Azərbaycanda regional sənaye quruculuğu uğurla həyata keçirilir

 

Mingəçevir Sənaye Parkında milli tekstil brendləri yaradılacaq

Son illərdə Azərbaycanın regionlarında perspektivli və böyük əmək tutumuna malik yeni inkişaf istiqaməti açılıb. Söhbət regionların sənaye inkişafından gedir. Ölkəmizdə Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında bölgələr üçün xarakterik olan aqrar sektorla yanaşı, əsasən yerli resurslara əsaslanan sənaye sahələrinin inkişafı üçün də genişmiqyaslı tədbirlər həyata keçirilir. Ümumiyyətlə, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında respublikamızda perspektivdə 4 iri sənaye mərkəzinin, eləcə də bütün bölgələrdə sənaye məhəllələrinin yaradılması nəzərdə tutulub.

Əlamətdar haldır ki, regionlarda yeni sənaye müəssisələri yaradılarkən bölgələrin əmək ehtiyatları, xammal bazası və əlbəttə ki, yerlərdə bu və ya digər mal və xidmətlərə tələbat əsas götürülür. Beləliklə, regionlardakı sənaye müəssisələrində buraxılan məhsullara satış bazarları axtarmağa, həmçinin hazır məhsulun istehlakçılara çatdırılması üçün izafi daşıma xərclərinə lüzum qalmır.

Yeni sənaye müəssisələri bölgələrdə əhalinin məşğulluğunun artmasına müsbət təsir göstərir

Azərbaycanın bölgələrinin sənaye inkişafı ilə bağlı tədbirlər regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən saycü üçüncü Dövlət Proqramının icrasının növbəti ilində də uğurla davam etdirilib və yaxşı nəticələr qazanılıb. Mütəxəssislərin qənaətinə görə, yeni sənaye müəssisələrinin yaradılması bütövlükdə ölkənin iqtisadi potensialının artmasına töhfə verməklə yanaşı, həm də yerlərdə əhalinin məşğulluğunun təmin olunmasına müsbət təsir göstərir. Məlumdur ki, ölkəmizdə əhalinin artım dinamikasına uyğun olaraq yeni iş yerlərinin yaradılmasının da daimi prosesə çevrilməsi hədəflənib. Son 13 ildə respublika üzrə 1,6 milyon yeni iş yerləri açılıb ki, onların da böyük əksəriyyəti regionların payına düşür. Nəticədə, respublikamızda işsizlik 5 faizədək aşağı düşüb ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdəndir.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verərək bildirib ki, regionların inkişafında mühüm rolu olan qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında səmərəli təşviq mexanizmlərindən olan sənaye parklarının və zonalarının təşkili ötən il də davam etdirilib. Sumqayıt Kimya Sənaye Parkında “Azərtexnoline” zavodunda 750 nəfər işlə təmin edilib, ötən il istehsal edilmiş məhsulun 56 faizi ixrac olunub. Daha dörd müəssisə bu il, üç müəssisə isə gələn il fəaliyyətə başlayacaq, 800-ə yaxın yeni iş yeri açılacaq.

Azərbaycan İnvestisiya Şirkəti tərəfindən Neftçala sənaye zonasında infrastrukturun yaradılması başa çatdırılıb və artıq 7 iştirakçı qeydiyyatdan keçib. Bu il burada avtomobil, kənd təsərrüfatı qurğuları, polietilen boru, modul tipli məktəb binaları, balıq yemi və digər istehsal müəssisələri fəaliyyətə başlayacaq. Bundan başqa, Ağstafada sənaye zonası yaradılıb, Masallıda müvafiq torpaq sahəsi ayrılıb və hazırda layihələndirmə işləri aparılır, bir sıra rayonlar üzrə isə sənaye zonalarının yaradılmasına hazırlıq görülür.

Ötən il Füzuli rayonunda “Azərxalça” ASC-nin xalça müəssisəsi fəaliyyətə başlayıb, 9 rayonda isə müəssisələrin tikintisi bu il başa çatdırılacaq, 1600 yeni iş yeri yaradılacaq. Eyni zamanda, xalça istehsalı üçün etibarlı xammal bazasının yaradılması, habelə ixrac potensialının artırılması məqsədilə yunun tədarükü sistemi təşkil edilir, kimya-sənaye parkında əyirici-boyaq fabrikinin yaradılmasına hazırlıq işləri aparılır.

Mingəçevir Sənaye Parkında 200 milyon dollaradək investisiya qoyuluşu nəzərdə tutulub

Hazırda respublikamızda dörd sənaye mərkəzinin yaradılması istiqamətində məqsədyönlü iş aparılır. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq perspektivdə Mingəçevir şəhərinin də sənaye potensialı əhəmiyyətli dərəcədə artırılacaq. Azərbaycanın dövlət başçısının 2015-ci il 26 fevral tarixli müvafiq sərəncamlarına əsasən şəhərdə müasir Sənaye Parkının yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Mingəçevir Sənaye Parkının yaradılmasında əsas məqsəd ölkədə qeyri-neft sektorunun davamlı inkişafını təmin etməkdən, bu sahədə sahibkarlığı dəstəkləməkdən, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalını təşkil etməkdən, eyni zamanda əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdan ibarətdir. Sənaye Parkının yaradılması məqsədilə 15 hektara yaxın ərazi ayrılıb.

Mingəçevir Sənaye Parkının tikinti sahəsi 120 min kvadratmetr təşkil edir. İnşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyuluşu proqnozlaşdırılıb. Parkda ilkin mərhələdə 2 min, sonra 5500-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulub.

Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisə inşa ediləcək. Pambıq ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə ildə 10 min ton, növbəti mərhələdə isə 20 min ton iplik istehsalı nəzərdə tutulub. Azərbaycanda böyük tələbat olan akril ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə il ərzində 3 min ton məhsul hazırlanacaq. Bu, idxaldan asılılığı qismən aradan qaldıracaq. Yun ipliyi istehsalı müəssisəsində ildə 3 min ton məhsul istehsal ediləcək.

Sənaye Parkında corab istehsalı müəssisəsinin tikintisi ilə ilkin mərhələdə Azərbaycanın corab məhsullarına tələbatının 50 faiz ödənilməsi, illik 35 milyon, növbəti mərhələdə isə 70 milyon cüt corabın istehsalı nəzərdə tutulub. Ayaqqabı istehsalı müəssisəsində illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcək.

Qabaqcıl texnologiyaların tətbiq olunacağı bu müəssisələrdən başqa, Sənaye Parkında tibbi kosmetika məhsulları istehsalı müəssisəsinin yaradılması da planlaşdırılıb. Müəssisədə pambıq mahlıcının və ipliyin tullantılarının təkrar emalı nəzərdə tutulub. Tullantılardan sterilləşdirilmiş pambıq, tibbi sarğı bezləri və bandajları, qulaqtəmizləyən çöplər və makiyaj bezləri istehsal olunacaq.

Mingəçevir Sənaye Parkındakı toxuculuq müəssisəsində pambıq parçalar istehsal ediləcək. İllik istehsal gücü 15 milyon metr təşkil edəcək pambıq ipliyi istehsalı müəssisəsi müasir avadanlıqla təchiz olunacaq. Bununla yanaşı, hazırlanacaq xam parçanın boyanması üçün parkın nəzdində illik gücü 15 milyon metr olan boyama müəssisəsi inşa ediləcək.

Ölkədə hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan asılılığı azaltmaq məqsədilə Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng tikiş müəssisəsi də Mingəçevir Sənaye Parkında inşa ediləcək. Müəssisədə iki minə yaxın yeni iş yeri açılacaq.

Yeni Sənaye Parkında əsasən yerli xammaldan istifadə olunacaq

Yüksək texniki parametrləri ilə fərqlənən yeni Sənaye Parkının Mingəçevirdə yaradılması konseptual əsaslarla davam etdirilən regional inkişaf strategiyasına göstərilən böyük diqqətin daha bir təzahürüdür. Prezident İlham Əliyevin Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimindən sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında bununla bağlı fikirlərini nəzərə çatdıraraq deyib: “Bu Sənaye Parkı Mingəçevirdə yaradılır. Bizim regional inkişaf proqramımız orada öz əksini tapır”.

Yeni Sənaye Parkında qurulacaq müəssisələr əsasən yerli xammal hesabına fəaliyyət göstərəcək ki, bu da regionlarda aqrar sektorda pambıqçılıq, baramaçılıq kimi strateji əhəmiyyətli sahələrin inkişafına daha güclü stimul yaradacaq. Məlum olduğu kimi, ötən ilin əvvəlindən etibarən respublikamızda yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Ölkənin ayrı-ayrı bölgələrində ənənələr dirçəldilərək pambıqçılığın şöhrəti geri qaytarılır. 2016-cı ildə respublikanın 24 rayonunda 50 min hektardan artıq sahədə pambıq becərilib və təxminən 90 min ton məhsul tədarük olunub. Növbəti 5 ildə isə respublikada xam pambıq istehsalını 700 min tona çatdırmaq hədəflənib. Gəlirli sahə olan baramaçılıqla bağlı da eyni sözləri demək mümkündür. 2016-cı ilin əvvəlindən həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində ölkədə barama istehsalı artıb. Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilmişdisə, ötən il 25 rayonda qısa müddətdə 70 ton barama tədarük olunub. Cari mövsümdə isə ölkədə barama tədarükünün daha da artacağı proqnozlaşdırılır.

Ölkə daxilində istehsal edilən bu qəbildən məhsullardan Mingəçevir Sənaye Parkında xammal kimi istifadə olunacaq. Prezident İlham Əliyev bu amili yeni Sənaye Parkının əsas üstünlüyü kimi səciyyələndirərək deyib: “Bu Sənaye Parkının digər üstünlüyü ondan ibarətdir ki, burada fəaliyyət göstərəcək müəssisələrin əksəriyyətində yerli xammaldan istifadə olunacaq”.

Mingəçevir Sənaye Parkına ilk rezident qəbul edilib

Yuxarıda sadalanan faktlar Mingəçevir Sənaye Parkının texniki göstəriciləri barədə konkret təsəvvür yaradır. Cənubi Qafqaz regionunda analoqu olmayan Sənaye Parkının yaradılması ilə respublikamızda yüngül sənayenin yeni inkişaf mərhələsinin başladığını söyləmək mümkündür. Yeni istehsalat bütün gücü ilə fəaliyyətə başladıqdan sonra yuxarıda bəhs olunan istehlak mallarına daxili tələbat bütünlüklə yerli istehsal hesabına ödəniləcək, eyni zamanda respublikamızın müəyyən həcmlərdə yeni ixrac imkanları yaranacaq.

Artıq Sumqayıt Kimya Sənaye Parkı tərəfindən Mingəçevir Sənaye Parkına ilk rezident qəbul edilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bu, “Mingəçevir Tekstil” MMC-dir. MMC tərəfindən sənaye parkında Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında ildə 20 min ton iplik istehsal edəcək fabriklər inşa olunacaq. Müəssisələrdə 550 iş yerinin açılması nəzərdə tutulur. Artıq fabriklərin inşasına start verilib.

Mübariz ABDULLAYEV.

Yeni Azərbaycan.- 2017.- 12 iyul.- S.7