Qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması davamlı xarakter daşıyır

 

Ölkəmizdə bu istiqamətdə 2017-ci ilin arxada qalan ayları ərzində də müvafiq addımlar atılıb

Son illər bütün sahələrdə uğurlu nəticələr əldə edən Azərbaycanda inkişaf davamlı xarakter daşıyır. Eyni zamanda, ötən illərin təcrübəsi və bu ilin arxada qalan ayları ərzində görülən işlər 2017-ci ilin də ölkəmiz üçün uğurlarla yadda qalacağını deməyə əsas verir. Daha doğrusu, bu ilin arxada qalan aylarının nəticələri də göstərir ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, bizim beynəlxalq mövqelərimiz möhkəmlənib. Bunların fonunda isə ölkədə iqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapır.

Məlum olduğu kimi, bu uğurların təməlində Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət dayanır. Məhz bu siyasətin nəticəsində ölkəmizdə bir sıra mühüm layihələr, o cümlədən infrastruktur layihələri uğurla icra edilir. Bu məqamda qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində son 13 ildə Azərbaycanda istər iqtisadi, istərsə də sosial infrastruktur quruculuğuna böyük diqqət göstərilib.

Həyata keçirilən məqsədyönlü layihələr sayəsində bütün ölkə boyu infrastruktur təminatı əhəmiyyətli dərəcədə möhkəmlənib. Heç şübhəsiz, bu sırada reallaşdırılan qazlaşdırma layihələrini də xüsusi olaraq vurğulamaq lazımdır. Belə ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq indiyədək respublikanın regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib. Daha dəqiq desək, regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində ölkə miqyasında qazlaşdırma prosesi ildən-ilə daha geniş miqyas alır.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu məqama toxunan dövlət başçısı “Azərbaycanda qazlaşdırmanın səviyyəsi 92 faizdir. Bu il daha da artacaq” deyib.

Beləliklə, dövlət başçısının tapşırıqlarını əldə rəhbər tutan SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər 2017-ci ildə də davam etdirilir.

Həmin tədbirlərə keçməzdən öncə bildirək ki, “Azəriqaz” İstehsalat Birliyi ölkəmizin bütün regionlarını əhatə edən 1,954 milyondan çox istehlakçını təbii qazla təmin edir. Bu funksiyanın icrası üçün qaztənzimləyici məntəqələrdən və şkaflardan, boru kəmərlərindən və digər çoxsaylı texniki-texnoloji obyektlərdən ibarət olan mürəkkəb qazpaylama sisteminin optimal idarəetmə mexanizmi mövcuddur. SOCAR tərəfindən sahənin yenidən qurulması və istehsalatın müasir tələblər səviyyəsində təşkili istiqamətində həyata keçirilən geniş proqram çərçivəsində “Azəriqaz” İB tərəfindən yeni layihələr üzərində intensiv iş aparılır.

Eyni zamanda, qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yanvar-may ayları ərzində 28 yaşayış məntəqəsinə təbii qaz verilib. Birliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” tərəfindən cari ilin yanvar-may ayları ərzində 951,8 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 79,4 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Masallı və Ağstafa rayonları üzrə 28 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin olunub.

Eyni zamanda, yanvar-may aylarında 167 çoxmərtəbəli binaya təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu, ümumilikdə, 8 min 982 mənzili əhatə edir. Ümumiyyətlə, Birlik qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

Ümumiyyətlə, ölkəmizdə şəhər, kənd və qəsəbələrin qaşlaşdırılması istiqamətində işlər davamlı xarakter daşıyır. Belə ki, mayın 25-də Ağcabədi rayonunun Qiyaməddinli kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, 364 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 837 metr müxtəlif diametrli polietilen, ümumi uzunluğu 21 min 911 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda rayonun Qaravəlli kəndində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatdırılaraq yaşayış məntəqəsinə təbii qazın verilişi təmin olunacaq. Tədbirdə çıxış edən sakinlər kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Öz növbəsində mayın 30-da Ağstafa rayonunun Muğanlı kəndinə təbii qaz verilib. Məlumat üçün bildirək ki, 521 abonenti olan kəndin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 616 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 50 min 356 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 521 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Ağstafa rayonunun daha 3 kəndində - Sadıqlı, Böyük Kəsik və Ağgöl kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.

Xaçmazın yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də tədbirlər davam etdirilir. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən rayonun Xanoba, Tel və Yaquboba kəndlərinin qazlaşdırılması başa çatdırılaraq, ümumilikdə, 534 abonentə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb. Kəndlərə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə bildirilib ki, 3 kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 20 min 160 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kəndlərdəki bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb. Beləliklə, rayonda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 93-ə çatıb.

Qeyd olunub ki, Xaçmazda Nabran qəsəbəsi də daxil olmaqla, turizm zonasına aid 19 yaşayış məntəqəsinin qazlaşdırılması işləri həyata keçirilir. Artıq təbii qazla təmin olunan üç kəndlə yanaşı, Səlimoba və Günəşli kəndlərində də qaz çəkilişi yekunlaşmaq üzrədir. İstirahət zonasında yerləşən kəndlərin qazlaşdırılması ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini xeyli azaldacaq. Nabran istirahət zonasında təbii qazın olmaması payız-qış mövsümündə istirahət mərkəzlərində əlavə çətinliklər yaradır. Bu səbəbdən soyuq aylarda, demək olar, əksər obyektlərin fəaliyyəti məhdudlaşır. Amma yaxın günlərdə bu çətinliklər arxada qalacaq.

Təbii qazla təchizat sahəsində işlər ölkənin cənubunda da davam etdirilir. Belə ki, iyunun 16-da Masallı rayonunun Bala Təklə və Tiyaqanı kəndlərinə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 125 abonenti olan Bala Təklə kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7 min 276 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

53 abonenti olan Tiyaqanı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 767 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 2 min 383 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Masallı rayonunun daha 3 kəndində - Şıxlar, Qodman və Xanalion kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.

Mərkəzi Aran regionunda yerləşən İmişlinin qəsəbə və kəndlərinin qazlaşdırılması da uğurla davam etdirilir. İndiyədək rayonun 49 yaşayış məntəqəsindən 34-ü qazlaşdırılıb. Qaz verilmiş kənd və qəsəbələrin sırasına rayonun Xubyarlı kəndi də əlavə olunub. 2030 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem üzrə ümumi uzunluğu 2 min 300 metr polietilen və 12 min metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, evlərə 230 məişət sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Qeyd edək ki, ötən il rayonun 13 yaşayış məntəqəsi qazlaşdırılıb. Xubyarlı kəndi də daxil olmaqla, hazırda rayonun 35 kənd və qəsəbəsində “mavi yanacaq”dan istifadə olunur.

Nadir AZƏRİ

Yeni  Azərbaycan.- 2017.- 22 iyun.- S.4.