Regionlarda tikinti-quruculuq
işləri geniş vüsət alıb
Müvafiq Dövlət proqramları çərçivəsində
həyata keçirilən layihələr sayəsində
bölgələrin siması əhəmiyyətli dərəcədə
dəyişib, infrastruktur təminatı güclənib
Sirr deyil ki, Azərbaycanda həyata keçirilən
uğurlu inkişaf siyasəti müəyyən olunmuş
strateji prioritetlər çərçivəsində
mühüm nailiyyətlərin əldə edilməsini təmin
edib. Bu kontekstdə regionların sosial-iqtisadi inkişafı
istiqamətində görülən işlərin əhəmiyyətini
və əldə edilən nəticələri ayrıca qeyd
etmək lazımdır. Azərbaycan dövlətinin dinamik
inkişafını və müasir mənzərəsini əks
etdirən məqamlardan biri də regionlarda uğurla
reallaşdırılan geniş infrastruktur layihələri,
abadlıq, quruculuq işləridir. Müvafiq Dövlət proqramları
çərçivəsində həyata keçirilən
layihələr sayəsində bölgələrin siması əhəmiyyətli
dərəcədə dəyişib, infrastruktur təminatı
güclənib. Son 13 ildə respublikanın
inkişafından, paytaxtda və bölgələrdə
aparılan quruculuq-abadlıq işlərindən söhbət
açarkən məktəblərin, səhiyyə
ocaqlarının, gənclər mərkəzlərinin və
bu qəbildən olan digər sosial təyinatlı obyektlərin
inşasını və yaxud yenidən qurulmasını
xüsusi vurğulamaq gərəkdir. Dövlət sosial sferada
bu və ya digər layihələrin həyata keçirilməsinə
böyük həcmli sərmayələr yönəldir.
Bölgələrdə əsasən milli memarlıq
üslubunda yaradılan və hər cür rahatlıqlara malik
sosial infrastruktur obyektləri bir növ müstəqil Azərbaycanın
hərtərəfli inkişafının rəmzinə
çevrilib.
Müasir standartlara cavab verən yolların
çəkilməsi əsas məqsədlərdəndir
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi,
müasir standartlara cavab verən yolların istifadəyə
verilməsi Azərbaycan hökumətinin sosial sahədə həyata
keçirdiyi siyasətin mühüm istiqamətlərindən
birini təşkil edir. Müvafiq Dövlət proqramlarına
uyğun olaraq Azərbaycanda avtomobil yollarının tikintisi və
yenidən qurulması işlərinin həcmi ildən-ilə
artmaqdadır. Hazırda respublikanın nəqliyyat-yol
infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi
ilə bağlı istər beynəlxalq maliyyə
qurumlarının əsaslı vəsait qoyuluşları, istərsə
də dövlət büdcəsi vəsaiti hesabına
irimiqyaslı layihələr uğurla icra olunur. Məhz
bunun nəticəsində ölkəmizdə şəhər
və rayonlarda yol infrastrukturu əsaslı şəkildə
yenidən qurulub. Bu məqamda vurğulamaq yerinə
düşər ki, Prezident İlham Əliyevin Sərəncam
və göstərişlərinə əsasən hazırda əsas
diqqət regionlarda kənd və qəsəbələri birləşdirən
yolların, həmçinin yaşayış məntəqələrinin
daxili yollarının təmirinə və yenidən
qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə,
Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə
yanaşı, vətəndaşların həyatının
yaxşılaşdırılmasına yönələn layihələrin
davamlı olmasını nümayiş etdirir. Bu
günə qədər demək olar ki, ölkənin
bütün mərkəzi magistral yolları yenidən qurulub,
hazırda kəndlərarası yolların, rayon mərkəzləri
ilə ucqar kəndləri birləşdirən yol xətlərinin
təmiri və yenidən qurulması istiqamətində
geniş tədbirlər həyata keçirilir.
Son illər Ağstafa rayonunda da yol
infrastrukturunun əsaslı yenidən qurulması tədbirləri
uğurla icra olunmaqdadır. Belə ki,
hazırda əsaslı şəkildə yenidən qurulan
Vurğun, Həsənsu, Qırılı, Eynallı və
Köçəsgər kəndlərini Ağstafa şəhəri
ilə əlaqələndirən, uzunluğu 15,5 kilometr olan
Ağstafa - Köçəsgər avtomobil yolunda əsaslı
yenidənqurma işləri sürətlə davam edir. Rayon İcra Hakimiyyətindən bildiriblər ki,
3-cü texniki dərəcəyə uyğun tikilən
avtomobil yoluna asfalt-beton örtüyünün ilk qatı
salınıb və hazırda ikinci qat asfalt
örtüyünün vurulması işləri davam etdirilir.
Ümumilikdə yola döşənən asfalt-beton
örtüyünün qalınlığı 12 santimetr
təşkil edir. İki hərəkət zolaqlı və hərəkət
hissəsinin eni 7 metr olan yolun yatağının eni 12 metrdir.
Görülən işlər tam olaraq yekunlaşdıqdan
sonra yola 62 ədəd yol nişanı və məlumatverici
lövhələr, müxtəlif diametrli 18
suötürücü boru quraşdırılacaq.
Bu istiqamətdə Şəmkir rayonunda da
işlər geniş vüsət alıb. Bu günlərdə
Şəmkirin Yeni Göyçə, Çaykənd, Dağ Cəyir
kəndlərini rayon mərkəzi ilə birləşdirən
yolda təmir işlərinə başlanılıb.
Sözügedən yolda təmir-tikinti işlərinin qısa
müddət ərzində yekunlaşdırılması
planlaşdırılır. Bunun üçün əraziyə
lazımi sayda qüvvə cəlb olunub. Hazırda təmir-bərpa
işlərinin aparıldığı ərazi boyu təqribən
10 minə yaxın əhalinin yaşadığı
yaşayış məntəqələri mövcuddur.
Məlumdur ki, Azərbaycan Prezidenti İlham
Əliyev iyunun 6-da “Zaqatala rayonunun yol-nəqliyyat
infrastrukturunun yaxşılaşdırılması ilə
bağlı əlavə tədbirlər haqqında” Sərəncam
imzalayıb. Sərəncama əsasən,
Zaqatala rayonunda yol-nəqliyyat infrastrukturunun
yaxşılaşdırılması məqsədi ilə
Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar
Cəmiyyətinə 4,4 milyon manat, o cümlədən
Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi
avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən
hissəsinin yenidən qurulması üçün 1,8
milyon manat, şəhər ərazisindəki yeraltı piyada
keçidinin tikintisinin başa çatdırılması
üçün 2,6 milyon manat ayrılıb.
Aparılan abadlıq işləri regionların
simasını əsaslı şəkildə dəyişdirib
Bu gün Azərbaycanın regionlarında
aparılan quruculuq-abadlıq işləri də yüksək
nailiyyətlərlə müşayiət olunur. Görülən
işlər rayon və şəhərlərimizin
sosial-iqtisadi inkişafını təmin etməklə
yanaşı, vətəndaşların da həyat səviyyəsinin
yüksəlməsinə əsaslı töfhələr
verir. Qazax rayonunda da tikinti-quruculuq işləri geniş
vüsət alıb. Hazırda şəhərin küçə
və meydanları, xiyabanları əsaslı şəkildə
yenidən qurulur. Şəhərdə yerləşən
bütün çoxmənzilli binalarda Prezidentin Sərəncamına
uyğun olaraq təmir-tikinti işləri aparılır.
Yaşayış binaları öz görkəmini
köklü şəkildə dəyişir. Artıq
çoxmənzilli binaların bir çoxunda tikinti işləri
başa çatdırılıb, digərlərində
işlər davam etdirilir.
Bu günlərdə isə şəhərin
girişində əsaslı şəkildə yenidənqurma
işlərinə başlanılıb. Giriş hissədə
olan hasarlar müasir ornamentlə bəzədilib. Səkilərin
kənarlarına qazon otu və həmişəyaşıl
gül kolları əkilib. Aparılan bu yenidənqurma işləri
şəhərin giriş hissəsinin görkəmini
baxımlı və gözəl edib.
Şəhərin girişində görülən
əsas işlərdən biri isə 7 metr
hündürlükdə olan postament üzərində qoyulan
at heykəlidir. Bu gün Dilboz atın rəmzi olan at heykəli
həmin postament üzərinə qoyulub. Artıq bir neçə
aydır ki, çoxmənzilli binaların da təmirinə
başlanılıb. Prezident İlham Əliyevin 20 oktyabr
2016-cı il tarixli Sərəncamına uyğun olaraq Qazax
şəhərindəki bütün çoxmənzilli
binalarda təmir işləri həyata keçirilir.
Hal-hazırda şəhərdəki 77 çoxmənzilli
binada təmir işləri gedir. Onların böyük əksəriyyətində
təmir-bərpa işləri başa
çatdırılıb. Bir hissəsində isə bu işlər
davam etdirilir.
Onu da qeyd edək ki, binaların dam örtüyündə,
fasad hissəsində, dəhliz və bloklarda təmir işləri
aparılır. Eyni zamanda binaların giriş hissəsinə
yeni dəmir qapılar qoyulur. Artıq binaların əksəriyyətində
təmir-bərpa işləri nəzərdə tutulan vaxtdan
tez başa çatıb və binalar yeni bir görkəm
alıb. Təmir aparılan digər binalarda isə bu işlər
sürətlə davam etdirilir.
Lənkəran şəhərində də
çoxmənzilli binaların əsaslı təmiri ilə
bağlı geniş işlər həyata keçirilməkdədir.
Prezident İlham Əliyev iyunun 7-də “Lənkəran şəhərində
çoxmənzilli binaların əsaslı təmiri və bərpası
ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam
imzalayıb. Sərəncama əsasən Lənkəran
şəhərində qəzalı vəziyyətdə olan
13 çoxmənzilli binada əsaslı təmir və bərpa
işlərinin həyata keçirilməsi üçün
Prezidentin ehtiyat fondundan Lənkəran Şəhər İcra
Hakimiyyətinə 7,5 milyon manat ayrılıb.
Rayonlarda yeni subartezian quyuları qazılır,
arx və kanallar çəkilir
Regionlarda infrastrukturun yenilənməsi istiqamətində
həyata keçirilən tədbirlər sırasında su təsərrüfatı
sisteminin yenilənməsi də prioritet təşkil edir.
Bununla bağlı rayonlarda işlər geniş vüsət
alıb. O cümlədən Ağdam rayonunda son 5 ildə 122
yeni subartezian quyusu qazılaraq istifadəyə verilib. Dövlət başçısının “Ağdam
rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında” 2016-cı il 7
dekabr tarixli Sərəncamına əsasən, rayonun 15
yaşayış məntəqəsində 30 subartezian
quyusunun qazılmasına başlanılıb. Həmçinin
pambıqçılığın inkişafı
üçün bu il əlavə olaraq 4 subartezian quyusunun
qazılması da nəzərdə tutulub. Ağdam mexaniki
suvarma idarəsi rayonda 35 min 400 hektar əkin sahəsini suvarma
suyu ilə təmin edir. Rayon ərazisində əkin sahələrinin
suvarılması 836 subartezian quyusu, 4 nasos stansiyası, 192
hidrotexniki qurğu, 11 kəhriz, 4 suyığıcı
göl, 365 kilometr suvarma kanalları vasitəsilə həyata
keçirilir.
Cəbhə bölgəsində yerləşən
Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılması
istiqamətində tədbirlər davam etdirilir. Hər il yeni
subartezian quyuları qazılır, arx və kanallar çəkilir.
Tərtər rayonunda əhalinin içməli suya olan tələbatının
ödənilməsi üçün də lazım olan tədbirlər
görülür. Suya ehtiyac olan yaşayış məntəqələrində
yeni subartezian quyuları qazılaraq sakinlərin istifadəsinə
verilir. Tərtər şəhərinin içməli su ilə
təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması layihəsi ötən il başa çatıb.
Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə
alınmaqla, Tərtər şəhərində 26 min nəfərin
içməli su təchizatı və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılmasına
hesablanıb. Yaxın gələcəkdə rayonun 21 min
sakininin yaşadığı 11 kəndin də içməli
su təchizatı yaxşılaşdırılacaq.
Ümumilikdə, bu layihədən 47 min sakin faydalanacaq.
Beləliklə, sadalananlar bir daha ölkəmizin
regionlarında quruculuq-abadlıq işlərinin davamlı
xarakter daşıdığını deməyə əsas
verir.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.-
2017.- 9 iyun.- S.7.