Habil Əliyevin anadan
olmasının 90 illiyinə
həsr olunmuş xatirə gecəsi keçirilib
Mayın 30-da Beynəlxalq Muğam Mərkəzində milli musiqi sənətinin görkəmli nümayəndəsi,
məşhur kamança
ustası, Xalq artisti Habil Əliyevin
anadan olmasının
90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbirdə Habil Əliyevin həyat və fəaliyyətindən
bəhs edən videoçarx nümayiş
olunub.
Gecənin aparıcısı
Əməkdar incəsənət
xadimi İlham Rəhimli tədbiri açıq elan edərək Habil Əliyevin Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərindən
danışıb. Bildirib
ki, Habil Əliyev öz ifası ilə ömrünün 60 ilindən
çoxunu xalqın musiqi zövqünün yüksəlməsinə həsr
edib. Dünyanın ən ucqar məmləkətlərində
Azərbaycan dilindən,
məişətindən, düşüncə
tərzindən xəbərsiz
insanlar belə onun ifasını dinləyəndən sonra bu ölkənin muğamını, musiqisini
tanıyıb və seviblər.
Qeyd olunub ki, görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam
sənətinin sirlərini
öyrənən Habil
Əliyev özünəməxsus
səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını olduqca yüksəkliklərə
qaldırıb. Daim öz üzərində işləyən sənətkar
Azərbaycan mədəniyyətinə
sanballı töhfələr
verib. O, “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”,
“Bayatı-Şiraz”, “Rahab”,
“Bayatı-Kürd”, “Çahargah”,
“Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı bəxş edib.
Diqqətə çatdırılıb ki, milli mədəniyyətin
inkişafı və təbliği sahəsində
mühüm nailiyyətlərinə
görə Habil Əliyev müxtəlif təltiflər alıb, müstəqil Azərbaycan
Respublikasının ali
mükafatlarından “Şöhrət”
və “İstiqlal” ordenlərinə layiq görülüb.
Gecədə o da vurğulanıb ki, ustad sənətkar
virtuoz ifaçılığı
ilə yanaşı gözəl mahnıların
da müəllifidir. Onun bəstələdiyi
15-dən artıq mahnı
bu gün də tanınmış musiqiçilər tərəfindən
sevilə-sevilə ifa
olunur.
Tədbir daha sonra konsert
proqramı ilə davam edib.
Konsertdə Xalq artistləri
Aygün Bayramova, Mənsum İbrahimov, Naxçıvan MR-in Əməkdar
artisti Ehtiram Hüseynov, o cümlədən
görkəmli tarzənin
nəvəsi Səbuhi
Qasımzadə və
başqaları muğam
və təsniflər
ifa ediblər.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.-
2017.- 1 iyun.- S.7.