Əfsər Cavanşirov adına “Bənövşəuşaq xorunun konserti olub

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan musiqi zalında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Əfsər Cavanşirov adına “Bənövşəuşaq xorunun konserti keçirilib. Tədbir Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşıb. Konsertdə balacaların ifasında “Kuklam”, “Hər yerdən vətən yaxşı”, “Əlvida, bağça”, “Qiymətlərim beşkimi uşaq mahnıları ilə yanaşı, “Küçələrə su səpmişəm”, “Qubanın alması”, “Gedək üzü küləyə”, “Alagöz” və “Azərbaycan” kimi xalq və bəstəkar mahnıları da səsləndirilib.

Qeyd edək ki, uşaq xorunun bədii rəhbəri Zülfiyyə İbrahimova, konsertmeysterlər isə Rəşidə Məmmədzadə, Nərminə Məmmədova və Məmmədiyə Hacıyevdir. Z.İbrahimovanın sözlərinə görə, uşaqlarla işləməkdən böyük zövq alır: “2006-cı ildən bədii rəhbər vəzifəsində çalışıram. Bu illər ərzində uşaqlara Azərbaycan xalq və bəstəkar mahnıları ilə yanaşı, muğamımızı, o cümlədən klassik Avropa musiqilərini dinləməyi tövsiyə etmişəm. Çox istərdim ki, “Bənövşəuşaq xoru Azərbaycan mədəniyyətini ölkəmizin hüdudlarından uzaqlarda da layiqincə təmsil etsin”.

Məlumat üçün bildirək ki, uşaqların musiqi tərbiyəsinin və musiqi zövqünün formalaşmasına xidmət etməklə yanaşı, onları cəmiyyətdə hərtərəfli, layiqli bir şəxsiyyət kimi yetişdirən “Bənövşəuşaq xoru 1958-ci ildə bəstəkar Əfsər Cavanşirov tərəfindən yaradılıb. Sevindirici haldır ki, sözügedən xorun yüzlərlə yetirməsi hazırda Azərbaycanın böyük səhnələrində özünə yer tapıb. Bu sıraya xalq artistləri Zeynəb Xanlarova, Xuraman Qasımova, Nisə Qasımova, Akif İslamzadə, Flora Kərimova, əməkdar artistlər Azərin, Firuzə İbadova, Naxçıvan MR-in əməkdar artisti Ehtiram Hüseynov və başqaları daxildir.

Müşfiqə BAYRAMLI

Yeni Azərbaycan.- 2017.- 4 fevral.- S.8