Xocalı qətliamı təkcə azərbaycanlılara deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir

 

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib

Əli Əhmədov: İnanıram ki, “Xocalıya ədalət!” kampaniyası genişlənərək Xocalıya qayıdış kampaniyasına çevriləcək

Fevralın 25-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib. Əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov Xocalı faciəsinin Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib: “Təəssüf ki, bəşəriyyətin tarixi faciələrsiz, kütləvi qətllərsiz olmadan keçinə bilməyib, ayrı-ayrı dövrlərdə insanlar müxtəlif səbəblərlə kütləvi qətlə yetiriliblər. Bəşəriyyət öz tarixində bu qırğınların qarşısını almaq üçün səmərəli mexanizm yarada bilməyib. Görünür, bunun başlıca səbəbi onunla əlaqədardır ki, nə insanlar, nə cəmiyyətlər növbəti qətliamların qarşısını almaq üçün bütün səylərini bir yerə toplayıb qəti sözlərini deyə bilməyiblər. Çox müxtəlif səbəblər ola bilər, nəticə isə birdir ki, ayrı-ayrı dövrlərdə qətliamlar, soyqırımları törədilib. Təəssüf ki, Azərbaycanın tarixi də bu cür faciələrdən, qətliamlardan xali deyil. Belə faciələr xalqımızın da başına gətirilib. Bugünkü nəslin şahidi olduğu ən qanlı qətliam isə 25 il əvvəl Xocalı şəhərinin yer üzündən silinməsi və insanların kütləvi qətli olub. Təəssüf ki, bu qətliam sanki dünyanın diqqətindən yayındı, ona biganəlik oldu. Qətlə yetirilən insanların tökülən qanlarına bu günə qədər cavab verən olmayıb. Nəinki hüquqi-siyasi qiymət verilməyib, eyni zamanda bu qətliamı törədənlər qonşu dövlətin siyasi hakimiyyətinin zirvəsində qərar tuta biliblər”.

Əli Əhmədovun fikrincə, Xocalı faciəsi bir həqiqəti bir daha ortaya qoydu ki, bu faciəni törədənlər nəinki sadəcə insan qanına susamış adamlardır, eyni zamanda, uşaq qatilidirlər, qadınları, qocaları qətlə yetirmək qədər iyrənc hərəkətə əl atmağa qadirdilər. “Uşağı qətlə yetirmək qədər bəşəriyyət iyrənc davranış görməyib. Hətta həyat tərzi qan içmək olan yırtıcı vəhşilər də uşaqlara qıymır. Amma Xocalı faciəsi göstərdi ki, ermənilər uşağı da qətlə yetirə bilirlər. Bütün dünyaya sübut olundu ki, onlar yırtıcıya da xas olmayan bir “keyfiyyət”ə malikdirlər, uşaq qətlə yetirmək qədər rəzalətə enə bilirlər”, - deyən Baş nazirin müavini qeyd edib ki, Azərbaycan xalqı heç zaman razı ola bilməz ki, Xocalı faciəsinin qurbanlarının, eyni zamanda, bütün şəhid olan insanların qanı yerdə qalsın. “Mübarizəmiz davam edir. Bizim qarşımızda duran müqəddəs vəzifə torpaqlarımızı işğaldan azad etmək, sərhədlərimizi bərpa etməkdən ibarətdirsə, həm də törədilmiş qətllərin, tökülən günahsız qanların cavabını verməkdən ibarətdir. Bu, qisasçılıq deyil. Azərbaycan xalqı heç zaman qisasçılıq hissləri ilə yaşamayıb. Biz həmişə ədalətli xalq olduğumuzu tarix boyu sübut etmişik, bu gün də bizim hərəkətimizin kökündə dayanan motiv haqq-ədalətin bərpa olunmasından ibarətdir. İndiki halda isə haqq və ədalət ondan ibarətdir ki, günahsız insan qanı tökənlər hüquq qarşısında cavab versinlər. Digər vəzifəmiz isə Xocalı həqiqətlərini dünyaya yaymaqdan ibarətdir. 25 il ötməsinə baxmayaraq bu məsələ aktuallığını nəinki itirməyib, daha da artır. “Xocalıya ədalət!” kampaniyası bu istiqamətdə atılan ən vacib addımlardan biridir. Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin apardığı diplomatik səylər nəticəsində Xocalı faciəsi artıq beynəlxalq miqyasda əks-səda doğurmaqdadır. Bir çox ölkələrin parlamentləri bu faciəni soyqırımı olaraq qəbul edib. Hesab edirəm ki, bu proses getdikcə daha böyük vüsət alacaq, daha çox dövlətlər, parlamentlər Xocalı soyqırımını tanıyacaqlar. Bu prosesdə hər birimiz bütün səylərimizi birləşdirməyə borcluyuq. İnanıram ki, “Xocalıya ədalət!” kampaniyası genişlənərək Xocalıya qayıdış kampaniyasına çevriləcək. Bu inam həm də ondan irəli gəlir ki, artıq Qarabağa böyük qayıdış hərəkatının ilk addımı Cocuq Mərcanlıya qayıdış formasında özünü ortaya qoyub. Təbii ki, biz bunu daha da genişləndirəcəyik və müvəqqəti itirilmiş torpaqlarımıza, bütövlükdə bütün Qarabağa böyük qayıdış baş verəcək”, - deyə YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov bildirib ki, Xocalını anmağımız bizim milli şüurumuzdan irəli gələn məsələdir: “Amma hesab edirəm ki, Xocalının anılması göz yaşları ilə müşayiət olunmamalıdır. Hər bir faciə təbii ki, kədər və hüzn doğurur. Amma heç bir halda zəiflik əlaməti kimi ortaya çıxmamalıdır. Xocalıya qayıdışı tarixi yaddaşımıza çevirməliyik ki, bu yaddaş bizi torpaqlarımızı, tariximizi, taleyimizi, dövlətimizi daha qətiyyətlə qorumağa səsləsin. Biz bundan sonra heç zaman imkan verməməliyik ki, hansısa qara qüvvələr bu müqəddəs dəyərlərimizə qəsd edə bilsinlər. Xocalını anmağımızın, unutmamağımızın əsas məqsədi bundan ibarət olmalıdır. Güman edirəm ki, məhz belə də olacaq. Hər dəfə Xocalı soyqırımını anaraq yalnız gələcəyə baxacağıq, qisas yox, ədalətin bərpa olunması motivləri ilə çıxış edəcəyik və gələcəkdə bir daha belə hadisələrin baş verməməsi üçün həmişə bütün xalqın səfərbər olması, möhkəm iradəli və qətiyyətli olması naminə çalışacağıq”.

Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxışında bildirib ki, Xocalı soyqırımından ötən 25 il ərzində biz faciənin nə miqyasını, nə məzmununu, nə də məqsədini unutmamışıq: “Əksinə, bunu getdikcə daha aydın dərk etməkdəyik. 25 il ərzindəki fəaliyyətimizin əsas məqsədi ondan ibarət olub ki, bu həqiqəti dünya daha aydın dərk etsin, qəbul etsin. Azərbaycan dövləti, Prezident İlham Əliyev başda olmaqla diplomatiyamız, o cümlədən parlament diplomatiyası bu vəzifənin həyata keçirilməsi üçün koordinasiya olunmuş şəkildə fəaliyyət göstərir. Biz bütün istiqamətlərdə vətəndaş cəmiyyətini, əhali kütlələrinin geniş təbəqələrini və dünya ictimaiyyətini buə qoşmaqla Xocalı soyqırımının beynəlxalq miqyasda hüquqi-siyasi qiymət alması üçün çalışmaqdayıq. Artıq ABŞ-ın 23 ştatı, 15-dək ölkə, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb. Eləcə də Avropa Şurası, ATƏT müəyyən mənada bununla bağlı müəyyən sənədlər qəbul edib ki, bu sənədlər bizim diplomatik imkanlarımızı genişləndirir və mövqeyimizi möhkəmləndirir”.

Vitse-spiker qeyd edib ki, biz qısa müddət ərzində Ermənistan və onu dəstəkləyən dairələrin uzun illər apardığı işlərə bərabər işlərə imza atmaqdayıq. Onun sözlərinə görə, bu gün Azərbaycanın səsi dünyada daha yüksək səviyyədə eşidilir: “Ölkəmiz daha aydın və parlaq şəkildə dünya ictimaiyyətinə görünür. Azərbaycanın qətiyyətli və müstəqil siyasəti bizə qarşı olan təzyiqləri dəf etməyə qadirdir. Bu, Heydər Əliyev siyasəti və bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində mümkün olub. Bu prosesdə cəmiyyətimizin ayrı-ayrı təbəqələri, vətəndaşlarla yanaşı YAP fəalları da ön cərgədə olublar və daim Azərbaycanın imkanlarının səfərbər olunmasında böyük fədakarlıq göstəriblər. Cənab İlham Əliyevin dediyi kimi, YAP regionun ən güclü siyasi təşkilatıdır, xalqa və dövlətə xidməti ilə zamanın sınaqlarından çıxıb. Hesab edirəm ki, diplomatik səylərimiz və rəsmi siyasətimizlə yanaşı partiyamızın beynəlxalq əlaqələrinin genişləndiyini nəzərə alaraq bu çərçivədə də bu həqiqətlərin irəliyə aparılması işini davam etdirməliyik. Üzvü olduğumuz beynəlxalq siyasi birliklərin, əməkdaşlıq etdiyimiz siyasi partiyaların, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət göstərən partiya qruplarının daha çox bu məsələyə diqqət yetirməsi üçün bütün əlaqələrimizdən istifadə etməli və təkcə ölkələrin parlamentləri deyil, həm də beynəlxalq siyasi qrupların və ayrı-ayrı ölkələrdə olan mövcud siyasi partiyaların, hakimiyyətdə olan və hakimiyyətə iddialı olan partiyaların gündəliyinə daxil edilməsinə çalışmalıyıq. Bu, ümumi işimizə kömək olacaq”.

Fevralın 24-də Milli Məclisin Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar qərar qəbul etdiyini xatırladan vitse-spiker bu qərarın əhəmiyyəti haqqında fikirlərini bildirib.

Beynəlxalq təşkilatların vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinə toxunan B.Muradova beynəlxalq birliyin, o cümlədən ATƏT-in Minsk qrupunun bu prosesdə ədalətli olmasının və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinin zəruriliyini vurğulayıb: Bu təşkilatlar ya birdəfəlik üzərlərinə götürdükləri missiyanın öhdəsindən gəlib Dağlıq Qarabağ münaqişəsini həll etməli, işğalçı Ermənistanın əməllərinə qiymət verməli, ya da bacarıqsızlıqlarını etiraf edib geri çəkilməlidirlər. O zaman Azərbaycan öz torpaqlarının geri qaytarılmasının öhdəsindən gələcək. Bu gün Cocuq Mərcanlıya qayıdış qəlbimizi qürurla doldurur. Bu bizə öz gücümüzə inanmağa, yalnız müstəqil və qətiyyətli siyasət yeritməklə öz dövlətinin maraqlarını irəli aparmağa, təcavüzkarı cilovlamağa, torpaqlarımızı azad etməyə imkan verəcəkdir”.

YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycanın bu sahədə müdafiə deyil, hücum xarakterli mübarizə üsulu seçməyə haqqı var. Millət vəkilinin fikrincə, xalqımızın başına gətirilən faciələr gənc nəsillərə xüsusi olaraq aşılanmalıdır: “Biz tarixən düşmənimizin kim olduğunu unutmamalıyıq. Erməni “ziyalısı” Zori Balayan özününRuhumuzun dirçəlişi” kitabında Xocalıda uşaqları necə qəddarlıqla öldürdüklərini “qürurla” yazır. Hesab edirəm ki, gənclərimiz bütün bunlardan məlumatlı olmalı, gələcəkdə belə faciələrin baş verməsinə imkan verməməlidirlər”.

YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev çıxışında bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Soyqırımı nəticəsində 613 Xocalı sakini vəhşicəsinə öldürülüb. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlardır. O müdhiş gecədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədildiyini deyən V.Əliyev qeyd edib ki, Xocalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Onun sözlərinə görə, bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər uğurla davam etdirilir: “Xocalı soyqırımı ilə bağlı tədbirlərin yalnız ölkə daxilində deyil, xaricdə də geniş formada keçirilməsi dövlətimizin siyasətinin əsas istiqamətlərindən biridir. Genişmiqyaslı layihələrin reallaşdırılması nəticə etibarilə Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu istiqamətdə xüsusi rol oynayır”.

YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyi idarə heyətinin üzvü Nəbi Hacıyev çıxış edərək Xocalı soyqırımının səbəb və nəticələri, bu faciənin beynəlxalq miqyasda tanıdılması istiqamətində atılmış addımlardan bəhs edib. O bildirib ki, bu qətliam təkcə azərbaycanlılara deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir: “Xocalı soyqırımı ilə bağlı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir”.

N.Hacıyev deyib ki, ölkə gəncləri də Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır.

Tədbirə yekun vuran Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov qarşımızda torpaqlarımızı işğaldan azad etmək kimi mühüm vəzifənin dayandığını bildirib. Dövlətimizin, ordumuzun bu vəzifənin öhdəsindən gəlmək iqtidarında olduğunu deyən Əli Əhmədov qeyd edib ki, bu hədəfə çatmaq üçün Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməliyik.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2017.- 28 fevral.- S.5