Cari ildə regionlarda 250 tona yaxın
yaş barama məhsulunun istehsal ediləcəyi
proqnozlaşdırılır
Bu da barama istehsalı ilə bağlı müəyyən
edilmiş hədəflərdən təxminən 2 dəfə
çoxdur
Prezident İlham Əliyev tərəfindən
ölkənin aqrar sektorunun inkişafına göstərilən
qayğı və dəstək kənd təsərrüfatının
bütün sahələrində və kənd əməkçilərinin
sosial həyatında öz müsbət töhfələrini
verməkdədir. Dövlətimizin
başçısının ölkədə ipəkçiliyin
sürətli inkişafı ilə bağlı
tapşırıqlarına uyğun olaraq 2016-cı ildən
başlayaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
respublikada ipək istehsalının müasir infrastrukturunun
yaradılması, baramaçılığın yem
bazasının möhkəmləndirilməsi, barama
toxumçuluğunun təşkili və digər istiqamətlər
üzrə tədbirlərin həyata keçirilməsinə
başlanılıb.
Məlum olduğu kimi, ölkəmizin bölgələrində
istehsal və ixrac imkanlarının genişləndirilməsi
baxımından perspektivli sahələrdən biri də
baramaçılıqdır. Yeni şəraitdə bölgələrdə
baramaçılığın inkişafı bir çox cəhətdən
böyük əhəmiyyət daşıyır. Belə ki,
baramaçılıq həm əhalinin məşğulluğunun
təmin olunmasında, həm də ölkədə
yüngül sənayenin xammalla təchizatında mühüm
rol oynaya bilər. Eyni zamanda, baramanın dünya
birjalarında satışı ilə bağlı hər
hansı problem yoxdur. Bu məhsula hər zaman böyük tələbat
var. Onun satışından ölkəmiz böyük məbləğdə
valyuta qazana bilər.
Azərbaycanın əlverişli
coğrafi iqlim xüsusiyyətləri kifayət qədər gəlirli
sahə olan baramaçılığın
qarşısında geniş inkişaf perspektivləri
açır. Önəmli məqamlardan biri də ondan ibarətdir
ki, respublikamızda tarixən baramaçılıq sahəsində
zəngin ənənələr formalaşıb. Bir sıra bölgələrdə, o cümlədən
də Şəki-Zaqatala, Kür-Araz, Yuxarı Qarabağ və
Naxçıvanın düzən və dağətəyi
zonalarında ta qədimdən yerli əhalinin məşğulluğunun
təmin olunmasında baramaçılıq mühüm rol
oynayıb. Yeni şəraitdə bu ənənələr
dirçəldilir və baramaçılıq 37 rayonda
inkişaf etdirilir. Ötən ildən başlayaraq
respublikamızda baramaçılığın
inkişafı məqsədilə davamlı tədbirlər həyata
keçirilir. Dövlət bu gəlirli sahədə
istehsalın artırılmasına həm siyasi, həm də
maddi dəstək göstərir. 2016-cı ildən bəri
respublikamızda yaş baramanın tədarük qiyməti
üç dəfə artırılaraq 3 manatdan 9 manata
qaldırılıb. Bundan başqa, ötən il
İrandan və Çindən gətirilən ipəkqurdu
toxumları Qax Damazlıq İpəkçilik Stansiyasında
inkubasiya edilərək respublikanın ayrı-ayrı
rayonlarından olan fermerlərə pulsuz paylanılıb.
Bütün bu və ya digər tədbirlər fermerlərdə,
ailə təsərrüfatlarında
baramaçılığa böyük maraq oyadıb.
Baramaçılığın
inkişafı baxımından respublika üzrə zəruri
yem bazasının yaradılmasının da böyük
önəmi var. İpəkçiliyin gələcək
inkişafı üçün
baramaçılığın yem bazasının bərpa
olunmasının xüsusi əhəmiyyətini nəzərə
alaraq, Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən Çin Xalq Respublikasından 1,5
milyon ədəd calaq edilmiş tut tingləri tədarük
edilib, əvvəlcədən tərtib edilmiş bölgü
əsasında əvəzi ödənilmədən 37
baramaçılıq rayonuna paylanılıb və bu
rayonların ərazilərində nazirliyin və nazirlik
tərəfindən respublikaya dəvət edilmiş Çin
Xalq Respublikasının mütəxəssislərinin nəzarəti
altında 150 hektara yaxın sahədə yeni intensiv tipli tut
bağlarının salınması təmin edilib. Yeni
salınmış bağlarda əkilmiş tinglərdən
95-100 faiz səviyyəsində çıxış əldə
olunub və hazırda bu bağlarda aqrotexniki qulluq işləri
davam etdirilir.
Ölkədə barama istehsalının
əvvəlki illə müqayisədə azı iki dəfədən
çox artırılması ilə bağlı ölkə
Prezidentinin tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən tender müqaviləsi əsasında
Çin Xalq Respublikasından 6000 qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları
(qrena) gətirilib və Qax Damazlıq İpəkçilik
Stansiyasında inkubasiyaya qoyulub. İpəkqurdu toxumlarından
99-100 faiz səviyyəsində yüksək keyfiyyətli
barama qurdları əldə edilib və respublikanın 31
rayonunun 739 kəndini əhatə edən 3013 kümçü
ailəsi tələb olunan miqdarda keyfiyyətli barama
qurdları ilə təmin olunub.
İpəkqurdlarının bəslənilməsində
kümçülərə metodiki köməklik göstərilməsi
məqsədi ilə Kənd Təsərrüfatı
Nazirliyinin əməkdaşları Çin Xalq
Respublikasından dəvət olunmuş mütəxəssislərlə
birlikdə baramaçılıq rayonlarına ezam olunub,
kümçülərə ipəkqurdlarının bəslənilməsi
ilə bağlı müvafiq tövsiyələr verilib, onlara
qarşılaşdığı çətinliklərin həll
olunmasında əməli və metodiki köməklik göstərilib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər
ki, hazırda bölgələrdə tut ipəkqurdlarının
bəslənilməsi prosesi davam edir və artıq bir sıra
rayonlarda yaş barama məhsulunun tədarükünə
başlanılıb. “Şəki İpək” ASC-dən
alınmış operativ məlumatlara əsasən, 2017-ci il
31 may tarixinə müəssisə tərəfindən
respublikanın 8 rayonundan 8,5 tona yaxın yaş barama məhsulu
qəbul edilib və hazırda bu proses davam edir.
Kənd Təsərrüfatı
Nazirliyi və onun yerli təşkilatlarının mütəxəssislərinin
rəyinə əsasən cari ildə ölkə üzrə
250 tona yaxın yaş barama məhsulunun istehsal ediləcəyi
proqnozlaşdırılır ki, bu da Prezident İlham
Əliyev tərəfindən nazirlik qarşısında barama
istehsalı ilə bağlı müəyyən
edilmiş hədəflərdən təxminən 2 dəfə
çoxdur.
Artıq bu istiqamətdə rayonlarda müvafiq
işlər aparılır. Məsələn, bir neçə
gündür ki, Ağcabədi rayonunda barama tədarükünə
başlanılıb. Artıq kümçülərin
yetişdirdikləri 1328 kiloqram məhsul rayonda “Şəki
İpək” ASC-nin nümayəndələri tərəfindən
qəbul edilib. Ağcabədi Rayon İcra
Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu il rayonun 36 yaşayış
məntəqəsində 228 ailə tərəfindən 350
qutu (6650 qram) ipəkqurdu bəslənilib. Ən çox məhsul
Taynaq, Boyat, Salmanbəyli, Şənlik kəndlərində,
Hindarx qəsəbəsində olub. Cari mövsümdə
Ağcabədidə 17,5 ton barama tədarük ediləcəyi
gözlənilir. Pərioğullar kəndindən olan
kümçü Şakir Rəhimov bildirib ki, bu il 192 kiloqram
məhsul istehsal edib və növbəti illərdə də
ipəkqurdu bəsləyəcək. Qeyd edək ki, ötən
il rayon kümçüləri 80 qutu ipəkqurdu toxumu
yetişdirib, 3675 kiloqram yaş barama istehsal edərək
“Şəki İpək” ASC-yə təhvil veriblər.
Bir neçə gündür ki, sabirabadlı
kümçülər də bəslədikləri ipəkqurdundan
əldə etdikləri məhsulun tədarükünə
başlayıblar. Məhsul “Şəki İpək” ASC tərəfindən
qəbul olunur. Bu il rayonda 54 ailəyə 100 qutu (1900 qram) ipəkqurdu
toxumu paylanılıb. Artıq kümçülər 35-40
günlük gərgin zəhmətin barını toplayaraq qəbul
məntəqəsinə təhvil verirlər. Qısa müddətdə
tədarük məntəqəsinə ümumilikdə 750
kiloqram barama təhvil verilib. Barama tədarükündə
rayonun Nizami, Şəhriyar və Qaralar kəndlərinin
kümçüləri fərqlənirlər. Nizami kənd
sakini Teymur Bəhrəmov bu günə kimi 465 kiloqram barama tədarük
edib. Kümçünün sözlərinə görə,
o, bundan sonra daha 250 kiloqramdan çox məhsul tədarük
edəcək. Qeyd edək ki, cari ildə Sabirabadda 5 ton barama
istehsal olunması nəzərdə tutulur.
Saatlı rayonunda isə ilk dəfə ipəkqurdu
bəslənilməsinə başlanılıb. Dövlət
başçısının ölkədə
baramaçılığın inkişafı ilə
bağlı qarşıya qoyduğu vəzifələr
Saatlıda da müvəffəqiyyətlə icra olunur. Baramaçılığın inkişafında əsas
amil olan yem bazasının möhkəmləndirilməsi məqsədilə
ötən ilin payızında Çindən gətirilən
55 min və Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən yetişdirilən 5 min tut tingi rayonun
ayrı-ayrı yaşayış məntəqələrində
əkilib və digər zəruri tədbirlər həyata
keçirilir. Rayon kənd təsərrüfatı idarəsi
rəisi vəzifəsini müvəqqəti icra edən
Ağa Əsədov AZƏRTAC-a bildirib ki, bu il rayonda ilk dəfə
olaraq 1 ton barama istehsalı nəzərdə tutulub. Bunun
üçün ötən ayın axırlarında 20 qutu
(380 qram) ipəkqurdu toxumu gətirilərək Saatlı şəhər,
Azadkənd və Əliabad kəndlərində
kümçülərə paylanılıb. Azadkənd kənd
sakini Bəhrəm Mehdiyev bu mövsüm ilk dəfə olaraq
9 qutu ipəkqurdu bəsləyir. Kümçü
deyib ki, bu sahə rayonda yeni olduğundan, digərləri kimi o
da işə tərəddüdlə başlayıb. “İlk
vaxtlar çətinliklərim olsa da, mütəxəssislərdən
öyrəndiklərimi tətbiq etməklə işi qaydaya
saldım və yaxşı nəticə əldə etdim.
Artıq işin son mərhələsindəyik. Yaxın
günlərdə barama tədarükünə
başlayacağıq. Mütəxəssislərin
hesablamalarına görə, bəslədiyim ipəkqurdularından
500 kiloqramdan çox barama əldə olunacaq ki, bunun da mənfəəti
4 min 500 manatdan çoxdur”, - deyə B.Mehdiyev bildirib.
Kürdəmir rayonunda da barama tədarükünə
başlanılıb. Məhsulu kümçülərdən
“Şəki İpək” ASC-nin nümayəndələri qəbul
edir. Bu il rayonda kümçülərə 300 qutu (5700 qram)
inkubasiya olunan ipəkqurdu toxumu verilib. İpəkqurdu toxumu 25
kənd olmaqla, 156 ailəyə paylanılıb. Rayonun
Qaramahmudlu, Sovla, Qarasaqqal, Carlı, Yenikənd,
Köhünlü, Qocalı və digər kəndlərində
daha çox barama yetişdirilib. Artıq kənd sakinləri ərsəyə
gətirdikləri məhsulun bar-bərəkətini görməyə
başlayıblar. Məhsulun tədarükü Kürdəmir
rayon Kənd Təsərrüfatı İdarəsinin həyətində
“Şəki İpək” ASC tərəfindən
aparılır. Bütövlükdə bu il rayonda 15 ton barama
tədarükü gözlənilir.
Zərdab rayonunun kümçüləri də
yetişdirdikləri barama məhsulunun təhvilinə
başlayıblar. Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a
bildiriblər ki, bu il 238 nəfər kümçüyə
480 qutu (9249 qram) ipəkqurdu toxumu paylanılıb, “Şəki
İpək” ASC ilə kümçülər arasında
müqavilə bağlanılıb. Bu sahə üzrə 611 nəfər
işə cəlb olunub.
Kümçülər götürdükləri
ipəkqurdlarına yüksək səviyyədə qulluq
göstərərək keyfiyyətli barama yetişdirilməsinə
nail olublar. Onlar artıq 1,1 ton baramanı “Şəki İpək”
ASC-nin nümayəndələrinə təhvil veriblər.
Ayrı-ayrı kümçülərin
uğurları diqqətəlayiqdir. Belə ki, Nəzəralılı
kənd sakini Surxay Xəlilov 54 qram ipəkqurdu toxumundan 152
kiloqram barama yetişdirib. Rayonda kümçülərin
böyük əksəriyyəti bir aylıq zəhmətin
müqabilində əldə etdikləri məhsuldan
razıdırlar. Onlar gələn il bu sahəyə
daha çox üstünlük vermək niyyətindədirlər.
“Şəki İpək” ASC-nin nümayəndəsi Fəraim
Yusifov məhsulun keyfiyyətini yüksək qiymətləndirərək
fermerlərin bu sahəyə marağının
artdığını vurğulayıb. Qeyd edək ki,
bu il Zərdab rayonunda 24 tondan çox barama istehsal ediləcəyi
gözlənilir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2017.- 4 iyun.- S.7