Aleksandr
Proxanov: Bakı - həyat ağacı
Xəbər
verildiyi kimi, tanınmış rusiyalı ictimai xadim, “Zavtra” qəzetinin
baş redaktoru, yazıçı Aleksandr Proxanov iyunun
sonlarında Azərbaycana səfər edib. Səfər
zamanı A.Proxanov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
qəbul edilib, birinci xanım Mehriban Əliyeva ilə
görüşüb, respublikamızla, burada baş verən
quruculuq prosesləri ilə tanış olub,
İsmayıllı rayonunda əcdadlarının
yaşadığı İvanovka kəndinə baş çəkib.
Yazıçı öz təəssüratlarını
”Zavtra” qəzetində dərc edilmiş “Bakı – həyat
ağacı. Yeni Azərbaycan sivilizasiyası bütün
xalqların, mədəniyyətlərin, dillərin və ənənələrin
simfoniyası üzərində qurulur” məqaləsində
bölüşüb. AZƏRTAC məqaləni təqdim edir.
X X X
Münbit
torpağa düşən kiçik toxumdan qol-budaq ataraq
çətir əmələ gətirən, sonradan bol
çiçək açan tumurcuqlarla örtülən nəhəng
ağac böyüdüyü kimi, yeni dövlət də əbədiyaşar
təbiət qanunu əsasında eynilə bu cür
yaranır.
Mən Azərbaycan
Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya gəldim
və mavi Xəzərin sahilində yaranan bu yeni dövlətin
qazandığı uğurları böyük maraqla və həvəslə
müşahidə etdim. Bu dövlətin təməlini onun
banisi və qurucusu, əfsanəvi Heydər Əliyev qoyub. O,
sovet dövlətinin idarə olunmasında möhtəşəm
təcrübə toplamış güclü, bacarıqlı
siyasi xadim, təcrübəli aparat işçisi, diplomat və
xüsusi xidmət generalı idi. Haqsız təqiblərə
və təzyiqlərə məruz qalan, vəzifədən
uzaqlaşdırılan Heydər Əliyev faciəli bir məqamda
Bakıya qayıtdı: Azərbaycan doğulmağa macal
tapmamış ölürdü. Hakimiyyəti kommunistlərin əlindən
alan Xalq Cəbhəsi sərsəm islahatları, idarə etməyi
və döyüşməyi bacarmaması ilə ölkəyə
əzab verirdi. Qarabağda bir-birinin ardınca rayonları itirən
Azərbaycan çalxalanırdı, parçalanmaq həddində
idi. Azərbaycanda diletantlar, fırıldaqçılar və
sərsəmlər meydan oxuyurdular. Heydər Əliyev bu xaosu
aradan qaldırmalı oldu. Öz iradəsi, incə
strategiyası ilə sərsəm Xalq Cəbhəsini cilovlaya
bildi, ölkənin içərilərinə doğru irəliləməyə
can atan erməni qoşunlarının hücumunu
dayandırdı. Heydər Əliyev elə bir təməl
qoydu ki, onun üzərində yeni Azərbaycan dövləti
ucalmağa başladı.
Bu gün
Heydər Əliyevin bütün dünyəvi cizgilərini
qoruyub saxlayan obrazı rəvayət, əfsanə, mif xarakteri
kəsb edir, xalqın bütün tarixi yaddaşını,
onun gələcək haqqında arzularını özündə
cəmləyir. Bakıda inşa edilən Heydər Əliyev Mərkəzi
möhtəşəmdir. Bu, sadəcə memorial deyildir. Bu,
bir növ bakılıların Böyük Liderin xatirəsi
qarşısında baş əyməyə gəldikləri məbəd,
müqəddəs məkandır.
Heydər
Əliyev, onun ardınca oğlu İlham Əliyev
dağıdıcı xaosun qarşısını alaraq, hakimiyyət
strukturlarını möhkəmləndirərək ölkənin
mənəvi təməlini də inkişaf etdirməyə
başladılar. Şairlər, müğənnilər,
tarixçilər, filosoflar, din xadimləri - ölkənin mənəvi
dəyərlərini, onun dərin qaynaqlarını, gələcək
ümidlərini qoruyub saxlayan hər kəs xalqa ölkələrinin,
onun tarixi taleyinin bənzərsizliyindən danışır.
Onlar izah edirlər ki, nə üçün Allah bu xalqı
yaradıb, ona dəniz, dağlar, isti çöllər,
zümrüd meşələr kimi pay verib, bitib-tükənməyən
neft kimi sərvət, ulduzları daim sayrışan mavi səma
bəxş edib.
Mən
görkəmli musiqiçilərin və şairlərin məzarları
üzərinə çiçəklər qoyanda gənc
dövlətin onların istedadı ilə necə inkişaf
etdiyini hiss edirdim. Hər bir dövlətin öz qəhrəmanları
və şəhidləri, Vətən uğrunda canlarından
keçən igidlər panteonu var. Burada, Bakıda qəhrəmanlara
dərin ehtiram hissi hökm sürür. Sovet İttifaqı
dağılanda, gücdən düşmüş
qırmızı səltənət əzablar içində
çırpınanda sovet tankları Bakıya daxil oldu.
Bakı küçələri qana boyandı. Bu qan ölməkdə
olan sovet dövlətinin sonuncu qanı, əzablar içində
doğulan yeni ölkə uğrunda axıdılan ilk qan idi.
Mən
Şəhidlər xiyabanında məzarlar üzərinə
qızılgüllər düzəndə böyük kədər
hissi ilə o qorxulu anların qurbanlarının ruhunu
anırdım.
İnkişaf
etməkdə olan dövlətin pula ehtiyacı var idi. Bu pulları
neft verirdi. O neft ki, vaxtilə varlı Nobellərin əlləri
ona doğru uzanırdı. Faşistlərin tank karvanları
ona can atırdı. Qüdrətli sovet sənayesinin
motorlarını qidalandırırdı. İndi bu neft yeni
ölkənin sərvətinə çevrilib. Hakimiyyət
nefti özəl şirkətlərdən olan şəxslərə
paylamayıb. Neftdən əldə olunan dollarları göyə
sovurmayıb, onları hiyləgər işbazların sərvətinə
çevirməyib. Neft şirkətlərinin gəliri yeni
yolların, aeroportların və limanların
yaradılmasına, paytaxtın yenidən qurulmasına yönəldilib.
Tarixin nəfəsi
duyulan, valehedici Şərq həyat tərzi, qədim
küçələri, qalaları və karvansaraları olan
Bakı həmişə mavi dənizin sahilində gözəl
şəhər olub. İndi isə paytaxt gələcəyə
can atan yeni dövləti, onun ideyasını,
futurologiyasını, sürətli
sıçrayışını təcəssüm etdirir.
Dünyanın ən yaxşı memarları öz layihələri
ilə Bakıya gəlirlər. Şəhər fantastik
binaları, büllur qüllələri, işıqsaçan
göydələnləri ilə inkişaf edir. Gecələr
Bakı təyyarədən göy qurşağının
bütün rəngləri ilə alov saçan
çıraqbana bənzəyir. Gündüzlər yeni
prospektlərin və stadionların əhatəsində
müasir Bakını gələcəyin şəhərinə
çevirən bu gözəl tikililərin bir-birini əvəzləməsi
baş gicəlləndirir.
Dövlət
güc strukturlarını yaratdı. Xalq Cəbhəsi
dövründə Azərbaycanın ordusu olmayıb –
yaxşı təchiz edilmiş erməni hissələrinin zərbələrinə
davam gətirməyən pis silahlanmış, nizamsız
qruplaşmalar olub. İndi isə dövlət neft gəlirlərindən
istifadə edərək yeni ordu - ən müasir silahlarla təchiz
olunmuş, gözəl zabit korpusu olan nizami ordu yaradıb. Həmin
ordu ötən ilin yazında Dağlıq Qarabağ ətrafında
döyüşlər zamanı qələbə əzmini
nümayiş etdirib. Bu ordu ermənilərin ələ
keçirdikləri ərazilərin bir hissəsini
işğaldan azad edib. Hücum Moskvanın təkidi ilə
dayandırılıb.
Daxili
işlər orqanları baş alıb gedən qanunsuzluğa
son qoyub. Qısa müddətdə bütün qanuni
oğrular zərərsizləşdirilib, bütün cinayətkar
qruplaşmalar darmadağın edilib. Bu gün dövlətdə
vətəndaşların əmlakını əlindən
alan, maliyyə axınlarına nəzarət edən,
küçələrdə özbaşınalıq edən
quldurlar yoxdur. Gecələr Bakı küçələrinə
çıxın, gəzin, diskotekalarda rəqs edin, bolluğu
ilə insanları heyrətləndirən və sevindirən
saysız-hesabsız xudmani restoranlarda yemək yeyin. Səksəkə
içində ətrafa boylanmayın, arxadan zərbə
alacağınızdan qorxmayın. Burada nə qolu zorlular, nə
də qatillər var. Qadınlar qafqazlılara xas gözəl
simalarını, al dodaqlarını və parlayan gözlərini
çadra altında gizlətmirlər.
Bəs
yeni dövlətin daxili siyasətini necə qurmalı?
Bugünkü Azərbaycan cəmiyyətini təşkil edən
xalqların, mədəniyyətlərin və etiqadların
müxtəlifliyinin öhdəsindən necə gəlməli?
Ölkənin dövlətçilik ideyasının, Azərbaycan
arzusunun, Azərbaycan seçiminin bu müxtəlif dillər
arasında itib-batmaması üçün nə etməli?
Dəhşətli
dramatik hadisələr, nifrət və vətəndaş
müharibəsi törədən ukraynalılar Ukrayna dövlətini
bu ölkədə yaşayan başqa xalqları, onların
dillərini, əsasən də rusları boğmağa
çalışmaqla, rusofobiya, rus dilinə, rus təşkilatlarına
hücumlar etməklə, böyük slavyan
qardaşlığı, yaxın keçmişdəki sovet
tarixi ilə bağlı olan hər şeyi ukraynalının
yaddaşından silməklə yaradırlar. Azərbaycan lap əvvəldən
bu yolu rədd etdi. Burada yeni Azərbaycan sivilizasiyası Azərbaycanda
məskunlaşan bütün xalqların, mədəniyyətlərin,
dillərin və ənənələrin simfoniyası üzərində
qurulur. Hazırda burada çoxsaylı ruslar öz
övladlarını rus məktəblərində oxutdururlar.
Bakı həm də rus dilində danışır. Ruslara da
xüsusi qayğıkeş münasibət var. Rusiya ilə
siyasi, iqtisadi və mədəni tərəfdaşlıq
aparıcı rol oynayır. Prezident Heydər Əliyevin vəsiyyətinə
əməl edən yeni dövlətin bugünkü
ideologiyası qarşıdurma üzərində deyil, harmoniya
üzərində qurulur. Sovet keçmişi yeni postsovet
indisi ilə vəhdət təşkil edir, Böyük Qələbə,
böyük sovet tikintiləri barədə xatirələr
qayğı ilə qorunub saxlanılır.
İslam
dininə etiqad edən Azərbaycan dini ekstremizmi rədd edir.
Başqa ölkələri və əraziləri bitib tükənməyən
müharibə, nifrət ocaqlarına, qan çanağına
çevirən dini radikallar burada sığınacaq tapa bilməyiblər.
Azərbaycanın
xarici siyasəti də elə həmin harmoniya prinsipi üzərində
qurulub. Yeni dövlət qüdrətli sivilizasiyaların
qovuşduğu məkanda yaradılır. Türkiyə ilə
münasibətlər gözəldir. Bu münasibətlər
Ankara ilə Moskva arasında indi artıq yoluna qoyulmuş
şiddətli münaqişə günlərində Azərbaycanı
vasitəçiyə çevirib. İndi Rusiya Türkiyə
ilə birlikdə Yaxın Şərqdə sülhün
yaradılmasına çalışır.
Qədim
sivilizasiyaya malik İran müasir Azərbaycanın tərəfdaşıdır.
Azərbaycan yazıçıları, siyasətçiləri
və filosofları ilə Azərbaycan qəlbinin mahiyyəti,
hələ sonunadək ifadə olunmamış Azərbaycan
arzusunun məzmunu haqqında danışarkən tez-tez belə
bir fikir eşidirdim ki, Azərbaycanın rolu çoxsaylı
dövlət və xalqlar arasında harmoniya, maraqlar balansı
yaratmaq, münaqişə edən qüvvələr
arasında barışdırıcı qüvvə olmaq,
çoxsaylı xalqları mürəkkəb simfonik vəhdətə
gətirməkdir.
Bəs
Qarabağ, bəs müharibə? Bəs münaqişə xəttində
ardı-arası kəsilməyən atışmalar? Hələ
də Azərbaycan ailələrinə gələn qara
kağızlar? Onilliklər boyu uzanan bu müharibə ürəkləri
sərtləşdirir, qəlbləri nifrət və ədavətlə
doldurur. Bu müharibə bugünkü Azərbaycanın ən
böyük faciəsidir. Bu faciə Azərbaycan cəmiyyətini
daim gərgin vəziyyətdə saxlayır, onu daim səfərbər
edir, dövləti daim təkmilləşməyə sövq
edir.
Azərbaycanlılar
təbiət etibarilə müharibəyə deyil, ticarətə,
vuruşmağa deyil, dostluğa və barışığa
meyil göstərən sülhpərvər və şən
xalqdır. İndi isə yeni ölkədə avanqard
arxitekturanın əhatəsində, yeni tarixi və mədəni
vəzifələrin təsiri, daimi səfərbərliyin təzyiqi
altında çoxmillətli, yaradıcı, şüurunda
öz xalqının misilsizliyi ideyası olan, bəxtinə
parçalanmış sərsəm dünyaya harmoniya və həmrəylik
örnəyi nümayiş etdirmək kimi tarixi missiya düşmüş
yeni Azərbaycan milləti yaranır.
Mən dəniz
platformalarında neftçilərin necə
çalışdığını, şərabçıların
böyük çəlləkləri necə
doldurduqlarını, gənc şairlərin öz şeirlərini
necə həvəslə oxuduqlarını gördüm.
Şamaxı yaxınlığında molokan ruslarının,
əcdadlarımın yaşadığı İvanovka kəndində
yumrusifət, möhkəm və zəhmətkeş molokanlarla
bir süfrə arxasında oturdum. Onlar məni molokan əriştəsinə
qonaq etdilər, dini mahnılarla sevindirdilər.
İntellektuallar
Klubu Bakıda öz şöbəsini açmaq niyyətindədir.
Rus və Azərbaycan intellektuallarının münasibətləri
getdikcə daha da sıxlaşır. Azərbaycan siyasətində
Rusiya istiqaməti strateji istiqamətə çevrilir. Mən
Prezident İlham Əliyevlə və onun xanımı, ölkənin
Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə uzunsürən
söhbətimdə bu barədə danışdım.
İndi Moskvada biz rusların işləri,
uğurlarımız və uğursuzluqlarımız
arasında, Rusiya dövlətinin qorunub saxlanılması və
inkişaf etdirilməsi üzrə əsrlər boyu davam edən
işlərimiz arasında bilirəm ki, Qafqazda Rusiyanın
dostu var və mən şərab dolu qədəhimi gənc Azərbaycan
dövlətinin sağlığına qaldırmaq
üçün mavi Xəzərin sahilinə qayıtmaq
arzusundayam.
Yeni Azərbaycan.-
2017.- 4 iyul.- S.5.