Multikultural mühitdə “doğma” və “özgə” anlayışı

Beynəlxalq aləmdə və ölkə içində cəmiyyət daxilində qloballaşma proseslərinin təsiri altında baş verən transformasiyalar müasir dövrümüzün ən mühüm çağırışlarındandır. Qloballaşma universal dəyərlər, multikultural mühit, fərqliliklərə dözümlü yanaşma, proses və hadisələrin astronomik sürəti ilə səciyyələnir. Bu baxımdan qlobal müstəvidə yeni dünya nizamında da qeyd etdiyimiz məqamlar öz əksini tapmaya bilməz.

Liberal dünya quruluşu tərəfdarları bütün dünyada universal dəyərlərin, həm də yalnız Qərbin qəbul etdiyi vahid universal dəyərlərin cəmiyyətin və beynəlxalq münasibətlər sisteminin əsasında dayanmalı olduğunu təbliğ edirlər. Əslində yalnız Qərbin qəbul etdiyi dəyərlərin universal adlandırılmasının özü-özlüyündə ümumbəşəri xarakter daşıya bilməsi və bütün dünyaya aid edilməsi doğru yanaşma deyil. Necə ola bilər ki, 1 milyarddan çox əhalinin qəbul etdiyi ailə kodeksi və ya hər hansı bir başqa dəyər Qərbin yanaşmasında Çinə məxsus stereotip kimi qəbul edilir. Eləcə də Hind sivilizasiyasının, Türk dünyasının, İslam aləminin dəyərlərinin Qərbdə sadəcə onların özlərinə aid deyil, özgə olduğuna görə qəbuledilməzliyi həm qlobal miqyasda dünya nizamına, həm də hər bir cəmiyyətin öz daxilində yeni təhdid və çağırışların yaranmasına gətirib çıxarır. Sivilizasiyaların toqquşması, fərqliliklərə dözümsüzlük, ikili standartlar, müxtəlif dini, irqi, etnik fobiyalar və bütün bunların təsiri altında ədalət axtarışı adı altında radikal dini və ultramilliyyətçi meyillərin yaranmasının kökünü bu yanaşmada axtarmaq lazımdır.

Sovetlər İttifaqının və sosialist düşərgəsinin çöküşündən sonra beynəlxalq münasibətlər sisteminin yeni arxitekturası yaradılarkən lider dövlətlər dünyanı “özününkü’’ və “özgələrə’’, “biz’’ və “siz’’lərə böldülər. Yeni arxitekturada isə özgələrin nə dəyərlərinə, nə də hüquqlarına yer verilmədi. Birqütblü dünya modeli yaratmağa çalışarkən Qərb dünyanın bütün ölkələrini maraqlandıra biləcək alternativ yanaşma təklif etmədi. Dünya nizamının yalnız Qərb dəyərlərinə əsaslanması qlobal müstəvidə sabit beynəlxalq münasibətlərə başlıca maneə oldu, bəşəriyyət üçün təhlükəli təhdid və çağırışlar ortaya çıxdı və nəticədə liberal dünyanın süqutu haqqında danışılmağa başlandı.

Günümüzdə baş verən hadisələr bir daha təsdiq edir ki, yeni dünya nizamı qurmaq üçün köhnə dünya nizamının dərslərindən nəticə çıxarmaq və beynəlxalq münasibətlər sisteminin bütün üzvlərini təmin etməli olan əsas prinsipləri müəyyənləşdirmək lazım idi. Lakin təəssüf ki, yeni düzən təkbaşına, beynəlxalq birliyin digər üzvlərinin rəyini, beynəlxalq münasibətlərin mövcud vəziyyətini nəzərə almadan formalaşdırılmağa başlandı. Müasir dövrdə liberal dünya nizamının əsas ideoloqlarından olan Robert Kagan üçüncü minillikdə mövcud dünya nizamına ən əsas təhdidlər sırasında milliyyətçiliyin artması, kapitalist sisteminə, demokratiyaya inamın itirilməsi ilə yanaşı, bütün cəmiyyətlərin daxilində “özgə’’lərin fərqləndirilməsinin artmasını da göstərir. Yəni Qərb dünyasının ideoloqları da cəmiyyətlərin “doğma’’ və “özgələrə’’, “biz’’ və “siz’’lərə bölünməsini, qütbləşməsini son nəticədə dünya nizamının yerini tuta bilməməsinin əsas səbəblərindən biri hesab edirlər. Lakin eyni zamanda bu bölünmənin, qütbləşmənin qarşısını almaq üçün beynəlxalq birliyin bütün üzvlərinin dəyər və hüquqlarına hörmət etmək və qəbul etmək əvəzinə liberal hesab etdikləri dəyərləri bütün dünyaya vahid qəlibdə qəbul etdirməyə çalışmaqda davam edirlər. Bu cür yanaşma isə ümumbəşəri ola biləcək dəyərin, modelin və ya sistemin mövcudluğunu və gələcəyini şübhə altına qoyur.

Qeyd etdiyimiz məqamlar multikultural mühitin və onun yayılma arealının çərçivəsini daraldır, cəmiyyətin doğma və özgələrə bölünməsini şərtləndirir. Yeni minillikdə baş verən hadisələr göstərir ki, yalnız Qərb dəyərlərinə əsaslanan universal dəyərlərin qəbul etdirilməsi cəhdi dünyada böyük müqavimətlə qarşılanır və belə olan halda multikultural mühitin ümumbəşəri deyil, yalnız lokal və ya regional xarakter daşıya bilməsi özünü doğruldur. Buna görə də multikultural dəyərlərin universallığından danışmaq ehtiyatlı yanaşma tələb edir. Daha doğrusu, multikultural mühitin qlobal yayılma arealını əhatə edə bilməsi mümkünsüz görünür. Məlum faktdır ki, multikultural mühitin mövcudluğu üçün müxtəlif fərqliliklərə tolerant yanaşma başlıca şərtdir. Özününkü olmayanlara münasibətdə tolerant yanaşmanın qlobal müstəvidə bərqərar olması isə müasir dövrdə baş verən hadisələrin işığında real görünmür. Əksinə irqi, dini, etnik fobiya və seqreqasiyalar cəmiyyətlərin daxilində və daha böyük mənada dünya nizamında qütbləşməni və qruplaşmanı şərtləndirir.

Qloballaşma proseslərinin təsiri altında ölkələrarası miqrasiyanın intensiv xarakter daşıması və miqrant axınının daha çox zəngin ölkələrə doğru yönəlməsi isə ilk növbədə Qərbdə multikultural mühitin dayaqlarına zərbə vurur. Qərb ölkələrinin ucuz işçi qüvvəsini mexaniki olaraq qəbul etməsi və yeni gələnlərin vahid, heç bir milli-mədəni-dini xüsusiyyətlərini nəzərə almayan universal dəyərləri qəbul etməsi üzərində qurulan yanaşma özünü doğrultmur. Bu yanaşma əmək miqrantlarının Qərb mühitinə uyğunlaşdırılmasından çox təcrid olunmasına yönəlmişdir. Avropada yeni sakinlərə sanki “istismar müddəti’’ başa çatdıqdan sonra geri qayıtmalı olan miqrantlar kimi baxılırdı. “Qoca qitə” sakinlərinin əksər qonşularının müsəlman olması ilk növbədə dini dözümlülük yanaşmasını ortaya çıxarır.

Din məsələsində isə tarixən Qərb sivilizasiyasının xristianlıqdan başqa digər dini daşıyıcıları özününkü qəbul etməsinə rast gəlinməmişdir. Qərbdə hətta musəviliyin də “özgə’’ hesab edilməsi nəticəsində yəhudilərə qarşı soyqırımı və antisemitizm meyillərinə tarix şahidlik etmişdir. İslam dininə qarşı isə Qərbdə tarixən formalaşmış yanaşma tarixi zaman kəsiyində dəyişməmişdir. Türkiyəli alim İbrahim Kalın Qərb-İslam münasibətlərində bu ziddiyyətlərin əsasında dayanan səbəbləri 3 mühüm faktorla əlaqələndirir. Onun fikrincə, “Xristian dünyası İslamı ilk əvvəl dini-teolojik bir meydan oxuma, sonra siyasi meydan oxuma və ən nəhayət mədəni təhdid olaraq qiymətləndirdi’’. Yəni Qərb İslamı öz dəyərlərinə dini-siyasi-mədəni təhdid olaraq gördüyündən münasibətlərdə harmoniya çətin görünür.

Halbuki Avropa müsəlman hakimiyyəti və islam dininin təsiri altında dinc birgəyaşayışın mümkünlüyünə tarixdə rast gəlinmişdir. Belə ki, VIII əsrin əvvəllərində Əməvilərin İspaniyanı ələ keçirməsindən 1492-ci ildə yəhudilərin İberiya yarımadasından qovulmasınadək olan dövrü buna misal çəkmək olar. Tarixdə “Convivencia’’ adlanan həmin dövrdə İspaniyada Kordova xilafətində müsəlman, xristian və yəhudilər sülh şəraitində yanaşı yaşamışlar. Bu “Qoca qitə’’də çox nadir nümunələrdəndir ki, siyasi iradə olduğu halda din amilinin cəmiyyəti doğma və özgələrə ayırmadığına rast gəlinmişdir.

Beləliklə, tarixi faktorlarla yanaşı, iqtisadi və sosial rifah fərqi nəticəsində kasıb müsəlman ölkələrindən zəngin Avropaya miqrasiya axını Qərb cəmiyyətinin “doğma’’ və “özgə’’lərə bölünməsini daha da kəskinləşdirmişdir. Yeni minillikdə dünyada iqtisadi böhranın təsiri ilə Avropanın aparıcı ölkələrinin rəhbərləri multikulturalizmin böhran yaşaması ilə bağlı fikirlər bildirdilər və Qərblə eyni dəyərləri, xüsusilə də dini dəyərləri bölüşməyənləri Avropada istəmədiklərini açıq elan etdilər. Bu isə Qərbdə multikultural mühitin tənəzzül yaşadığını və hətta öz regional arealında belə dözümsüzlüklə müşahidə olunmasının göstəricisidir. Bu mənada hazırda Avropa ölkələrinin əhali strukturunda miqrantların nisbətinin 10-30% olduğunu nəzərə aldıqda Avropada multikultural mühitin yeknəsaq olmadığı ortaya çıxır və onun əhatə dairəsinin sərhədlərini müəyyənləşdirmək çətin görünür.

Qeyd etməliyik ki, artıq Qərbdə də “özününkü olmayanların inkar edilməsinə’’ yönəlmiş yanaşmanın özünü doğrultmadığını səsləndirirlər. Belə ki, biz keçən onillikdə əksər Avropa ölkələrinin liderlərinin yalnız Qərb dəyərlərinə əsaslanan həyat tərzini model kimi qəbul etməsinin və bunun əksini multikulturalizmin böhranı kimi qiymətləndirməsinin artıq şahidi olmuşuq. Qlobal miqyasda baş verən hadisələr göstərir ki, bu cür yanaşma özünü doğrultmadı. Belə yanaşma xüsusilə də dini zəmində ciddi qarşıdurma və ziddiyyətlərə yol açır. Bu mənada artıq Qərbin aparıcı dövləti ABŞ Prezidentinin səsləndirdiyi fikirlər yeni yanaşmanın təzahürüdür. 2017-ci ilin may ayının 21-də Ər-Riyadda keçirilmiş Ərəb-İslam-Amerika sammitində Prezident Donald Tramp bildirdi ki, “mən inauqurasiya müraciətimdə Amerika xalqına söz vermişəm ki, Amerika bizim həyat tərzimizi başqalarına qəbul etdirməyə çalışmayacaq’’. Bu, artıq yalnız bir mədəniyyətə söykənən dəyərlərin qlobal miqyasda zorla qəbul etdirilməsinə yönəlmiş yanaşmanın özünü doğrultmadığının bariz nümunəsidir. Bu mənada Avropa ölkələrinin liderlərinin iddia etdikləri kimi, multikulturalizm iflasa uğramayıb, sadəcə Qərbin “öz’’ dəyərlərinin “özgələrə’’ zorla qəbul etdirməsinə əsaslanan yanaşması iflasa uğrayıb.

Multikulturalizmin iflası ilə bağlı Qərbdə səslənən bəyanatların yalnız siyasi məqsədlərə xidmət etdiyini bildirmək lazımdır. Qərbdə siyasi liderlərin, akademik dairələrin multikulturalizmin iflasa uğraması ilə bağlı iddialarını bütün dünyaya şamil etmək doğru deyil. Birincisi, Avropada yalnız Qərb dəyərlərinin dominantlığına əsaslanan yeknəsəq mozaik quruluşun çoxmədəniyyətlilik adlandırılması əvvəlcədən süquta məhkum idi. Ona görə bu mozaik quruluşun iflası heç də multikulturalizmin iflası deyil. İkincisi, çoxmədəniyyətliliyin formalaşmasında “ilkin” və “sonrakı’’ müxtəlifliyin cəmiyyətə təsiri nəzərə alınmalıdır. Müşahidələr göstərir ki, “ilkin müxtəliflik” çərçivəsində belə hətta uzun əsrlər boyu davam edən birgəyaşayış heç də hər yerdə çoxmədəniyyətliliyə çevrilə bilmir. Bu ilk növbədə fərqli milli və ya dini identikliklərin yaşam tərzlərindən asılı olaraq dəyişir.

Buna görə də birgəyaşayışa çoxmədəniyyətliliyi formalaşdıran əsas faktor kimi baxılması doğru deyil və “sonrakı müxtəliflik’’ çərçivəsində Avropanın timsalında bu tezisin özünü doğrultmadığına şahidlik edirik. Yəni Avropada miqrant axını nəticəsində artıq yerli əhaliyə çevrilmiş müsəlmanların yalnız klassik Qərb dəyərləri əsasında multikulturalizm ideologiyası altında birləşdirilməsi mümkünsüz görünür. Yalnız Qərbsayağı multikultural dəyərlərin iflası ümumilikdə multikulturalizmin böhran yaşamı anlamına gəlməməlidir. Fərq multikulturalizmə siyasi alət, yoxsa həyat tərzi olaraq baxılmasındadır. Multikulturalizmi həyat tərzi olaraq qəbul edən Azərbaycan kimi ölkələrdə multikultural mühitin yalnız çiçəklənməsindən və davamlılığından danışmaq olar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, “Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik’’.

 

Beləliklə, müasir dövrün ən mühüm çağırışlarından biri beynəlxalq müstəvidə və cəmiyyət daxili münasibətlərdə doğma və özgələrə bölgüyə əsaslanan yanaşmanın mövcudluğudur. Çox təəssüf ki, bu cür yanaşma özünü ilk növbədə dini müstəvidə göstərir. Bu həm İslam-Xristian kontekstində, həm də İslam daxilində şiə-sünni, Xristianlıqda katolik-protestant və ya pravoslav münasibətlərində özünü göstərir. Dini kimlik milli kimliyin üzərində olduğundan hətta eyni etnik soykök daşıyıcıları arasında belə “doğma’’ və “özgə’’ yanaşmasına rast gəlinir. Müasir dövrdə Balkan ölkələrində, eləcə də ərəb ölkələrində bununla əlaqədar baş verən hadisələrə də bu prizmadan yanaşmaq lazımdır.

Multikultural mühitin formalaşmasında cəmiyyətin özününkü və özgələrə bölünməsi həlledici rol oynayır. Bu baxımdan Azərbaycan daxildə bütün fərqli dəyər daşıyıcılarını azərbaycançılıq fəlsəfəsi ətrafında birləşərək çoxmədəniyyətli ölkə nümunəsi yarada bilmişdir. Azərbaycanda tarixən müxtəlif dinlərin və mədəniyyətlərin daşıyıcıları birgə yaşamışlar və bu, Azərbaycan cəmiyyətinin zənginliyinə səbəb olmuşdur. Azərbaycan  xristianların da, yəhudilərin də uzun əsrlərdir birgə yaşadığı müsəlman ölkəsidir. Eyni zamanda İslam aləmində müxtəlif məzhəblərin qarşılıqlı hörmət şəraitində, dinc, yanaşı yaşadığı məkandır Azərbaycan. Bakıda “Heydər məscidi’’ndə İslam dininin müxtəlif cərəyanlarının təmsilçilərinin bir yerdə vəhdət namazı qılması Azərbaycandan İslam dünyasına göndərilən ən güclü həmrəylik mesajıdır. Fərqli dəyər daşıyıcılarının qarşılıqlı hörmət əsasında birgəyaşayışına əsaslanan multikulturalizm ölkəmizdə həyat tərzi kimi qəbul olunur. Azərbaycanda birgəyaşayış fəlsəfəsi fərqliliklərin uğurlu tandeminə əsaslanır.

 

Ərəstü Həbibbəyli.

Yeni Azərbaycan.- 2017.- 4 iyul.- S.5.