Azərbaycanda böyük
sosial layihələr həyata keçirilir
Bu layihələrin
reallaşdırılması nəticəsində cənub
bölgəsinin ayrı-ayrı rayonlarında da tikinti-quruculuq
işləri geniş vüsət alıb
Hazırda dünyanın əksər ölkələrində
böhran yaşandığı halda, Azərbaycanda
aparılan tikinti-quruculuq, abadlıq işləri davamlı xarakter
daşıyır. Məhz bu işlər nəticəsində
ölkəmiz hərtərəfli şəkildə inkişaf
edib. Prezident İlham Əliyevin diqqət və
qayğısı nəticəsində əldə edilən bu
inkişafdan ölkəmizin cənub bölgəsinə, o
cümlədən Astara rayonuna da pay düşüb. Dövlət
başçısının diqqətindən söz
düşmüşkən, məlumat üçün bildirək
ki, son 5 ildə Prezident İlham Əliyev tərəfindən
Astara rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı 8
Sərəncam imzalanıb. Bu sərəncamlarla ayrılan vəsait
hesabına rayonun şəhər, qəsəbə və kəndlərində
tikinti-quruculuq, abadlıq işləri geniş vüsət
alıb, minlərlə yeni iş yeri açılıb.
Bir sözlə, son illər Astara rayonunun mənzərəsi
tamamilə yenilənib, əhalinin yaşayış səviyyəsi
yüksəlib. Astara şəhərindəki
Heydər Əliyev Parkı, prospekt və küçələr
yenidən qurularaq müasir işıqlandırma sistemi ilə
təmin edilib, çoxmərtəbəli ictimai
yaşayış binalarının dam örtükləri dəyişdirilib,
mərkəzi xəstəxana əsaslı təmir edilərək
ən müasir inventar və avadanlıqlarla təchiz
olunub. İnsanların asudə vaxtının səmərəli
keçməsi, mənalı istirahəti üçün Xəzər
dənizi sahilində park-bulvar kompleksi salınıb.
Hazırda bu ərazi genişləndirilir, şəhərə
içməli su xətti çəkilir.
Həmçinin Ərçivan qəsəbəsində
Boks Mərkəzi inşa edilib.
Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə
və Siyaku-Rinə, Deqədi-Pəlikəş yolu
asfaltlaşdırılıb, Taxtanakəran-Miki, Taxtanakəran-Toradi
yolunun yenidən qurulması davam etdirilir. Rayon ərazisində,
ümumilikdə, 100 kilometrdən çox avtomobil yolu
asfaltlaşdırılıb, Şiyəkəran, Şəmətük,
Siyaku və Pəlikəş kəndlərində 8 avtomobil
körpüsü salınıb.
Son illər rayonda 40-dan çox məktəb
binası tikilib və ya əsaslı şəkildə yenidən
qurulub, Kijəbə qəsəbə və Pensər kənd
sahə xəstəxanaları təmir edilib, Pəlikəş
sahə xəstəxanası üçün yeni bina inşa
olunub. Rayonun 37 yaşayış məntəqəsi tam
qazlaşdırılıb.
Pəlikəş kəndində
sahə xəstəxanası üçün inşa
edilmiş yeni binadan söz düşmüşkən, bildirək
ki, Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən
maliyyələşdirilən, Kənd Təsərrüfatı
Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri
üzrə Dövlət Agentliyi tərəfindən
həyata keçirilən Azərbaycan Kənd İnvestisiya
Layihəsi (“AzKİL-2”) çərçivəsində
tikilmiş birmərtəbəli, 15 çarpayılıq kənd
sahə xəstəxanasında xəstələrin müayinəsi
və müalicəsi üçün hər cür şərait
yaradılıb.
1972-ci ildə inşa edilmiş
uyğunlaşdırılmış binada yerləşən kənd
sahə xəstəxanasının yerində inşa
edilmiş yeni səhiyyə müəssisəsinin xidmətindən
ərazidə yaşayan 7000 nəfər əhali yararlanacaq.
Kənd sahə xəstəxanasının
yeni binasının istifadəyə verilməsi münasibətilə
keçirilən mərasimdə Astara rayon İcra Hakimiyyətinin
başçısı Qəzənfər Ağayev, Dünya
Bankının Azərbaycan üzrə direktoru Navid Hasan Naqvin,
“AzKİL-2” üzrə TASK meneceri Satoşi İşihava,
“AzKİL-2”nin direktoru Sübhan Əsgərov və
başqaları iştirak ediblər.
Astara rayon İcra Hakimiyyətinin
başçısı Qəzənfər Ağayev
çıxışında qeyd edib ki, görülən
işlər dövlət başçısının diqqət
və qayğısının nəticəsidir. Onun sözlərinə görə, yüksək
dağlıq ərazidə yerləşən Pəlikəş
kəndinin yolları bərbad olduğu üçün əhali
böyük əziyyət çəkirdi. İndiyədək
normal yolu olmayan bu kəndə Prezident İlham Əliyevin Sərəncamı
ilə ayrılmış vəsait hesabına yüksək səviyyəli
avtomobil yolu salınıb. On iki min nəfər əhaliyə
xidmət edən 21 kilometr uzunluğunda olan Deqədi-Pəlikəş
avtomobil yolunun asfaltlaşdırılması və yolun
açılışında dövlətimizin
başçısının iştirak etməsi əhali tərəfindən
böyük razılıqla qarşılanıb.
Ərazidə yeni məktəb
binalarının tikilib istifadəyə verildiyini,
körpülərin salındığını, elektrik təsərrüfatının
yeniləndiyini vurğulayan Q.Ağayev görülən
işlərin əhalinin güzəranının
yaxşılaşdırılmasına, firavan yaşamasına
xidmət etdiyini diqqətə çatdırıb.
Bildirilib ki, Azərbaycan
Prezidentinin iyunun 8-də “Astara şəhərində dənizkənarı
park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında” imzaladığı
Sərəncam da dövlətimizin
başçısının Astaraya və astaralılara
göstərdiyi diqqət və qayğısının təzahürüdür.
O da qeyd olunub ki, xeyli əvvəllər inşa
edilmiş köhnə binada əhaliyə lazımi tibbi xidmət
göstərmək mümkün olmadığından Pəlikəş
və ətraf kəndlərin əhalisi rayon mərkəzinə
gəlməli olurdu. “Burada əhaliylə
keçirilən səyyar qəbulda sakinlərin müraciətini
nəzərə alaraq Azərbaycan Kənd İnvestisiya Layihəsinin
icraçılarını yeni xəstəxana binasının
tikintisinə cəlb etdik və nəticəsi göz
qabağındadır”, - deyə Q.Ağayev vurğulayıb.
Bu məqamda vurğulamaq yerinə düşər
ki, yerlərdəki problemlərin operativ həlli
üçün rayonda əhali ilə səyyar qəbullar
mütəmadi olaraq keçirilir. Belə qəbullardan biri isə
bir müddət öncə rayonun ucqar kəndlərindən
olan Toradi, Hamoşam, Asxanakəranda olub.
Rayon İcra Hakimiyyətindən verilən məlumata
görə, qədim tarixə malik bu kəndlərdə əhalinin
əsas məşğuliyyəti arıçılıq,
bağçılıq, quşçuluq, heyvandarlıq və
əkinçilikdir. Qəbul zamanı
çıxış edən kənd sakinləri görülən
işlərə görə minnətdarlıq etməklə
yanaşı, Taxtanakəran-Toradi yolunun Baba Rəsul ziyarətgahına
qədər uzadılması, Hamoşam kəndində yeni mədəniyyət
evinin tikilməsi, internet istifadəçilərinin
sayının artırılması üçün ATS-ə
əlavə avadanlıqların quraşdırılması,
Hamoşam həkim evinin xəstəxanaya çevrilməsi,
elektrik dirəklərinin dəyişdirilməsi və s. barədə
təkliflər veriblər.
Səyyar qəbul və
görüşlərdə çıxış edən rayon
İcra Hakimiyyətinin başçısı Qəzənfər
Ağayev rayonun ən ucqar dağlıq ərazilərini əhatə
edən Toradi, Hamoşam, Asxanakəran, Motlayataq, Əzərüd
və Amboba kəndlərində tikilmiş müasir tipli məktəb
binalarının, tibb məntəqəsi, poçt
binaları və digər tikililərin Ulu öndər Heydər
Əliyevin siyasətini uğurla davam etdirən Prezident
İlham Əliyevin uğurlu siyasətinin nəticəsi
olduğunu diqqətə çatdırıb. Bundan
sonra da əhalinin sosial rifah halının
yaxşılaşdırılması istiqamətində tədbirlərin
davam etdiriləcəyini əminliklə söyləyən
natiq qeyd edib ki, rayonun səfalı guşələri kimi bu kəndlərdə
turizmin hərtərəfli inkişafı üçün əlverişli
şərait var.
Heç şübhəsiz, həyata
keçirilən abadlıq-quruculuq işləri rayona turist
axınını da gücləndirir. Bununla
bağlı konkret faktlara keçməzdən öncə
bildirək ki, Azərbaycanda turizm sahəsinin inkişafına
xüsusi önəm verilir, dövlətimiz tərəfindən
bu sahədə kompleks tədbirlər həyata keçirilir.
Ölkəmizdə hər il beynəlxalq səviyyəli tədbirlərin
keçirilməsi respublikamızın turizm
potensialını bütün dünyaya tanıdır.
Öz növbəsində ölkəmizin turizm
məkanlarından biri olan cənub bölgəsində də
bu sahədə mühüm işlər görülüb.
Bölgənin turizm və istirahət mərkəzləri yay
turizm mövsümünə tam hazırdır. Verilən məlumatlara
əsasən, əvvəlki illərdən fərqli olaraq cənub
bölgəsində yay turizm mövsümü bu il mart
ayından başlayıb. Mart ayından başlayaraq ölkəmizə,
eləcə də cənub bölgəsinə böyük
turist axını olub. Məsələn, 2007-ci ildə Lənkərana
gələn turistlərin sayı 4700 nəfər olmuşdusa,
2016-cı ildə bu rəqəm 15 mini ötüb. Bu ilin 5
ayında isə rayona gələn turistlərin sayı 6 mindən
çox olub.
Onlardan 15 faizi xarici turistlərdir.
Masallıya
gəldikdə isə, ötən il bu
rayona 24730 turist səfər edib ki, onlardan da 1600-ü xarici
olub. Bu ilin birinci rübündə isə rayona
4200 turist gəlib. Onlardan 500-dən
çoxu əcnəbilərdir. Lənkəran
Turizm İnformasiya Mərkəzi cənub bölgəsinin
turizm potensialının təbliği sahəsində müxtəlif
səpkili tədbirlər həyata keçirib. Mərkəzdən
bildirilib ki, ingilis və Azərbaycan dillərində Lənkəranın
turizm potensialını əks etdirən nəfis şəkildə
hazırlanmış buklet, flayer və digər çap
materialları hazırlanaraq sərgilərdə nümayiş
olunub, turistlərə təqdim olunmaq üçün rayonda
yerləşən mehmanxana və mehmanxana tipli obyektlərə,
muzeylərə və Heydər Əliyev Mərkəzinə
paylanılıb.
Eyni zamanda, rayonun turizm potensialını təbliğ edən
orijinal flayer və təqvim, Lənkəranın turist
marşrut xəritəsi hazırlanaraq gələn qonaqlara
verilib.
Hazırda isə cənub bölgəsinin turist xəritəsi
üzərində iş gedir.
Aprelin 6-9-da Bakı şəhərində təşkil
olunmuş turizm və səyahətlər sərgisində cənub
bölgəsində yerli sənətkarlar tərəfindən
hazırlanmış milli suvenirlər təqdim olunub. Sərgidən
sonra yerli suvenirlərə maraq çoxalıb. Mayın 6-7-də Lənkəranda keçirilən
“Avropa günləri” çərçivəsində rayonun
turizm potensialını əks etdirən sərgi də
Avropadan olan qonaqların böyük marağına səbəb
olub. Heç də təsadüfi deyildir
ki, bu tədbirdən sonra bir sıra Avropa ölkəsinin səfirləri
Lənkərana səfər ediblər.
Yeni turizm mövsümünün başlaması ilə
bağlı Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi və Lənkəran Turizm-İnformasiya Mərkəzinin
əməkdaşlarından ibarət işçi qrupu cənub
bölgəsində yerləşən turizm və istirahət
mərkəzlərində, çimərliklərdə
monitorinqlər aparıb. Bir sözlə, bölgənin turizm və
istirahət mərkəzləri, çimərlikləri yeni
mövsümə tam hazırdır. Hazırda
cənub bölgəsində 100-ə yaxın mehmanxana və
mehmanxana tipli obyekt fəaliyyət göstərir və
onların siyahısı ildən-ilə artmaqdadır. Bu obyektlərdə göstərilən xidmətin səviyyəsi
də beynəlxalq standartlara uyğun təşkil olunub.
Qonşu İran İslam Respublikasından turistlərin
bölgəyə cəlb olunması ilə bağlı bir
sıra maarifləndirici tədbirlər həyata
keçirilib.
Məsələn, Lerik rayonunun “Relax” turizm istirahət mərkəzində
İran İslam Respublikasının 35 vilayətinin turizm təmsilçilərinin
iştirakı ilə konfrans və infotur təşkil olunub. Tədbir çərçivəsində iranlı
qonaqlara cənub bölgəsinin turizm obyektlərinin buklet,
flayer, vizitka və digər çap materialları
paylanılıb.
Turizm İnformasiya Mərkəzi və Regional Miqrasiya
Xidmətinin birgə təşkilatçılığı
ilə cənub bölgəsində fəaliyyət göstərən
mehmanxana və mehmanxana tipli obyektlərin nümayəndələri
üçün əcnəbi vətəndaşların Azərbaycan
Respublikasına gələrkən qeydiyyat qaydaları ilə
bağlı tədbir təşkil olunub. Tədbir
çərçivəsində Miqrasiya Xidmətinin məsul əməkdaşları
tərəfindən əcnəbi vətəndaşlara hotellərə
daxil olarkən hotellər tərəfindən onların qeydə
alınma qaydaları izah olunub.
Turizm İnformasiya Mərkəzi tərəfindən
internet resursları, “facebook” və digər sosial şəbəkələr
vasitəsilə də cənub bölgəsinin turizm
potensialı haqqında geniş məlumatlar verilib. “Qrinviç
tour”, “Royal travel” və digər turizm şirkətləri ilə
əməkdaşlıq çərçivəsində yerli
və əcnəbi turistlər üçün turlar təşkil
olunub. Hazırda Lənkəran, Lerik və Astara
rayonlarını əhatə edən turizm marşrutları
tam hazırdır.
Cənub bölgəsinə daxil olan Astarada da turizmin
inkişafı diqqət mərkəzindədir. Elə Astara
rayonunun Şahağac kəndi ərazisində, Xəzər dənizinin
sahilində inşa edilmiş “Ceyhun” turizm və istirahət mərkəzinin
açılışı da turizm sahəsinə verilən
diqqətin nümunəsidir. Bir hektar ərazidə
salınmış mərkəzdəki ikimərtəbəli
hoteldə, kotteclərdə turistlərin mənalı istirahət
etmələri üçün hər cür şərait
yaradılıb. Mərkəzin ərazisində
həmçinin uşaqlar üçün əyləncə
mərkəzi, konsert səhnəsi inşa edilib. Burada 20 nəfər daimi işlə təmin olunub.
Çimərlik turizminin inkişafı ilə
bağlı Azərbaycan Prezidentinin Sərəncamına
müvafiq olaraq Astara rayonunda Xəzər dənizi sahili boyunca
üç ərazidə - şəhərdə,
Şahağac və Qamoşovka kəndlərində yeni
çimərlik zonaları yaradılıb. Yeni salınmış çimərlik zonalarından
biri məhz “Ceyhun” turizm və istirahət mərkəzinin ərazisində
yerləşir. İstirahət mərkəzinin
açılış mərasimində çıxış
edənlər ölkəmizdə turizmin inkişafına və
əhalinin mənalı istirahətinin təşkilinə
göstərilən diqqət və qayğıya görə
dövlətimizin başçısına minnətdarlıqlarını
bildiriblər. Qeyd olunub ki, Astarada turizmin
inkişafı məqsədilə həyata keçirilən
infrastruktur layihələri rayona turist axınına səbəb
olub. Ötən il rayona gələn
turistlərin sayı 5000 nəfərdən çox olub. Bu, 2012-ci illə müqayisədə 10 dəfə
çoxdur.
İyunun 8-də Azərbaycan Prezidentinin Astara şəhərində
park-bulvar kompleksinin genişləndirilməsi ilə
bağlı imzaladığı Sərəncam da cənub
bölgəsində turizmin inkişafına göstərilən
diqqət və qayğının bariz nümunəsidir. Sərəncama əsasən
Astara şəhərində dənizkənarı park-bulvar
kompleksi ərazisinin genişləndirilməsi
üçün Azərbaycan Respublikasının 2017-ci il
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara rayon
İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Astara rayon İcra Hakimiyyətindən verilən məlumata
görə, artıq sözügedən Sərəncama
müvafiq olaraq ərazidə tikinti işlərinə
başlanılıb. 2014-cü ildə Astara şəhərində
Xəzər dənizi sahili boyunca 6 hektar ərazidə
salınmış park-bulvar kompleksinin ərazisi 9 hektar
artırılaraq 15 hektara çatdırılacaq. İran İslam Respublikası ilə dövlət sərhədinə
qədər sahil boyunca inşa edilən park-bulvar kompleksinin
yeni ərazisində tikiləcək Bayraq Meydanı, mehmanxana və
hotellər, idman və müxtəlif əyləncə mərkəzləri,
xidmət obyektləri Astara şəhərinə xüsusi
gözəllik verəcək.
Ərazidə həmçinin uşaqların mənalı
istirahətini təmin etmək məqsədilə uşaq əyləncə
mərkəzlərinin, açıq fitnes
meydançasının, fəvvarənin, amfiteatrın tikilməsi,
müxtəlif attraksionların quraşdırılması nəzərdə
tutulub.
Parkın əvvəlki hissəsindən fərqli olaraq
yeni ərazidə dəniz sahilinə çıxışlar
olacaq. Astara
şəhərində ərazisi genişləndirilən
park-bulvar kompleksinin ikinci hissəsi bu il əhalinin
istifadəsinə veriləcək.
Məlumatda o da bildirilir ki, Astarada turizmin
inkişafına gətirib çıxaracaq yeni yollar
salınır.
Astara rayonunda “Azəravtoyol” ASC tərəfindən
Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil
yollarının tikintisi işləri aparılır. Çətin dağlıq relyefə məxsus kəndlərarası
avtomobil yolu “Hirkan” milli parkının ərazisindən
keçir. Uzunluğu 26 kilometr olan avtomobil
yolu IV texniki dərəcəyə uyğun salınır.
Burada layihəyə uyğun olaraq yol 2 hərəkət
zolaqlı olmaqla ümumi eni 10 metr təşkil edir. Bura həmçinin 6 metr hərəkət hissə
və hər bir istiqamət üzrə 2 metr çiyinlər
daxildir.
Hazırda yolboyu torpaq işləri görülür, yol
yatağının inşası aparılır. Torpaq işləri
yekunlaşdıqdan sonra yol əsasının tikintisi işlərinə
başlanılacaq. Daha sonra 2 qat olmaqla yeni
asfalt-beton örtüyünün döşənməsi işləri
planlaşdırılır.
Bundan başqa, layihədə bir aşırımlı dəmir-beton
konstruksiyalı 1 ədəd avtomobil körpüsünün
tikilməsi də nəzərdə tutulub. Körpü yolun 12,4-cü kilometrində yerləşəcək.
Körpünün uzunluğu 28 metr, eni isə 6
metr olacaq. Görülən işlərə
uyğun olaraq yolboyu atmosfer və dağ sularının
ötürülməsi üçün müxtəlif
diametrli suötürücü borular
quraşdırılıb. Tikinti işləri
tamamlandıqdan sonra sözügedən yola 134 ədəd yol
nişanı və məlumatverici lövhə
quraşdırılacaq, yol-cizgi və yol göstərici xətlərinin
çəkilişi işləri aparılacaq.
Qeyd olunub
ki, 12 min nəfər əhalinin yaşadığı 38
yaşayış məntəqəsini birləşdirən
Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil
yollarının yenidən qurulması vətəndaşların
gediş-gəlişinin, yük və sərnişin
daşımasının yaxşılaşmasına gətirib
çıxaracaq, həmçinin sözügedən ərazilərdə
yeni turizm marşrutlarının yaranmasına, bununla da turizmin
inkişafına səbəb olacaq.
Astarada abadlıq-quruculuq işləri ilə
yanaşı, aqrar sahənin inkişafı da diqqət mərkəzindədir. Hazırda
Astara rayonunda ənənəvi kənd təsərrüfatı
sahələri olan çayçılıq, çəltikçilik,
sitrusçuluq və tərəvəzçiliyin inkişaf
etdirilməsi istiqamətində mühüm addımlar
atılır. Rayonda kənd təsərrüfatının
inkişaf etdirilməsi sahəsində yüksək nailiyyətlər
qazanmış, bu sahədə zəngin təcrübəsi
olan yaşlı nəslin nümayəndələri ilə
tez-tez görüşlər, məsləhətləşmələr
keçirilir.
Ümumiyyətlə, aqrar sahənin inkişaf etdirilməsi
ilə əlaqədar rayonda həyata keçirilən tədbirlər
artıq bəhrəsini verməkdədir. Bu il
rayonda 2200 hektar sahədə əkin aparılıb. Kənd təsərrüfatının ən
rentabelli sahələrindən olan çəltik əkini 450
hektara çatdırılıb. Ümumiyyətlə,
Astara hələ qədimdən ənənəvi kənd təsərrüfatı
sahələrindən biri olan çəltikçiliyi ilə
məşhurdur. Ətirli Astara
düyüsü yüzilliklər ərzində yerli əhalinin
ən qiymətli ərzaq məhsulu olub. “Sədri”,
“Ənbərbu” , “Haşimi” və digər
çəltik növlərindən hasil olan düyü məhsulları
öz ətri, dadı və bərəkəti ilə
seçilib.
Ölkəmizdə aqrar bölmədə
çalışan məhsul istehsalçılarına
göstərilən dövlət dəstəyi uzun müddət
tənəzzül dövrünü yaşayan Astarada çəltikçiliyin
inkişafı üçün geniş imkanlar yaradıb.
2015-ci ildə
Astarada 65 hektar sahədə çəltik əkildiyi halda,
ötən il bu rəqəm iki dəfə
artırılaraq 133 hektara çatdırılıb. Cari ildə rayonda 450 hektarda, gələcəkdə
isə 1000 hektarda çəltik əkini nəzərdə
tutulub. Rayonda çəltikçilik əsasən
Astara şəhəri, Suparibağ, Ərçivan, Səncərədi,
Pensər, Kakalos, Şiyəkəran və digər kəndlərdə
inkişaf etdirilir.
Çəltikçiliyin inkişafı ilə
bağlı Kənd Təsərrüfatı Nazirliyinin köməkliyi
ilə rayona müvafiq texnika və digər avadanlıqlar gətirilir. Xüsusən
çəltik toxumunun səpmə üsulu ilə əkilməsi
üçün yerlərin hazırlanmasına diqqət
artırılıb. Astarada çəltikçiliyin
inkişafı üçün geniş perspektivlər var.
Ərazidən Astara və Pensər çayının
keçməsi, Lovayın su anbarının yenidən
qurulması sahələrin suvarılmasında mühüm rol
oynayır.
Çəltikçilik çox gəlirli sahədir. Hər
hektardan 50-60 sentner məhsul götürməklə
düyü maya dəyərindən 10-15 dəfə
bahasına satılır. Bazarlarda yerli
düyünün 1 kiloqramının qiyməti 5-7 manat
arasındadır. Ekoloji cəhətdən
təmiz və keyfiyyətli olduğu üçün bazarda yerli
düyüyə tələbat böyükdür. Ölkə bazarlarında Astara düyüsünə
tələbat yüksək olduğundan məhsul
istehsalçıları çəltik əkininə daha
çox üstünlük verirlər. Sevindirici
haldır ki, artıq xarici ölkələrdə fəaliyyət
göstərən şirkətlərdən də Astara
düyüsünün sifarişçiləri var. Onlar sərfəli
şərtlərlə iş adamlarına indidən müqavilələr
təklif edirlər.
Bundan başqa, rayonda yeni sitrus bağları və
çay plantasiyaları salınıb, Çayoba kəndində
yeni çay emalı fabriki tikilib. Vurğulamaq yerinə düşər
ki, ötən il rayonda çayçılıq
təsərrüfatlarının ərazisi genişləndirilərək
345 hektara çatdırılıb. Bunun 192
hektarını məhsuldar çay sahələri təşkil
edir. 2016-cı ildə çay
plantasiyalarından 646 ton yaşıl çay yarpağı
yığılaraq çay emalı müəssisələrinə
təhvil verilib. Bu, əvvəlki ildəkindən
224 ton çoxdur. Gələcəkdə
1000 hektar sahədə çay plantasiyalarının
salınması nəzərdə tutulub.
Həmçinin
2016-cı ildə sitrus meyvələrinin istehsalında
müsbət dinamika müşahidə edilib, bağlardan əvvəlki
illə müqayisədə 7 min ton çox, 43 min 215 ton məhsul
yığılıb. 72 hektar yeni sitrus
bağı salınıb, əkin sahəsi ümumilikdə
2285 hektara çatdırılıb.
Eyni
zamanda, bu il Astara rayonunun
arıçılıq təsərrüfatlarında məhsuldarlıq
üç dəfə artıb. Ötən il
hər yeşikdən maksimum 8 kiloqram bal götürən
arıçılar builki mövsümü bal ili
adlandırırlar. Arıçılar
Assosiasiyasının Arı Xəstəlikləri
Komissiyasının üzvü Firuz Teymurov KİV-ə
açıqlamasında bildirib ki, arı pətəkləri təbii
üsullarla müalicə edilib, arıçılar treninqlərə
cəlb olunub, maarifləndirmə işi aparılıb. Onlar da yaxşı işlədilər. Həm arıların sayı çoxalıb, həm
də məhsuldarlıq 3 dəfə artıb. Hazırda bazarda Astara balının 1 kiloqramı
20-25 manata satılır.
Rayonda arıçılıqda əsas çətinlik
tədarük məntəqəsinin olmaması və hazır
məhsulun qablaşdırılması ilə bağlıdır. Bununla belə,
yerli bala tələbat xeyli artdığından satış
asanlaşıb. Qeyd edək ki, builki bal
mövsümündə Astara rayonundakı 25 min arı ailəsindən
300 ton məhsul gözlənilir. Ötən il bu rəqəm
80 tondan aşağı olub.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2017.- 8 iyul.-
S.7