Azərbaycanın
regionlarında sosial infrastruktur quruculuğu geniş vüsət
alıb
Son 13 ildə ölkə üzrə 3000-dən
çox məktəb binasının tikilməsi və yaxud
mövcud təhsil ocaqlarının əsaslı təmir edilməsi
təxminən 1 milyon şagirdin təhsil şəraitinin
yaxşılaşması ilə nəticələnib
Azərbaycanda iki istiqamət paralel şəkildə
inkişaf etdirilir. Ölkənin iqtisadi potensialının
artırılması üçün konseptual əsaslar
hazırlanır, Dövlət proqramları qəbul edilir,
genişmiqyaslı maddi dəstək tədbirləri həyata
keçirilir. Eyni zamanda, sosial sfera adekvat şəkildə
diqqət mərkəzində saxlanılır. Başqa
sözlə desək, respublikamızda rasional iqtisadi inkişaf
ölkə vətəndaşlarının mənafeyinə
yönələn güclü sosial siyasətlə
tamamlanır. Qarşıya qoyulan vəzifə ondan ibarətdir
ki, ölkəmizdə sosial sferada vəziyyət
dünyanın inkişaf etmiş ölkələrindəkindən
geri qalmamalıdır. Prezident İlham Əliyev Respublika
Günü münasibətilə keçirilən rəsmi qəbulda
söylədiyi nitqində nəzərə
çatdırıb ki, respublikamızda həyata keçirilən
siyasətin mərkəzində Azərbaycan vətəndaşı
dayanır: “Daxili siyasət məsələlərinə gəldikdə,
əlbəttə ki, biz sosial sahəyə bundan sonra da
xüsusi diqqət ayıracağıq. Bu sahə bizim
üçün prioritetdir. Mən dəfələrlə
demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı dayanır. Biz bütün işləri
ona görə görürük ki, xalqımız daha da
yaxşı yaşasın”.
Azərbaycanın dövlət
başçısının nümayiş etdirdiyi
güclü siyasi iradə sayəsində respublikamızda
yoxsulluğun bir fenomen kimi tamamilə aradan
qaldırılması istiqamətində davamlı tədbirlər
həyata keçirilir. Çox qısa müddətdə
yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması
böyük nailiyyətdir. Eyni zamanda, işsizliyin aradan
qaldırılması diqqət mərkəzində
saxlanılır. Prezident İlham Əliyev
respublikamızdakı müsbət demoqrafik vəziyyəti nəzərə
alaraq yeni iş yerlərinin yaradılmasının daimi prosesə
çevrilməsi ilə bağlı qarşıya
mühüm vəzifə qoyub. Son 13 ildə respublika üzrə
təxminən 1,6 milyon yeni iş yerinin yaradılması
insanların sosial vəziyyətinin
yaxşılaşmasında mühüm faktor qismində
çıxış edir.
Regionlarda sosial infrastruktur quruculuğu diqqət
mərkəzində saxlanılır
Ölkəmizdə 2004-cü ildən bəri
böyük uğurla reallaşdırılan regionların
sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət
proqramlarında bölgələrdə sosial infrastruktur
quruculuğu ilə bağlı konkret müddəalar öz əksini
tapıb. Dövlət sosial sferada bu və ya digər layihələrin
həyata keçirilməsinə böyükhəcmli sərmayələr
yönəldir. Artıq Dövlət proqramlarında nəzərdə
tutulan çoxlu sayda sosial infrastruktur obyektlərinin
inşası yüksək səviyyədə tamamlanıb və
onlar uğurla fəaliyyət göstərirlər. Bölgələrdə
əsasən milli memarlıq üslubunda yaradılan və hər
cür rahatlıqlara malik sosial infrastruktur obyektləri bir
növ müstəqil Azərbaycanın hərtərəfli
inkişafının rəmzinə çevrilib.
Yeni sosial infrastruktur obyektlərinin istifadəyə
verilməsi sayəsində bölgələrdə əhalinin
kommunal xidmətlərlə təchizatının səviyyəsi
əhəmiyyətli dərəcədə yüksəlib.
Bunun müsbət nəticəsi həm də ondan ibarətdir
ki, artıq insanların, ələlxüsus da gənclərin
bölgələrdən iri şəhərlərə
axını əhəmiyyətli dərəcədə
azalıb. Bir tərəfdən regionlarda aqrar
sektorda perspektivli sahələrin inkişaf etdirilməsi, digər
tərəfdən isə kommunal xidmətlərə olan tələbatın
yüksək səviyyədə ödənilməsi
insanları çox möhkəm şəkildə öz
doğma yurd-yuvalarına bağlayır. Təsadüfi deyil
ki, son dövrlərdə bölgələrdə iqtisadi
aktivlik artıb. Regionların sakinləri həm
yüksək gəlirli iş yerləri ilə təmin
olunmalarından, həm də yaşadıqları yerlərdə
asudə vaxt keçirmək üçün hər cür
şərait yaradılmasından, elektrik enerjisi, su, qaz təchizatının
yaxşılaşmasından, kənd yollarının
abadlaşdırılmasından məmnundurlar.
Təkcə son bir ildə bölgələrdə
59 məktəb istifadəyə verilib
Respublika miqyasında təhsilin inkişafı
ölkədə həyata keçirilən dövlət siyasətinin
prioritet istiqamətlərindən birini təşkil edir. Məlumdur
ki, Azərbaycan müasirləşməni strateji hədəf
seçib. Bunu isə yüksək səviyyəli təhsil
olmadan təsəvvür etmək mümkün deyil. Dövlətin,
cəmiyyətin inkişafı uşaqlara, gənclərə
keyfiyyətli təhsil verməkdən keçir. Buna görə
də ölkəmizdə təhsilin maddi-texniki
bazasının möhkəmləndirilməsi davamlı şəkildə
diqqət mərkəzində saxlanılır. Dövlət
müasir təhsil infrastrukturunun qurulmasına böyük həcmlərdə
vəsait xərcləməklə ölkənin gələcəyinə
sərmayələr yönəldir. Ölkəmiz o mövqedən
çıxış edir ki, güclü infrastrukturun
yaradılması təhsil sahəsində uğurların əsasını
təşkil edir.
Müvafiq Dövlət proqramlarının
icrası nəticəsində son 13 ildə Bakı şəhərində
və respublikanın bölgələrində 3000-dən
çox yeni məktəb tikilib və yaxud əsaslı təmir
edilib. Bunun nəticəsində təxminən 1
milyon şagirdin təhsil şəraiti
yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq
edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə
artıb. Əlamətdar haldır ki, bütün ölkə
boyu yeni təhsil ocaqlarının inşası ildən-ilə
daha geniş miqyas alır. Təkcə son bir il ərzində
respublikanın regionlarında 59 məktəb, 53 bağça
tikilib və ya əsaslı təmir olunub.
Ölkəmizdə təhsil infrastrukturunun yeniləşməsindən
söhbət açarkən Ümummilli lider Heydər
Əliyevin adını daşıyan Fondun bu sahədəki fəaliyyətini
də xüsusi qeyd etmək lazımdır. Fond tərəfindən
“Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə
dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin
inkişafı” layihələri həyata keçirilir. Fondun təşəbbüsü ilə 2005-ci ildən
start verilən “Yeniləşən Azərbaycana yeni məktəb”
layihəsi çərçivəsində istifadəyə
verlən yüzlərlə məktəbin hər birində
müasir laboratoriya, kitabxana, yeməkxana, ən son
avadanlıqla təchiz edilmiş kompüter otaqları,
emalatxana, idman zalları, geniş meydançalar və
ayrıca istilik sistemi var. Son illərdə isə proqramın
icrasının növbəti mərhələsinə
başlanılıb. Hazırda ölkəmizdə Fondun dəstəyi
ilə yeni məktəblərin inşası, habelə
mövcud təhsil müəssisələrinin əsaslı təmiri
prosesi uğurla davam etdirilir.
Təhsil sahəsində yeni proqram uğurla
icra olunur
Təhsil infrastrukturunun yenilənməsi istiqamətində
qarşıya qoyulan mühüm vəzifələrdən biri
də ölkə ərazisindəki qəzalı məktəblərin
müasir təhsil ocaqları ilə əvəz
olunmasıdır. Son illərdə Prezident İlham Əliyevin
imzaladığı sərəncamlara, həmçinin
müvafiq Dövlət proqramlarına əsasən bölgələrdə
çoxlu sayda qəzalı məktəb ləğv edilib və
minlərlə şagirdin təhsil şəraiti
yaxşılaşıb.
2016-cı ildən etibarən ölkəmizdə
təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində
yeni proqramın icrasına başlanılıb. Belə ki,
ötən il 44 rayonu əhatə edən azkomplektli və qəzalı
vəziyyətdə olan kənd məktəblərinin modul
tipli məktəblərlə əvəzlənməsinə
start verilib. Nazirlər Kabinetinin qərarı ilə 2016-cı
ildə 6 belə məktəbin quraşdırılması
üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait
ayrılıb. Növbəti illərdə bu
yolla şagird sayı 100-dək olan bütün qəzalı
azkomplektli məktəblərin problemini birdəfəlik həll
etmək mümkündür. İqtisadiyyat naziri Şahin
Mustafayevin məlumatına əsasən, 2017-ci ildə
regionlarda qəzalı, istismara yararsız və şagird
sayı az olan məktəblər üçün 100-dən
çox modul tipli məktəb quraşdırılacaq, gələn
il işlər davam etdirilərək, bu problem iki il ərzində
tam həllini tapacaq.
Yeni tibb müəssisələrinin istifadəyə
verilməsi səhiyyə sahəsində ciddi keyfiyyət dəyişikliyi
ilə nəticələnib
Son illərdə səhiyyə sahəsində
reallaşdırılan islahatlar da ölkəmizdə həyata
keçirilən genişməzmunlu sosial siyasət barədə
konkret təsəvvür yaradır. Təkcə belə bir
faktı vurğulamaq lazımdır ki, ölkəmizdə səhiyyənin
prioritet sahələri üzrə 9 Dövlət Proqramı qəbul
edilib.
Eyni zamanda, cari ildən regionlarda - Mingəçevir
şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində
pilot layihə kimi respublikamızda icbari tibbi
sığortanın tətbiqinə başlanılıb.
Prezident İlham Əliyev “Mingəçevir şəhərinin
və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi
sığortanın tətbiqinə dair pilot layihənin həyata
keçirilməsi ilə bağlı tədbirlər
haqqında” 29 noyabr 2016-cı il tarixli müvafiq Fərman
imzalayıb. Pilot layihənin
reallaşdırılması çərçivəsində
Yevlax Rayon Mərkəzi Xəstəxanasının və
Yevlax Şəhər Uşaq Xəstəxanasının
bazalarında mövcud qanunvericiliyin tələblərinə
uyğun olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanası
publik hüquqi şəxs, Mingəçevir Şəhər
Mərkəzi Xəstəxanasının bazasında isə
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası
publik hüquqi şəxs yaradılıb. Gələcəkdə
icbari tibbi sığortanın bütün ölkə ərazisində
tətbiqi nəzərdə tutulur.
Son illərdə ölkəmizdə Prezident
İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq səhiyyə
sahəsində davamlı şəkildə həyata
keçirilən islahatlar bütün ölkə boyu tibb
ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi
ilə tamamlanır. Son 13 ildə respublikamızda 600-dək səhiyyə
müəssisəsi tikilib və yaxud əsaslı şəkildə
yenidən qurularaq müasir avadanlıqla təchiz edilib. Respublikamızda 2016-cı ildə məlum çətinliklərə
baxmayaraq, səhiyyənin inkişafına, maddi-texniki
bazasının gücləndirilməsinə əlavə
olaraq 83 milyon manat vəsait ayrılıb. Ölkə
miqyasında tibb müəssisələrinin yenidən
qurulması layihələrinin icrası cari ilin əvvəlindən
intensiv şəkildə davam etdirilir. Belə ki, 2017-ci
ilin birinci rübündə 13 tibb müəssisəsi tikilib və
ya əsaslı təmir edilib. Hazırda həm paytaxtda, həm
də ölkənin müxtəlif bölgələrində
30-dək tibb müəssisəsində təmir-tikinti işləri
aparılır.
Respublika miqyasında səhiyyənin
maddi-texniki bazasının möhkəmləndirilməsi
regionlarda əhalinin keyfiyyətli tibb xidmətinə əlçatanlığını
təmin edir. Məlumdur ki, son illərdə
Prezident İlham Əliyevin tapşırığı əsasında
əhalinin pulsuz tibbi müayinəsi həyata keçirilir.
Ölkədə səhiyyənin maddi-texniki bazasının
möhkəmləndirilməsi sayəsində təkcə bu
il böyük qismi regionlarda olmaqla 5 milyondan çox Azərbaycan
vətəndaşı pulsuz müayinədən
keçib.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2017.- 8 iyun.- S.7.