2017-ci ilin ilk dörd ayı ərzində respublika üzrə 334,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb

 

Ayrı-ayrı bölgələr üzrə səpin və becərmə işlərinin gedişi ilə bağlı statistika kifayət qədər uğurludur

Son 13 ildə bölgələrdə infrastruktur və investisiya təminatının gücləndirilməsi, həmçinin regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması sayəsində aqrar sektorda aktivlik əhəmiyyətli dərəcədə artıb. Yerlərdə insanlar dövlət dəstəyindən bəhrələnərək onlara məxsus pay torpaqlarında və fermer təsərrüfatlarında müxtəlif növ kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə böyük maraq göstərirlər. Hazırda regionlarda yaz-tarla işlərinin qızğın çağıdır. Sahələrdə cari ilin bol məhsulunun əsası qoyulur.

Sahələrdə paralel şəkildə həm səpin, həm də becərmə işləri görülür

Yaxşı deyiblər ki, bol məhsulun əsası səpin və becərmə vaxtı qoyulur. Fermerlər aqrar sektorda yüksək məhsuldarlığın bu qızıl qaydasına əməl etməyə çalışırlar. Hazırda onlar plantasiyalarda aqrotexniki qaydalara uyğun olaraq paralel şəkildə həm səpin, həm də becərmə işləri aparırlar. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin ilk dörd ayı ərzində respublika üzrə 334,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. O cümlədən bəhs olunan dövrdə 43,6 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 21,2 min hektarı dən üçün qarğıdalı), 55,2 min hektar sahədə kartof, 44,9 min hektar sahədə tərəvəz, 15,9 min hektar sahədə bostan bitkiləri, 11,4 min hektar sahədə şəkər çuğunduru, 9,6 min hektar sahədə dən üçün günəbaxan, 1,5 hektar sahədə tütün, 107,5 min hektar sahədə pambıq, 38,8 min hektar sahədə çoxillik otlar, 1,3 min hektar sahədə birillik otlar və 4,8 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

Ayrı-ayrı bölgələr üzrə səpin və becərmə işlərinin gedişi ilə bağlı statistika kifayət qədər sevindiricidir. Yevlax rayonunda yaz-tarla işləri geniş vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. May ayının son ongünlüyünədək rayonun təsərrüfatlarında 4619 hektar sahədə yazlıq səpin həyata keçirilib. Yazlıq əkinlərin 159 hektarı qarğıdalı, 647 hektarı günəbaxan, 1024 hektarı pambıq, 1313 hektarı təzə yonca, 220 hektarı kartof, 760 hektarı soya və digər tərəvəz-bostan bitkiləridir.

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda 7060 hektar sahədə yazlıq səpin həyata keçirilib. Yazlıq əkinlərin 3005 hektarı pambıq, 348 hektarı kartof, 1789 hektarı tərəvəz, 721 hektarı şəkər çuğunduru, 1027 hektarı təzə yonca, 71 hektarı qarğıdalı, 9 hektarı dən üçün günəbaxan, 90 hektarı bostan bitkiləridir.

Cari ilin əvvəlindən bəri Gədəbəy rayonunda 13 min 685 hektar sahədə əkin işləri aparılıb. Rayon Kənd Təsərrüfatı İdarəsinin məlumatına əsasən, təsərrüfatlarda 11 min 920 hektar ərazidə kartof əkilib, 1284 hektar sahəyə yazlıq, 32 hektar sahəyə isə payızlıq buğda səpilib. Həmçinin rayonda 292 hektar sahədə tərəvəz, 56 hektar sahədə qarğıdalı, 10 hektar sahədə yonca, 8 hektar sahədə isə lobya üçün əkin işləri görülüb.

Bölgələrdə çəltik sahələri genişləndirilir

Çəltikçilik Azərbaycanın ayrı-ayrı bölgələrində tarixən geniş şöhrət tapıb. Hazırda regionlarda fermerlər çəltikçiliyə böyük maraq göstərirlər. Bu da çəltikçiliyin kifayət qədər gəlirli sahə olması ilə bağlıdır. Hər hektardan 50-60 sentner məhsul götürməklə düyü maya dəyərindən 10-15 dəfə bahasına satılır. Bazarlarda yerli düyünün qiyməti 5-7 manat arasındadır. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda yerli düyüyə tələbat böyükdür.

Astarada çəltikçilik kənd təsərrüfatının ənənəvi istiqamətlərindən biri sayılır. Ətirli Astara düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu” , “Haşimi” və digər çəltik növlərindən hasil olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib.

Müvafiq dövlət dəstəyi rayonda çəltikçiliyə marağı daha da artırıb. 2015-ci ildə Astarada 65 hektar sahədə çəltik əkildiyi halda, ötən il bu rəqəm iki dəfə artırılaraq 133 hektara çatdırılıb. Cari ildə rayonda 450 hektarda, gələcəkdə isə 1000 hektarda çəltik əkini nəzərdə tutulub. Rayonda çəltikçilik əsasən Astara şəhəri, Suparibağ, Ərçivan, Səncərədi, Pensər, Kakalos, Şiyəkəran və digər kəndlərdə inkişaf etdirilir. Ümumiyyətlə, Astarada çəltikçiliyin inkişafı üçün geniş perspektivlər var. Ərazidən Astara və Pensər çayının keçməsi, Lovayın su anbarının yenidən qurulması sahələrin suvarılmasında mühüm rol oynayır.

Rayonun təsərrüfatlarında sahələrə çəltik səpininə may ayının əvvəlindən start verilib. Çəltik əkilən sahələr isə əvvəlcədən hazırlanıb. Fermerlər səpin zamanı çəltikçiliyin inkişafı məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin köməyi ilə rayona gətirilən xüsusi texnikadan istifadə edirlər.

Ağdaşlı fermerlər də çəltik əkinini uğurla davam etdirirlər. Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, sahələrdə toxum səpini işlərinə mayın əvvəlində başlanılıb. May ayının son ongünlüyünədək Cardam, Ovculu, Mürsəl, Qumlax, Şıxlı, Nəvətava, Hapıtlı kəndlərində 1500 hektardan çox sahədə çəltik əkini aparılıb.

Qeyd edək ki, ötən il Ağdaşın 15 kəndində 87 fermer tərəfindən ümumilikdə 1250 hektar sahədə çəltik yetişdirilib və 2900 ton məhsul toplanılıb. Biçilən çəltik rayondakı dəyirmanlarda emal olunub və keyfiyyətli düyü əldə edilib.

Cari ildə isə rayonda ötən ildəkindən iki dəfə çox, yəni 2500 hektar sahədə çəltik əkilməsi nəzərdə tutulur. Kəndlilər hər hektardan 60-80 sentner məhsul götürəcəklərinə ümidlidirlər. Səpilən toxumun bitmə vəziyyəti və suyun bolluğu bunu deməyə əsas verir. Bu il rayondakı çəltik sahələrindən təxminən 6 min ton məhsulun yığılması gözlənilir. Kəndlilər məhsul yığımına sentyabrda başlayacaqlar.

Bu il Salyan rayonunun Sarvan kəndində ilk dəfə olaraq çəltik əkininə başlanılıb. Torpaq sahibi Mərdan Cəlilov bu mövsüm 3 hektar sahədə çəltik əkməyi nəzərdə tutub. Fermer cənublu mütəxəssislərin məsləhəti ilə əkindən əvvəl dərin dondurma şumu aparıb, səpinqabağı sahə yenidən şumlanıb. Bundan sonra tirlər düzəldilib, ləklər hazırlanıb və sahə səpinə hazır vəziyyətə gətirilib. Əkin zamanı yerli “Sədr” toxumlarından istifadə edilir. Toxum isə Astara və Lənkəran rayonlarından gətirilib. Artıq iki hektar sahədə səpin aparılıb. İlk əkilən sahələrdə yaxşı cücərti alınıb. Təsərrüfat sahibi hər hektardan 5-6 sentner məhsul əldə etmək niyyətindədir.

Regionlarda tütünçülüyə maraq artır

Respublikamızda ötən ildən başlayaraq geniş ixrac potensialına malik olan bir sıra sahələrin, o cümlədən də tütünçülüyün inkişafına böyük diqqət göstərilir. Cari mövsümdə Balakən rayonunun təsərrüfatlarında 520 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub. Artıq təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil qaydada başa çatmaq üzrədir. Balakənli fermerlər may ayının son ongünlüyünədək 515 hektar sahəyə tütün şitili köçürüblər.

Ötən il olduğu kimi, cari mövsümdə də rayonun tütün istehsalçıları ətirli tütün növləri ilə yanaşı, yerli tütün sortlarının əkininə də üstünlük veriblər. Talalar kəndindən olan fermer Şahin Əhmədov builki mövsümdə 39 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkib. Dövlətin bu sahəyə dəstəyindən ruhlanan fermer bu il tütün əkini sahələrini ötən illə müqayisədə 10 hektar artırıb.

Xatırladaq ki, iyirmi illik fasilədən sonra 2016-cı ildə Balakən rayonunda yenidən tütün yetişdirilməsinə başlanılıb. Ötən il rayonda 501 hektar sahədə tütün əkilib. Balakənli fermerlər ötən mövsüm 1150 ton yaşıl tütün kütləsi və 96,3 ton quru tütün istehsal ediblər.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq tütünçülük həmçinin Qəbələ rayonunda da inkişaf etdirilir. Uzun fasilədən sonra Qəbələdə ikinci ildir tütün əkilir. Ötən il 50 hektar sahədə tütün yetişdirən fermerlər dövlət dəstəyindən bəhrələnərək bu il əkin sahələrini xeyli genişləndiriblər. May ayının birinci yarısında Mamaylı, Şamılı və Kiçik Əmili kəndlərində 70 hektar sahəyə şitil köçürülüb.

Şamılı kəndində fermer Fikrət Məmmədov tərəfindən 60 hektar sahədə tütün əkilib. Fermer bildirib ki, əkin prosesindən əvvəl “Şəki-Tütün” şirkəti ilə məhsulun alqı-satqısı barədə müqavilə bağlanılıb. O, ötən il şirkətə tütünün kiloqramını 1,60-2 manata satdığını deyib. Dövlət tərəfindən verilən subsidiyadan bəhrələnən fermer qeyd edib ki, bu il daha geniş sahədə tütün əkini aparıb və daha çox məhsul istehsal edəcək.

Rayon tütünçüləri yerli şəraitə uyğunlaşdırılmış “İmmuno” növünə üstünlük veriblər. Bu tütün bitkisinə düzgün aqrotexniki qulluq edilərsə, hər hektardan yaşıl kütlə halında 25 ton, quru halda isə 2 ton məhsul götürmək mümkündür.

Cari mövsümdə Zaqatala rayonunun təsərrüfatlarında tütün əkini sahələrinin ötən illə müqayisədə 100 hektara yaxın artırılaraq 700 hektara çatdırılması nəzərdə tutulur. May ayının son ongünlüyünədək 620 hektar sahəyə tütün şitili köçürülüb. Qeyd edək ki, 2016-cı ildə Zaqatala rayonunda 601,5 hektar sahədə tütün əkilib, 528 ton quru tütün istehsal olunub.

Bu il İsmayıllı rayonunda 15 hektar sahədə tütün əkilib. Rayon icra hakimiyyətindən bildirilib ki, bölgədə tütünçülüyün inkişafı üçün potensial imkanlar genişdir. Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə əlaqədar qarşıya qoyduğu vəzifələr sahibkarlar tərəfindən maraqla qarşılanıb və yerlərdə bu imkanlardan səmərəli istifadə üçün ardıcıl tədbirlər görülür.

Cari mövsümdə tütün əsasən Topçu, Diyallı, Qurbanəfəndi, Qalınçaq yaşayış məntəqələrinin ərazilərində əkilib. Torpaq mülkiyyətçiləri və sahibkarlar hazırda sahələri səylə becərirlər. Belə ki, əkilən şitillərin dibi yumşaldılır, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri aparılır.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2017.- 1 iyun.- S.7.