Regionlarda taxılçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verir

 

Ölkəmizin ayrı-ayrı bölgələrində buğda və arpa yığımı davam edir

Azərbaycan dövlətinin göstərdiyi diqqət və qayğı aqrar sektorda uğurlu nəticələr əldə olunmasına təkan verib. Qeyd edək ki, 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ölkəmizdə aqrar sahənin daha da dirçəldilməsində, bununla yanaşı isə ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bu gün adıçəkilən sahənin inkişafı ölkəmizin ixrac potensialının artmasında, xarici bazarlarda yer tutmasında öncül məqamlardan birini təşkil edir. Azərbaycan artıq uzun müddətdir ki, özünü kənd təsərrüfatı məhsulları ilə yüz faiz təmin edir. Bir sözlə, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları, qəbul olunan Dövlət proqramları, müvafiq Fərman və sərəncamlar ölkəmizdə aqrar sahənin inkişafını daha da dinamikləşdirib. Öz növbəsində ölkəmizdə kənd təsərrüfatının strateji sahələrinin inkişafı, əkin sahələrinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər real nəticələrə nail olunmasına yol açır. Vurğulamaq yerinə düşər ki, kənd təsərrüfatının inkişafında yerli sahibkarlara göstərilən dövlət qayğısı da mühüm əhəmiyyət daşıyır.

Məlum olduğu kimi, ölkəmizdə yeni şəraitdə aqrar sektorda qarşıya qoyulan mühüm vəzifələrdən biri də ərzaq məhsullarına olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etməkdən ibarətdir. Bu strateji məqsədə nail olmaq üçün regionların investisiya və infrastruktur təminatı möhkəmləndirilir, meliorativ tədbirlər görməklə dövriyyəyə yeni torpaqlar cəlb edilir, fermerlərə zəruri dəstək tədbirləri göstərilir. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində respublikamızda əhalinin meyvə-tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə yüksəlməsi məmnunluq doğurur. Bundan başqa, artıq ölkəmizdə heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi də 100 faizə çatmaq üzrədir. Mütəxəssislərin qənaətinə görə, yeni təsərrüfat subyektlərinin, o cümlədən də aqroparkların yaradılması ölkənin ərzaq təminatının möhkəmləndirilməsinə olduqca müsbət təsir göstərəcək.

Yeri gəlmişkən, ərzaq məhsullarına olan daxili tələbatın bütünlüklə yerli istehsal hesabına ödənilməsində mühüm pozisiyalardan biri də taxılçılıqdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsinin hazırkı 65 faizdən yaxın perspektivdə 100 faizə çatdırılması ilə bağlı qarşıya vəzifə qoyub. Ölkəmizdə taxıl istehsalının artırılmasına ciddi önəm verilməsi heç də təsadüfi deyil. Taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır. Taxıl istehsalının artırılması ixracın azalmasına və perspektivdə tamamilə dayandırılmasına imkan verəcək ki, bunun da nəticəsində ölkədən valyuta axınının qarşısı alınacaq.

Regionlarda taxılçılığın inkişafı ilə bağlı qarşıya qoyulan strateji məqsədə çatmaq üçün torpaqlardan səmərəli şəkildə istifadə edilməsi əsas vəzifə kimi müəyyənləşdirilib. Məlumdur ki, Azərbaycanın torpaq ehtiyatları məhduddur. Buna görə də mövcud torpaqlardan daha səmərəli istifadə etməklə məhsuldarlığın artırılması olduqca vacib məsələdir. O cümlədən qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda istehsalın genişlənməsinə müsbət təsir göstərən vacib amillərdir.

Beləliklə, regionlarda taxılçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu günədək sahələrdən 946315,5 ton buğda, 680910,1 ton arpa yığılıb. Respublika üzrə ümumilikdə biçiləcək 954736 hektar taxıl sahəsinin 626281 hektarını buğda, 328455 hektarını arpa sahələri təşkil edir. İyulun 6-na Kənd Təsərrüfatı Nazirliyinin rayon idarələri tərəfindən taxıl biçini barədə verilmiş operativ məlumata əsasən, artıq bu sahələrin 600055.1 hektarı (62,9 faiz) biçilib. Bunun da 326846,1 hektarı buğda, 273209,0 hektarı arpa sahələridir.

Ümumilikdə, 1627225,6 ton məhsul əldə olunub. Bu məhsulun 946315,5 tonu buğda, 680910,1 tonu isə arpadır. Hər hektardan ümumilikdə məhsuldarlıq 27,1 sentner, buğda üzrə 29,0 sentner, arpa üzrə isə 24,9 sentner təşkil edir.

Bölgələr üzrə bəzi məlumatlara nəzər yetirək. Biləsuvarın fərdi fermer təsərrüfatlarında arpa biçini başa çatıb. Aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyindən bəhrələnən biləsuvarlı əkinçilər ötən ilin payızında cari ilin məhsulu üçün 21 min 19 hektar sahədə taxıl əkiblər. Bunun da 9 min 161 hektarını arpa, 11 min 858 hektarını isə buğda sahələri təşkil edir. Biçin kampaniyasına mütəşəkkil başlayan əkinçilər qısa müddətdə arpa yığımını başa çatdırıblar. Rayon Statistika İdarəsindən bildiriblər ki, məhsulu yığılan 9 min 116 hektar arpa sahəsindən 23 min 401 ton məhsul götürülüb. Hazırda buğda sahələrinin məhsulu yığılır. Biçin aparılmış 11 min 382 hektar buğda sahəsindən 30 min 885 ton məhsul əldə olunub. Buğda sahələrinin məhsuldarlığı orta hesabla 27,1 sentnerə çatır. Qeyd edək ki, ötən il biləsuvarlı fermerlər 24 min 847 hektar taxıl sahəsindən 79 min 775 ton məhsul götürüblər.

Salyanda da arpa biçini başa çatıb. Biçinə mütəşəkkil başlayan taxıl istehsalçıları qısa müddətdə 12 min 835 hektar arpa zəmisinin məhsulunu yığıblar. Sahələrdən 36 min 907 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı 29,5 sentnerə çatıb ki, bu da ötən ildəkindən 2 sentner çoxdur. Rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, hazırda buğda sahələrinin məhsulu yığılır. Artıq 9 min 743 hektar buğda zəmisinin 5 min hektarının məhsulu toplanılıb. Biçin aparılmış sahələrdən 18 min 323 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı 34 sentnerə çatır. Qeyd edək ki, ötən il salyanlı fermerlər taxıl sahələrindən 63 min ton məhsul yığıblar. Mütəxəssislərin fikrincə, bu il sahələrdən 70 min tona yaxın məhsul götürüləcəyi gözlənilir.

Tərtər rayonunun fermerləri və torpaq mülkiyyətçiləri də arpa biçinini başa çatdırıblar. Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov bildirib ki, zəmilərdən 8149,4 ton məhsul əldə edilib. Hər hektarın məhsuldarlığı orta hesabla 31,4 sentner olub. Rayonda buğda biçini də uğurla davam edir. Belə ki, bu günədək 2981,5 hektarda biçin aparılıb, 10 min 540,4 ton məhsul tədarük edilib. Buğda zəmilərinin məhsuldarlığı hər hektardan orta hesabla 35,4 sentnerdir. Qeyd edək ki, cari ilin məhsulu üçün Tərtər rayonunda 9506,6 hektarda taxıl, o cümlədən 6908,9 hektarda buğda, 2597,7 hektarda arpa becərilib.

Builki mövsümdə Oğuz rayonunda 17 min 259 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda taxıl biçininin qızğın çağıdır. Bu günədək 8 min hektardan çox zəminin məhsulu biçilib, 19 min tona yaxın taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 23,5 sentner təşkil edir. Rayon üzrə taxıl biçininə 37 kombayn cəlb edilsə də, son günlər biçinin sürətinin artması ilə əlaqədar olaraq əlavə kombaynlara ehtiyac yaranıb. Artıq bu məsələ müsbət həllini tapıb və qonşu rayonlardan əlavə olaraq bir neçə ədəd taxılbiçən kombayn gətirilib.

Göyçay rayonunda isə taxıl biçini kampaniyası uğurla başa çatıb. Göyçay rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, fermerlər və torpaq mülkiyyətçiləri bu il taxıl sahələrindən bol məhsul götürüblər. Biçin kampaniyasına ciddi hazırlaşan taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələri səfərbər ediblər. Cari ildə rayonun kəndli fermerləri 14 min 617 hektar sahədə taxıl becəriblər. Bunun 7543 hektarını buğda, 7074 hektarını arpa təşkil edir. Mayın 25-də kəndlərdə taxıl biçininə start verilib və iyulun 5-dək rayonda 41 min 220 ton məhsul toplanılıb. Rayonda taxıl sahəsinin hər hektarında orta hesabla məhsuldarlıq 28,2 sentner olub. Hər gün taxıl biçini üçün sahələrə Göyçay və ətraf rayonlardan 43 müxtəlif markalı kombayn və yük maşını cəlb olunub. Rayonda kombayn çatışmazlığı problemi olmayıb, fermerlərin məhsulu vaxtında biçilərək onlara təhvil verilib.

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər. Rayon Statistika İdarəsindən bildiriblər ki, taxıl istehsalçıları 9770 hektar sahənin 59,2 faizində biçini aparıb, 21 min 186 ton məhsul tədarük ediblər. Hər hektarın məhsuldarlığı 36,6 sentner təşkil edir. Bundan başqa, bu günədək 348 hektar kartof sahəsindən 5860 ton, 701 hektar tərəvəz sahəsindən 13 min 656 ton məhsul toplanılıb. Hər hektarın məhsuldarlığı kartof sahələrində 168,4 sentner, tərəvəz sahələrində isə 194,8 sentnerdir.

İsmayıllı rayonunda taxıl biçini kampaniyası sürətlə davam etdirilir və artıq 3393 hektar sahənin məhsulu yığılıb. Rayon Kənd Təsərrüfatı İdarəsindən bildirilib ki, cari mövsümdə 28191 hektarda taxıl yetişdirilib. Hər gün zəmilərə 50-dən çox kombayn çıxarılır. Taxılçılar bu mühüm strateji məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələri səfərbər ediblər. Hələlik arpa zəmilərinin 1808 hektarı, buğda zəmilərinin isə 1585 hektarı biçilib. Hər hektardan orta məhsuldarlıq 36,1 sentnerdir. Mütəxəssislər bu il taxıl sahələrindən 100 min tondan çox məhsul götürüləcəyini bildirirlər.

Tovuz rayonunda taxıl biçini kampaniyası uğurla davam edir. Taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Artıq fermerlər 440 hektar sahədə biçin aparıblar. Rayon Statistika İdarəsindən bildiriblər ki, biçin aparılan zəmilərin 420 hektarı arpa, 20 hektarı isə buğda sahələridir. Arpa sahələrində məhsuldarlıq 26,5 sentner, buğda sahələrində isə 32,5 sentner təşkil edir. Qeyd edək ki, tovuzlu fermerlər 20 min 376 hektar sahədə taxıl əkiblər. Taxıl əkilən sahələrin 19526 hektarı buğda, 850 hektarı isə arpadır.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2017.- 14 iyul.- S.7.