Regionlarda taxıl
biçininin optimal müddətdə başa
çatdırılması təmin ediləcək
Azərbaycanda da eyni sahələrdə bir ildə
ikinci dəfə taxıl əkilməsi təcrübəsindən
istifadə olunacaq
Bu günlərdə respublikanın
regionlarında taxıl zəmilərində sübh tezdən
şər qarışanadək qızğın iş ahəngi
yaşanır. Fermerlər becərdikləri bol məhsulu sahələrdən
itkisiz və vaxtında yığıb anbarlara tədarük
etmək üçün maksimum səylə
çalışır və əllərindən gələn
hər şeyi edirlər. Dövlət Statistika
Komitəsinin məlumatına əsasən, cari ildə ölkədə
435,7 min hektar sahədə yazlıq bitkilərin əkini həyata
keçirilib ki, bunun da 32515,6 hektarını dənli və dənli
paxlalılar (qarğıdalısız), o cümlədən
1935,2 hektarını buğda zəmiləri təşkil
edir. Müqayisə üçün bildirək ki, 2016-cı
ildə respublika üzrə cəmi 1147,4 hektar sahədə
buğda becərilmişdi.
Taxılçılıqda məhsuldarlığın
yüksəldilməsi əsas şərtlərdən biridir
Hazırda bütün dünyada əhalinin ərzaq
məhsulları ilə tələbatının ödənilməsi
ilə bağlı çağırışların
aktuallığının artması fonunda aqrar sektor əsasən
intensiv metodlarla inkişaf etdirilir. Müasirləşməni
strateji hədəf kimi qarşıya qoyan Azərbaycan da
ölkədə kənd təsərrüfatının
istehsal və ixrac imkanlarının artırılmasına, o
cümlədən də taxılçılığın
inkişafına yeni yanaşmalar əsasında nail olmağa
çalışır. İqtisadiyyat naziri Şahin Mustafayevin Prezident İlham Əliyevin Sədrliyi
ilə Yevlaxda keçirilən qeyri-neft
ixracatçılarının respublika müşavirəsində
verdiyi məlumata əsasən, hazırda 24 rayon üzrə
142,5 min hektar ərazidə 32 aqroparkın, o cümlədən
12 heyvandarlıq kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının
yaradılması istiqamətində işlər intensiv
şəkildə davam etdirilir ki, bu və ya digər tədbirlərin
nəticəsində də aqrar sektorun potensialı daha da
genişlənəcək.
Öz növbəsində strateji əhəmiyyətli
ərzaq məhsulu olan taxıl istehsalının
artırılmasında da yeni yanaşmalardan istifadə edilir.
Məlumdur ki, Prezident İlham Əliyev ölkəmizdə
taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsinin
hazırkı 65 faizdən yaxın perspektivdə 100 faizə
çatdırılması ilə bağlı tapşırıq
verib. Qarşıya qoyulan hədəfə çatmaq
üçün son illərdə bölgələrdə
taxılçılıq üzrə iri fermer təsərrüfatlarının
yaradılması geniş vüsət alıb. Mütəxəssislərin
qənaətinə görə, taxılçılıqda məhsuldarlığı
artırmaq üçün mühüm vasitələrdən
biri də məhz iri fermer təsərrüfatlarının
yaradılmasıdır. Artıq ölkənin
20 rayonunda 44 min hektaradək ərazidə 22 sahibkar tərəfindən
müasir suvarma sistemlərinin və innovativ texnologiyaların
tətbiqinə əsaslanan 32 iri fermer təsərrüfatı
yaradılıb. Ölkənin müxtəlif bölgələrində
Dövlət Torpaq Fondunun hesabına iri fermer təsərrüfatlarının
yaradılmasına Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq bir neçə il
bundan qabaq start verilib. Belə təsərrüfatların
yaradılması respublikamızda kənd təsərrüfatı
məhsulları istehsalının artırılmasını
stimullaşdırmaq və əhalinin ərzaq təminatını
yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi
daşıyır. Ağcabədi, Beyləqan,
Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad,
Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda
yaradılan iri fermer təsərrüfatlarında məhsuldarlıq
hər hektardan 58-60 sentner təşkil edir ki, bu da kifayət qədər
yüksək göstəricidir.
Bölgələrdə zəmilərdən
taxıl itkisiz yığılır
Zəmilərdən taxıl biçini
dövründə fermerlərin diqqət mərkəzində
saxladıqları əsas məsələlərdən biri məhsulun
mümkün qədər qısa müddətdə və
itkisiz yığılmasıdır. Kənd təsərrüfatı
naziri Heydər Əsədov bildirib ki, taxılbiçən
kombaynların dislokasiya planı dəqiqliklə
hazırlanıb: “Əvvəlcə biçin prosesi aran
rayonlarında həyata keçirilir. Texnikalar kifayət qədərdir.
Biçin optimal müddətdə başa
çatdırılacaq”.
Verilən operativ məlumatlara əsasən,
ayrı-ayrı rayonlar üzrə taxıl biçini daha
intensiv şəkildə davam etdirilir. Şəki Rayon İcra
Hakimiyyətindən bildirilib ki, respublikamızın ən iri
taxılçılıq rayonlarından olan Şəkidə
cari mövsümdə 66 min hektardan çox sahənin məhsulunun
biçilməsi nəzərdə tutulur. Hazırda
rayonun təsərrüfatlarında taxıl biçini sürətlə
davam etdirilir. Bu günədək 35 min hektardan çox zəminin
məhsulu biçilib, 77 min 200 ton taxıl istehsal olunub. Hər
hektardan orta məhsuldarlıq 21,9 sentner təşkil edir. Tədarük
olunan taxılın 42 min 236 tonu buğda, 34 min 961 tonu
arpadır.
Hələlik zəmilərdə məhsul
boldur. Şəkili fermerlər qalan məhsulun da sahələrdən
tez və itkisiz toplanması üçün bütün
qüvvələri səfərbər ediblər.
İsmayıllı rayonunda da taxıl
biçini kampaniyası sürətlə davam etdirilir.
İndiyədək 3393 hektar sahənin məhsulu
yığılıb. Rayon Kənd Təsərrüfatı
İdarəsindən bildirilib ki, cari mövsümdə 28191
hektarda taxıl yetişdirilib. Hər gün zəmilərə
50-dən çox kombayn çıxarılır. Fermerlər
bu mühüm strateji məhsulun tez və itkisiz
yığılması üçün bütün qüvvələri
səfərbər ediblər. Hələlik arpa zəmilərinin
1808 hektarı, buğda zəmilərinin isə 1585 hektarı
biçilib. Hər hektardan orta məhsuldarlıq 36,1 sentnerdir.
Mütəxəssislər bu il rayonda taxıl sahələrindən
100 min tondan çox məhsul götürüləcəyini
bildirirlər.
Tovuz rayonunda taxıl istehsalçıları
indiyədək 440 hektar sahədə biçin həyata
keçiriblər. Biçin aparılan zəmilərin 420
hektarı arpa, 20 hektarı isə buğda sahələridir.
Arpa sahələrində məhsuldarlıq 26,5 sentner, buğda
sahələrində isə 32,5 sentner təşkil edir.
Ümumiyyətlə, tovuzlu fermerlər cari
mövsümdə 20 min 376 hektar sahədə taxıl əkiblər.
Taxıl əkilən sahələrin 19526 hektarı buğda,
850 hektarı isə arpadır.
Qobustan rayonunda bu ilin məhsulu
üçün 26 min 500 hektarda taxıl yetişdirilib və
hazırda biçin kampaniyası sürətlə davam
etdirilir.
Rayon Kənd Təsərrüfatı İdarəsindən
bildirilib ki, zəmilərə hər gün 24 kombayn
çıxarılır. Artıq 1250 hektar arpa, 300 hektar
buğda sahəsi biçilib. Hələlik dəmyə şəraitində
hər hektardan orta məhsuldarlıq 20 sentnerdir. Bir sıra iri
taxılçılıq təsərrüfatlarında, o
cümlədən Ərəbqədim, Cəm-Cəmli, Dərəkənd,
Yekəxana kənd ərazi vahidlərində hər hektardan
22-23 sentner məhsul götürülür. Cari mövsümdə
rayonda 55 min tondan çox taxıl istehsal ediləcəyi
gözlənilir.
Bəzi rayonlarda taxıl biçini uğurla
başa çatıb
Artıq bəzi rayonlarda fermerlər taxıl
biçininin uğurla başa çatmasının sevincini
yaşayırlar. Taxıl biçininə erkən başlayan
və məhsul yığımı kampaniyasını
qısa müddətdə uğurla başa çatdıran
rayonlardan biri də Göyçaydır. Rayon kənd təsərrüfatı
idarəsindən bildiriblər ki, fermerlər və torpaq
mülkiyyətçiləri bu il taxıl sahələrindən
bol məhsul götürüblər.
Cari ildə rayonun fermerləri 14 min 617 hektar sahədə
taxıl becəriblər. Bunun 7543 hektarını buğda,
7074 hektarını arpa təşkil edir. Mayın 25-də kəndlərdə
taxıl biçininə start verilib və iyulun 5-dək rayonda
41 min 220 ton məhsul toplanılıb. Rayonda taxıl sahələrinin
hər hektarında məhsuldarlıq orta hesabla 28,2 sentner olub.
Hər gün taxıl biçini üçün sahələrə
Göyçay və ətraf rayonlardan 43 müxtəlif
markalı kombayn və yük maşını cəlb olunub.
Rayonda kombayn çatışmazlığı problemi
yaşanmayıb, fermerlərin məhsulu vaxtında biçilərək
onlara təhvil verilib.
Bu günlərdə Salyanda arpa biçini
başa çatıb. Biçinə mütəşəkkil
başlayan taxıl istehsalçıları qısa müddətdə
12 min 835 hektar arpa zəmisinin məhsulunu yığıblar.
Sahələrdən 36 min 907 ton məhsul
götürülüb. Hər hektarın məhsuldarlığı
29,5 sentnerə çatıb ki, bu da ötən ildəkindən
2 sentner çoxdur.
Rayon Kənd Təsərrüfatı İdarəsinin
məlumatına əsasən, hazırda buğda sahələrinin
məhsulu yığılır. Artıq 9 min 743 hektar
buğda zəmisinin 5 min hektarının məhsulu
toplanılıb. Biçin aparılmış sahələrdən
18 min 323 ton məhsul götürülüb. Hər
hektarın məhsuldarlığı 34 sentnerə
çatır.
Qeyd edək ki, ötən il salyanlı fermerlər
taxıl sahələrindən 63 min ton məhsul
yığıblar. Mütəxəssislərin fikrincə, bu
il sahələrdən 70 min tona yaxın məhsul
götürüləcəyi gözlənilir.
Bərdəli fermerlər də rayonda
biçinin gedişindən razılıqlarını bildirirlər.
Artıq rayonda arpa biçini başa çatıb. Verilən
məlumata əsasən, zəmilərdən 9 min 68 ton məhsul
əldə edilib. Hər hektarın məhsuldarlığı
orta hesabla 32,7 sentner olub.
Rayonda buğda biçini də uğurla davam
edir. Belə ki, bu günədək 8651 hektarda biçin
aparılıb, 34 min 517 ton məhsul tədarük edilib.
Buğda zəmilərinin məhsuldarlığı hər
hektardan orta hesabla 39,9 sentnerdir.
Qeyd edək ki, cari ilin məhsulu
üçün Bərdə rayonunda 13 min 959 hektarda taxıl,
o cümlədən 11 min 183 hektarda buğda, 2776 hektarda arpa
becərilib.
Məlumdur ki, Azərbaycanın əkinə
yararlı torpaq fondu məhduddur. Buna görə də
mövcud torpaq fondundan səmərəli istifadə edilməsi
böyük aktuallıq daşıyır. Yeni yanaşmalar əsasında
mövcud torpaqlarda daha böyük həcmlərdə məhsul
istehsalına nail olmaq mümkündür. Mütəxəssislərin
qənaətinə görə, respublikanın taxıl
istehlakını qarşılamaq üçün ölkə
üzrə əkin sahəsini 700-800 min hektar ətrafında
saxlamaqla məhsuldarlığı hektardan 4-4,5 tona
çatdırmaq kifayətdir.
Taxıl istehsalının artırılması
üçün optimal variantlardan biri də il ərzində
eyni sahədə iki dəfə məhsul yetişdirilməsidir.
Respublikamızın bölgələrində cari ildən
başlayaraq bu təcrübədən istifadə ediləcək.
Belə ki, cari taxıl biçini başa çatdıqdan
sonra eyni sahələrdə ikinci dəfə əkin həyata
keçirilməsi qərara alınıb. Bu barədə bir
neçə gün bundan əvvəl Yevlaxda taxıl
biçini ilə tanış olan kənd təsərrüfatı
naziri Heydər Əsədov məlumat verib. H.Əsədov
bildirib ki, bu, fermerlər üçün olduqca əlverişlidir.
Onlar bir ildə həm iki dəfə məhsul əldə etmək
imkanı qazanırlar, həm də dövlətdən iki dəfə
subsidiya alacaq
Mübariz
Abdullayev
Yeni Azərbaycan.-
2017.- 7 iyul.- S.7.