Regionlarda heyvandarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

 

Bu ilin ilk yarısında ət, süd, yumurta istehsalında, balıqçılıq və arıçılıq məhsullarının artırılmasında uğurlu nəticələr əldə edilib

Ölkəmizdə yerli istehsalın inkişafı qida təhlükəsizliyinin təminində mühüm yer tutmaqdadır. Son 13 ildə respublikamızda ərzaq təminatının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib ki, bunun da əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs dayanır. Qeyd edilməlidir ki, regionların inkişafını özündə əks etdirən Dövlət proqramlarının uğurla icrası ölkədə istehlak mallarına tələbatın yerli istehsal hesabına təmin edilməsində əsaslı rol oynayıb. Eləcə də Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və 2014-cü ildə imzalanan “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizdə ərzaq və digər mühüm istehlak mallarına olan tələbatın daha dolğun şəkildə ödənilməsinin təmin edilməsində, o cümlədən ixracın artırılmasında yeni mərhələnin başlanğıcına çevrildi.

Qeyd olunmalıdır ki, ölkəmizdə ərzaq təhlükəsizliyinə nail olunmasında əsas istiqamətlərdən biri də ötən dövr ərzində heyvandarlığın inkişaf etdirilməsidir. Ümumiyyətlə, respublikanın təsərrüfatlarında aran, dağətəyi və dağlıq zonalarına bölünən coğrafi iqlim şəraiti nəzərə alınaraq müxtəlif şəraitə daha tez uyğunlaşan, bir sıra xəstəliklərə dözümlü, yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik olan heyvan növlərinin ayrı-ayrı cinsləri yetişdirilir. Ölkəmizdə heyvandarlıq məhsullarının istehsalında mühüm əhəmiyyət kəsb edən sahələr maldarlıq, qoyunçuluq, quşçuluq və arıçılıqdan ibarətdir.

O da vurğulanmalıdır ki, heyvandarlığın inkişafının təmin edilməsi və onun müasirləşdirilməsi üçün bir çox tədbirlərin həyata keçirilməsi davamlı xarakter alıb. Belə ki, artıq ətlik-südlük istiqamətli modern ailə-kəndli təsərrüfatı nümunələrinin yaradılaraq nümayiş etdirilməsi həyata keçirilməkdədir. Modern təsərrüfat dedikdə mümkün qədər az maliyyə sərfiyyatına malik tövlə kompleksi (mexanikləşmiş sağım, südün soyudulması üçün avadanlıq, kompüterləşmiş qeydiyyat sistemi və s.), yem bitkilərinin (yonca, qarğıdalı, sorqo, arpa, buğda və s.) əkin sahəsi və yüksək aqrotexniki qaydada bitkilərin becərilərək yemlərin hazırlanması nəzərdə tutulur. Heyvanları süni mayalama tədbirlərinin idarə edilməsinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində də işlər davam etdirilir.

Yeri gəlmişkən, Saatlıda ötən 6 ayda 35 min 646 sentner ət (diri çəkidə), 213 min 234 sentner süd, 791 sentner yun istehsal edilib ki, bu da ötən ildəkindən xeyli çoxdur. Hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 67 min 465 baş iribuynuzlu mal-qara və 114 min 289 baş qoyun-keçi saxlanılır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 1317 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib.

Tovuz rayonunda heyvandarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu ilin yanvar-iyun aylarında heyvandarlıqla məşğul olan sahibkarlar tərəfindən 3370,7 ton ət, 14983,1 ton süd və 10 milyon 760 min ədəd yumurta istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,7 ton ət, 2229,9 ton süd və 265 min ədəd yumurta çox istehsal olunub. Heyvanların baş sayında da artım qeydə alınıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mallar 89 baş, qoyun-keçilər isə 251 baş artıb.

Şamaxı rayonunda da 2017-ci ilin birinci yarısı kənd təsərrüfatının ənənəvi, həm də aparıcı sahələrindən olan heyvandarlıqda uğurlu nəticələrlə yekunlaşıb. İlin ilk altı ayında 2478 ton (diri çəkidə) ət istehsal edilib. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 28 ton çoxdur. Yarım ildə süd istehsalında da 142 ton artıma nail olunub və 11 min 419,5 ton məhsul istehsal edilib. Ötən dövrdə 7 milyon 167 min ədəd yumurta, 380,7 ton yun əldə olunub. Yumurta və yun istehsalı da müvafiq olaraq 117 min ədəd və 1,9 ton artıb.

Bu il Daşkəsən rayonunda bəslənilən mal-qaranın sayı 131 min 862 başa çatıb. Hazırda rayon üzrə bəslənilən iribuynuzlu heyvanların sayı 26 min 752 başdır. Bunlardan 276 başı çamış naxırı, 13 min 595 başı isə ana inəklərdir. Həmçinin rayonda 105 min 110 baş xırdabuynuzlu heyvan saxlanılır. Onlardan da 68 min 350 başı ana qoyun və keçilərdir. Rayon üzrə təsərrüfatlarda saxlanılan atların sayı isə 1671 başdır.

Cari ilin ötən dövründə Şəki rayonunda 2727 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1225 baş çoxdur. Süni mayalanma yolu ilə doğulan buzov və balaların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 217 baş artaraq 1053 baş olub. Cari ilin ötən dövründə Şəki rayonu üzrə 292 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınmış 398 buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə, 39 min 800 manat məbləğində subsidiya ödənilib. Bundan əlavə, son iki ayda doğulan daha 231 baş buzov üçün 23 min 100 manat məbləğində subsidiya hesablanıb. Subsidiyalar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyaların verilməsi” Qaydasına əsasən verilib. Qeyd etmək lazımdır ki, heyvanların süni yolla mayalandırılması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına təsir göstərən mühüm amillərdəndir. Dövlət dəstəyinin göstərilməsi şəkili heyvandarların da bu sahəyə marağını xeyli artırıb.

Vurğulamaq lazımdır ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə heyvandarlıqla məşğul olan fermerlər, süni mayalama və baytarlıq mütəxəssislərinin iştirakı ilə zona müşavirələri keçirilməkdədir. Müşavirələrdə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Heyvandarlıq və Baytarlıq Elmi-Tədqiqat institutlarının, Respublika Süni Mayalama Mərkəzinin əməkdaşları tərəfindən rayonlar üzrə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili mövzusunda məruzələr təqdim olunur, həmçinin yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə fəaliyyətlərin genişləndirilməsi, istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri müzakirə edilir.

Heyvandarlığın daha bir gəlirli sahəsi olan arıçılığa maraq günü-gündən artmaqdadır. Bölgələrdə arı təsərrüfatlarının genişləndirilməsi, ayrı-ayrı sahibkarlara göstərilən dəstək bal yığımına istər keyfiyyət, istərsə də kəmiyyət baxımından müsbət təsirini göstərir. Samux rayonunda fəaliyyət göstərən arı təsərrüfatları da artıq bal süzümünə başlayıblar. Rayonun Yuxarı Ağasıbəyli və Aşağı Ağasıbəyli kəndlərində fəaliyyət göstərən arı təsərrüfatlarında yüksək məhsuldarlıq gözlənilir. Fermerlər ötən illərdə arı ailələrində mövcud olan bir sıra xəstəliklərin bu il müşahidə olunmadığını deyiblər.

Arıçılıq təsərrüfatları Naxçıvan Muxtar Respublikasında da fəaliyyət sferasını genişləndirməkdədir. Qida təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Naxçıvan Gömrük Ekspertizası İdarəsinin sınaq laboratoriyasında arıçılıq məhsullarının ekspertizası da həyata keçirilir. Naxçıvan Gömrük Ekspertizası İdarəsi üçün yeni alınmış “Reflactoquant” markalı analizator cihazı balın tərkibində ümumi şəkərliliyi, saxaroza və hidroksimetil furfurolun (HMF) miqdarını dəqiq müəyyən etməyə imkan verir. Vurğulamaq yerinə düşər ki, muxtar respublikada əlverişli təbii iqlim şəraitinin və zəngin bitki örtüyünün olması, həmçinin ənənəvi təsərrüfat sahəsi kimi arıçılıqda əldə edilən böyük təcrübə Naxçıvan balını fərqləndirən əsas cəhətlərdəndir. Naxçıvan Gömrük Ekspertizası İdarəsinin sınaq laboratoriyası üçün alınan və Almaniya istehsalı olan bu analizator cihazı arıçılıq məhsullarının keyfiyyət göstəricilərinin yüksək olmasına nəzarəti təmin etməklə brend məhsullarımızdan olan balın şöhrətinin yüksəlməsi, ona olan tələbatın artması baxımından da əhəmiyyətlidir. İstər sahibkarlar, istərsə də istehlakçılar laboratoriyaya müraciət etməklə istehsal və ya istifadə etdikləri balın tərkibini və keyfiyyətini bir neçə saat ərzində öyrənə bilərlər.

Astara rayonunun arıçılıq təsərrüfatlarında isə bu il məhsuldarlıq üç dəfə artıb. Ötən il hər yeşikdən maksimum 8 kiloqram bal götürən arıçılar builki mövsümü bal ili adlandırırlar. Arıçılar Assosiasiyasının Arı Xəstəlikləri Komissiyasının üzvü Firuz Teymurov bildirib ki, arı pətəkləri təbii üsullarla müalicə edilib, arıçılar treninqlərə cəlb olunub, maairfləndirmə işi aparılıb. Həm arıların sayı çoxalıb, həm də məhsuldarlıq 3 dəfə artıb. Hazırda bazarda Astara balının 1 kiloqramı 20-25 manata satılır. Qeyd edək ki, builki bal mövsümündə Astara rayonundakı 25 min arı ailəsindən 300 ton məhsul gözlənilir. Ötən il bu rəqəm 80 tondan aşağı olub.

Vurğulayaq ki, bu il əlverişli keçən hava şəraiti balın ötən ilə nisbətən daha çox tədarük edilməsinə şərait yaradıb. Gəncəbasar bölgəsində də bal süzümünə başlanılıb. Dağlıq ərazilərdə isə bu iş iyulun sonuna planlaşdırılır. Gəncə Arıçılıq Mərkəzinin direktoru Allahverdi Seyidov bildirib ki, ötən illərdə hər arı ailəsindən 5-8 kiloqram bal toplandığı halda, bu il belə ailələrdən 10-12 kiloqram məhsul götürmək imkanı var. Bu il günəbaxan əkini sahələri 10 dəfə genişləndirilib. Həmçinin bal mövsümü yaxınlaşdıqca bu bitkinin çiçəkləməyə başlaması arıların nektar toplamasına müsbət təsir göstərib.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2017.- 13 iyul.- S.7