Azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə və Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş kitabların təqdimat mərasimi keçirilib

 

Fevralın 25-də Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, KİV təmsilçilərinin iştirak etdikləri tədbiri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası təşkil edib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, bu gün Azərbaycan xalqının dəətli faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi yad edilir. İyirmi beş il bundan əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bütün insanlığa və bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu soyqırımı tarixdə yaddaşlardan heç vaxt silinməyən Xatın, Ruanda, Srebrenitsa və Holokost kimi dəətli faciələrdən heç də geri qalmır. O qeyd edib ki, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı haqqında məqalələr, kitablar yazsaq da, ən müxtəlif aksiyalar təşkil etsək də yenə də azdır.

Vurğulanıb ki, bu gün təqdimatına toplaşdığımız “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlı kitablar Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq. Hər iki nəşrdə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin ayrı-ayrı mərhələləri təhlil olunub.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov kitablar haqqında geniş məlumat verərək bildirib ki, yeni nəşrlərdə xarici mənbələrdən və tarixi faktlardan istifadə olunmaqla, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin səbəb və nəticələri dolğun və sistemli şəkildə təhlil edilir, millətçi-şovinist siyasətin mahiyyəti yerli və xarici oxuculara çatdırılır. Qeyd edilib ki, kitabların xüsusi əhəmiyyət kəsb etməsini şərtləndirən başlıca amillərdən biri də onların 8 dildə - Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində nəşr olunmasıdır. Bu, təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də Ermənistanın dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılması və ifşa olunması baxımından çox önəmlidir.

“Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı monoqrafiyada XX əsrin sonunda Ermənistanın Azərbaycana ərazi iddiaları və təcavüzkarlığı, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələrə əsasən araşdırılır. Xüsusilə XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilib. Kitabda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilən vəhşiliklər xarici mənbələrə əsasən geniş təhlil edilir. Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri ən ağır cinayət kimi araşdırılır. Həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin strateji əhəmiyyətini şərtləndirən səbəblər öyrənilir.

Elçin Əhmədov deyib ki, “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlı kitabda isə erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir. Monoqrafiyada erməni millətçilərinin ərazi iddiaları, azərbaycanlılara qarşı həyata keçirdikləri terror, etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunur. Nəşrdə 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməelmi mənbələrə əsasən tədqiq edilir.

Kitabda xarici dillərdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə dair sənədlər və xəritələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatlar və fotolar da yer alıb. Monoqrafiyaları xarici dillərə AZƏRTAC-ın əməkdaşları tərcümə ediblər.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı deyib ki, bu gün xalqımız üçün çox ağır bir gündür, ermənilərin Xocalıda törətdikləri soyqırımının 25 illiyini qeyd edirik. Azərbaycanın hər yerində, xarici ölkələrdə bu soyqırımının ildönümü qeyd olunur. Bu tədbirlər, toplantılar faciələrimizdən ibrət dərsi almaq və gələcəyə hədəflərimizi müəyyənləşdirmək baxımından çox böyük əhəmiyyət daşıyır.

Təqdimatı keçirilən kitabları Azərbaycan siyasətşünaslıq elmində ciddi hadisə hesab edən alim deyib ki, bu nəşrlər ayrı-ayrı qriflər altında çap olunsa da, əslində mahiyyəti, ideyası, fəlsəfi baxışına görə bir-biri ilə bağlı olan əsərlərdir. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, yerləşdirilməsi və xalqımıza qarşı törətdikləri soyqırımları bu kitablarda çox sistemli şəkildə öz əksini tapıb. “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabları tədqiqatçılar üçün dəyərli mənbələrdir. Müəllif bu əsərləri ilə tədqiqatçılara araşdırma aparmaları üçün yeni istiqamətlər verib. Hər iki kitab tarixçilər, xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin geniş oxucu auditoriyası üçün qiymətli mənbədir.

Bu nəşrlərin üstünlüklərindən biri də onların səkkiz dildə hazırlanmasıdır. Bu da kitabların dünyada təxminən 3 milyard insan tərəfindən oxunmasına imkan verəcək. Azərbaycanda indiyədək heç zaman bu qədər dildə tarixi, siyasi ədəbiyyat çap olunmayıb. Eyni zamanda, kitablarda mühüm tarixi sənədlərin əksini tapması vacib məsələdir.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ermənilərin zaman-zaman Azərbaycan xalqına, eləcə də türklərə qarşı törətdikləri vəhşiliklərdən söz açıb. XX əsrin əvvəllərində, ortalarında və axırlarında ermənilər həm Anadolu, həm də Azərbaycan torpaqlarında qanlı cinayətlər törədiblər. Bunlar sadəcə Azərbaycana qarşı məkrli plan deyildi, eyni zamanda, bütün türkləri hədəf alan, hamımızı məhv etməyi, “Böyük Ermənistan” dövləti qurmağı planlaşdıran mənfur siyasətin bir hissəsi idi. Xarici güclər bizləri hər zaman zəiflətmək üçün əllərindən gələni ediblər, lakin heç vaxt istəklərinə nail olmayıblar və ola da bilməyəcəklər.

Diplomat deyib ki, ermənilər XX əsrin sonlarında azərbaycanlılara qarşı növbəti etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər. Nəticədə Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün problemi yaranıb.

Səfir vurğulayıb ki, bu kitablar Azərbaycan xalqının başına gətirilən müsibətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Çingiz Qənizadə, Elman Nəsirov, Hikmət Məmmədov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni kitabların tarixi əhəmiyyətindən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına verəcəyi töhfədən danışıblar.

Bildirilib ki, bu kitablar mövzu və ideya baxımından bir-birini tamamlayır. Kitablarda bu vaxtadək akademik dövriyyədə olmayan mənbələrdən istifadə edilib. Bu kitablar lokal milli yaddaş funksiyasını yerinə yetirir. Ona görə ki, sadəcə bir mövzuya həsr olunub.

Kitabların məziyyətlərindən söz açan natiqlər deyiblər ki, əsərlərdə erməni və rusəlliflərinə istinadən tarixi faktlar şərh olunur. Əsərlər Azərbaycan tarixinin elmi əsaslarla dərk edilməsi baxımından da olduqca əhəmiyyətlidir, milli yaddaşımız üçün yaxşı bələdçidir, eyni zamanda, dünya erməniliyini, erməniçilik ideologiyasını və erməni işğalını anlamaq üçün yaxşı bir mənbədir. Bu kitablar hazır ssenaridir və onların əsasında maraqlı film çəkmək olar. Vurğulanıb ki, Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı erməni təcavüzü barədə bilgilərə daha çox ehtiyacın duyulduğu hazırkı vaxtda tədqiqat sahəsində yeni bir istiqamətin, yəni, hadisələrin sistemli şəkildə öyrənilməsinin təməlini qoyan bu əsərlərin nəşri xüsusi önəmə malikdir.

Tədbirdə çıxış edən Əli Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Sərəncamında, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq edilmiş “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nda Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı qarşıda duran hədəflər və digər vacib məsələlər əksini tapıb. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yorulmaz səyləri sayəsində Xocalı həqiqətlərinin beynəlxalq aləmdə geniş yayılması, eləcə də qətliama siyasi-hüquqi qiymət verilməsi ilə bağlı səmərəli işlər görülür. Bu sistemli işin nəticəsidir ki, dünyanın 10-dan artıq ölkəsinin parlamenti, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Bu kitabların nəşri də məhz bu istiqamətdə reallaşdırılan tədbirlərin mühüm tərkib hissəsidir.

Tədbirin iştirakçıları adından xanım Mehriban Əliyevanı Birinci vitse-prezident təyin olunması münasibətilə təbrik edən Prezidentin köməkçisi deyib ki, bu təyinat xalqımıza, dövlətimizə, millətimizə qarşıdakı illərdə töhfələr verəcək. Bu təyinat nəticəsində dövlət idarəçiliyində dinamizm müşahidə ediləcək. Xaraktercə dinamik insan olan Mehriban Əliyevanın bu xarakterinin dövlət idarəçiliyinə sirayət edəcəyinin şahidi olacağıq.

Yeni Azərbaycan.- 2017.- 28 fevral.- S.4