Aqrar sahənin inkişafı
istiqamətində kompleks addımlar atılmaqdadır
Sahibkarlara güzəştli kreditlərin verilməsi,
torpaq sahələrinin genişləndirilməsi aqrar sektorda
uğurlu nəticələrin əldə olunmasına təkan
verib
Yerləşdiyi Cənubi Qafqaz regionunun lider
dövləti olan Azərbaycanda ərzaq təhlükəsizliyinin
təminatı istiqamətində mühüm addımlar
atılmaqdadır. Eyni zamanda dövlətin göstərdiyi
diqqət və qayğı aqrar sektorda uğurlu nəticələr
əldə olunmasına təkan verib. Qeyd edək ki,
2004-cü ildən həyata keçirilən regionların
sosial-iqtisadi inkişafına dair Dövlət proqramları
ölkəmizdə aqrar sahənin daha da dirçəldilməsində,
bununla yanaşı isə ərzaq təhlükəsizliyinin təminatında
mühüm rol oynayır. Bu gün adıçəkilən
sahənin inkişafı ölkəmizin ixrac
potensialının artmasında, xarici bazarlarda yer tutmasında
öncül məqamlardan birini təşkil edir. Azərbaycan
artıq uzun müddətdir ki, özünü kənd təsərrüfatı
məhsulları ilə yüz faiz təmin edir.
Bir məqamı xüsusi olaraq vurğulamaq
lazımdır ki, Prezident İlham Əliyevin tövsiyə və
tapşırıqları, qəbul olunan Dövlət proqramları,
müvafiq Fərman və sərəncamlar ölkəmizdə
aqrar sahənin inkişafını daha da dinamikləşdirib.
Kənd təsərrüfatının strateji sahələrinin
inkişafı, əkin sahələrinin artırılması
və digər istiqamətlərdə görülən tədbirlər
real nəticələrə nail olunmasına yol açır.
Eləcə də kənd təsərrüfatının
inkişafında yerli sahibkarlara göstərilən dövlət
qayğısı da mühüm əhəmiyyət
daşıyır. Bu məqamda qeyd edək ki, iyunun 22-də
Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən
37 sahibkara 1 milyon manatdan çox güzəştli kredit
verilib. Məlumatlara əsasən verilən kreditlər
heyvandarlıq və bağçılıq təsərrüfatlarının,
istixana kompleksinin genişləndirilməsinə, tikinti
materiallarının istehsalına və digər sahələrə
yönəldiləcək. Bununla da 70-ə yaxın yeni iş
yerinin açılması mümkün olacaq. Vurğulamaq
lazımdır ki, 2017-ci ilin ötən dövründə 653
sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə
50 milyon manata yaxın güzəştli kredit yönəldilib.
Bu kreditlərdən istifadə etməklə
investisiya layihələrinin reallaşdırılması 2 minə
yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır.
Ümumilikdə isə indiyədək Quba-Xaçmaz iqtisadi
rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin
2 min 380 investisiya layihəsinin maliyyələşdirilməsinə
186,2 milyon manat güzəştli kredit verilib. Bundan əlavə, İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 51
logistik mərkəzin yaradılmasına 163 milyon manat və 38
intensiv bağçılıq, tingçilik və
üzümçülük təsərrüfatlarının
yaradılmasına 56,6 milyon manat güzəştli kredit
yönəldilib. Logistik mərkəzlər əhalinin
ilboyu keyfiyyətli yerli məhsullarla təminatında,
ixracın artmasında əhəmiyyətli rol oynayır və
regionlarda yeni intensiv meyvə bağlarının
salınmasını stimullaşdırır.
Samux rayonundakı təsərrüfatlarda isə
günəbaxan əkininə maraq artıb. Rayonda 2 min 557
hektar sahədə günəbaxan əkilib. Bu, ötən illə
müqayisədə 842 hektar çoxdur. Məhsuldarlığı
ilə seçilən sahənin gəliri yaxşı
olduğundan rayon fermerləri günəbaxan əkinini hər
il genişləndirirlər. Rayonda günəbaxan əkininə
hazırlıq payız aylarından başlayır. Toxum səpilənə
qədər bir sıra aqrotexniki qaydalara əməl edilir. Səpin
işlərindən sonra isə sahəyə lazımi qulluq
göstərilir. Fermerlər deyirlər ki, əkin sahəsinə
düzgün aqrotexniki qulluq göstərildikdə qoyulan vəsaitdən
dəfələrlə çox gəlir götürmək
mümkündür. Bir hektar sahəyə 24 kiloqram toxum səpilir.
Təsərrüfat sahibləri daha çox Rusiyadan gətirilən,
məhsuldarlığı və yağlılığı
yüksək olan sortlara üstünlük verirlər. Onlar
keyfiyyətli toxumun bir kiloqramını 3-3,5 manata alırlar. Məhsul
yetişənə qədər bir hektar sahəyə 800-850
manat dəyərində qulluq göstərilir.
Öz növbəsində Ağstafa rayonunda
üzümçülük sahələri genişlənməkdədir.
Aqrotexniki qulluq işlərini yekunlaşdırmaq üzrə
olan fermerlər bu il məhsuldarlığın bol
olacağını bildirirlər. Bu sahənin gəlirli
olduğunu nəzərə alan təsərrüfat sahibləri
yeni üzüm bağları da salıblar. Fermerlər
bu il 1 hektardan 10-12 ton üzüm götürəcəklərinə
əmindirlər. Üzümün əsasən süfrə
növünü becərən fermerlər son vaxtlar şərabçılıqda
istifadə edilən texniki sort üzümlərə də
maraq göstərirlər. Qeyd edək ki, Ağstafa
rayonunda ötən il 5,7 min ton üzüm istehsal olunub.
Yeri gəlmişkən,
üzümçülük Naxçıvan Muxtar
Respublikasının rayonlarında da yenidən öz
keçmiş şöhrətini qaytarmaqdadır. Belə ki, “2012-2020-ci illərdə Azərbaycan
Respublikasında üzümçülüyün
inkişafına dair Dövlət Proqramı” muxtar respublikada
da üzümçülüklə məşğul olan
sahibkarların fəaliyyətini gücləndirir, yeni
üzümçülük təsərrüfatlarının
yaradılmasına əhəmiyyətli təsir göstərir.
Bunun nəticəsində son illər muxtar
respublikada yüzlərlə hektar üzüm bağları
salınıb, istehsal artırılıb. İqtisadi səmərəliliyi
olduqca yüksək olan üzümçülük sahəsində
zəngin təcrübə əldə edən babəkli
sahibkarlar da üzüm bağlarını genişləndirirlər.
Didivar kəndində salınan Hüseynqulu Bədəlova məxsus
üzüm bağından da bol məhsul gözlənilir.
Torpaq mülkiyyətçisinin 4 il əvvəl
saldığı üzüm bağı iki hektara
yaxındır. Sahibkarlığa Kömək Fondundan 26 min
manat vəsait götürərək təsərrüfatı
genişləndirən kənd sakini burada müxtəlif
üzüm sortları yetişdirir.
Hüseynqulu Bədəlov bildirib ki, muxtar
respublikanın digər rayon və kəndlərindən, eləcə
də qonşu ölkələrdən gətirilmiş sortlar
məhsuldarlığı ilə seçilir. Ağ,
qırmızı, sarı, qara, qəhvəyi kişmişilər,
əsgəri, xəlili, kürdəşi, həmçinin bənənyari,
miskalı, ağ tayfı, ağ aldərə, hənəqırna,
Naxçıvan şanısı kimi məşhur yerli
üzüm sortları ən gözəl seleksiya növləridir.
Lənkəranda isə son illər
ənənəvi əkin sahəsi olan çəltikçiliyin
inkişafına diqqət artırılıb. Ölkəmizdə
aqrar sahəyə göstərilən dövlət dəstəyi
Lənkəranda da uzun müddət tənəzzül
dövrünü yaşayan çəltikçiliyin inkişafı
üçün geniş imkanlar yaradıb. Verilən məlumata
görə, rayonda çəltikçilik əsasən Girdəni,
Veravul, Ürgə, Siyavar, Hirkan, Xolmili, Şıxəkaran,
Mamusta, Separadi və digər kəndlərdə inkişaf
etdirilir. Qeyd edilməlidir ki, çəltikçilik çox
gəlirli sahədir. Hər hektardan 50-60 sentner məhsul
götürülür və maya dəyərindən 10-15 dəfə
bahasına satılır. Bazarlarda yerli düyünün qiyməti
5-7 manat arasında dəyişir. Ekoloji cəhətdən təmiz
və keyfiyyətli olduğu üçün bazarda yerli
düyüyə tələbat da böyükdür.
Yerli düyüyə tələbatın
artması, qiymətlərin digər kənd təsərrüfatı
məhsullarına nisbətən yüksək olması, eləcə
də dövlətin fermerlərə dəstəyi və
ölkəyə çəltik əkini üçün
müasir texnikaların gətirilməsi bu sahənin Lənkəranda
yenidən dirçəlməsinə səbəb olub.
Çəltik əkini əsasən istifadəsiz
qalan bələdiyyə və sakinlərə dövlət tərəfindən
verilən pay torpaqlarında aparılır. Hazırda Lənkəranda
500 hektara yaxın sahədə çəltik əkilib və əkin
davam edir. Ümumilikdə isə 600 hektardan çox sahədə
çəltik əkini və 2000 tona yaxın məhsulun tədarük
olunması planlaşdırılıb.
Fermerlər çəltik əkini
və yığımı, həmçinin becərmə və
gübrə səpmək üçün Yaponiya və Cənubi
Koreyadan yeni texnikalar gətiriblər. Çəltik əkini əsasən
yapon istehsalı olan texnika ilə aparılır. Əvvəllər
çəltik əkinində əl əməyindən istifadə
edilərək gündə 0,5 hektara yaxın torpaq sahəsi
əkilirdisə, hazırda bu texnikalar vasitəsilə gün ərzində
2 hektar sahədə çəltik əkmək
mümkündür. Texnika ilə əkilən sahələrdən
yüksək məhsul əldə olunur və bu üsul təsərrüfat
sahibləri üçün iqtisadi baxımdan da səmərəlidir.
Qeyd edək ki, ötən il Lənkəranda
300 hektar çəltik sahəsindən 860 ton məhsul
yığılıb. Bu il isə 600 hektar sahədən 1200
tondan çox məhsulun yığılması
proqnozlaşdırılır.
Qazax rayonuna gəlincə artıq neçə
ildir ki, burada fındıq becərilir. Həm həyətyanı,
həm də pay torpaqlarında becərilən fındıq bu
il daha çox bar verib. Fermerlər bu ilə fındıq
bağlarını genişləndirməyə nail olublar.
Bağların suvarılması, budanması
vaxtlı-vaxtında aparılanda məhsul da bol olur. Qazaxda
fındığın xırda və nisbətən
böyük olan süfrə növləri yetişdirilir.
Satıcılar isə fındığın süfrə
növünün alıcılıq qabiliyyətinin daha
yaxşı olduğunu deyirlər.
İsmayıllı rayonunda isə kartof
yığımına məhsulun daha tez yetişdiyi cənub ərazilərdə,
o cümlədən Kürdmaşı, Gəraybəyli, Xəlilli,
Mollaisaqlı və digər ərazi vahidlərində
başlanılıb. Cari mövsümdə bölgədə
917 hektarda kartof yetişdirilib ki, bu da ötən ildəkindən
50 hektar çoxdur. Son illər bölgədə
kartofçuluq intensiv inkişaf edir. Torpaq mülkiyyətçiləri
bu sahəyə böyük maraq göstərirlər. Təsadüfi
deyil ki, artıq bir sıra ərazilərdə kartof müasir
texnologiya ilə becərilir. Bu il İsmayıllı şəhər,
Talıstan, Kürdmaşı kənd ərazi vahidlərində
200 hektar sahədə əkin və becərmə işləri
sənaye üsulu ilə aparılıb. Bölgədə
kartofçuluğun perspektivi nəzərə alınaraq
saatda 500 kiloqram yarımfabrikat kartof püresi istehsalı
gücünə malik zavod tikilir. Mütəxəssislər
cari mövsümdə rayonda 11 min tona yaxın məhsul
götürüləcəyini proqnozlaşdırırlar.
Eyni zamanda Ağsu rayonunun Pirhəsənli kəndi
ərazisində 2,2 hektar sahəsi olan istixana qurulur. Yeni
sahibkarlıq təsərrüfatı Türkiyədən dəvət
olunan mütəxəssislər tərəfindən
yaradılır. Müasir suvarma sistemi ilə təchiz edilən
istixana üçün 70 və 30 tonluq olmaqla, ümumilikdə,
100 tonluq iki su çəni qurulub. Bu, suvarmanın elektrik
enerjisi sərf etmədən aparılmasına imkan verəcək.
İstixanada əkin üçün daha sərfəli
olan növü müəyyənləşdirmək məqsədilə
2 hektar ərazidə Türkiyədən gətirilən 9
növ pomidor şitili əkilib. Növlərdən 2-si
günəş şüası ilə bol olan bu torpaqlar
üçün daha səmərəlidir. Hazırda
açıq səmada becərilən bu sortlar yüksək məhsul
gətirib və gələn ayın ortalarında
yığıma başlanılacaq. Qeyd edək ki,
istixananın cari ilin avqustunda istifadə verilməsi nəzərdə
tutulub. Burada 50 iş yeri açılacaq.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2017.- 22 iyun.- S.5.