Bölgələrdə yol-nəqliyyat
infrastrukturunun yenilənməsi istiqamətində davamlı tədbirlər
həyata keçirilir.
Regionların sosial-iqtisadi inkişafına dair
müvafiq Dövlət proqramları çərçivəsində
bölgələrdə yeni yollar çəkilib, çoxlu
sayda körpülər, yol qovşaqları tikilib, infrastruktur
daha da yaxşılaşdırılıb
Azərbaycanda həyata
keçirilən səmərəli iqtisadi siyasət və
çoxşaxəli islahatlar dayanıqlı inkişafı təmin
etməklə yanaşı, bütün sahələrin
davamlı tərəqqisi üçün etibarlı zəmin
formalaşdırıb. Ölkəmizdə
reallaşdırılan çoxşaxəli islahatlar və
bütövlükdə uğurlu milli inkişaf siyasəti
regionların sosial-iqtisadi inkişafını da təmin edib.
Ölkəmizdə bölgələrin
sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən
biri kimi müəyyənləşdirilib və bu istiqamətdə
ardıcıl, məqsədyönlü və səmərəli
tədbirlər həyata keçirilir. Regionların
sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən
Dövlət proqramları çərçivəsində
respublikanın bütün bölgələrində yeni yollar
çəkilib və ya yenidən qurulub, çoxlu sayda
körpülər, yol qovşaqları tikilib, infrastruktur daha
da yaxşılaşdırılıb.
Bu məqamda qeyd etmək yerinə düşər
ki, yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə
bağlı layihələr regionların sosial-iqtisadi
inkişafına dair 2014-2018-ci illəri əhatə edən
üçüncü Dövlət Proqramı çərçivəsində
də intensiv şəkildə davam etdirilir. Yeri gəlmişkən,
Quba və Xaçmaz rayonlarını birləşdirən
avtomobil yolu əsaslı təmir olunur. Avqust ayının ilk
günlərindən yolda asfaltlanma işlərinə
başlanılacaq. Yeni yol əvvəlkindən həm
keyfiyyətinə, həm də ölçülərinə
görə seçiləcək. Ötən əsrin 70-ci illərində
salınan 28 kilometrlik yol istismar müddətini başa
vurduğundan avtomobillərin hərəkəti
üçün ciddi çətinlik yaranmışdı. Məhz
buna görə də “Azəravtoyol” ASC tərəfindən
şimal bölgəsinin iki böyük rayonunu birləşdirən,
həm də turizm əhəmiyyətli yolun tamamilə yenidən
qurulmasına başlanılıb. İyirmi iki kilometrinə
asfalt döşənəcək Quba-Xaçmaz yolunda
hazırda yenidənqurma işləri sürətlə davam
edir. Köhnə asfalt qatı çıxarılaraq, yol
yatağının sıradan çıxan hissələri bərpa
edilir. Yeni yolun hərəkət hissəsinin eni 7,5, yol
çiyinləri ilə birlikdə isə 12 metr olacaq. Yolun
yenidən qurulması işləri ilin sonunadək başa
çatacaq.
Bununla yanaşı, Bərdə rayonunda 12 min nəfər
əhalinin yaşadığı 17 yaşayış məntəqəsini
birləşdirən Yenidaşkənd-Umudalılar avtomobil
yolunun tikintisi ilə bağlı görülən işlər
yekunlaşmaq üzrədir. Uzunluğu 25 kilometr olan avtomobil
yolu IV texniki dərəcəyə uyğun inşa olunub.
Tikinti işləri çərçivəsində müxtəlif
həcmdə yol yatağının və əsasının
genişləndirilməsi işləri aparılıb. Bu çərçivədə qazma-dolma işləri
görülüb, zəruri olan yerlərə xüsusi material
tökülərək kipləşdirilib, yolun ümumi eni 10
metrə çatdırılıb. İki hərəkət
zolaqlı yola 6 metr enində hərəkət hissə və
hər bir istiqamət üzrə 2 metr enində
çiyinlər daxildir. Həmçinin
optimal-qırmadaş və qum-çınqıl
qarışığından ibarət yol əsasının
tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi
işləri də yüksək keyfiyyətlə aparılaraq
yekunlaşdırılıb. Ümumilikdə yola 2 qat olmaqla 10
santimetr qalınlığında 150 min kvadratmetr yeni
asfalt-beton örtüyü döşənib. Layihə
çərçivəsində əkin sahələrinin
suvarılması üçün 2 yerdə uzunluğu 12 metr
olan dəmir-beton borular və ümumi uzunluqları 360 metr olan
30 ədəd dəmir suötürücü borular
quraşdırılıb. Bütün işlər başa
çatdırıldıqdan sonra zəruri olan yerlərdə
132 ədəd yol nişanı və məlumatverici lövhə
quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin
çəkilişi işləri aparılacaq. Bərdə
rayonu Yenidaşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə
vətəndaşların gediş-gəlişi xeyli
rahatlaşacaq, yük və sərnişin daşınması
asanlaşacaq.
Göyçay rayonunda isə
Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı
avtomobil yolunun yenidənqurma işləri uğurla davam
etdirilir. “Azəravtoyol” ASC tərəfindən
dördüncü texniki dərəcəyə uyğun olaraq
yenidən qurulan yolun ümumi uzunluğu 17 kilometrdir. Yolda
söküntü və torpaq işləri görülüb,
yol yatağı və əsası inşa edilib. Torpaq işləri
bitdikdən sonra yola ikiqat asfalt-beton örtüyünün
döşənməsinə start verilib. Hazırda
Bığır kəndi ərazisində yolun birinci asfalt
qatının vurulması işləri davam etdirilir. Ümumi
qalınlığı 12 santimetr olmaqla yolun 100 min kvadratmetrdən
çox hissəsinin asfaltlanması nəzərdə tutulub.
Yeni salınan yol 2 hərəkət zolağından ibarətdir.
Yolda hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət
üzrə yolun çiyinlərinin eni isə 2 metr təşkil
edir. Bu yol yenidənqurma işləri zamanı 6-7 metrdən 10
metrə qədər genişləndirilib. Layihə çərçivəsində
suların ötürülməsi üçün 55 yerdə
müxtəlif diametrli suötürücü borular
quraşdırılır, mövcud avtomobil körpüsü
isə əsaslı şəkildə bərpa edilir.
Hazırda yolun başlanğıc yerində,
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında,
Bığır kəndinin giriş hissəsində müasir
giriş qapısı inşa edilir. Yolda tikinti işləri
bitdikdən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin
normal təşkili üçün zəruri yerlərdə
37 yol nişanı qoyulacaq, yolun üfüqi nişanlama xətlərinin
çəkilişi işləri aparılacaq. Qeyd
edək ki, Göyçay rayonu
Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı
avtomobil yolunun yenidən qurulması altı yaşayış
məntəqəsinin sakinlərinin Bakı-Şamaxı-Yevlax
avtomobil yoluna rahat, maneəsiz və təhlükəsiz şəkildə
çıxışını təmin etməklə, yük
və sərnişin daşınmasını xeyli
asanlaşdıracaq.
Eyni zamanda, Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” çərçivəsində
Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 138
kilometrlik hissəsində də “Azəravtoyol” ASC tərəfindən
yenidənqurma işləri aparılır. Layihəyə
uyğun olaraq avtomobil yolu Aran-Qarağacı (kilometr 0-26) və
Qarağacı-Bəhramtəpə hissələri (kilometr
26-138) üzrə yenidən qurulur. Bundan öncə yolun Mingəçevir
şəhəri-Mingəçevir stansiyası arasında olan
16,5 kilometrlik hissəsi yüksək səviyyədə
qurularaq cari ilin aprel ayında Prezident İlham Əliyevin
iştirakı ilə vətəndaşların istifadəsinə
verilib. Yolun 16,5-154,5 kilometrlik hissəsində isə
hazırda işlər sürətlə davam etdirilir. Bu hissədə
yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə
uyğun olaraq inşa olunur. Yol yatağının eni isə
12 metrdir. Ümumilikdə asfalt-beton örtük isə 27
santimetr təşkil edəcək. Layihəyə
uyğun olaraq, Mingəçevir-Bəhrəmtəpə
yolunda yolun altından suların ötürülməsi
üçün 268 ədəd suötürücü borunun
quraşdırılması və 32 yerdə
suötürücü keçidin inşası nəzərdə
tutulub və bu istiqamətdə işlər aparılır.
Bundan başqa, yolun altından keçidi təmin etmək məqsədilə
22 yerdə alt keçidin inşası aparılır. Yolboyu 5
ədəd yeni körpü də inşa edilir. Hazırda isə
layihə çərçivəsində yolboyu torpaq işləri
görülür, yeni yol yatağı və yol əsasının
inşası aparılır. Hazır hissələrə yeni
asfalt-beton örtüyünün döşənməsi
işlərinə də start verilib. Bundan başqa, yolboyu
kommunikasiya xətlərinin köçürülməsi,
suötürücü boruların, su və yeraltı
keçidlərin inşası işləri də
görülür. Bütün işlər tərtib
olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə
aparılır. Bunun üçün əraziyə lazımi
sayda qüvvə cəlb olunub. Qeyd olunub ki, Mingəçevir-Bəhrəmtəpə
avtomobil yolunun yenidən qurulması ilə yolboyu yaşayan vətəndaşların
istər Gəncə-Qazax, istər Qax-Balakən, istərsə
də Beyləqan-Füzuli, Saatlı-Şirvan və Bakı
istiqamətlərinə rahat, həmçinin maneəsiz şəkildə
gediş-gəlişi təmin olunacaq.
Digər tərəfdən, Azərbaycan
Respublikası Prezidentinin Sərəncamına əsasən 24
min nəfər əhalinin yaşadığı 20
yaşayış məntəqəsini birləşdirən Tərtər
rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun
tikintisinə başlanılıb. Uzunluğu 29,5 kilometr olan
avtomobil yolu III texniki dərəcəyə uyğun yenidən
qurulur. Tikinti layihəsinə uyğun olaraq 2 hərəkət
zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Layihə çərçivəsində
sözügedən yolun 18 kilometrlik hissəsində torpaq
işləri yekunlaşdırılıb və asfaltlanma
işlərinə başlanılıb. Ümumilikdə yolun
200 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla və
12 santimetr qalınlığında yeni asfalt-beton
örtüyü döşənəcək. Tərtər-Seydimli-Qaradağlı-Sarov
avtomobil yolunun qalan 11,5 kilometrlik hissəsində isə
hazırda torpaq işləri görülür, yeni yol
yatağı və yol əsası inşa edilir. Yolun
yaşayış məntəqələrindən keçən
ərazilərində yeni piyada səkiləri qurulub, səkilərin
kənarlarına 6 min poqonmetr səki daşı
düzülüb. Yenidənqurma işləri çərçivəsində
yolun 18-ci kilometrində Hincə çayı üzərində
uzunluğu 12 metr olan və istismarı başa
çatmış körpünün də əsaslı şəkildə
bərpası işləri görülür. Bundan başqa,
suların ötürülməsi üçün 42 yerdə
müxtəlif diametrli dəmir-beton suötürücü
borular da quraşdırılacaq. Tikinti işləri başa
çatdırıldıqdan sonra zəruri olan yerlərə
189 ədəd yol nişanı və məlumatverici lövhə
quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin
çəkilişi işləri aparılacaq.
Bunlarla yanaşı, Prezident İlham Əliyev
“İmişli rayonunun İmişli-Otuziki-Qaraqaşlı
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında” Sərəncam imzalayıb. Qırx
min nəfər əhalinin yaşadığı 6
yaşayış məntəqəsini birləşdirən
İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədi
ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət
büdcəsinin dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin bölgüsündə avtomobil
yollarının tikintisi və yenidən qurulması
üçün nəzərdə tutulmuş vəsaitin 6
milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə
ayrılıb.
Beləliklə, göründüyü kimi,
bölgələrdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi
istiqamətində ardıcıl işlər həyata
keçirilir. Başqa sözlə, regionların
inkişafının fonunda yol-nəqliyyat infrastrukturunun yenilənməsi
də xüsusi diqqət mərkəzindədir və bu sahədə
həyata keçirilən işlər davamlı xarakter
daşıyır.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2017.- 29 iyul.- S.7.