Regionlarda pambıqçılığın inkişafı ilə bağlı mühüm addımlar atılır

 

Bununla bağlı Aran iqtisadi rayonunda əsaslı tədbirlər görülməkdədir

Ötən il Azərbaycanda aqrar sahənin inkişaf etdirilməsi üçün mühüm addımlar atılıb. Kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı istiqamətində əldə olunan nəticələr məhsuldarlığın da artmasına yol açıb. Hazırda regionlarda kənd təsərrüfatının ölkəmiz üçün yeni ixrac imkanları yaradacaq istiqamətlərinin intensiv şəkildə inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır və zəruri tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkə boyu fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması, intensiv metodların tətbiqinə geniş meydan verilməsi aqrar sektorda yeni istehsal və ixrac imkanları yaradır.

Qeyd edək ki, 2004-cü ildən 3 mərhələdə həyata keçirilən regionların sosial iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində son illərdə 20 rayonda 44 min hektaradək ərazidə 22 sahibkar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan 32 iri fermer təsərrüfatı yaradılıb.

Yeri gəlmişkən, ötən il ölkəmizdə təxminən 90 min ton pambıq istehsal edilərək 24 pambıqçılıq rayonunun 457 kənd ərazi nümayəndəliyi üzrə təqribən 4300 pambıq istehsalçısı təhvil verdikləri məhsula görə 40 milyon manatdan çox vəsait əldə edib və əlavə olaraq yaxın günlərdə 9 milyon manat həcmində subsidiya alacaq. Eləcə də 2016-cı ildə 51 min hektar əkin sahəsində pambıq əkilib. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda nitq söyləyən Prezident İlham Əliyev də bildirib ki, bu il pambıq sahələri yenə də artırılmalıdır. Ölkə başçısı qeyd edib ki, bu il ən azı 120 min hektarda pambıq əkilməlidir.

Qeyd olunmalıdır ki, bu istiqamətdə də artıq mühüm addımlar atılmaqdadır. Belə ki, Aran iqtisadi rayonuna daxil olan bölgələrimizdə pambıqçılığın inkişafı üçün əsaslı tədbirlər görülür. Su meliorasiya tədbirləri davam etdirilir, əkin sahələri genişləndirilir, eləcə də fiziki və hüquqi şəxslərin pambıq tədarükü ilə məşğul olan müəssisələrlə müqavilə bağlaması təmin edilir. Bu, 2017-ci ildə məhsuldarlığın daha da yüksəlməsinə də təkan verəcək. Aran iqtisadi rayonuna daxil olan rayonların bununla bağlı göstəriciləri bunu deməyə əsas verir.

Belə ki, Aran iqtisadi rayonunun Beyləqan rayonunda sahibkarlığın inkişafı prioritet məsələ kimi daim diqqətdə saxlanılır. 2016-cı ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 153 sahibkara 1 milyon 066 min manatdan çox güzəştli kredit verilib. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Prezident İlham Əliyevin ölkəmizdə pambıqçılığın inkişafına dair verdiyi tapşırıqlara uyğun olaraq, ötən il rayonda 3958 hektarda pambıq əkilib, 7861 tondan artıq məhsul tədarük edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə pambığın əkin sahəsi 1,9 dəfə, məhsul isə 2,1 dəfə çoxdur.

İqtisadi rayonun Bərdə rayonunda da ötən il ərzində 330,2 milyon manatlıq ümumi məhsul, o cümlədən 156,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. 2016-cı ildə rayonda 3003 hektar sahədə pambıq əkilib, tarlalarda yüksək məhsul yetişdirilib. Hər hektardan 23,1 sentner olmaqla 6925,3 min ton və ya 2015-ci ildəkindən 2,1 dəfə çox pambıq istehsal edilib. Bunlarla yanaşı, bu ilin məhsulu üçün hazırlıq işləri aparılıb. Artıq 8,5 min hektar sahədə pambıq əkilməsi üçün yerlər müyyənləşdirilib, pambıq emalı müəssisələrinin tam fəaliyyət göstərməsi üçün tədbirlər görülüb, pambıqçılığın müasir texnika ilə təmin olunması işləri sürətlə həyata keçirilir.

Prezident İlham Əliyevin respublikamızda pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq Aran iqtisadi rayonunun Biləsuvar rayonunda da kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb. Qeyd edilməlidir ki, 2015-ci ilə nisbətən pambıq əkini və məhsul yığımı artırılıb. Belə ki, rayonda 2015-ci ildə 3095 hektar sahədən 6362 ton pambıq yığılmışdısa, 2016-cı ildə 6040 hektar sahədən 12062 ton məhsul toplanılıb. Ötən müddət ərzində 12 min nəfər işlə təmin olunub və pambıq tədarükündən ailə üzvlərinin sayı 4 min nəfərə yaxın olmaqla 800 nəfər mülkiyyətçi 2,4 milyon manat gəlir əldə edib. 2016-cı ildə istehsal olunan 12062 ton pambığa görə 721 nəfər mülkiyyətçi 1,2 milyon manat həcmində subsidiya alacaq.

Vurğulanmalıdır ki, Biləsuvar rayonunda 2017-ci ildə 10500 hektar sahədə pambıq əkininin aparılması üçün artıq hazırlıq işlərinə başlanılıb və pambıq emalı məntəqələri ilə müqavilələr bağlanıb. Bununla yanaşı, rayonda Dövlət Fonduna aid 5 ayrı-ayrı massivdə yerləşən, ümumi sahəsi 17136 hektar əkinəyararlı qış otlaq sahəsinin təyinatının dəyişdirilərək kənd təsərrüfatı məhsullarının əkilməsi məqsədilə əkin dövriyyəsinə cəlb edilməsi və ərazinin suvarılması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektorların qazılması işlərinə başlanılıb. Bununla bağlı ilkin mərhələdə 2 aqroparkın yaradılması nəzədə tutulub ki, bu aqroparklardan biri 5000 hektar ərazini, digəri isə 1000 hektar ərazini əhatə edir.

Aran iqtisadi rayonunun başqa bir bölgəsində - Kürdəmir rayonunda da pambıqçılığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi üçün dövlətimiz tərəfindən onlara subsidiyalar verilir. 2016-cı ildə rayonda bütün imkanlar təhlil olunaraq qısa müddətdə qərargah yaradılıb, şirkətlərlə, aidiyyəti xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulub. Müqavilə bağlanmış zavodlar tərəfindən pambıqçıların təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunub, nəticədə qısa müddətdə 1911 hektar sahədə pambıq əkilib. Məhsul yığımı dövründə 2111 tonadək pambıq tədarük edilərək zavoda təhvil verilib. Ümumilikdə pambıq əkini, becərilməsi və yığılması işinə rayon üzrə 2000-dən çox işçi qüvvəsi cəlb edilib. Rayonda pambıqçılığın inkişafı ilə əlaqədar 2017-ci ildə 4 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Bunun üçün pambıq əkəcək fiziki və hüquqi şəxslər müəyyənləşdirilib, pambıq əkini üçün əlverişli sahələr seçilib, pambıqçılarla tədarükçülər arasında müqavilələr bağlanması təşkil olunub. İndiyədək 4000 hektardan çox pambıq əkini üçün dondurma şumu qaldırılıb, hazırda arat işləri aparılır. Rayon ərazisində əkin dövriyyəsinə qatılması üçün 10 min 650 hektar əkinəyararlı münbit torpaq sahələri seçilib.

İqtisadi rayonun İmişli rayonunda da pambıqçılığın inkişafı istiqamətində əsaslı işlər görülüb. 2016-cı ildə rayonda 5051 ha pambıq əkilib və 10 min tondan yuxarı məhsul toplanıb. Bu il İmişli rayonunda 10.000 ha torpaq sahəsində pambıq əkilməsi nəzərdə tutulub.

Aran iqtisadi rayonuna daxil olan Hacıqabul rayonunda da 2016-cı ildə pambıq əkini həyata keçirilib. Pambıq əkini yüksək gəlirliliyi və məşğulluğun təmin edilməsində rolu ilə yanaşı, həm də növbəli əkin aparılmasına əlverişli şərait yaradır. Bu baxımdan rayonda 2017-ci ildə 1200 hektardan çox sahədə pambıq əkininin həyata keçirilməsi nəzərdə tutulub. Artıq 29 pambıq istehsalçısı tərəfindən 1203,9 hektar sahədə pambıq əkilməsi üçün “MKT İK” MMC ilə müqavilə bağlanıb.

O cümlədən Ucar rayonunda da pambıqçılığın inkişafı istiqamətində addımlar atılır. 2016-cı ildə rayonda 510 hektar sahədə pambıq əkilib. Bu il üçün isə artıq 117 fermer və fiziki şəxs pambıqtəmizləmə zavodu ilə müqavilə bağlayıb və əkin üçün 2500 hektar sahədə dondurma şumu çıxarılıb.

Aran iqtisadi rayonunun Zərdab rayonunda pambıqçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib. Nəticədə 832 hektar sahədən 1023 ton pambıq yığılıb, 900 ton pambıq zavodlara təhvil verilib. Artıq bu il üçün pambıq əkini sahələrinin artırılması məqsədilə əlavə torpaq sahələri ayrılıb. Əkin sahələrinin suvarma suyu ilə normal təminatı məqsədilə Kür çayından Bəyimli qəsəbəsi ərazisinə 15 kilometr su xətti çəkilir.

Aran iqtisadi rayonunun bir hissəsi olan Neftçala rayonunda da ötən il 1541 hektar sahədə pambıq əkilib, 1978 ton pambıq tədarük məntəqələrinə təhvil verilib. 2017-ci ildə rayonda 10101 hektar sahədə pambıq əkini nəzərdə tutulur. Bununla əlaqədar olaraq hazırda 4645,7 hektar torpaq sahəsi üçün mülkiyyətçilərlə müqavilə bağlanıb, 4226 hektarda şum aparılıb və bu istiqamətdə tədbirlər davam etdirilir.

Qeyd edək ki, yüksək məhsul götürmək məqsədi ilə bir sıra meliorativ tədbirlər də həyata keçirilib. Hesabat dövründə rayon Su və Meliorasiya təşkilatları tərəfindən 397,0 km suvarma kanalları, 398,0 km kollektor-dren sistemi lildən təmizlənib, suvarma kanallarında 54 ədəd, kollektor-drenlərdə 51 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilib. Rayonun Xol zonasında 14500 hektardan yuxarı suvarılan əkin sahələrinin tam suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Kür çayından Xol zonasına 2006-cı ildən 24,9 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə layihənin tikintisinə başlanılıb. 2016-cı ildə kanalın tikintisi üçün ümumilikdə 14 milyon 818 min manat vəsait ayrılıb. Hazırda tikinti işləri qrafikə uyğun davam etdirilir. Qeyd edək ki, rayon ərazisində 3000 hektar torpaq sahəsində “Aqropark”ın yaradılması, 8000 hektar suvarıla bilən torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün nasosxananın tikintisi, eləcə də pambıq və iri taxılçılıq sahələrinin genişləndirilməsi istiqamətində də tədbirlər görülür.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2017.- 22 fevral.- S.8