“Sevdiyim insan” “Üns”
Yaradıcılıq Səhnəsində
“Üns” Yaradıcılıq Səhnəsinin rəhbəri, professor Nərgiz Paşayevanın təşəbbüsü ilə bu mədəniyyət ocağında Sevgililər Günü münasibətilə “Sevdiyim insan” adlı konsert olub.
AZƏRTAC xəbər verir ki, tanınmış pianoçu Səidə Tağızadənin təşkil etdiyi konsertin repertuarından tutmuş ifaçılara və dekorasiyalaradək hər elementində sevgi hiss olunurdu. Konserti müşayiət edən Azərbaycan Dövlət Simli Kvartetində skripkaçılar Uran Seyidov, Vaxtanq İmanov və Soltan Məmmədova ilə yanaşı, Azərbaycan Respublikasının Əməkdar artisti, istedadlı violonçelçi və S.Tağızadənin həyat yoldaşı Aleksey Miltix də yer almışdı: beləliklə, əbədi məhəbbət mövzusu səhnədə və həyatda bir-birini gözəl tamamlayırdı.
Konsertin proqramı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət idi. Ustalıqla seçilmiş musiqi sevginin bütün çalarlarını çatdırırdı. Tamaşaçılar musiqini nəinki dinləyir, həm də ehtirasa keçən zərifliyi görə bilirdilər. Məsələn, Astor Pyatsollanın “Oblivion” musiqisinin sədaları altında Latın Amerikası rəqsləri üzrə dəfələrlə Azərbaycan çempionu, öz rəqs məktəbinin yaradıcısı və rəhbəri İlham Osmanovun istedadlı Lenay Seyidəlizadə ilə birinci çıxışında Argentina tanqosu onların sevgisində zərifliyin üstün hiss olduğunu göstərdi. Ondan heç də geri qalmayan Nazrin Adi ilə A.Pyatsollanın “Libertango”sunun sədaları altında növbəti rəqs də alovlu ehtirası nümayiş etdirdi.
“Lumineux” məşhur vokal ansamblının çıxışını tamaşaçılar nəfəs dərmədən dinlədilər. Naala Barateliyanın rəhbərliyi altında ansambl A.Vivaldi, C.Rutter, C.Lennonun əsərlərini, Azərbaycan xalq mahnılarını, habelə mənəvi musiqi və digər əsərləri ifa ediblər.
Bəstəkar Tofiq Quliyevin “Qızıl üzük”, “Bakı haqqında mahnı” və digər əsərləri Nərgiz Kərimova (soprano) ifa edib. “Lumineux” ansamblının solisti Leyla İbrahimova isə tamaşaçıları xarici mahnıların gözəl ifası ilə sevindirib.
K.Sen-Sansın “Canlıların karnavalı” süitasından “Qu quşu” səhnəsini Xoreoqrafiya Akademiyasının şagirdləri Aslana Əliyeva və Fərid Kazakov nümayiş etdirib. Tamaşaçılar gənc rəqqasların ifasında balet kompozisiyasına laqeyd qalmayıb, hamıya uşaq vaxtından tanış olan “ağ qu quşunun” faciəsi böyük maraqla izlənib.
Sonda “Lumineux” vokal ansamblının üzvləri əllərində ürək formasında şarla “Oh, happy day” (“Xoşbəxt gün!”) mənəvi mahnısını ifa etməklə bütün tamaşaçılarda xoşbəxtlik duyğuları aşılayıblar. Onların çıxışı musiqi taktına uyğun ritmik alqışlarla müşayiət olunub. Proqram başa çatsa da, zalı tərk etməyən tamaşaçılar konserti və xüsusi bəyəndikləri məqamları səmimi və dost mühitində müzakirə ediblər.
Rusiya Federasiyasının Azərbaycanda səfiri Vladimir Doroxinin, Macarıstanın Azərbaycanda səfiri İmre Laslotskinin, İspaniyanın Azərbaycanda müvəqqəti işlər vəkili Xose Luis Diez Xuarezin, Fransanın Azərbaycanda səfirliyinin nəzdində Fransız İnstitutunun nümayəndəsi Jervez Matyönün, görkəmli mədəniyyət və incəsənət xadimlərinin, gözəl musiqi həvəskarlarının iştirak etdikləri konserti klassik musiqinin romantik axşamı adlandırmaq olardı.
Qonaqlar arasında
Argentina səfirliyinin
təmsilçisi
də
olub. O, Argentina musiqisinin və tanqosunun azərbaycanlı rəqqasların ifasında repertuara salındığına görə təşkilatçılara
təşəkkür edib.
Musiqi xalqları və ölkələri
yaxınlaşdırdığı kimi,
insanları da yaxınlaşdırır. Musiqinin bu keyfiyyəti “Üns”
Yaradıcılıq Səhnəsindəki bu
romantik axşamda bütün əzəməti ilə
özünü büruzə verdi.
Yeni Azərbyacan.-
2017.- 18 fevral.- S.7