Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf perspektivləri var

 

2016-cı ildə respublikamızdan xarici bazarlara meyvə ixracı 244 milyon dollara çatıb ki, bu da 2015-ci illə müqayisədə meyvə ixracının 24 milyon ABŞ dolları həcmində artması deməkdir

Azərbaycanın coğrafi-iqlim xüsusiyyətləri elədir ki, burada regionların ənənələrini nəzərə almaqla aqrar sektorun müxtəlif sahələrinin üstün inkişafını təmin edərək istehsal və ixrac imkanlarını artırmaq mümkündür. Ölkəmizin aqrar sektorunda kifayət qədər geniş potensiala malik istiqamətlərdən biri meyvəçilikdir. Qeyd etmək yerinə düşər ki, meyvəçilik Azərbaycanda kənd təsərrüfatının ixtisaslaşmış sahələrindəndir. Ölkəmizdə tumlu meyvələr üzrə Quba-Xaçmaz, qərzəxli meyvələr (şabalıd, qoz, fındıq) üzrə Şəki-Zaqatala, çəyirdəkli (ərik, şaftalı) meyvələr üzrə Naxçıvan MR, quru subtropik meyvələr (nar, heyva) üzrə Kür-Araz, sitrus meyvələr (naringi, portağal, feyxoa, limon) üzrə Lənkəran, cənub bitkiləri (əncir, zeytun, püstə, badam və s.) üzrə Abşeron yarımadası ixtisaslaşıb. Azərbaycanın ən iri meyvəçilik rayonu Qubadır. İstehsal olunan meyvənin 2/3-ni Quba-Xaçmaz, 15 faizini isə Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları verir. Qərzəxli meyvələrin istehsalının 95 faizi Şəki-Zaqatala iqtisadi rayonunda cəmləşib. Kür-Araz və Yuxarı Qarabağda çoxlu tut ağacı var.

Azərbaycanın bölgələrində meyvəçiliyin inkişafı ilk növbədə təbii amillərlə şərtlənir. Mütəxəssislərin qənaəti belədir ki, respublikamız bağçılıq üçün dünyanın ən əlverişli iqlim qurşağı üzərində yerləşir. Bu təbii amildən, həmçinin on illər boyu regionlar üzrə yaranan ənənələrdən səmərəli şəkildə bəhrələnməklə respublikamızda meyvəçiliyi geniş inkişaf etdirmək mümkündür.

Meyvəçiliyin inkişafı aqrar sektorda ixrac imkanlarının artırılması baxımından çox önəmlidir

Azərbaycan dünya birjalarında neftin kəskin şəkildə ucuzlaşması fonunda ölkəyə valyuta daxilolmalarının azalmasını digər vasitələrlə, o cümlədən də aqrar sektorda yüksək rəqabət qabiliyyətinə malik məhsullar istehsalını genişləndirməklə və həmin məhsulları xarici istehlak bazarlarına çıxartmaqla kompensasiya etmək niyyətindədir. 2016-cı ildən başlayaraq bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Respublikamızda ixracın səmərəli təşviqi mexanizmiə salınıb, xarici ölkələrdəMade in Azerbaijanbrendinin tanıdılmasına başlanılıb. Həmçinin ötən ildən etibarən respublikanın bölgələrində ixrac tutumu yüksək olan texniki bitkilərin becərilməsinə diqqət artırılıb.

Respublikamızın aqrar sektorda ixrac imkanlarının artırılmasında meyvəçilik mühüm rol oynaya bilər. Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında ölkəmizin meyvə-tərəvəz ixracı imkanlarının kifayət qədər geniş olduğu barədə məlumat verib. Respublikamızın əksər regionlarında meyvə-tərəvəz istehsalının mümkün olduğunu deyən B.Quliyev vurğulayıb ki, son illər digər sahələrdə olduğu kimi, meyvə-tərəvəz istehsalında da müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqi məhsuldarlığı artırmaqla yanaşı, torpaqlardan səmərəli istifadə olunmasına, meyvə-tərəvəzçiliyin daha gəlirli sahəyə çevrilməsinə və ixracın genişlənməsinə imkan yaradıb. Dövlət dəstəyi sayəsində ölkə miqyasında meyvə bağlarının sahəsi genişlənib, bu istiqamətdə intensiv təsərrüfatçılıq metodlarının tətbiqinə başlanılıb. Nəticədə regionlarda meyvə istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb. 2016-cı ildə sahələrdən 883,7 min ton meyvə və giləmeyvə yığılıb. Son bir ildə respublikamızdan xarici bazarlara meyvə ixracı 244 milyon dollara çatıb ki, bu da 2015-ci illə müqayisədə meyvə ixracının 24 milyon ABŞ dolları həcmində artması deməkdir.

Xarici bazarlarda təbii Azərbaycan meyvələrinin satışı ilə bağlı hər hansı problem yoxdur

Azərbaycanın xarici bazarlarda artıq yaxşı tanınan meyvələrlə təmsil olunması ölkəmizə valyuta daxilolmalarını artıra bilər. Qəbələ fındıq emalı müəssisəsində emal olunmuş məhsullar əsasən Almaniya, İtaliya, İspaniya, Rusiya və Ukraynaya ixrac edilir. Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında nar xüsusi yer tutur. Ümumiyyətlə, son illərdə ölkəmizdə gəlirli sahə olan narçılığın inkişafına böyük diqqət göstərilir. Son 5 ildə Göyçayda nar bağlarının ümumi sahəsinin 3 dəfə artaraq 3620 hektara çatması bu sahənin perspektivindən xəbər verir. Hər il Göyçayda yetişən nar məhsulunun 40 faizi Rusiya bazarlarına göndərilir. Rayonda bir neçə nar qəbulu məntəqəsi fəaliyyət göstərir. Fərdi təsərrüfat sahibləri həmin məntəqələr vasitəsilə narı emaləssisələrinə satırlar. “AzNarQSC-nin nar qəbulu məntəqələri də artıq fəaliyyətə başlayıb. Müxtəlif çeşiddə nar, heyva, alma və üzüm şirələri istehsal edən “AzNarzavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir. Xarici ölkələrin istehlak bazarlarında respublikamızın ayrı-ayrı, o cümlədən Goranboyda, Ağstafada, Balakəndə və digər bölgələrində yetişdirilən xurma da yaxşı tanınır. Ölkəmiz xarici bazarlarda həmçinin Astarada, Lənkəranda yetişdirilən yüksəkkeyfiyyətli sitrus meyvələri, Quba alması və digər məhsullarla təmsil olunur.

Meyvə ixracı sahəsində Azərbaycana üstünlük qazandıran həm də o amildir ki, ölkəmizi əhatə edən regionun istehlak bazarları əsasən geni dəyişdirilmiş məhsullarla doldurulub. Ölkəmizdə isə müxtəlif növ meyvələr əsasən təbii şəraitdə yetişdirilir və yüksəkkeyfiyyəti ilə fərqlənir. Buna görə də xarici bazarlarda artıq yaxşı tanınan meyvələrimizin satışı ilə bağlı heç bir problem yoxdur.

Meyvəçiliyin perspektiv inkişafı məsələləri diqqət mərkəzində saxlanılır

Yuxarıda bəhs olunan konfransda vurğulandığı kimi, müxtəlif dövlət dəstək mexanizmlərinin, o cümlədən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə istehsalçılara 256 milyon manat güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, xarici ölkələrdə ticarət evlərinin yaradılması və digər ixracın təşviqi tədbirləri nəticəsində ölkəmizdə gəlirli sahə olan meyvəçilik bundan sonra daha sürətlə inkişaf edəcək, ixrac imkanları daha da artacaq. Hazırda respublikamızda meyvəçiliyin perspektiv inkişafı məsələləri diqqət mərkəzində saxlanılır və bu məqsədlə regionlarda müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, cari il yanvarın 31-dən fevrlın 8-dək Qubadakı “Fermer evi”ndə meyvə bağlarının idarə olunması üzrə qısamüddətli təlim kursları təşkil edilib. Kurslarda nümunəvi bağçılıq, intensiv bağçılığa keçid, becərmə və zərərvericilərə qarşı mübarizə, yığım və depolama, logistika və marketinq mövzuları öyrədilib.

Kənd Təsərrüfatı Nazirliyinin Elm və Təhsil şöbəsinin müdiri Namik Məmmədov bildirib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatı istehsalçıları və fermerlərə dəstək məqsədilə informasiya-məsləhət xidmətlərinin yenidən təşkil olunması və formalaşdırılması əsas istiqamətlərdən biri kimi göstərilib. Məhz buna görə də nazirlik beynəlxalq ekspertləri də cəlb etməklə bu istiqamətdə aparır. Qubada təşkil olunan kursların hazırlanması Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlığının nəticəsidir. Təlimləri “Consulting Group” MMC və Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin mütəxəssisləri aparıblar.

Təlimdə iştirak edən fermerlər ekspertlərin təqdimatlarını dinləməklə yanaşı, müvafiq metodiki vəsaitlər də əldə ediblər. Kurslara qatılan fermerlər həmçinin Quba rayonunda yerləşən nümunəvi bağların fəaliyyətləri ilə də tanış olmaq imkanı qazanıblar.

Digər sahələrdə olduğu kimi, meyvəçilikdə də intensiv becərmənin rolu böyükdür. Etiraf etmək lazımdır ki, respublikamızın ərazisindəki meyvə bağlarında mövcud ağacların böyük qismi irigövdəli, lakin az məhsuldar sortlardır. Mütəxəssislərin qənaəti budur ki, belə ağaclar mütləq bəstəboy və yaxud ortagövdəli daha məhsuldar sortlarla əvəzlənməlidir. Yaxşı haldır ki, artıq bu istiqamətdə işlərə start verilib. Təkcə son bir neçə ildə respublikanın müxtəlif regionlarında təxminən 40 intensiv bağçılıq təsərrüfatı yaradılıb. Yaxın gələcəkdə Azərbaycanın şimal bölgəsində 700 hektar sahədə müasir tipli intensiv meyvə bağları salınacaq. Quba-Xaçmaz iqtisadi regionu üzrəMüasir tipli meyvə bağlarının salınması vasitəsilə ailə-fermer təsərrüfatlarının dəstəklənməsi”nə dair pilot layihə əsasında salınacaq bağlar Quba, Qusar, Xaçmaz və Şabran rayonlarını əhatə edəcək. İntensiv becərmə texnologiyalarının tətbiq olunacağı bağlarda armud, gilas və gavalı yetişdiriləcək. Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, burada əkilən ağaclardan bir ildən sonra 8 faiz, üçüncü il 40 faiz, dördüncü il isə 100 faiz məhsul əldə olunacaq.

Meyvəçiliyin inkişafında daşıma, saxlama və tanıtma kimi amillər də mühüm rol oynayır. Sevindirici haldır ki, son illərdə respublikamızda bir neçə loqistik mərkəz yaradılıb. Belə mərkəzlər həmçinin xarici ölkələrdə yaradılır.

Eyni zamanda, saxlama anbarlarının yaradılması istehsalçılardan meyvə tədarükünün yeganə yolu deyil. Ölkədə bu məqsədlə alternativ vasitələr də tapılmalıdır. Məsələn, daxili və xarici istehlak bazarlarında böyük tələbat olan quru meyvə istehsalını artırmaq üçün hər cür imkan var.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2017.- 10 fevral.- S.8