Regionlarda sosial və infrastruktur layihələrinin icrası davam etdirilir

 

Ötən ildə də əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə mühüm addımlar atılıb

Məlum olduğu kimi, artıq bir neçə ildir ki, dünyada qlobal maliyyə böhranı hökm sürür. Məhz bu böhranın təsiri nəticəsində əksər ölkələr, hətta inkişaf etmiş dövlətlər belə bir çox layihələrin icrasını təxirə salmağa, iş yerlərinin kütləvi şəkildə ixtisar edilməsinə məcbur olublar. Lakin həyata keçirilən düşünülmüş siyasət nəticəsində bütün sahələrdə uğurlar əldə edən Azərbaycan öz inkişafını davam etdirib. Daha dəqiq desək, qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq, 2016-cı ildə də Azərbaycan iqtisadiyyatı inkişaf edib, ölkəmizdə mühüm sosial-iqtisadi tədbirlər həyata keçirilib, sosial və infrastruktur layihələrinin icrası davam etdirilib.

Eyni zamanda, bu işlərin fonunda ölkəmizdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə də mühüm addımlar atılıb. Hər halda bu yaxınlarda keçirilən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2016-cı il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda sadalanan faktlar da belə deməyə əsas verir.

Açıq Səhmdar Cəmiyyətdən qəzetimizə verilən məlumata görə, iclasda hesabat məruzəsi ilə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib ki, 2016-cı ildə “Azərsu” ASC tərəfindən 1 milyon 413 min abonentə içməli su təchizatı və kanalizasiya xidmətləri göstərilib, il ərzində istehlakçılara 639 milyon kubmetr su satılıb. Hesabat dövründə 745 kilometr içməli su, 435 kilometr kanalizasiya xətləri çəkilib, 15 ədəd su anbarı tikilib, 26 subartezian quyusu qazılıb, 116 min sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində 143 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 134 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi Bakı şəhərində 80,6 faizə, ölkə üzrə 65,6 faizə yüksəlib. Prezident İlham Əliyevin əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunmasına dair tapşırıqlarına uyğun olaraq 2016-cı ildə Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də respublikanın şəhər və rayon mərkəzlərində, kəndlərdə layihələr icra edilib. Hesabat dövründə Tərtər, Beyləqan və Qusar şəhərlərində dövlət başçısının iştirakı ilə su və kanalizasiya sistemlərinin açılış mərasimlərinin keçirilməsi ilin ən əlamətdar hadisələri olub. Bununla yanaşı, Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə magistral su xətti çəkilib, Şirvan şəhərinə yeni birləşmə verilib. Bununla da hər iki şəhərdə istehlakçılar keyfiyyətli içməli su ilə təmin olunublar.

Hazırda Gədəbəy, Daşkəsən, Xaçmaz, Qobustan, Şamaxı, Ağdaş şəhərlərində su və kanalizasiya şəbəkələrinin inşasının yekunlaşma ərəfəsində olduğunu deyən “Azərsu” ASC-nin sədri 2016-cı ildə daha bir şəhərdə - Ağcabədidə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin, Şəki şəhərində həyata keçirilən layihənin növbəti mərhələsinin icrasına başlanıldığını da diqqətə çatdırıb. Hesabat dövründə 23 kənd və qəsəbədə görülmüş işlər nəticəsində 30 minədək sakinin içməli su problemi həll edilib.

Bakı şəhəri və Abşeron yarımadasında həyata keçirilən layihələr barədə məlumat verən Q.Hüseynov Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin dünyada ilin 4 böyük və önəmli su layihəsindən biri seçilməsini qürurverici hadisə adlandırıb.

Hesabat dövründə Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işləri intensiv şəkildə həyata keçirilib, Nizami rayonunda 25 kilometr şəbəkə və məhəllədaxili xətt yenidən qurulub, 16,6 min sayğac quraşdırılıb. Nərimanov rayonunda isə 54 nasosxananın fəaliyyəti dayandırılıb, 23 min nəfər fasiləsiz su ilə təmin edilib.

Tədbirdə o da vurğulanıb ki, sözügedən istiqamətdə işlər davamlı xarakter daşıyır. Belə ki, 2017-ci ildə Xırdalan və Qazax şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılacaq. Gəncə, Beyləqan, Ağcabədi, Tərtər, Gədəbəy, Xızı, Qobustan, Naftalan şəhərlərində tullantı sutəmizləyici qurğuları tikiləcək.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində 20 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə yeni layihələr həyata keçiriləcək. Zərdab rayonu ərazisində Kür çayından saniyədə 3 kubmetr su götürmək üçün sugötürücü qurğu və nasos stansiyası tikiləcək, 15 kilometr uzunluğunda kəmər çəkiləcək. Artıq bu istiqamətdə tikinti-quraşdırma işlərinə başlanılıb. Hacıqabul rayonunun Talış kəndindəki təmizləyici qurğunun imkanlarından istifadə etməklə Padarçöl ərazisinə 27 kilometr xətt tikiləcək.

Bu məqamda bildirmək yerinə düşək ki, hazırda Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər cədvələ uyğun davam etdirilir. Azərbaycan Respublikası hökuməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsinin icrasına 2010-cu ilin dekabrında başlanılıb.

Üç mərhələdən ibarət olan layihənin birinci mərhələsi çərçivəsində 2,27 kilometr uzunluğunda Kiş sugötürücü qurğusu inşa edilib, su mənbəyindən anbar kompleksinə qədər 2,9 kilometr uzunluğunda magistral su xətti çəkilib, hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarı təmir olunub. Xlorator qurğusu və sutəmizləyici stansiyanın inzibati binası inşa edilərək sifarişçi təşkilatın istifadəsinə verilib. Birinci mərhələ üzrə işlər 2011-ci ilin sentyabrında başa çatdırılıb. Layihənin ikinci mərhələsi çərçivəsində hər birinin tutumu 3 min kubmetr olan 3 su anbarı inşa edilib, min kubmetr tutumundakı mövcud su anbarında təmir işləri aparılıb. Eyni zamanda, birinci mərhələ çərçivəsində inşa edilən anbarlar sahəsindən yeni tikilən anbarlaradək polad borularla qidalandırıcı xətlər çəkilib, Şəki şəhərinin suya olan tələbatı qismən təmin edilib. Bu mərhələ çərçivəsində üçüncü müqavilə üzrə işlərə isə 2016-cı il dekabrın əvvəlində start verilib və Şəki şəhərinin mərkəzi hissəsinin paylayıcı su və kanalizasiya şəbəkələrinin yenidən qurulması nəzərdə tutulur.

İkinci mərhələdə hər birinin tutumu 1500 kubmetr olan 2 su anbarı, həmçinin 3 kollektor tikiləcək, ev birləşmələri də daxil olmaqla, 120 kilometrdən artıq su və bir o qədər də kanalizasiya xətləri inşa ediləcək. Ümumiyyətlə, bu mərhələ çərçivəsində işlərin 2018-ci il oktyabrın sonunadək başa çatdırılması nəzərdə tutulur.

Xaçmaz şəhərində də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir. “Azərsu” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri intensiv şəkildə həyata keçirilir. Bu layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Sözügedən layihə çərçivəsində rayonun Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində isə 11 min nəfərin su təchizatı yaxşılaşdırılacaq. Ümumilikdə layihədən 58 min nəfər faydalanacaq. Məlumat üçün bildirək ki, Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildə başlanıb. Birinci mərhələdə şəhərin əsas su mənbəyi sayılan Uçqun bulağı bərpa olunub, mənbədən anbar kompleksinə qədər 2 kilometr uzunluğunda magistral, 1,6 kilometr anbarlararası su xətləri çəkilib, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı inşa edilib.

Layihənin növbəti mərhələsində Xaçmaz şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi həyata keçirilir. İndiyədək layihədə nəzərdə tutulan 142,6 kilometr su şəbəkəsinin 88 kilometrlik hissəsi tikilib, 3095 ünvana birləşmə verilib. Eyni zamanda, 148,5 kilometr kanalizasiya şəbəkəsinin 110 kilometrlik hissəsində işlər yekunlaşıb və 5727 ünvan şəbəkəyə qoşulub. Tullantı sularının təmizləyici qurğuya ötürülməsi üçün 1400 millimetr diametrli borularla 1,3 kilometr uzunluğunda kanalizasiya kollektorunun inşası başa çatdırılıb. Şəhərdə yaranacaq tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və sutkalıq məhsuldarlığı 70 min kubmetr olacaq təmizləyici qurğu da təmizlənib zərərsizləşdiriləcək. Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin də tullantı suları qurğuya yönəldiləcək.

Beləliklə, bütün bunlar ölkəmizdə içməli su və kanalizasiya layihələrinin icrasının davamlı xarakter daşıdığını bir daha təsdiq edir. Öz növbəsində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində bu məsələyə toxunan Prezident İlham Əliyev bu istiqamətdə işlərin davam etdiriləcəyini deyib: “Azərsu” ASC-nin qarşısına məqsəd qoyulmuşdur ki, bir neçə il ərzində bütün şəhərlərimizin içməli su və kanalizasiya layihələri tam icra edilsin. Əhaliyə 24 saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilsin. Biz bu hədəfə doğru irəliləyirik. Hər il bir çox şəhərlərimizdə içməli su layihələri istifadəyə verilir. Hazırda Bakının fasiləsiz su təminatı 80 faizə çatmışdır. Ölkə üzrə isə bu göstərici təxminən 65 faizdir. Bu, daha da artmalıdır. Ancaq biz bu proqramın icrasına başlayanda fasiləsiz suyun verilməsi üzrə ümumi göstərici təqribən 25-30 faiz idi. Yəni çox işlər görülüb və bu il də davam etdirilməlidir”.

Nadir AZƏ

Yeni Azərbaycan.- 2017.- 23 fevral.- S.7