Regionlarda kənd təsərrüfatının inkişafını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər həyata keçirilir

 

Yeni su layihələrinin icrası sayəsində 150-160 min hektar əkin sahəsinin dövriyyəyə cəlb olunması nəzərdə tutulub ki, bunun da nəticəsində aqrar sektorda istehsal və ixrac imkanları artacaq

Azərbaycanda müstəqillik illərində müasir infrastruktur quruculuğu dövlət siyasətinin prioritet istiqamətini təşkil edib. Bütün ölkə boyu intensiv şəkildə həyata keçirilən infrastruktur layihələrinə istər dövlət büdcəsindən, istərsə də Azərbaycan Respublikasının Dövlət Neft Fondundan kifayət qədər böyük məbləğlərdə maliyyə vəsaitləri ayrılıb. Ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasət öz bəhrəsini verib və Azərbaycan infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib.

Son illərdə ölkəmizdə müasir infrastruktur qurulmasından söhbət açarkən regionlarda kənd təsərrüfatının inkişafının stimullaşdırılması məqsədilə həyata keçirilən meliorativ tədbirlərin, yeni su layihələrinin də önəmini xüsusi qeyd etmək lazımdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə uyğun olaraq ölkə miqyasında su-drenaj layihələrinə, digər meliorativ tədbirlərə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli gücləndirilib, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib. Belə ki, son 13 ildə ölkə miqyasında 170 min hektardan çox sahənin su təminatı və təxminən bu qədər də ərazinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, 20 min hektardan artıq yeni suvarılan sahə dövriyyəyə cəlb edilib. Eyni zamanda, respublikada sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilib. Regionlarda su-drenaj layihələrinin icrasına üçüncü Dövlət Proqramında da geniş yer verilib. Bəhs olunan Dövlət Proqramında respublikanın 50 rayon və 3 şəhərində çoxsaylı su layihələrinin, meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Ötən üç ildə müvafiq Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 milyon kubmetr su verilməsi layihəsi çərçivəsində böyük həcmi yerinə yetirilib. Dünya Bankının krediti hesabına respublikanın 10 rayonunda 36 min hektar sahədə suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri başa çatdırılıb.

Ümumiyyətlə, son illərdə respublikamızda kənd təsərrüfatının inkişafının stimullaşdırılması, dövriyyəyə yeni əkin sahələrinin cəlb edilməsi məqsədilə reallaşdırılan meliorativ tədbirlərin, yeni su layihələrinin miqyası kifayət qədər genişdir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı tədbirlərdən söhbət açaraq deyib: “Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülmüşdür. Yüz minlərlə hektar torpağın meliorativ vəziyyəti yaxşılaşdırılmış və ya yeni suvarılan sahələr dövriyyəyə buraxılmışdır”.

Reallaşdırılan layihələr ölkənin su ehtiyatlarından daha səmərəli istifadə olunmasına imkan verir

Hazırda qlobal miqyasda meydana çıxan mühüm çağırışlardan biri də su təchizatı ilə bağlıdır. Bir sıra beynəlxalq qurumların hesabatlarında vurğulandığı kimi, su ehtiyatlarının məhdudluğu dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri nəzərə alsaq, onda etibarlı su təchizatı qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar. Azərbaycan da bu cəhətdən istisna deyil. Respublika ərazisində su ehtiyatları məhdud olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır.

Bu və digər amillər nəzərə alınaraq ölkəmizdə su ehtiyatlarından səmərəli istifadə olunması strateji məqsəd kimi qarşıya qoyulub. Həyata keçirilən yeni layihələr və meliorativ tədbirlər bir sıra nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyır. Lazımi qədər su ehtiyatlarının yaradılması və müasir təchizat sisteminin qurulması ilk növbədə müstəqil Azərbaycanın təhlükəsizliyi baxımından önəmlidir. Digər tərəfdən, yaradılan su təchizatı infrastrukturu bütün ölkə boyu iqtisadi inkişafın təmin olunmasında, o cümlədən də aqrar sektorun stimullaşdırılmasında mühüm rol oynayır. Məlumdur ki, Azərbaycanda əkinə yararlı torpaqlar məhduddur. Buna görə də yeni suvarma sistemləri yaratmaqla mövcud torpaq fondundan daha səmərəli istifadə edilməsi böyük aktuallıq daşıyır. Deyilənlərdən başqa, yeni su layihələri insanların həyat şəraitinin yüksəlməsində də mühüm rol oynayır. Diqqəti ölkəmizdə reallaşdırılan su layihələrinin önəminə çəkən Prezident İlham Əliyev deyib: “Əfsuslar olsun ki, bizim su ehtiyatlarımız ölkəmizin hüdudlarından kənarda formalaşır. Ona görə biz sudan səmərəli istifadə etməliyik və ölkə daxilində elə imkanlar, elə infrastruktur, rezervuarlar yaratmalıyıq ki, həm ehtiyatımız olsun, həm də biz əkin sahələrini genişləndirə bilək. Bu sahə də çox böyük investisiya tələb edən sahə idi. Hesab edirəm ki, bu sahədə əsas işlər görülübdür”.

Samur-Abşeron suvarma sistemi layihəsinin reallaşdırılması Azərbaycan dövlətinin gücünü təsdiqləyir

Müstəqillik illərində respublikamızda Samur-Abşeron suvarma sistemi kimi investisiya tutumu kifayət qədər yüksək olan layihənin uğurla həyata keçirilməsi Azərbaycan dövlətinin gücünü təsdiqləyir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü əsasında icrasına başlanan bu layihə kifayət qədər mürəkkəb coğrafi şəraitdə və bir neçə mərhələdə icra edilir. Layihənin birinci mərhələsində Azərbaycan-Rusiya sərhədində yerləşən Samur çayı üzərindəki Baş Hidroqovşaq, Baş Suqəbuledici və Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsi əsaslı təmir edilib, həmçinin ən müasir standartlara cavab verən Xanarx kanalı, Baş Sudurulducu Qurğu və 188 kilometr uzunluğunda təsərrüfatlararası beton kanallar inşa olunub.

2007-ci ildə isə Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasına başlanıb. İlk növbədə Vəlvələçay-Taxtakörpü kanalının təxminən 11 kilometrlik hissəsi istismara hazır olub və 2011-ci il avqustun 15-də rəsmi açılış mərasimi keçirilib. Vəlvələçay-Taxtakörpü kanalının tikintisinin ilk mərhələsi İslam İnkişaf Bankının vəsaiti hesabına aparılıb.

2013-cü il iyulun 19-da isə 34 kilometr uzunluğunda Vəlvələçay-Taxtakörpü kanalının ikinci hissəsi istismara buraxılıb və Taxtakörpü su anbarına suyun verilməsinə başlanılıb. Olduqca çətin və mürəkkəb relyefli ərazilərdən keçən bu kanal üzərində 57 mükəmməl hidrotexniki qurğu quraşdırılıb. Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür.

Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə tutulan digər tədbirlərin də reallaşdırılması nəticəsində şimal bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcək. Bu layihə respublikanın şimal zonasında ekoloji tarazlığın təmin edilməsinə də böyük töhfədir. Bütövlükdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi 14 il ərzində dörd mərhələdə reallaşdırılacaq.

Şəmkirçay və Tovuzçay su anbarları qərb regionunda aqrar sektorun qarşısında yeni inkişaf perspektivləri açıb

Ümumiyyətlə, müstəqillik illərində respublikamızda dörd su anbarı tikilərək istifadəyə verilib. Əsas məqam ondan ibarətdir ki, yeni su anbarları yaradılarkən bölgələrin tələbatı nəzərə alınıb. Əgər yuxarıda bəhs olunan Taxtakörpü su anbarı əsasən şimal bölgələrinin su təminatının ödənilməsi üçün nəzərdə tutulubsa, Şəmkirçay və Tovuzçay su anbarları respublikanın qərb regionunun su ehtiyaclarını qarşılamaq məqsədilə inşa edilib. Şəmkirçay və Tovuzçay su anbarları qərb regionunda aqrar sektorun qarşısında yeni inkişaf perspektivləri açıb.

Taxtakörpü su anbarı kimi, 2014-cü ilin noyabrında istifadəyə verilən Şəmkirçay su anbarı da böyük investisiya tutumlu su layihəsidir. Layihənin yerinə yetirilməsinə 700 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Anbarın bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə etmək mümkündür. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib. Layihə çərçivəsində Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcək əsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub.

Son illərdə Azərbaycanda su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən infrastruktur layihələrindən biri də 2016-cı ilin fevralında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Tovuzçay su anbarıdır. İnşası uzun müddət yarımçıq qalan Tovuzçay su anbarında tikinti işləri 2006-cı ildən davam etdirilib. Ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi 18 milyon kubmetr olan Tovuzçay su anbarının gil nüvəli torpaq bəndinin hündürlüyü 45 metr, üstdən eni 10 metr, uzunluğu isə 1340 metrdir. Anbarın su hövzəsinin sahəsi 160 hektar, uzunluğu 2,6 kilometrdir. Layihəyə uyğun olaraq, anbarda suburaxma qabiliyyəti saniyədə 250 kubmetr və uzunluğu 731 metr olan qəza sutullayıcısı, maksimum suburaxma qabiliyyəti saniyədə 125 kubmetr olan dəmir-beton borulu qülləli suburaxıcı, saniyədə 6 kubmetr suvarma suyunun verilməsi üçün uzunluğu 468,8 metr olan nov-kanal inşa olunub. Su anbarının inşası zamanı tarixi abidələrin mühafizəsi, köçürülməsi, avtomobil yolunun və körpülərin tikintisi, eləcə də digər tədbirlər həyata keçirilib.

Dövriyyəyə yeni torpaqlar cəlb olunur

Yuxarıda bəhs olunan su anbarlarının və digər su layihələrinin, eləcə də genişmiqyaslı meliorativ tədbirlərin sayəsində respublikanın müxtəlif bölgələrində dövriyyəyə yeni torpaqların cəlb olunması davamlı prosesə çevrilib. İcra edilən su layihələri bölgələrdə yeni torpaqlara həyat verir. Artıq “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Siyəzən rayonunda yeni suvarılacaq torpaqlara Taxtakörpü-Ceyranbatan kanalından suyun verilməsinə başlanılıb. Layihə zonasındakı torpaqlar əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Layihə çərçivəsində torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkəsinin tikintisi həyata keçirilib və hektarlarla mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılıb, döviyyəyə yeni torpaqlar cəlb edilib.

Taxtakörpü-Ceyranbatan kanalından həmçinin Xızı rayonunda dövriyyəyə yeni cəlb olunan əkinə yararlı torpaqlara suvarma suyunun verilməsi təmin edilib.

Xızı rayonunda müvafiq meliorativ tədbirlər “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olanŞabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi çərçivəsində reallaşdırılıb. Layihə üzrə Xızı rayonunda 30 min hektar torpağın su təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Bütün ərazi üzrə ümumi layihə hazırlanıb. Bundan başqa, torpaqların münbitliyindən asılı olaraq, harada nə əkiləcəyini özündə əks etdirən xüsusi layihələr də hazırlanıb. Yeni suvarılacaq sahələrdə taxılçılıq, heyvandarlıq, bağçılığın inkişaf etdirilməsi, həmçinin istixanaların yaradılması üçün yaxşı imkanlar var.

Şabran rayonunda isə mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi üzrə hazırlanan layihədə 28 min 497 hektar torpaq sahəsinin 14 min 38 hektarında meliorativ tədbirlər aparmaqla yeni suvarılan torpaqların istifadəyə verilməsi və 14 min 459 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Yeni suvarılacaq 14 min 38 hektar torpaq sahəsinin 1709 hektarı dövlət, 8089 hektarı bələdiyyə və 4240 hektar torpaq sahəsi xüsusi mülkiyyətə məxsusdur.

Bölgələrdə yeni lokal su layihələrinin icrası uğurla davam etdirilir

Hazırda bütün ölkə boyu yeni lokal su layihələrinin icrası uğurla davam etdirilir. Elə bu günlərdə Kürdəmir rayonunun Carlı kəndində 250 hektardan çox həyətyanı və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə saniyədə 710 kubmetr gücündə olan su nasos stansiyası tikilərək istifadəyə verilib.

Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Kürdəmir rayonunda əkin dövriyyəsinə qatılması üçün 21 min 400 hektar yararlı münbit torpaq sahələri seçilib. Həmin sahələrin suvarma suyu ilə təmin edilməsi üçün layihələr və smeta sənədləri hazırlanıb, bu torpaqların əkin kateqoriyasına keçirilməsi üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırılıb. Hazırda suvarma şəbəkələrinin təmiri və tikintisi üçün lazımi tədbirlər görülür.

Qeyd edək ki, Carlı kəndində qurulan nasos stansiyası ilə yanaşı, rayon ərazisində olan 17 nasos kompleksi, 213 hidrotexniki qurğu da əsaslı təmir edilib, 955 kilometr kanal və 195 kilometr drenaj şəbəkəsi lildən təmizlənib.

Şəmkir rayonunda isə Ceyrançöldə əkin dövriyyəsinə daxil edilmiş sahələrin suvarılması üçün Kür çayından su xəttinin çəkilməsi və süni gölün yaradılması işi yekunlaşıb. Bəhs olunan süni göl Şəmkir bələdiyyəsinin nəzdində yaradılmış “Ceyrançöl” MMC tərəfindən əkin dövriyyəsi üçün nəzərdə tutulmuş 8000 hektar torpaq sahəsindən səmərəli istifadə etmək məqsədilə yaradılıb. Gölün su tutumu 200 min kubmetrə bərabərdir. Göldən istifadə olunmaqla təxminən 2000 hektar ərazinin suvarılması təmin ediləcək. Gələcəkdə isə rayonda daha 500 min kub su tutumuna malik daha bir süni gölün yaradılması planlaşdırılır.

Cari ildə Salyan rayonunda 5 min hektar istifadəsiz torpaq sahəsi əkin dövriyyəsinə qatılacaq və bununla da pambıq əkini sahələri 7 min hektara çatdırılacaq. Rayonda pambıqçılığı inkişaf etdirmək üçün daha çox Qaraçala qəsəbəsi ərazisindəki boş torpaqlardan istifadə olunacaq. Həmin sahələri suvarmaq üçün su kanalları genişləndirilərək lildən təmizlənir. Bu işlərə qəsəbə ərazisindəki köhnə su kanallarının dərinləşdirilməsindən başlanılıb. Uzun illər su kanalında əsaslı təmir işləri aparılmadığından suvarma zamanı sakinlər çətinliklərlə qarşılaşırdılar. Əvvəllər həmin kanalla saniyədə 1 kubmetr su ötürülürdüsə, işlər başa çatdıqdan sonra 6 kubmetr su ötürmək mümkün olacaq. Eyni zamanda, 13,7 kilometr uzunluğunda olan Sol sahil magistral su kanalında da lildən təmizləmə işləri aparılır. İndiyədək kanalın 4 kilometrində dərinləşdirmə və lildən təmizləmə işləri görülüb.

Həmin kanalları su ilə təchiz etmək məqsədi ilə 3 nasos stansiyası tikiləcək. İşlər başa çatdıqdan sonra əkin dövriyyəsinə daxil ediləcək 5 min hektarlıq pambıq sahəsinin suvarılmasında fermerlər heç bir çətinlik çəkməyəcəklər.

2017-ci ildə regionlarda meliorativ tədbirlər daha geniş miqyas alacaq

2017-ci ildə respublikamızda aqrar sektorda nəzərdə tutulan islahatların geniş miqyası nəzərə alınaraq regionlarda su layihələrinin və zəruri meliorativ tədbirlərin daha intensiv şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev yuxarıda bəhs olunan konfransdakı nitqində bu barədə geniş söhbət açıb və qarşıya konkret vəzifələr qoyub. Prezident İlham Əliyev vurğulayıb: “Bu il təqribən 150-160 min hektar torpağa suyun verilməsi təmin edilməlidir. Bu, çox böyük rəqəmdir. Biz buna nail olmalıyıq”.

Cari ildə regionlarda lokal su layihələrinin və meliorativ tədbirlərin həyata keçirilməsinə yerli icra hakimiyyəti orqanları, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti, eləcə də “Azərsu” ASC cəlb olunub. Prezident İlham Əliyev qeyd edib ki, bu işlərə həm güclü dövlət nəzarəti, həm ictimai nəzarət olmalıdır.

Beləliklə, cari ildə yerli icra hakimiyyəti orqanlarının xətti ilə reallaşdırılacaq layihələr sayəsində Ağdam rayonunda 30 artezian quyusu qazılacaq və bunun nəticəsində təqribən min hektardan çox torpağa su veriləcək. Bundan başqa, Ağdaş rayonunda 15 min 800 hektar, Füzuli rayonunda 3 min hektar, Hacıqabul rayonunda 4800 hektar, İmişli rayonunda 3 min hektar, Kürdəmir rayonunda 10 min 650 hektar, Neftçala rayonunda 8 min hektar, Salyan rayonunda 5 min hektar, Şəmkir rayonunda 8 min hektar və Ucar rayonunda 2100 hektar torpaq su ilə təmin olunacaq. Prezident İlham Əliyev vurğulayıb: “Sadaladığım bütün bu rəqəmlər təmin edilməlidir. Çünki bu rəqəmlər yerlərdən verilib. Bu rəqəmlərə görə dövlət vəsaiti ayrılıb. Ona görə çox ciddi nəzarət və təftiş edilməlidir. Bu layihələr ancaq rayon İcra hakimiyyətlərinin xətti ilə icra ediləcək”.

Cari ildə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2700 hektar əkin sahəsinin suvarılması üçün Yuxarı Mil kanalının tikintisi həyata keçiriləcək. Neftçala magistral kanalının tikintisi 4300 hektar əkin sahəsinin suvarılmasını təmin edəcək. Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Balahəşimxanlı, Əliləmbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün kanalın tikintisi nəzərdə tutulan layihələr sırasında yer alır. Bu da əlavə 2000 hektar torpaq sahəsini suvarmağa imkan verəcək. Araz çayının yeni qolunun tikintisi təxminən 40 min hektar sahəni su ilə təmin edəcək. Goranboy, Samux rayonlarının ərazisində görüləcək suvarma işləri 4500 hektara su gətirəcək.

Cari ildə regionlarda yeni ərazilərə suyun verilməsini təmin etmək məqsədilə “Azərsu” iki layihə icra edəcək. Quruma Hacıqabul və Şamaxı rayonlarında 10 min hektar torpağın su təminatını reallaşdırmaq həvalə edilib. Zərdab rayonunda da 10 min hektar torpaq suvarılacaq. Qurum artıq Zərdab rayonunda müvafiq layihənin icrasına start verib. Belə ki, “Azərsu” ASC-nin sifarişi əsasında Kür çayından Zərdab rayonunun Bəyimli qəsəbəsi ərazisinə 15 kilometrlik su kəmərinin çəkilişinə başlanılıb.

Kürdən 4 nasosla 1400 millimetrlik metal borulara vurulan su Zərdabın Bəyimli qəsəbəsi ərazisində 8100 hektar dövlət fondu və 2497 hektar bələdiyyə torpaqlarının suvarılmasını təmin edəcək.

Yuxarıda deyilənlərlə yanaşı, Prezident İlham Əliyev suvarmada yeni texnologiyaların tətbiqi ilə də bağlı mühüm tapşırıqlar verib. Söhbət Azərbaycanda da qabaqcıl suvarma texnologiyası olan pivot üsulunun tətbiqindən gedir. Prezident İlham Əliyev deyib: “Artıq pivot suvarma sistemləri Azərbaycana gətirilir. İndi biz dövlət xətti ilə buna böyük vəsait ayırırıq. Hesab edirəm, vaxt gəlib çatıb ki, Azərbaycanda pivot suvarma qurğularının istehsalına başlansın. Burada biznes qurumları fəallıq göstərməlidirlər”.

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.- 2017.- 9 fevral.- S.8