Regionların
inkişafında sahibkarlara verilən dəstək də
mühüm rol oynayır
2017-ci
ilin birinci yarısında sahibkarlara 63,3
milyon manat güzəştli kredit verilib
Məlum olduğu kimi, ölkəmizdə 2004-cü ildən
reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramları bölgələrin
tarazlı inkişafını şərtləndirir. Bu da səbəbsiz
deyil. Belə ki, sözügedən
Dövlət proqramları çərçivəsində
respublikanın bütün bölgələrində yeni yollar
çəkilib və ya yenidən qurulub, çoxlu sayda
körpülər, yol qovşaqları tikilib, kommunal
infrastruktur daha da yaxşılaşdırılıb, rabitə
və digər xidmətlərin səviyyəsi yüksəlib,
çoxsaylı sənaye, kənd təsərrüfatı,
xidmət, ticarət müəssisəsi fəaliyyətə
başlayıb. Məhz bu sadalananların nəticəsidir
ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı
davamlı xarakter daşıyır.
Digər tərəfdən, bu da vurğulanmalıdır
ki, regionların sosial-iqtisadi inkişafına sahibkarlar da
öz töhfələrini verirlər. Təbii ki, bu
prosesdə dövlətin sahibkarlara dəstəyi də
xüsusi rol oynayır. Belə ki,
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondu vasitəsilə sahibkarlara güzəştli kreditlər
verilir. Bu kreditlər hesabına iş adamlarımız
bölgələrdə yeni təsərrüfatlar və
müəssisələr yaradırlar. Bu məsələ ilə
əlaqədar mütəmadi olaraq regionlarda tədbirlər keçirilir, iş adamlarına güzəştli
kreditlər verilir.
Məsələn İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun iyulun 20-də
Oğuz rayonunda keçirdiyi forumda müvəkkil kredit təşkilatları
vasitəsilə Oğuz və ətraf rayonlarda fəaliyyət
göstərən sahibkarlıq subyektlərinə 515 min manat
güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyinin mətbuat
xidmətindən bildiriblər ki, kreditlər əsasən
heyvandarlıq, tütünçülük,
bağçılıq və s. sahələrin
inkişafına yönəldiləcək. İşgüzar
forum çərçivəsində sahibkarlarla müzakirələr
aparılıb, fond tərəfindən Oğuz rayonunun iqtisadi
potensialına uyğun olaraq, iri fermer, cins heyvandarlıq,
tütünçülük, üzümçülük,
bağçılıq və arıçılıq təsərrüfatlarının,
meyvəqurutma və pendir istehsalı müəssisələrinin
yaradılması üzrə hazırlanmış nümunəvi
investisiya layihələrinın təqdimatı keçirilib,
kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin
bütünlüklə dövlətin güzəştli
kreditləri hesabına maliyyələşdiriləcəyi
bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki
materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı
direktoru Şirzad Abdullayev fondun özəl bölmənin
inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi istiqamətində həyata
keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə,
bugünkü tədbirdə verilən kreditlər də daxil
olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət
göstərən 2215 investisiya layihəsinin maliyyələşdirilməsinə
99,6 milyon manat güzəştli kredit verilib.
Forumda vurğulanıb ki, Şəki-Zaqatala iqtisadi rayonu
üçün ənənəvi sahələrdən olan
tütünçülüyün inkişafına dövlət
maliyyə dəstəyi göstərilir. Ümumilikdə, indiyədək
tütünçülüyün inkişafı ilə
bağlı 120-yə yaxın sahibkara 2,4
milyon manatdan çox güzəştli kredit ayrılıb. Tədbir çərçivəsində Oğuzda
güzəştli kredit ayrılan
tütünçülük təsərrüfatına və
qarğıdalı əkini sahəsinə baxış
keçirilib.
İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun iyulun 6-da
İsmayıllı rayonunun Təzəkənd kəndində
keçirdiyi işgüzar forumda isə Dağlıq
Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən
sahibkarlara 1,5 milyon manat güzəştli
kredit verilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən
bildiriblər ki, kreditlər əsasən heyvandarlıq,
müalicə-sağlamlıq mərkəzinin tikintisi və s.
sahələrin inkişafına yönəldiləcək. Bu
kreditlərdən istifadə etməklə layihələrin
reallaşdırılması 100-ə yaxın yeni iş yerinin
yaradılmasına imkan yaradacaq. Ümumilikdə isə, indiyədək
Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin 1900-ə yaxın investisiya layihəsinin
maliyyələşdirilməsinə 69,3
milyon manat güzəştli kredit verilib.
Forumda sahibkarlara güzəştli kreditlərin
alınması mexanizmi barədə məlumat verilib,
İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun
hesab olunan nümunəvi layihələr təqdim edilib,
sahibkarların investisiya layihələri maliyyələşdirilib. İşgüzar
forumda İsmayıllı rayonunun iqtisadi potensialına
uyğun olaraq intensiv bağçılıq, tərəvəzçilik,
cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının,
pendir istehsalı müəssisəsinin və hotelin
yaradılması üzrə nümunəvi investisiya layihələrinin
təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin
ümumi dəyərinin bütünlüklə dövlətin
güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi
bildirilib.
Sahibkarlığa
Kömək Milli Fondunun icraçı direktoru Şirzad
Abdullayev deyib ki, 2017-ci ilin birinci yarımilliyi ərzində
690 sahibkara 63,3 milyon manat güzəştli
kredit verilib. Bu investisiya layihələrinin
reallaşdırılması 2300-dən çox yeni iş
yerinin yaradılmasına imkan verir. Bu dövrdə
verilən güzəştli kreditlərin 76 faizi ölkə
regionlarının, 24 faizi isə Bakı qəsəbələrinin
payına düşür.
Forum çərçivəsində
İsmayıllının Kürdmaşı kəndində
güzəştli kredit ayrılmış aqroparkda aparılan
işlərə baxış keçirilib. Aqroparklar
quşçuluq və heyvandarlığın xammala olan tələbatının
yerli istehsal hesabına ödənilməsi ilə
yanaşı, idxalı azaltmaqla kənd təsərrüfatı
məhsullarının ixrac imkanlarının genişlənməsinə
şərait yaradır.
Qeyd edək ki, artıq Xaçmaz rayonunda Yalama
aqroparkında 1-ci mərhələ üzrə işlər başa
çatdırılıb, Şəmkir aqroparkında 1-ci mərhələ
üzrə işlər isə davam etdirilir. Bundan əlavə,
Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı,
Füzuli, Cəlilabad və İsmayıllı rayonlarında
da aqroparklar yaradılır. İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu
aqroparkların yaradılmasına 76,1 milyon
manat güzəştli kredit verilib.
Sahibkarlığa Kömək Milli Fondunun iyulun 13-də
Masallı rayonunun Dəlləkoba kəndində keçirdiyi
növbəti işgüzar forumda da müvəkkil kredit təşkilatları
vasitəsilə Masallı və ətraf rayonlarda fəaliyyət
göstərən sahibkarlıq subyektlərinə 309 min manat
güzəştli kredit verilib. Bu güzəştli
kreditlər heyvandarlıq, üzümçülük, əkinçilik,
çayçılıq, istixana təsərrüfatlarının,
çörək və mebel istehsalı sahələrinin
inkişafına yönəldiləcək. Ümumilikdə
isə, bugünkü tədbirdə verilən kreditlər də
daxil olmaqla, Lənkəran iqtisadi rayonu üzrə 3100-dən
çox investisiya layihəsinin maliyyələşdirilməsinə
119,1 milyon manat güzəştli kredit
verilib.
Forum
çərçivəsində Masallının iqtisadi
potensialının reallaşdırılması istiqamətində
sahibkarlarla müzakirələr aparılıb, onlara Fond tərəfindən
rayonun iqtisadi potensialına uyğun olaraq hazırlanmış
cins heyvandarlıq, kartofçuluq, istixana, intensiv
bağçılıq və çayçılıq təsərrüfatlarının,
meyvəqurutma müəssisəsinin yaradılması üzrə
nümunəvi investisiya layihələri və metodiki
materiallar təqdim olunub.
Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov
fondun özəl bölmənin inkişafında, xüsusən
də regionlarda sahibkarlığın genişləndirilməsi
istiqamətində həyata keçirdiyi tədbirlər barədə
məlumat verib. 2017-ci ilin ötən dövrü ərzində 840
sahibkara 65,3 milyon manat güzəştli
kredit verilib. Bu investisiya layihələrinin
reallaşdırılması 2600-ə yaxın yeni iş
yerinin açılmasına imkan yaradır.
Tədbir çərçivəsində Masallı
rayonunda güzəştli kredit ayrılan
çayçılıq təsərrüfatına və
mebel istehsalı müəssisəsinə baxış
keçirilib.
Qeyd edək ki, indiyədək
çayçılığın inkişafı ilə
bağlı 14 sahibkarlıq subyektinin investisiya layihəsinin
maliyyələşdirilməsinə 10,7
milyon manat güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi,
sahibkarlığın inkişafına maliyyə dəstəyinin
göstərilməsi tədbirlərini də davam etdirir. Bu məqsədlə
növbəti işgüzar forum Şəki rayonunda
keçirilib. Forum çərçivəsində
rayonun iqtisadi potensialının reallaşdırılması
istiqamətində sahibkarlarla müzakirələr
aparılıb. Şəki rayonunun iqtisadi potensialına
uyğun olaraq, iri fermer, bağçılıq, cins
heyvandarlıq, intensiv tütünçülük və
arıçılıq təsərrüfatlarının, quru
tütün saxlanılması
üçün anbar, tütün emalı, süd emalı
müəssisəsi və hotelin yaradılması üzrə
nümunəvi investisiya layihələrinin təqdimatı
keçirilib, kiçikhəcmli investisiya layihələrinin
ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin
güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi
bildirilib, sahibkarlara nümunəvi layihələr və
metodiki materiallar paylanılıb.
Tədbirdə İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun
icraçı direktorunun müavini Arif Vəliməmmədov
fondun özəl bölmənin inkişafı, xüsusən
də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi
istiqamətində həyata keçirdiyi tədbirlər barədə
məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü
tədbirdə verilən kreditlər də daxil olmaqla Şəki-Zaqatala
iqtisadi rayonunda fəaliyyət göstərən 2141 investisiya
layihəsinin maliyyələşdirilməsinə 98,7 milyon
manat güzəştli kredit verilib. Qeyd edilib ki,
dövlət başçısının
tütünçülüyün inkişafı ilə
bağlı verdiyi tapşırığa uyğun olaraq, bu sahəyə
dövlət maliyyə dəstəyi daha da gücləndirilib.
Ümumilikdə, indiyədək tütünçülük
sahəsində fəaliyyət göstərən 80-ə
yaxın sahibkara 2 milyon manatdan çox güzəştli
kredit verilib.
Forum çərçivəsində müvəkkil
kredit təşkilatları vasitəsilə Şəki və ətraf
rayonlarda fəaliyyət göstərən sahibkarlıq
subyektlərinə 578 min manat güzəştli kredit verilib.
Güzəştli kreditlər əsasən heyvandarlıq,
bağçılıq, tütünçülük,
çiyələk əkini və s. sahələrin
inkişafına yönəldiləcək.
Qeyd edək ki, indiyədək Şəki
rayonundan olan 474 sahibkara 28,6 milyon manat güzəştli kredit
verilib. Tədbir çərçivəsində Şəkidə
dövlətin güzəştli krediti ayrılan
tütünçülük təsərrüfatına
baxış keçirilib.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2017.-22 iyul.- S.7