Azərbaycan Xalça Muzeyində “Kəlağayı” kitabının təqdimatı keçirilib

 

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə işıq üzü görən “Kəlağayı” kitabının təqdimatı keçirilib. Azərbaycan Xalça Muzeyində keçirilən tədbir bu unikal sənət növünün tarixini və Azərbaycan xalqına məxsusluğunu əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Təqdimatda Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək kəlağayının tarixindən danışıb. Vurğulanıb ki, milli qadın geyiminin qədim atributu hesab olunan kəlağayı özündə ümumbəşəri mənalar daşıyan bir-biri ilə bağlı anlayışlar aləmini əks etdirir. Kəlağayının əsrlər boyu təkmilləşdirilmiş estetik qanunlara tabe olduğunu deyən Ş.Məlikova onu Azərbaycan mədəniyyətinin müstəsna və unikal qatı kimi xarakterizə edib.

Diqqətə çatdırılıb ki, zəngin mədəniyyətimizin bir parçası hesab olunan kəlağayı 2014-cü il UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş xalqımıza məxsus ənənəvi ipək qadın baş örtüyüdür. Qeyd olunub ki, kəlağayının fabriklərdə deyil, qədim əl əməyinə əsaslanması, kustar üsulla hazırlanması onun ornamental gözəlliklərini bir daha önə çəkir.

Daha sonra çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, sözügedən nəşr ilk dəfə olaraq oxuculara kəlağayını müəyyən edən konsepsiyanı, eyni zamanda, qəliblərin - forma və ştampların sistemləşdirilmiş kataloqunu təqdim edir. Kəlağayının hazırlanmasının milli mədəniyyətimizə xas olduğunu deyən S.Məmmədəliyeva qeyd edib ki, çoxəsrlik ənənələrə malik olan bu sənət həm də milli etnoqrafiya, sənətşünaslıq və kulturologiya elmlərinin müstəqil tədqiqat predmetidir.

Məlumat üçün bildirək ki, müəlliflər - Rəna İbrahimbəyova, Cəlil Tarverdiyev və Zəhra Müller Tarıverdi kəlağayı istehsalı və bu sənətin öyrənilməsi sahəsində uzun illər ərzində topladıqları bilik və təcrübəni bu kitab vasitəsilə oxucularla bölüşüblər.

Müşfiqə BAYRAMLI

Yeni Azərbaycan.- 2017.- 22 fevral.- S.7