öz dostu Cəlal Əliyevi belə xarakterizə edir: “Mən Cəlal Əliyevi, demək olar ki, yarım əsrdir tanıyıram. Onun bitkilərin
fotosintezi və yeni
buğda sortlarının yaradılması ilə bağlı
araşdırmaların nəticələri haqqında etdiyi
çıxışlarını beynəlxalq
və ümumittifaq
konfranslarda dinləmişəm. Bundan başqa, mən
onun doktorluq dissertasiya işi və
müəllif
materialları ilə
də yaxından
tanışam. Nə
vaxtsa bu insanın doktorluq dissertasiyasına, demək olar ki, özü
ilə hələ tanış olmadığım
bir vaxtda müsbət
rəy vermişdim”.
Bütün bu fikirlər
onu deməyə imkan verir ki, Azərbaycan xalqı
öz böyük alimi ilə
öyünməkdə həmişə
haqlı olub.
Akademik Cəlal Əliyevi yaxından tanıyanlar yaxşı bilirlər ki, o, taleyini təkcə elmi
yaradıcılığa həsr etməklə kifayətlənməyib, həmçinin Azərbaycan elmində nüfuzlu bir mövqe
qazanmış böyük bir elmi məktəbin yaradıcısı və rəhbəri idi. Cəlal müəllim həmişə gənc alimlərə arxa-dayaq,
böyük məsləhətçi olub. Keçən əsrin 70-ci illərindən başlayaraq, müxtəlif ixtisaslar - biologiya, kimya,
fizika, riyaziyyat, aqrokimya üzrə ali məktəblərin məzunlarından elmi kollektivin
hazırlanmasına başlanılıb. Respublikamızda
biologiya elminin yeni istiqamətlərinin, o cümlədən, molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi
biologiya, kompüter biologiyası və bioinformatikanın
bünövrəsinin qoyulması və əsaslı surətdə inkişaf etdirilməsi məhz onun adı ilə bağlıdır. Bu elmi ixtisasların
bir-birinə
qovuşması nəticəsində respublikamızda ilk
dəfə biologiya və kənd təsərrüfatının
bir çox nəzəri və praktiki məsələlərin həllində riyazi metodlardan və kompüter
texnologiyasından istifadə
etmək
mümkün olub. Xüsusi qeyd
olunmalıdır ki, biologiyada inteqrativ yanaşmaların
dünyada ilk təşəbbüskarlarından
biri və məhz birincisi Cəlal Əliyev
idi. Cəlal müəllimin tələbəsi, ABŞ Ümumi Genom İnstitutunun energetika bölməsinin əməkdaşı Asəf Salamov yazır: “O dövrdə Cəlal Əliyev Azərbaycanda bəlkə yeganə alimlərdən idi ki, öz əməkdaşlarının
SSRİ-nin aparıcı akademik institutlarında təcrübə kursu keçmələrini təşkil edirdi. Şəxsən mən
Novosibirskdə olan
Sitologiya və
Genetika İnstitutuna göndərildim.
Hazırda Kaliforniya Universitetinin nəzdində fəaliyyət
göstərən Ümumi Genom
İnstitutunda işləyirəm. Əlbəttə, öz elmi karyeramda olan irəliləyişləri, ilk növbədə, mənim ilk elmi rəhbərim, akademik Cəlal Əliyevin xidmətləri ilə əlaqələndirirəm. Fotosintezin fundamental
molekulyar prosesləri
ilə bitki
biologiyasının tətbiq
aspektləri
arasında əlaqələrin müəyyən edilməsi, xüsusən mühüm kənd təsərrüfatı bitkilərinin
davamlılığının və
məhsuldarlığının
artırılması məhz
onun xidmətləri
sayılmalıdır. O, SSRİ-də birincilər sırasında bioloji
proseslərin sistemli şəkildə öyrənilməsini, bu işə müxtəlif profilli mütəxəssislər cəlb etməyin vacibliyini əvvəlcədən görürdü. Hələ 40 il bundan əvvəl bizim elmi rəhbərimiz Cəlal Əliyev riyazi analizin və kompüter
texnologiyalarının biologiyada tətbiq edilməsinin vacibliyini dərindən dərk edirdi. Halbuki, həmin illərdə, hətta Qərbdə, bunun
mümkünlüyünü anlayanlar az
idi. Onun erudisiyası, elmə
bağlılığı, özünün keçmiş tələbələrinə və ümumiyyətlə, insanlara xeyirxah
münasibəti
qarşısında baş əyirəm”.
Alimin uzaqgörənliyi, istedadı və böyüklüyü ondadır ki, öz yüksək nailiyyətləri ilə bərabər, elmi məktəb də yarada bilsin. Cəlal Əliyev
perspektivli, istedadlı gəncləri ətrafına toplayaraq
böyük elmi məktəb yaradıb. Cəlal Əliyev elmə fanatikcəsinə vurğunları həmişə qiymətləndirib, çətin anlarda onlara dayaq olaraq, inamla irəli getmələri üçün zəmin yaradıb. Onun ustad himayəsi,
müəllim
qayğısı və
şəxsi təşəbbüsü ilə 300-ə yaxın gənc istedad dissertasiya
müdafiə edərək alim adı qazanıb. Cəlal
müəllim
onlardan 80-dən
çoxunun namizədlik,
11-nin doktorluq dissertasiyasının bilavasitə elmi rəhbəri olub. Onun rəhbərliyi altında
hazırlanmış və müasir elmin əsas potensial qüvvəsini təşkil edən “Cəlal Əliyev məktəbi”nin yetirmələrinin sorağı bu gün ABŞ, Kanada, İsveç,
Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Avstraliya, Rusiya və onlarla digər qabaqcıl ölkələrin tanınmış
universitetlərindən, elmi-tədqiqat müəssisələrindən, beynəlxalq mərkəzlərdən gəlir. Azərbaycanda biologiya elminin gələcək inkişafı çox cəhətdən bu adamlardan, onların elmdə irəliləməsindən, həmrəyliyindən və onların köməyi ilə Azərbaycan elminin dünya elminə inteqrasiya etməsindən, tarixi şəxsiyyət, dünya şöhrətli alim və müəllim, akademik Cəlal Əliyevin
başladığı yolu onların davam etdirmək cəhdlərindən və bacarıqlarından
asılıdır.
Akademik Cəlal Əliyev təkcə alim kimi deyil, həm də bir insan olaraq insanlığın zirvəsində dayanıb. Azərbaycan elminin təəssübkeşi
öz böyük nüfuzundan istifadə
etməklə bir çox hallarda
haqsızlıqlarla üzləşən elm fədailərinə arxa, dayaq olub, hər cür yardım
göstərib, ancaq
heç vaxt yaxşılıqlarını dilə gətirməyib,
üzə
vurmayıb. Bu xarakterin özü də məhz böyük ürəkli insanlara xas olan əlamətlərdən
biridir.
Cəlal müəllimin böyüklüyü həm də onun sadəliyində, təvazökarlığında
idi. Dünyanın bütün ölkələrində kəşflərindən söhbət
açılmasına baxmayaraq, heç vaxt bunu büruzə vermir, sadə elm adamları
arasında özünü heç kimdən fərqləndirmirdi. Əməyinə verilən bütün qiymətləri alimlər ordusunun uğuru sayırdı.
Dünya
elmində baş verən proseslərin mahiyyətini dərindən bilən əsl tərəqqiyə yalnız qlobal əhəmiyyətli tədqiqatları öyrənməklə və tətbiq etməklə nail olmasını öz təcrübəsində sübut edən Cəlal müəllim daim uzaqgörənliklə beynəlxalq elmi təşkilatlarla əlaqələri gücləndirməyin zəruriliyini qeyd edib. Onun elmi-tədqiqatları
beynəlxalq elmi mərkəzlər
tərəfindən olduqca müsbət qiymətləndirilib. Cəlal Əliyev
öz işlərində çox ciddi, tələbkar, ədalətli və hadisələri obyektiv qiymətləndirmək xüsusiyyətlərinə
malik olmaqla yanaşı, mehribanlığı,
xeyirxahlığı, qayğıkeşliyi ilə də fərqlənirdi. O,
çox zəhmətkeş alim idi. Təbiətin bəxş etdiyi istedad,
işgüzarlığı və
zəhmətkeşliyi sayəsində daha da yüksəklərə
qalxıb və
böyük elmi uğurlar əldə edib.
Azərbaycan elminin dünyada tanınmasında, təbliğində Cəlal Əliyevin misilsiz xidmətləri olub. 2013-cü il iyunun 5-dən 9-dək Beynəlxalq Fotosintez Cəmiyyəti tərəfindən Bakı şəhərində dünyanın 32 ölkəsindən 350 nümayəndənin iştirakı ilə Cəlal Əliyevin yubileyinə həsr olunmuş konfransın
keçirilməsi də bunun bariz nümunəsidir. Bu konfrans beynəlxalq
səviyyədə azərbaycanlı
alimə həsr olunan ilk tədbir idi.
Akademik Cəlal Əliyevin elmi və ictimai dairələrdə qazandığı böyük hörmət onun taleyüklü məsələlərdə nümayiş etdirdiyi
yüksək prinsipiallığı ilə bağlıdır. Azərbaycanda dövlətçiliyin
qorunmasında və
inkişafında Cəlal
Əliyevin fəaliyyəti danılmazdır.
O daim öz prinsiplərini qoruyub saxlayan, şəraitdən asılı olmayaraq ədalət naminə, xalqın və dövlətçiliyin naminə öz cəsarətli sözünü
açıq deməyi bacaran bir insan idi. Ölkəmizdə XX əsrin
axırlarında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə Cəlal
müəllim əsl vətəndaş mövqeyi tutdu, bir şəxsiyyət kimi ən çətin dövrlərdə sınmadı, əyilmədi
və bütün təzyiqlərə mətanətlə sinə
gərdi. Ən çətin anlarda xalqımızın Ümummilli lideri Heydər Əliyevin yanında oldu
və haqq
işində həmişə Ona arxa-dayaq durdu. Eyni zamanda, Heydər
Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan dövlətini böyük
inkişaf yoluna çıxaran və
beynəlxalq miqyasda
yüksək səviyyədə təmsil
edən Prezident
İlham Əliyevin hər
bir uğuruna ürəkdən sevinir, Onunla fəxr edirdi.
Yeni müstəqillik qazanmış respublikamızın ictimai-siyasi həyatında Cəlal müəllimin fəaliyyəti əvəzedilməz idi. O, 1995-2015-ci illərdə Milli Məclisin üzvü olub və bir çox dövlət əhəmiyyətli qanun layihələrinin müzakirəsində, qəbul olunmasında və təkmilləşdirilməsində fəal iştirak edib.
Böyük alim Cəlal Əliyevin haqq dünyasına
qovuşması onu yaxından tanıyanları çox kədərləndirdi. Cəlal müəllimin tələbələri üçün bu xəbər daha ağır olsa da, onlar
müəllimlərinin xatirəsinin əbədi yaşayacağına inanırdılar...
Biologiya
elmləri doktoru
Süleyman Allahverdiyev (Rusiya EA Tumiryazev adına
Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, Rusiya EA
Biologiyanın Fundamental Problemləri İnstitutunun əməkdaşı, M.V.Lomonosov
adına MDU-nun biologiya fakültəsinin professoru): “Heç inana
bilmirəm. İnana bilmirəm
ki, biz çox dəyərli bir alimi, ən sevimli müəllimimizi itirdik.
Cəlal
müəllim
çox təvazökar,
dəqiq, prinsipial,
haqsızlıqlara dözməyən bir insan idi. Allah rəhmət eləsin. Biz hamımız, daha doğrusu, onun 300-ə yaxın yetirməsi müəllimimizin qəbri önündə baş əyirik. Onun əziz
xatirəsi
hamımızın yaddaşında əbədi yaşayacaq”.
Professor Qərib Mürşüdov
(Böyük Britaniyanın Kembric Universitetinin kompüter
kristalloqrafiyası qrupunun rəhbəri, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun
kompüter struktur biologiyası laboratoriyasının
müdiri): “Mən çox kədərli bir hadisəni, Cəlal müəllimin vəfatı xəbərini eşitdim. Allah rəhmət
eləsin. Mənə elə gəlir ki, Cəlal
müəllim kimi
bir alimi tapmaq çox çətin
olacaq. Biz çalışıb onun
işini davam etdirməliyik”.
Doktor Asəf Salamov (ABŞ Ümumi Genom
İnstitutunun əməkdaşı): “Mən böyük kədər içində Cəlal müəllimin vəfat etməsi xəbərini eşitdim. Belə
bir şəxsiyyətin həyatdan getməsi
özlüyündə
elə böyük
bir epoxanın başa çatmasına bənzəyir.
Cəlal
müəllimin
Bakıda işləyən bütün tələbələrinə
başsağlığı verirəm.
Ümid edirəm
ki, biz Cəlal
müəllimin
işini ləyaqətlə davam etdirəcəyik. Allah Cəlal
müəllimə rəhmət
eləsin”.
Professor
Vidadi Yusibov (ABŞ Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzinin icraçı direktoru):
“Cəlal Əliyevin vəfatı Azərbaycan elmi və bütövlükdə dünya elmi
üçün böyük itkidir. Akademik Cəlal Əliyev Azərbaycanda böyük
elmi məktəb yaratmış və dünya elminin
inkişafına əhəmiyyətli töhfə vermişdir. Cəlal Əliyev onu
tanıyan bütün insanların məhəbbətini və hörmətini qazanmış,
gözəl mentor və böyük ustad
olmuşdur. Onun tələbələrinin
dünyanın müxtəlif
ölkələrində uğurla
çalışmaları buna sübutdur. Onun
dəstəyi və köməyi sayəsində biz, onun tələbələri həm Azərbaycanda, həm də yaxın və uzaq xarici ölkələrdə
inkişaf etmək
imkanı əldə etdik. Elmin böyük vətənpərvəri,
görkəmli alim,
istedadlı tədqiqatçı
kimi, o, çoxsaylı kəşflərin kökündə durmuşdu. Görkəmli
alim və
tanınmış ictimai xadim Cəlal
Əlirza oğlu Əliyevin işıqlı xatirəsi tələbələrinin
qəlbində həmişə
yaşayacaq”.
Professor
İsmayıl Zülfüqarov (Cənubi Koreya Pusan Dövlət Universiteti): “Azərbaycan elminə və Azərbaycan xalqına üz
vermiş ağır itki - Cəlal Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar ailə üzvlərinə, yaxınlarına,
qohumlarına, tələbələrinə, Azərbaycan elm ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, dərd-qəminizə şərik olduğumu bildirirəm. Cəlal müəllim fundamental
araşdırmaları və
əldə etdiyi nailiyyətləri ilə
təkcə respublikada deyil, eləcə də
bütün dünyada elmin inkişafına sanballı töhfələr vermişdir. Onun
tədqiqatları
ölkədə yeni istiqamətləri müəyyənləşdirməklə biologiya elmi qarşısında
duran bir sıra aktual problemlərin
həllinə xidmət etmişdir. Ən əsası isə Cəlal müəllim öz elmi məktəbini formalaşdırmış bir alimdir. Sevimli müəllimimiz Cəlal Əliyevin əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaq”.
Professor
Aydın Muradov (RMİT Universiteti, Melburn, Avstraliya): “Akademik Cəlal Əliyevin vəfatı bütün biologiya
aləmi
üçün böyük itkidir”.
Doktor
Mehman Əzizov (Almaniya): “Azərbaycan biologiya elminə üz vermiş ağır itki ilə əlaqədar sizin hamınıza dərin hüznlə başsağlığı
verir və keçirdiyiniz dərin üzüntünü bərabər paylaşıram. Cəlal
müəllim
haqqın-ədalətin və böyük elmi
ideyaların yolunda yorulmadan mübarizə
aparan əvəzolunmaz bir elm
adamı idi”.
Doktor
Elmira Məhərrəmova (Berlin Botanika Bağı & Botanika Muzeyi, Almaniya):
“Cəlal
müəllimin vəfatı ilə bağlı ürəkdən kədərlənir və dərin hüznlə başsağlığı verirəm. Mən bu günə qədər
bu hadisəyə inana bilmirəm. Cəlal Əliyev
görkəmli
alim və
istedadlı rəhbər idi. Mən həqiqətən onun vəfatından
çox üzülürəm.
O, bizim hamımız üçün çox şey
etmişdir. Təəssüflər olsun ki, zaman
istisnalar olmadan bizim hamımız üçün
amansızdır. Mən
hətta zəng edə bilmirəm, çünki bu
haqda danışmaq çox ağırdır. Onun əbədi xatirəsi həmişə bizimlə olacaq”.
Doktor
Ahmed Kheyr-Pour (Azərbaycan-Fransa elmi əməkdaşlıq əlaqələrinin koordinatoru, Fransa): “Cəlal müəllimin dünyasını dəyişməsi xəbərindən çox kədərləndim. Bizim elmi əməkdaşlığımız uzun
illər öncə
başlamışdı və
indiyə qədər uğurla davam edirdi. 1993-cü ildə
Parisdə mərhum Prezident Heydər Əliyevlə Fransada yaşayan azərbaycanlılar
arasında görüş oldu. Prezident dəvət olunanların hər biri ilə
çox səmimi
danışdı. Biləndə ki, mən genetikəm, dedi: “Mənim qardaşım da
genetikdir, mən ümid edirəm ki, siz bir-birinizlə əməkdaşlıq yolları tapa bilərsiniz”. Heydər Əliyevin arzusu həyata keçdi.
Bizim sıx elmi əməkdaşlığımız
başladı. Ümid edirəm ki, professor Cəlal Əliyevin məzarındakı
dünya çoxlu mənəvi nurla
işıqlanır”.
Cəlal Əliyev 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda elmi-tədqiqat qrupu yaradıb, onu
böyük kadr potensialı və maddi-texniki bazası olan laboratoriya və şöbə səviyyəsinə qədər inkişaf etdirib və 1990-cı ildən ömrünün sonunadək bu şöbəyə rəhbərlik edib. Akademik Cəlal Əliyevin rəhbərlik etdiyi bioloji məhsuldarlığın
fundamental problemləri şöbəsində aparılan tədqiqatları və əldə edilən böyük nəticələri, mövcud kadr potensialını, molekulyar biologiya və biotexnologiya sahələrinin inkişafının
aktuallığını və perspektivliyini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının
2014-cü il 30 iyun tarixli ümumi
yığıncağında bu şöbənin bazasında Molekulyar
Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında
qərar qəbul edilib. İnstitut
2016-cı il martın 1-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və 2016-cı il iyulun 1-dən müstəqil fəaliyyət göstərməyə başlayıb. Hazırda institutda elmin ən
müasir sahələri ilə məşğul olan 13 laboratoriya fəaliyyət göstərir. Burada bir akademik, AMEA-nın dörd müxbir
üzvü, dörd elmlər
doktoru, iki professor, 20 fəlsəfə doktoru çalışır və institut əməkdaşlarının 60 faizini gənclər təşkil edir.
Uzun illərdir ki, tələbələri Cəlal müəllimin ad gününü qeyd etməyin yeni bir ənənəsini qoymuşdular. Hər il iyunun 30-u ərəfəsində akademik Cəlal Əliyevin rəhbəri olduğu, yaxud onun rəhbərlik etdiyi şöbənin əməkdaşının dissertasiya işinin müdafiəsi keçirilirdi. Tələbələri bilirdilər ki, uğurla keçən, yüksək səviyyədə təqdim olunan dissertasiya işi müəllimləri üçün ən qiymətli hədiyyədir. Həmin ənənə bundan sonra da daim davam etdiriləcək.
Geniş diapazonlu elmi fəaliyyəti və zəngin irsi ilə
akademik Cəlal Əliyev Azərbaycan və dünya elmi
qarşısında müstəsna
və təmənnasız xidmətlərinə görə hələ
sağlığında ikən
özünə əbədi abidə
ucaldıb. Ona görə də
alimin zəngin elmi
irsinin öyrənilməsi, qorunub
saxlanılması, ləyaqətlə davam etdirilməsi və
gələcək nəsillərə ötürülməsi, yeni
yaradılmış Molekulyar Biologiya və
Biotexnologiyalar İnstitutunun uğurlu fəaliyyət göstərməsi, mövcud elmi potensialdan səmərəli
istifadə olunması,
müasir standartlara cavab verəcək
gənc kadrların
yetişdirilməsi,
eyni zamanda, akademik Cəlal
Əliyevin yaratdığı elmi məktəbin
möhkəm
fundamenti üzərində biologiya elminin
müasir istiqamətlərinin daha da
inkişaf etdirilərək beynəlxalq standartlara tam
uyğunlaşdırılması onun bütün tələbələrinin
mənəvi borcudur. Adı
elmin tarixinə əbədi həkk
olunmuş Cəlal
müəllimin xatirəsi heç bir zaman
unudulmayacaq.
Yeni Azərbaycan.-
2017.- 1 fevral.- S.2