Regionlarda heyvandarlığın qabaqcıl metodlarla
inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır
Yeni yanaşmaların tətbiqi sayəsində ölkədə heyvandarlıq məhsullarının istehsalı artıb və 2016-cı ildə idxalın həcmi iribuynuzlu heyvanlar üzrə 46, diri ev quşları üzrə 55, xırdabuynuzlu heyvanlar üzrə 5 faiz azalıb
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bir sıra digər vacib məsələlərlə yanaşı, ölkədə heyvandarlıq məhsullarının istehsalının artırılması, bu yolla ət, süd və süd məhsulları idxalının azaldılması da ciddi müzakirə edilib. Konfransda bildirilib ki, son illərdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikada heyvandarlığın inkişafında bir sıra uğurlara nail olunub. Kənd təsərrüfatı naziri Heydər Əsədovun verdiyi məlumata əsasən, 2016-cı ildə idxalın həcmi iribuynuzlu heyvanlar üzrə 46, diri ev quşları üzrə 55, quş yumurtası üzrə 27, xırdabuynuzlu heyvanlar üzrə 5 faiz azalıb.
Perspektivdə heyvandarlıq məhsullarının istehsalının həcmini və keyfiyyətini daha da artırmaq üçün zəruri tədbirlər görülür
Hazırda respublikada heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi təxminən belədir: mal əti - 94 faiz, qoyun əti - 99 faiz, quş əti - 98,6 faiz, süd və süd məhsulları - 88 faiz, kərə yağı - 76 faiz. Perspektivdə heyvandarlıq məhsullarının istehsalının həcmini və keyfiyyətini daha da artırmaq hədəflənib. Qarşıya yaxın gələcəkdə ətə və digər heyvandarlıq məhsullarına olan daxili tələbatın bütünlüklə yerli istehsal hesabına ödənilməsi kimi mühüm vəzifə qoyulub. Prezident İlham Əliyev sözügedən konfransdakı nitqində vurğulayıb ki, heyvandarlıq səmərəli şəkildə inkişaf etdirilməlidir.
Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün respublikanın regionlarında heyvandarlığın inkişafına hər cür maddi-texniki dəstək göstərilir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkə üzrə heyvandarlığın inkişafında qabaqcıl təcrübənin, intensiv metodların tətbiqinin önəmi getdikcə daha da artır. İntensiv metodların tətbiqi regionlarda mal-qaranın baş sayının və məhsuldarlığın artmasına müsbət təsir göstərir. Süni mayalanma nəticəsində alınmış inəklərdən ildə orta hesabla 3500-4000 kiloqram süd sağılır.
Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda Süni Mayalama Mərkəzi yaradılıb. Belə bir mərkəzin yaradılması regionlarda heyvandarlığın inkişafına yeni təkan verib. Hazırda Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzinin (RSMM) yeni kompleksinin inşası başa çatmaq üzrədir. Mərkəzin layihələndirilməsində Türkiyə, Fransa, Almaniya və Niderlandın təcrübəsindən istifadə edilib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, RSMM ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılayacaq, həmçinin təlim-təkmilləşdirmə mərkəzi kimi də fəaliyyət göstərəcək. Bu məqsədlə mərkəzdə tədris otaqları, nümayiş sahəsi və təlim iştirakçılarının qalması üçün tədris mehmanxanası yaradılacaq. RSMM-in istifadəyə verilməsi ilə maldarlıqda damazlıq işinin inkişaf etdirilməsi baxımından tam yeni yanaşma tətbiq ediləcək.
Heyvandarlıq məhsullarının istehsal həcminin artırılması ilə yanaşı, keyfiyyət amili də diqqət mərkəzində saxlanılır. Hazırda bölgələrdə məhsulların keyfiyyətinə nəzarət infrastrukturu yaradılır. Kənd təsərrüfatı naziri Heydər Əsədov konfransdakı çıxışında bu barədə məlumat verərək bildirib: Müxtəlif istiqamətlərdə yaradılmış yüzlərlə qürur duyulan sahələrin siyahısına artıq qida təhlükəsizliyi və heyvan sağlamlığı üzrə yaradılmış bir BSL-2 səviyyəli, 6 regional, 42 diaqnostik, 115 baytarlıq sanitariya-ekspertiza laboratoriyalarını da daxil etmək olar. Daha 6 regional laboratoriya isə cari ildə istifadəyə veriləcək ki, bütün bunlar da qida təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək. İki-üç ay ərzində istifadəyə veriləcək 11 regional aqrokimya laboratoriyası da bu qəbildən olmaqla, fermerlərimizin çoxdankı arzusu və çətinliyi olan torpaq analizi kimi çox zəruri bir xidmətə başlayacaq.
Regionlarda yaradılan aqroparklar və digər intensiv təsərrüfatlar heyvandarlığın inkişafında mühüm rol oynayır
Son illərdə respublikanın ayrı-ayrı bölgələrində yeni aqroparklar və digər intensiv təsərrüfatlar yaradılıb ki, bunlar da heyvandarlığın inkişafında mühüm rol oynayırlar. Bütövlükdə ölkə üzrə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib. Belə aqroparklardan biri 2016-cı ildə Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb. Təxminən 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsinə uyğun olaraq, 1000 başı sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbar və saatda 30 ton taxılqurudan qurğu quraşdırılıb. Təsərrüfata Aqrolizinq ASC vasitəsilə Simmental cinsindən olan 1103 baş cins heyvan gətirilib. Hazırda təsərrüfatda yüksək yağlılıqlı və keyfiyyətli süd istehsal olunur.
Digər bölgələrdə fəaliyyət göstərən intensiv təsərrüfatların göstəriciləri də kifayət qədər yüksəkdir. Şəki rayonunun Orta Zəyzid kəndində 2008-ci ildə dövlətin maliyyə dəstəyi ilə yaradılan Şəki Aqro İndastris MMC-nin südçülük-maldarlıq üzrə özəl damazlıq təsərrüfatında Holştin-friz (Hollandiya) cinsindən olan 1292 baş iribuynuzlu heyvan saxlanılır. 2016-cı ildə təsərrüfatda heyvanların sayı əvvəlki illə müqayisədə 132 baş artıb. Təsərrüfatda olan heyvanların 464 başı ana maldır. 2016-cı ildə müəssisədə hər 100 baş ana maldan 98 bala olmaqla, ümumilikdə 454 baş buzov doğulub.
Təsərrüfatda yeni yanaşmaların sayəsində məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaq mümkün olub. Belə ki, burada bəslənilən inəklərin hər birindən 2016-cı ildə orta hesabla 6 min 631 kiloqram süd sağılıb. Bu göstərici əvvəlki illə müqayisədə 2 min 85 kiloqram artım deməkdir. Gün ərzində hər inəkdən orta hesabla 18,2 kiloqram süd sağılıb ki, bu da orta rayon göstəricisindən 3 dəfəyə yaxın çoxdur.
Qəbələ rayonunda da heyvandarlığın müasir metodlarla inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Rayonada Gilan Holdinqin nəzdindəki Qəbələ-Aqro Kompleks MMC tərəfindən Vəndam qəsəbəsində yaradılan 620 başlıq müasir ətlik-südlük heyvandarlıq kompleksi Prezident İlham Əliyevin iştirakı ilə 2013-cü ildə istifadəyə verilib. Müəssisə heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətini uğurla davam etdirir. Kompleksin nəzdində damazlıq heyvandarlıq təsərrüfatı fəaliyyət göstərir. Həmçinin 1554 hektar ərazidə yem təsərrüfatı da yaradılıb. Bu ərazidə hər il müxtəlif yem bitkiləri əkilir. Müəssisənin xüsusi yem sexi və 5 silos quyusu var. Prezident İlham Əliyevin aqrar sahədə apardığı uğurlu islahatlar nəticəsində gündən-günə inkişaf edən bu heyvandarlıq kompleksi ölkəmizdə ilk dəfə Türkmənistana 244 baş damazlıq düyə göndərib.
Kompleksə qısa müddətdə Almaniyadan gətirilən iribuynuzlu heyvanların sayı artırılaraq 1650 başa çatdırılıb. Təsərrüfatda 1328 baş sağmal inəkdən 2016-cı ildə 4 min 100 litr süd istehsal olunub. Burada gün ərzində hər inəkdən 21,6 litr süd sağılır.
Qəbələ rayonunda 2012-ci ildə Ovculu kəndində yaradılan 650 başlıq ətlik-südlük iri heyvandarlıq kompleksində də işlər yaxşı gedir. Təsərrüfatda mal-qaranın baş sayı artırılaraq 1791 başa çatdırılıb. Buradakı 402 baş sağmal inəyin hər birindən gün ərzində 25 litr süd sağılır. Kompleksin illik süd istehsalı gücü 6 min 524 litrə çatdırılıb.
Subsidiyalar fermerlərdə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına marağı artırıb
Respublikamızda heyvandarlığın inkişafına dəstək tədbirləri sırasında səmərəli təşviq mexanizminin önəmini xüsusi qeyd etmək lazımdır. Heyvandarlıqla məşğul olan fermerlərə subsidiyaların verilməsi də belə təşviq mexanizmlərindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyaların verilməsi Qaydasına əsasən regionlarda fermerlərə subsidiyalar verilir. Bu isə öz növbəsində fermerlərdə heyvandarlıq təsərrüfatlarını yeni yanaşmalar əsasında inkişaf etdirməyə marağı daha da artırır. Məsələn, indiyədək Şəki rayonu üzrə 141 heyvan sahibinə süni mayalama yolu ilə alınmış 154 buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə 15 min 400 manat məbləğində subsidiya ödənilib.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da heyvanların cins tərkibinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Rayon statistika idarəsinin məlumatında bildirilir ki, cari ilin əvvəlinədək təsərrüfatlarda 40 min 518 baş iribuynuzlu mal-qara, 105 min 724 baş qoyun-keçi, 362 baş at, 245 min 904 baş quş, 370 arı ailəsi olub. Keçən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 1,9 faiz, qoyun və keçilərin sayı 0,1 faiz, atlar 10 faiz, quşlar 7 faiz, arı ailələri 0,8 faiz artıb. Ötən il rayon üzrə ət istehsalı 3 faiz, süd istehsalı 2,6 faiz, yun istehsalı isə 0,5 faiz çox olub.
Heyvandarlıq məhsullarının istehsalının artması heyvanların baş sayının çoxalması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması ilə də əlaqədardır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumata görə, 2016-cı ildə 1593 baş inək və düyə süni yolla mayalandırılıb, 777 baş sağlam cins buzov alınıb.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2017.- 18 fevral.-
S.7