Dövlətlət proqramlarının uğurlu icrası bölgələrin dinamik inkişafını təmin edib

 

Ötən il Lənkəran iqtisadi rayonunda genişmiqyaslı yenidənqurma və abadlaşdırma işləri davam etdirilib

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasəti, sosial-iqtisadi islahatlar ölkəmizin hərtərəfli inkişafını təmin edib. Vurğulanmalıdır ki, ölkəmizdə modern inkişaf strategiyasının əsas hədəflərindən biri də Azərbaycanın yüksək infrastruktur təminatına malik ölkəyə çevrilməsidir. 2004-cü ildən uğurla reallaşdırılan “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət proqramları infrastruktur təminatının yenilənməsi, eləcə də abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə şərait yaradıb. Adıçəkilən Dövlət proqramları respublikamızın inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında da mühüm rol oynayır. İnsanların asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılan parklar, geniş istirahət zolaqları bugünkü ümumi inkişaf tendensiyasına xüsusi rəng qatır.

Qeyd edək ki, ötən il Lənkəran iqtisadi rayonunda da yenidənqurma, tikinti və abadlaşdırma istiqamətində mühüm addımlar atılıb. Lənkəran iqtisadi rayonunun bir hissəsi olan Astara rayonunda aparılan tikinti, quruculuq və abadlıq işləri uğurla davam etdirilib. Rayonda yeni bulvarın salınması, küçə və səkilərin müasir tələblər səviyyəsində yenidən qurulması, yeni hasarların tikilməsi, işıqlandırma sisteminin quraşdırılması istiqamətində addımlar atılıb. Astara şəhərində dəniz sahili boyunca salınmış park-bulvarda və çimərlik ərazisində hazırda 3 mərtəbəli hotel və 12 ədəd ikimərtəbəli kottec inşa edilir.

Bundan başqa, Astara şəhərinin ayrı-ayrı küçələrində 10 ictimai yaşayış binasının dam örtüyü dəyişdirilib, blokları təmir edilib və yeni giriş qapıları qoyulub. Astara şəhər 2 saylı tam orta məktəb ən müasir memarlıq üslubunda əsaslı təmir edilib. Şəhərin küçələrinə asfalt döşənib, suötürücü kanallar qazılıb dərinləşdirilib. Ötən hesabat ilində rayonun kənd təsərrüfatı binası istifadəyə verilib. Astara rayon Mərkəzi Xəstəxanası ölkə Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına əsaslı təmir olunub.

Ötən il Lənkəran iqtisadi rayonunun Lerik rayonunda da abadlıq-quruculuq işlərinin aparılması istiqamətində mühüm addımlar atılıb. Belə ki, hesabat ilində Lerik şəhərinin 9 küçəsinə 23910 kv.metr asfalt örtüyü döşənib, şəhərin ayrı-ayrı küçə və meydanlarında 1661 kv.metr istinad divarı çəkilib. Eləcə də 1912 kv.metr istinad divarlarının üzlənməsi, 617 kv.metr səki və meydançalara tamet döşəmənin qurulması, yeni işıqlandırma sistemlərinin yaradılması və digər tikinti, abadlıq işləri həyata keçirilib. Rayonun Bibiyanı kəndində 128 nömrəlik və Brkandul kəndində 96 nömrəlik ən müasir tələblərə cavab verən elektron ATS-lər quraşdırılıb, rabitə xətlərində aparılan təmir-bərpa işləri zamanı 346 ədəd sıradan çıxmış dayaq yenisi ilə əvəzlənib, 80 min metrdən çox naqil və kabellər dəyişdirilib. Rayonun Kəlvəz və Mistan kəndlərində 0,4 kv-luq hava xətlərində sipləşmə işləri başa çatdırılıb. 10 kv-luq hava xətlərində 1151 ədəd, 0,4 kv-luq hava xətlərində isə 496 ədəd istismar müddətini bitirmiş ağac dayaqlar dəmir dayaqlarla əvəzlənib. İl ərzində 24 min metr AS-35 markalı naqil hava xətlərinin bərpası üçün istifadə edilib. 2017-ci il üçün 5 ərazidə 10 kv-luq hava xətlərinin yenidən qurulması da nəzərdə tutulur.

Rayonun 45 yaşayış məntəqəsi tam qazlaşdırılıb. Başqa sözlə, 4064 əhali və 51 qeyri-əhali abonenti qazla təmin olunub. Hal-hazırda Mastail, Əvilə, Durğan və Murya kəndlərinin qazlaşdırılması ilə bağlı işlər davam etdirilir.

Ötən il rayonun yol infrastrukturunun yenilənməsi ilə bağlı da addımlar atılıb. 26,5 km-lik Lerik-Qosmalıan-Kəlvəz avtomobil yolu inşa edilib, 36 km-lik Noda-Şingədulan-Xanəgah avtomobil yolunun 18 km-i asfaltlaşdırılıb. Hesabat ilində rayonun Piran-Veri, Piran-Hamarat kənddaxili yollarında təmir işləri aparılıb, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Təbrizli kəndinə gedən yolda yeni körpü inşa edilərək istifadəyə verilib.

Lənkəran iqtisadi rayonunun başqa bir regionunda - Masallı rayonunda da yenidənqurma və abadlıq işləri yüksək səviyyədə davam etdirilir. Ümumi uzunluğu 5,5 km olan Heydər Əliyev prospektində genişləndirmə işləri aparılıb. Belə ki, prospekt genişləndirilərək 14 metrə çatdırılıb. Prospektin hər iki tərəfində yaşıllıq zolağı salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Prospektin genişləndirilmiş hissəsi də daxil olmaqla 5 min kv.m hissəsinə asfalt örtüyü döşənib.

Ötən il rayonda ümumi sahəsi 11 min kv.m olan Bayraq meydanı tikilərək istifadəyə verilib. Meydanın ətrafına ümumi uzunluğu 280 p/m və hündürlüyü 0.7 m olan hasar çəkilib və 64 metr hündürlükdə bayraq dirəyi quraşdırılıb. Meydanda Azərbaycan Respublikası Dövlət Rəmzləri Muzeyi inşa edilib. Meydanın ərazisində fəvvarə, müasir işıqlandırma sistemləri quraşdırılıb və 4310 kv.m yaşıllıq zolaqları salınıb.

Hesabat ilində rayonun 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalardan ibarət “ASAN Həyat” kompleksi tikilərək istifadəyə verilib. Kompleksin yaxınlığında Viləş çayının yatağında təbii formada yaranmış adada park salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, yaşıllıq zolaqları salınıb, sakinlərin istirahəti üçün şərait yaradılıb. Bundan əlavə, adanın çay yatağı olan hissəsinə dağ süxurları düzülüb və ətrafa müxtəlif növ ağaclar əkilib.

Ötən il Masallı şəhərinin Heydər Əliyev prospektində Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayon inzibati laboratoriya binası, Masallı rayonlararası Mühafizə Bölməsinin inzibati binası, Heydər Əliyev parkının ərazisində isə Tarix-Diyarşünaslıq muzeyi və Uşaq İncəsənət məktəbi tikilərək istifadəyə verilib.

Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilib. Bu məqsədlə “Viləşçay” su anbarının aşağı buferində sutəmizləyici qurğu, 5 min kub.m həcmində su anbarı inşa edilib. Magistral xəttin uzunluğu 7 km, şəbəkədaxili xətlərin ümumi uzunluğu 209 km təşkil edir. Hazırda Masallı şəhəri ərazisi, Kosakül yaşayış məntəqəsi, Ərkivan qəsəbəsinin bir hissəsi də daxil olmaqla ümumilikdə 8600 sayğac quraşdırılıb.

Qeyd edək ki, Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonası və Qızılağac istiqamətində olan 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılıb və “Viləşçay” su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılıb. Hazırda su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində 20 km-ə yaxın magistral xətt çəkilib. Eyni zamanda Masallı şəhəri ərazisində kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar son tamamlama işləri aparılır.

Ötən il İsgəndəli və Seybətin avtomobil yolu dairələri yenidən qurulub, həmçinin dairələrdə müasir işıqlandırma sistemi quraşdırılıb, yaşıllıq zolağı salınıb. Şəhərin əksər küçələrində səki və bordürlərin, hasarların təmiri işləri həyata keçirilib, Heydər Əliyev prospektində iki yerdə suötürücü kanalın davamlı işləməsi üçün yeni borular atılıb, 1000 p/m suötürücü kanalda təmir işləri aparılıb.

Bundan başqa, Masallı şəhərində Viləş Park Bulvar kompleksinin tikintisinə start verilib. İlkin olaraq ümumi uzunluğu 750 p/m olan beton bəndin 230 p/m hissəsində işlər yekunlaşıb. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır.

Hesabat ilində ümumilikdə 13 binanın, o cümlədən şəhərin C. Cabbarlı küçəsində yerləşən 28 saylı, Qurtuluş küçəsində yerləşən 109, 11, Qarabağ küçəsində yerləşən 11, 13b, 14, 15, 18, 22, 28, 30, Heydər Əliyev prospektində yerləşən 54 və 58 saylı kommunal yaşayış binalarının dam örtüklərində və fasadlarında əsaslı təmir işləri başa çatdırılıb. Hazırda ötən əsrin 70-80-ci illərində inşa edilmiş 26 kommunal yaşayış binalarının həyətlərində abadlıq işlərinə start verilib, binaların fasad və dam örtüklərində təmir işlərinə başlanılıb. Bundan əlavə, daha 18 kommunal yaşayış binalarının təmirinə başlanılıb.

Masallı şəhərində aparılan abadlıq-quruculuq işləri ilə yanaşı rayonun kənd və qəsəbələrində də 2016-cı ildə bir sıra abadlıq işləri görülüb. Ərkivan qəsəbə ərazisində 400 p/m bordür düzülüb, piyada səkilərinə 700 kv.m piltə döşənib, yaşıllıq zolaqları salınıb. Boradigah qəsəbəsində 600 metr suötürücü kanallar təmizlənib, qəsəbənin küçələri müasir işıqlandırma sistemləri ilə təchiz edilib.

Eləcə də Masallı şəhərinin Heydər Əliyev prospekti, Həzi Aslanov, Rəfail Abbasov, Qurtuluş, Sabir, Şəhriyar, Digah, N.Gəncəvi, Xətai və digər küçələrinin asfaltlanması başa çatdırılıb. Son illər ərzində şəhərin mərkəzi küçələrinə ümumilikdə 250 min kv.metrdən çox asfalt örtük döşənib.

Ötən il rayonda 4 məktəb - 140 yerlik Çayqıraq, 140 yerlik Dəlləkoba, 120 yerlik Köhnə Zuvand və 180 yerlik Şatıroba kənd ümumi orta məktəbləri istifadəyə verilib. Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülüb. Hesabat dövründə Xıl, Səmidxan, Gəyəçöl, Yeyənkənd və Babaser kənd həkim məntəqələri tikilərək istifadəyə verilib. Hazırda Lürən, Məmmədoba həkim məntəqələrinin tikintisi davam etdirilir. Eyni zamanda rayon Mərkəzi xəstəxanasının əsaslı təmiri başa çatdırılaraq istifadəyə hazır vəziyyətə gətirilib.

Pərviz SADAYOĞLU

Yeni Azərbyacan.- 2017.-15 fevral.-S.11