Azərbaycanın regionlarında pambıqçılığın inkişafına böyük diqqət göstərilir

 

Cari ildə respublikanın bölgələrində pambıq əkilən sahələr 3 dəfə genişləndirilərək 136 min hektara çatdırılıb

Azərbaycanın dünyada baş verən proseslər fonunda yaranan yeni şəraitdə müəyyənləşdirdiyi hədəflərdən biri də regionların potensialından daha səmərəli istifadə etməklə ölkənin qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasına nail olmaqdan ibarətdir. Respublikamızda aqrar sektorda ixrac imkanlarının artırılmasının əsas məqsədlərdən biri kimi qarşıya qoyulması isə heç də təsadüfi deyil. Azərbaycanın coğrafi-iqlim xüsusiyyətləri elədir ki, ölkəmiz yaxın və uzaq istehlak bazarlarına böyük həcmlərdə kənd təsərrüfatı məhsulları çıxarmaq imkanına malikdir. İndiki şəraitdə bu imkanlardan səmərəli istifadə etməklə dünya birjalarında neftin kəskin ucuzlaşması fonunda ölkəmizə valyuta daxilolmalarının azalmasını əhəmiyyətli dərəcədə kompensasiya etmək mümkündür. Azərbaycana üstünlük qazandıran vacib məqamlardan biri ondan ibarətdir ki, ölkəmiz bir sıra iri istehlak bazarları ilə əhatə olunub. Həmin bazarlarda Azərbaycan məhsulları yaxşı tanınır və onlara böyük tələbat var.

Səmərəli təşviq mexanizmi regionlardan ixracın genişlənməsinə böyük stimul yaradıb

Yeni şəraitdə qeyri-neft məhsullarının ixracında artıma nail olmaq üçün respublikamızda stimullaşdırıcı tədbirlər həyata keçirilir. Ötən ildən ölkəmizdə beynəlxalq təcrübə əsas götürülməklə ixracın səmərəli təşviq mexanizmi işə salınıb ki, bu da ixracın stimullaşdırılması baxımından böyük önəm daşıyır. İxracın təşviqinin hüquqi bazasının möhkəmləndirilməsini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın dövlət başçısı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında müvafiq Sərəncam imzalayıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanda isə yerli məhsulların ixracı ilə bağlı bir sıra mühüm məsələlərin geniş spektri öz əksini tapıb. Prezident İlham Əliyevin imzaladığı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında müvafiq Fərman da həm sənayedə, həm də aqrar sektorda ixrac imkanlarının genişləndirilməsi baxımından böyük aktuallıq kəsb edir.

Respublikamızda ötən il işə salınan səmərəli təşviq mexanizmi praktiki müstəvidə həyata keçirilən zəruri tədbirlərlə dəstəklənir. Dövlət başçısının tapşırığına uyğun olaraq artıq “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, ixrac missiyalarının təşkilinə və digər tədbirlərin icrasına başlanılıb. Bir neçə istiqamət üzrə məhsul istehsalçıları və ixracatçıları assosiasiyaları yaradılıb, mənşə sertifikatının verilməsi sadələşdirilərək müddəti üç gündən bir günə endirilib. Azərbaycanın yüksək rəqabətqabiliyyətli məhsullarının vahid məlumat bazasının yaradılması və bu məhsulların xarici bazarlara çıxışını təmin etmək üçün həmçinin Azexport.az portalı fəaliyyətə başlayıb.

Ölkəmizdə ötən ildən işə salınan təşviq mexanizmi, həmçinin praktiki müstəvidə görülən tədbirlər respublikamızdan xarici istehlak bazarlarına ixrac olunan məhsulun həcminin artmasına müsbət təsir göstərir. Ümumilikdə, 2016-cı ildə aqrar sektordan ixracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları təşkil edib. Proqnozlara əsasən, 2017-ci ilin yekununda ölkəmizin aqrar sektorundan məhsul ixracının həcmi daha da artacaq.

Regionlarda pambıqçılığın bərpa edilməsi ölkənin ixrac imkanlarını daha da genişləndirib

Ötən ildən respublikamızdan qeyri-neft məhsulları ixracının artırılmasına nail olmaq üçün görülən tədbirlər sırasında regionlarda texniki bitkilərin becərilməsinə diqqətin artırılmasını xüsusi qeyd etmək lazımdır. Respublikanın ayrı-ayrı bölgələrində bu məqsədlə zəruri tədbirlər reallaşdırılır və ənənələr dirçəldilərək gəlirli sahələrin şöhrəti geri qaytarılır.

İxracın genişləndirilməsi baxımından böyük perspektiv vəd edən istiqamətlərdən biri də pambıqçılıqdır. 2016-cı ildən respublikanın ayrı-ayrı bölgələrində pambıqçılığın şöhrətinin geri qaytarılmasına başlanılıb. Dövlət kifayət qədər gəlirli sahə olan və xarici bazarlarda böyük tələbat duyulan bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Qısa müddətdə respublikanın ənənəvi pambıqçılıq bölgələri hesab olunan Sabirabadda və Saatlıda pambıqçılığın inkişafı məsələlərinə həsr olunan iki müşavirə keçirilib. Bəhs olunan müşavirələrdə Prezident İlham Əliyev respublikada pambıqçılığın inkişaf perspektivləri barədə fikirlərini ifadə edərək Öz dəyərli tövsiyələrini verib. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikanın bir sıra bölgələrində yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və fermerlər birgə səylərlə pambıq becəriləcək sahələri genişləndiriblər. Dövriyyəyə yeni torpaqların cəlb edilməsi məqsədilə bölgələr üzrə geniş meliorativ tədbirlər həyata keçirilir, həmçinin yeni suvarma sistemləri yaradılır. Bundan başqa, fermerlərə texnika ilə hər cür kömək göstərilir. Fermerlər məhsulun satışı sarıdan da hər hansı bir çətinliklə üzləşmirlər. Belə ki, onlar yetişdirdikləri məhsulu artırılan satış qiymətləri ilə elə tarladaca reallaşdırırlar.

Bütün bu kimi dəstək tədbirləri, o cümlədən də fermerlərə subsidiyaların verilməsi respublika miqyasında pambıqçılığa böyük maraq yaradıb. Artıq əminliklə bildirmək mümkündür ki, ölkədə pambıqçılığın şöhrəti bərpa olunub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Azərbaycanda qısa müddətdə pambıqçılıq sahəsində əldə olunan uğurlardan məmnunluğunu bildirərək vurğulayıb: “Biz pambıqçılığın şöhrətini bərpa etdik. Artıq pambıqçılıqla məşğul olmaq istəyənlərin sayı artır. Bu, pambıqçılıq rayonlarında işsizliyi, demək olar ki, tamamilə aradan qaldırmaq üçün yaxşı şərait yaradır. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük edilmişdisə, keçən il bu rəqəm təxminən 90 min tona çatıbdır. Keçən il 51 min hektarda pambıq əkilmişdisə, bu il 136 min hektarda pambıq əkilibdir. Biz əkin sahələrini təqribən 3 dəfə artırmışıq. Əgər biz orta məhsuldarlığı 20 sentner götürsək, bu il 260-270 min ton pambıq gözlənilə bilər”.

Müvafiq Dövlət Proqramına əsasən 2022-ci ildə ölkədə xam pambıq istehsalını 500 min tona çatdırmaq nəzərdə tutulub

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyulun 13-də “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədi ilə hər il dövlət büdcəsi və Dövlət İnvestisiya Proqramı tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin etməlidir.

Bəhs olunan Dövlət Proqramının məqsədi ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının stimullaşdırılmasından ibarətdir.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün pambıqçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi, pambıqçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, pambıqçılıq sahəsində elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi, pambıqçılığın infrastruktur təminatının yaxşılaşdırılması, pambıq istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi nəzərdə tutulub. Həmçinin pambıq istehsalçıları ilə emal müəssisələri arasında səmərəli iqtisadi əlaqələrin qurulması, pambıq istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi, pambıqçılıq məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması, pambıqçılıq məhsullarının ixracının təşviqi, pambıqçılıq məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi, pambıqçılıq məhsulları istehsalı ilə əlaqəli sahələrin inkişafının dəstəklənməsi və pambıqçılıqda kooperasiyanın inkişaf etdirilməsi kimi vəzifələr də qarşıda duran əsas məqsədlər sırasındadır.

Proqrama əsasən qabaqcıl idarəetmə təcrübəsinin, intensiv becərmə-suvarma texnologiyalarının tətbiqi hesabına xam pambıq istehsalının artırılması və bu sahədə səmərəliliyin təmin edilməsi, pambıqçılığın müasir texnika ilə təminatının yaxşılaşdırılması, pambıq istehsalında növbəli əkin sisteminin tətbiq edilməsi, rayonlar üzrə pambığın optimal əkin sahəsinin müəyyənləşdirilməsi və ixtisaslaşmanın dərinləşdirilməsi, mövcud pambıq emalı müəssisələrinin fəaliyyətinin bərpası və modernləşdirilməsi nəzərdə tutulub. Eyni zamanda, mütərəqqi texnika və texnologiyalar əsasında yeni pambıq emalı müəssisələri yaradılmasının dəstəklənməsi, dərin emal məhsulları istehsalının təşviqi, yeni pambıq emalı məhsulları hesabına ixracın genişləndirilməsi, dünya pambıq bazarında müşahidə edilən konyunktur dəyişikliklərinin, o cümlədən kimyəvi liflərin tekstil sənayesində istifadəsinin genişlənməsinin nəzərə alınması, pambıq toxumçuluğu təsərrüfatlarının maddi-texniki bazasının gücləndirilməsi və lifsiz toxum istehsalının təşkili üzrə tədbirlər həyata keçiriləcək.

Dövlət Proqramı üzrə tədbirlərin icrası dövlət büdcəsi, büdcədənkənar fondlar, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri, yerli və xarici investisiyalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Proqramın həyata keçirilməsi Azərbaycanda pambıqçılıq ənənələrinin bərpa olunmasına, pambıq emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaradacaq. Bütövlükdə, Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalının 500 min ton təşkil etməsi gözlənilir.

Hazırda tarlalarda becərmə işləri uğurla davam etdirilir

Cari ilin məhsulu üçün respublikanın 22 rayonunda sahələrə çiyid səpilib. Pambıqçılıq əsasən ölkənin Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax, Zərdab kimi rayonlarında inkişaf etdirilir. Qeyd olunan rayonlarda tarixən pambıqçılıq sahəsində yaxşı ənənələr formalaşıb.

Hazırda pambıq əkilən bütün rayonlarda tarlalarda qızğın becərmə işləri həyata keçirilir. Zərdab rayonunda cari ilin məhsulu üçün 3232 hektarda pambıq yetişdirilir və hazırda əkin sahələrində üçüncü kompleks becərmə işləri aparılır.

Builki mövsümdə rayonda bol məhsul gözlənilir. Artıq hər yerdə ikinci kompleks becərmə başa çatdırılıb və indi üçüncü becərmə işləri görülür. Hələlik 430,6 hektarda cərgəaralarına kultivasiya çəkilib, üzvi və mineral gübrələr verilib, 358 hektarda suvarma aparılıb. Rayonun daha çox pambıq əkilən Bəyimli, Alıcanlı, Körpükənd, Dəkkəoba, Şahhüseynli və bir sıra digər ərazi vahidlərində becərmə işləri daha mütəşəkkil davam etdirilir. Bir sıra ərazilərdə bitkilər artıq çiçəkləmə mərhələsindədir.

Kürdəmirdə cari mövsümdə 4027 hektarda pambıq yetişdirilir və hazırda əkin sahələrində üçüncü kompleks becərmə tədbirləri aparılır. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, aqrar sektorda aparılan islahatlar, ixracyönümlü məhsulların istehsalına göstərilən dövlət qayğısı Kürdəmirdə vaxtilə ənənəvi sahə olan pambıqçılığın inkişafına güclü təkan verib. Ötən il 911 hektarda pambıq yetişdirilən Kürdəmirdə bu il əkin sahələri 3116 hektar artıb.

Becərmə işlərinə 30-dək texnika cəlb olunub. Bir sıra ərazilərdə, xüsusilə daha çox pambıq əkilən Qarasu, Şilyan, Böyük Kəngərli və digər ərazi vahidlərində sahələr bol məhsuldan xəbər verir.

Əlbəttə, lazımi qədər müasir texnika olmadan kənd təsərrüfatının inkişafında yüksək nəticələr qazanmaq da qeyri-mümkündür. Güclü maddi-texniki bazanın yaradılması həm aqrar sektorda əl əməyini azaldır, həm də məhsuldarlığın artmasına müsbət təsir göstərir. Son illərdə müvafiq dövlət dəstəyi və həyata keçirilən sistemli tədbirlər sayəsində kənd təsərrüfatı istehsalçılarının müvafiq texnika və avadanlıqlarla təminatının yaxşılaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub. 2005-2017-ci illərdə “AqrolizinqASC tərəfindən təxminən 30 min ədəd müxtəlif kənd təsərrüfatı texnikası gətirilib. Ötən il ölkəyə gətirilən texnikanın sayı 1800 ədəd olub. Ümumiyyətlə, 2014-cü ildən bəri respublikamızda aqrar sektorun texnika parkı 60 faizdən çox yenilənib.

O cümlədən respublikanın regionlarında pambıqçılığın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilir. 2016-cı ildə bu məqsədlə 94 pambıqyığan kombayn və 300-ə yaxın traktor gətirilib. Cari ildə isə 3811 ədəd texnika, o cümlədən 209 pambıqyığan kombayn və 810 traktor sifariş edilib. Bu texnikaların alınması üçün keçən il və bu il 150 milyon dollar vəsait xərclənib. Cari ilin əvvəlindən bəri respublikaya 704 ədəd texnika, o cümlədən 115 ədəd “Belarus 80X” markalı cərgəarası becərmə traktoru, 156 ədəd pnevmatik tipli çiyidsəpən və 168 ədəd mexaniki tipli çiyidsəpən, 145 ədəd kotan, 24 ədəd pambıq daşınması üçün traktor qoşqusu və 96 ədəd kanal açan gətirilib. Texnikanın respublikaya gətirilməsi ciddi nəzarətdə saxlanılır. Bütün bunlar isə dövlətin pambıqçılığa göstərdiyi real qayğının təzahürüdür.

Ölkədə pambıq istehsalının artması regional sənayenin inkişafına güclü təkan verəcək

Respublikanın bölgələrində pambıq istehsalının artırılması ölkənin ixrac imkanlarının genişlənməsinə müsbət təsir göstərməklə yanaşı, həmçinin regional sənayenin inkişafına da təkan verəcək. Respublikada görülən tədbirlər nəticəsində qabaqcıl texnologiyaların geniş tətbiqinə əsaslanan pambıq istehsalı və emalı kompleksi təşəkkül tapacaq, yerli pambıq xammalına əsaslanan tekstil sənayesi formalaşacaq.

Məlumdur ki, hazırda Azərbaycanın dövlət başçısının 2015-ci il 26 fevral tarixli müvafiq sərəncamlarına əsasən Mingəçevirdə müasir Sənaye Parkının yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Mingəçevir Sənaye Parkının yaradılmasında əsas məqsəd ölkədə qeyri-neft sektorunun davamlı inkişafını təmin etməkdən, bu sahədə sahibkarlığı dəstəkləməkdən, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalını təşkil etməkdən, eyni zamanda, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdan ibarətdir. Sənaye Parkının yaradılması məqsədilə 15 hektara yaxın ərazi ayrılıb.

Mingəçevir Sənaye Parkının tikinti sahəsi 120 min kvadratmetr təşkil edir. İnşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyuluşu proqnozlaşdırılıb.

Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisə inşa ediləcək. Pambıq ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə ildə 10 min ton, növbəti mərhələdə isə 20 min ton iplik istehsalı nəzərdə tutulub.

Sənaye Parkında corab istehsalı müəssisəsinin tikintisi ilə ilkin mərhələdə Azərbaycanın corab məhsullarına tələbatının 50 faiz ödənilməsi, illik 35 milyon, növbəti mərhələdə isə 70 milyon cüt corabın istehsalı planlaşdırılıb. Müəssisədə pambıq mahlıcının və ipliyin tullantılarının təkrar emalı nəzərdə tutulub. Tullantılardan sterilləşdirilmiş pambıq, tibbi sarğı bezləri və bandajları, qulaqtəmizləyən çöplər və makiyaj bezləri istehsal olunacaq.

Mingəçevir Sənaye Parkındakı toxuculuq müəssisəsində pambıq parçalar istehsal ediləcək. İllik istehsal gücü 15 milyon metr təşkil edəcək pambıq ipliyi istehsalı müəssisəsi müasir avadanlıqla təchiz olunacaq.

Yuxarıda deyilənlərdən də göründüyü kimi, yeni Sənaye Parkında qurulacaq müəssisələr əsasən yerli xammal hesabına fəaliyyət göstərəcək. Respublikanın bölgələrində yetişdiriləcək pambıqdan Mingəçevir Sənaye Parkının müəssisələrində geniş istifadə olunacaq. Belə qarşılıqlı fəaliyyət həmçinin əlaqəli sahələrdə iqtisadi aktivliyin artmasına müsbət təsir göstərəcək.

Pambıqçılığın inkişafı həm də dərin sosial mahiyyət daşıyır

Məlum olduğu kimi, Prezident İlham Əliyev ölkədə əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı qarşıya yeni hədəflər qoyub. Dövlət başçısı diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir.

Ölkəmizdə məşğulluq kimi vacib sosial məsələnin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılmasının rolunu da xüsusi qeyd etmək lazımdır. Belə ki, Dövlət proqramlarının icrasına başlanandan indiyədək ölkə üzrə təxminən 1,6 milyon yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür. 2014-2018-ci illəri əhatə edən müvafiq Dövlət Proqramının icrasının üçüncü ili ərzində ölkə üzrə ümumilikdə 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri açılıb. Azərbaycan yeni iş yerlərinin yaradılması siyasətini yeni iqtisadi şəraitdə də diqqət mərkəzində saxlayır. Cari ilin birinci yarısında ölkə üzrə 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimi iş yeridir.

Pambıqçılığın iqtisadi əhəmiyyəti ilə yanaşı, sosial önəmi də böyükdür. Pambıqçılıq kənd təsərrüfatının əmək tutumu kifayət qədər geniş olan sahələrindən biridir. Ötən il respublikanın regionlarında 64 min fəal insan pambıq əkib-becərməklə məşğul olub. Cari ildə isə bu rəqəm 200 minədək artıb. Prezident İlham Əliyevin Sədrliyi ilə Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsindəki nitqində dövlət başçısı pambıqçılığın inkişafının sosial mahiyyətinə diqqət çəkərək bildirib: “... Pambıqçılığın inkişafı, ilk növbədə, məşğulluğun artırılması və insanların, bu rayonlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılır. Ona görə biz neftdən əldə edilən vəsaiti bu sahəyə qoyuruq ki, camaat daha da yaxşı dolansın, işləsin, pul qazansın, halal zəhmətlə dolansın. Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq. Ona görə pambıqçılığın inkişafı Prezident kimi mənim üçün, ilk növbədə, sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir”.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2017.- 26 iyul.- S.5.