Dövlət proqramları əsasında həyata keçirilən işlər regionların dinamik inkişafında mühüm rol oynayıb

 

Ölkənin hər yerində olduğu kimi, cənub bölgəsində də bütün sahələrdə uğurlar əldə edilib

Son illər dünyada baş verən bir sıra hadisələr, həmçinin hazırda davam edən iqtisadi və maliyyə böhranı əksər ölkələrə öz mənfi təsirini göstərib. Məhz bunun nəticəsidir ki, hətta dünyanın aparıcı ölkələrində belə bir sıra layihələrin icrası dayandırılıb, yerləri ixtisar edilib. Lakin dünya düzənində baş verən obyektiv çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2016-cı ildə də inkişaf edib və bütün əsas vəzifələr icra olunub. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 faiz artıb. Prezident İlham Əliyevin bu günlərdə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı niqtində bəyan etdiyi kimi, dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik.

Dövlət başçısı həmin nitqində onu da deyib ki, 2016-cı ildə ümumi iqtisadi inkişaf müsbət qiymətləndirilməlidir: “Xüsusilə bölgələrdə aparılan işlər də öz dinamikasını saxlamışdır. Keçən il bölgələrdə çox böyük işlər görülmüşdür”.

Bölgələrdən söz düşmüşkən vurğulamaq yerinə düşər ki, məhz Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən etibarən reallaşdırılan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin hərtərəfli inkişafını təmin edib. Məlumat üçün bildirək ki, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, bölgələrin simasını əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çoxəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Heç şübhəsiz, bütün sahələri əhatə edən bu inkişafdan ölkəmizin cənub bölgəsinə, o cümlədən Astara rayonuna da pay düşüb. Hər halda, ötən il ərzində əldə edilən uğurlar da belə deməyə əsas verir.

Bununla bağlı konkret faktlara keçməzdən öncə bildirək ki, cənub bölgəsi əsasən Lənkəran iqtisadi rayonunu əhatə edir. Lənkəran iqtisadi rayonu Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın cənub-şərqində yerləşir. İqtisadi rayonun ümumi sahəsi 6,08 min kv.km olmaqla ölkə ərazisinin 7 faizini əhatə edir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi Lənkəran ovalığından və Talış dağlarından ibarət iki hissəyə ayrılır. İqtisadi rayonun ərazisinin 26 faizi meşələrlə örtülüb. Rayon təbii şəraitinə görə ölkənin digər iqtisadi rayonlarından fərqlənir. Rütubətli subtropik iqlimə malikdir.

Beləliklə, Astara şəhər ərazi icra nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında da bəyan edildiyi kimi, Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları əsasında aparılan iqtisadi islahatlar Astara rayonunun, o cümlədən Astara şəhərinin dinamik inkişafında çox mühüm və əhəmiyyətli rol oynayıb. Aparılan tikinti, quruculuq və abadlıq işləri Astaranın simasını dəyişdirib, iqtisadi potensialını artırıb.

Tədbirdə bildirilib ki, Astara şəhərinin 1508 ha ərazisi var. Bu ərazindən 24 ha dövlət mülkiyyətinə, 850 ha bələdiyyə mülkiyyətinə, 634 ha xüsusi mülkiyyətə aiddir. Şəhərdə 4016 təsərrüfat, 38 küçə var, şəhərin əhalisi 17508 nəfərdir. Rayonda, xüsusən də Astara şəhərində yenidənqurma və abadlıq işləri səngimir, getdikcə yeni vüsət alır. Yeni bulvarın salınması, küçə və səkilərin müasir tələblər səviyyəsində yenidən qurulması, yaraşıqlı hasarların tikilməsi, yeni işıqlandırma sisteminin quraşdırılması, bir sözlə, şəhərdə aparılan abadlıq və quruculuq işləri əhalinin rahatlığına, yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət edir.

Beləliklə, 2016-cı ildə şəhərin ayrı-ayrı küçələrində 10 ictimai yaşayış binasının dam örtüyü dəyişdirilib, binalar təmir edilib. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, şəhər 2 nömrəli tam orta məktəbin binası ən müasir memarlıq üslubunda əsaslı təmir edilərək istifadəyə verilib. Şəhərin küçələrinə asfalt döşənib, suötürücü kanallar qazılıb dərinləşdirilib, ərazidə yaşayan vətəndaşlar sel-suların fəsadlarından xilas ediliblər. Ötən hesabat ilində kənd təsərrüfatı binasının istifadəyə verilməsi, Astara-Astara dəmir yolunun çəkilməsi 2016-cı ilin şəhər üçün uğurlu hadisələri kimi yaddaşlara həkk olunub. Hazırda Astara şəhərində Xəzər dənizi sahili boyunca salınmış park-bulvarda və çimərlik ərazisində üçmərtəbəli hotel və 12 ədəd ikimərtəbəli kotec inşa edilir.

Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan ən mühüm vəzifələrdən biri də kənd təsərrüfatının intensiv inkişafına nail olmaq, mövcud əkin sahələrindən səmərəli istifadə edilməsi üçün bütün imkanları səfərbər etməkdir. Hesabat yığıncağında bu istiqamətdə Astara rayonunda bir sıra uğurların qazanıldığı vurğulanıb və kənd təsərrüfatında əkin sahələrinin iki dəfədən çox genişləndirildiyi diqqətə çatdırılıb.

Rayon ərazisində istifadəsiz qalan əkinəyararlı torpaqların dövriyyəyə buraxılması ilə 2016-cı ildə kənd təsərrüfatının daha da inkişaf etdirilməsi sahəsində uğurlu nəticələr qazanılıb. Belə ki, mövcud 816 hektar torpaq sahəsinin 682 hektarında əkin aparılıb, baramaçılığın inkişafı ilə əlaqədar dövlət tərəfindən verilmiş 1500 ədəd tut tingi əkilib. 2017-ci ildə ötən illərdə istifadəsiz qalan 70 ha torpaq sahələrinin də yeni əkin sahələrinə əlavə edilməsi üçün hazırlıq işləri görülür. Bildirilib ki, ötən il sitrusçuluq, çayçılıq və çəltikçilik sahəsində yüksək göstəricilər əldə edilib.

Bu məqamda qeyd edək ki, astaralı fermerlər və məhsul istehsalçıları ötən təsərrüfat ilində çəltikçilik sahəsində qazandıqları uğurlardan ruhlanaraq əkin sahələrini üç dəfəyədək genişləndirməyi planlaşdırırlar. Dövlət tərəfindən məhsul istehsalçılarına çəltik əkininə görə hər hektar üçün verilən 90 manat subsidiya əkinçilərin bu sahəyə marağını daha da artırıb. Havaların yağmursuz keçməsindən istifadə edən məhsul istehsalçıları hazırda torpaq sahələrində birinci şumlamanı aparırlar. Əkin kampaniyasına isə aprelin sonu, mayın əvvəllərində başlanılacaq.

Rayonda kənd təsərrüfatının inkişafından söz düşmüşkən, bu istiqamətdə rayonun Kijəbə qəsəbəsində sitrusçuluq sahəsində əldə edilən uğurlar da fərəhlidir. Ərazi icra nümayəndəliyində kənd təsərrüfatının inkişafına diqqət artırılıb, fərdi təsərrüfatlarda 300 hektardan çox sahədə əkin aparılıb, sitrus meyvələrinin istehsalı 18 min tona çatdırılıb. Qəsəbənin ərazisində istifadəsiz qalan torpaqlar birləşdirilərək yeni sitrus sahələri salınır. Çayçılığın inkişafı üçün qüvvələr səfərbərliyə alınıb. Eyni zamanda, baramaçılığın inkişafı məqsədilə nümayəndəliyin ərazisində 1500 ədəd tut tingi əkilib.

Astara rayonunun Artupa kənd sakini Araz Rzayev KİV-ə açıqlamasında deyib ki, ilk illər 1-2 hektarda çəltik əkib. Yüksək məhsuldarlıq və gəlirdən ruhlanan fermer ilbəil əkini çoxaldıb. Təsərrüfat sahibi bu il hətta qonşu kəndlərdən də icarəyə torpaq götürüb. O deyib: “Ötən il Artupa kəndində 15 hektar çəltik əkmişdik. Bu il isə qonşu Ərçivan qəsəbəsində 25 hektarda çəltik əkməyi nəzərdə tutmuşuq”.

Qeyd edək ki, 2016-cı ildə Astara rayonunda 133 hektar çəltik sahəsindən 532 ton məhsul istehsal olunub. Məhsul istehsalçıları bu il rayonda 300 hektarda çəltik əkilməsini planlaşdırırlar. Qarşıdakı illərdə isə bu rəqəmin 1000 hektara çatdırılması nəzərdə tutulur.

Bu məqamda onu da bildirək ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar rayonun hər yerində olduğu kimi, Kijəbə qəsəbə ərazi icra nümayəndəliyində yerləşən yaşayış məntəqələrində də tikinti-quruculuq işləri aparılıb, kəndlərin qazlaşdırılması davam etdirilib, elektrik təsərrüfatının yenidən qurulması sahəsində mühüm tədbirlər görülüb. “İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi” çərçivəsində Ojəkəran, Tülagüvan, Şəmətük, Qəcimardə icmaları yaradılıb və onların köməkliyi ilə 27 kilometr kəndarası yollar təmir edilib. Ərazidə yerləşən Burzubənd-Ojəkəran yolu asfaltlaşdırılıb, Kijəbə qəsəbə sahə xəstəxanası, mədəniyyət evi və uşaq bağçası əsaslı təmir olunub.

Ötən il qəsəbədə təhsil sahəsində də bir sıra uğurlar qazanılıb. Təhsil Nazirliyinin 2016-cı ildə keçirdiyiElektron təhsil” müsabiqəsində Kijəbə qəsəbə tam orta məktəbi respublika məktəbləri arasında üçüncü yerə layiq görülüb.

Bundan başqa, Astaranın təbii iqlim şəraiti rayonda turizmin inkişafı üçün gözəl imkanlar yaradır. Ötən il Astara rayonuna gələn turistlərin sayı beş dəfədən çox artıb. Bu baxımdan gözəl və mənzərəli təbiətə malik Kijəbə qəsəbəsinin ərazisində müasir tələblərə cavab verən hotellərin tikilməsi rayona turist axınını xeyli artıra bilər. Talış dağlarının ətəyində yerləşən qəsəbənin ərazisi ecazkar təbiətinə görə turistlərin diqqətini cəlb edir. Buna görə də ekoturizmin inkişafı istiqamətində bir sıra addımlar atılması planlaşdırılır.

Nadir AZƏ

Yeni Azərbaycan.- 2017.- 4 fevral.- S.8