Yeni Azərbaycan Partiyası şəhid ailələri və müharibə veteranlarına böyük diqqət və qayğı göstərir.

 

YAP-ın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətini təşkil etməsi bu diqqət və qayğının bariz nümunəsidir

Cənubi Qafqazın lider dövləti olan müstəqil Azərbaycan Respublikasının xarici siyasət kursunun mühüm prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə - işğal edilmiş ərazilərimizin azad edilməsinə nail olmaqdır. Bu istiqamətdə uğurlu diplomatiya həyata keçirən Azərbaycan həm də ordu quruculuğuna xüsusi önəm verir. Şübhəsiz ki, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını nəyin bahasına olursa olsun, işğaldan azad edəcəyinə dair əminlik yaradır.

Azərbaycan Ordusu işğal edilmiş ərazilərimizi azad etməyə qadirdir!

Ümumiyyətlə, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində sistemli şəkildə aparılan ordu quruculuğu sahəsində məqsədyönlü işlər görülüb. Hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyətinin daha da yüksəldilməsi, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Bunlarla yanaşı, aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Görülən bütün bu işlər nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Bütövlükdə, həyata keçirilən ordu quruculuğu siyasəti sayəsində bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib.

Digər tərəfdən, dövlət başçısının orduya qayğısı, hərbi hissələrə davamlı olaraq baş çəkməsi, cəbhə bölgəsində xidmət göstərən hərbçilərlə görüşməsi onlarda ruh yüksəkliyini daha da artırır. Müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və ümumiyyətlə, vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünə inam, vətənpərvərlik hisslərinin hakim olmasıdır. Bu gün Azərbaycan cəmiyyətində qeyd olunan əhval-ruhiyyə mövcuddur. Bütün bunların nəticəsidir ki, xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim ordumuz güclü ordular sırasındadır. Son illər ərzində ordumuzun maddi-texniki təminatı böyük dərəcədə inkişaf edib. Bu gün təminat-təchizat baxımından yüksək səviyyəyə malik olan Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Biz son illər ərzində bir çox ölkələrdən ən müasir texnika, silah-sursat almışıq ki, bu texnika və silahlar bu gün bizim ordu potensialımızı gücləndirir”.

Qeyd etdiyimiz kimi, ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını tezliklə işğaldan azad edəcəyinə dair optimist qənaət yaradır. Ötən ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusu düşmənin təxribatlarına layiqli cavab verməklə istənilən döyüş tapşırığını yerinə yetirmək və işğal edilmiş torpaqlarımızı azad etmək iqtidarında olduğunu bir daha dünyaya nümayiş etdirdi. Aprel döyüşləri ilə yanaşı, son hadisələr də işğalçı Ermənistana ciddi dərs oldu. Ermənistan isə növbəti dəfə anladı ki, danışıqlar prosesini pozmaq və ya siyasi manipulyasiya etmək üçün təxribat törətmək yoluna istinad edərsə, bu, ciddi uğursuzluqla nəticələnəcək, Azərbaycan Ordusu tərəfindən layiqli cavab alacaq. Buna paralel olaraq Azərbaycan xalqının Milli Ordumuza olan inam və dəstəyi də cəmiyyətimizdə mövcud əhval-ruhiyyənin müsbət olduğunu göstərdi. Düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızın Vətən uğrunda ortaya qoyduqları şücaət xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir. Bütövlükdə, bütün bunlar konkret bir reallığı ifadə edir: Azərbaycan işğal altında olan torpaqlarını azad etmək iqtidarındadır!

Şəhid ailələri və müharibə veteranları dövlətin diqqət mərkəzindədir

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda sistemli ordu quruculuğu ilə yanaşı, Vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı göstərilir. Bu gün Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir.

Bundan başqa, müharibə əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı nümunəvi xarakter daşıyır. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır.

Yeni Azərbaycan Partiyasının xeyriyyə aksiyası yüksək qiymətləndirilir

Əlbəttə, Azərbaycan cəmiyyətinin avanqardı və alternativsiz siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) da şəhid ailələri və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərir. Bunlarla yanaşı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi olaraq YAP Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna bir neçə dəfə vəsait köçürüb, dəfələrlə xeyriyyə tədbirləri təşkil edib. Yeri gəlmişkən, bu günlərdə Yeni Azərbaycan Partiyasının təşəbbüsü və vəsaiti hesabına Lənkəran rayonu ərazisində yerləşən “Palıdlı sahil” istirahət mərkəzində ötən ilin aprel ayında erməni silahlı birləşmələrinin qoşunların təmas xəttində təxribatçı hərəkətlərinin qarşısını cəsarətlə və qətiyyətlə almış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahəti təşkil edilib.

İstirahət günləri ərzində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun Lənkərandakı ev-muzeyinə, rayon ərazisində yerləşən Heydər Əliyev Mərkəzinə və Tarix-Diyarşünaslıq Muzeyinə tur təşkil edilib, eləcə də Lənkəranın bir sıra görməli yerlərinə, o cümlədən Hirkan qoruğuna, Xanbulan çay su hövzəsinə tur və digər bir sıra səfalı məkanlara gəzintilər həyata keçirilib.

Aksiya çərçivəsində “Palıdlı sahil” istirahət mərkəzində istirahət edənlər bu xeyriyyə aksiyasının əhəmiyyətinə toxunaraq ümumiyyətlə dövlətimiz tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına yüksək diqqət və qayğının göstərildiyini diqqətə çatdırıblar. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü və vəsaiti hesabına belə bir xeyriyyə aksiyasının keçirilməsi bu qayğının bariz nümunəsidir.

Şəhid əsgər Zakir Cəfərovun anası Kəmalə Abdullayeva deyib ki, dövlətimiz tərəfindən şəhid ailələrinə yüksək diqqət və qayğının göstərilməsi böyük iftixar hissi yaradır: “Oğlum Zakir Vətənin müdafiəsi uğrunda şəhidlik zirvəsinə yüksəlib. Yaralı olduğu halda öz yaralı komandirini xilas etmək üçün irəli atılıb və şəhid olub. Bu, bizim üçün böyük qürur və iftixar mənbəyidir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə yüksək diqqət və qayğısını xüsusi qeyd etmək istəyirəm. Biz Prezident İlham Əliyevə xüsusi minnətdarlıq hissimizi çatdırırıq”.

Şəhid Tural Dadaşovun anası Kəmalə Dadaşova da şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsinin böyük iftixara səbəb olduğunu deyib. O, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi bu xeyriyyə aksiyasının əhəmiyyətinə toxunaraq deyib ki, bu, şəxsən dövlətimizin başçısının şəhid ailələrinə diqqət və qayğısının göstəricisidir: “Mən buna görə şəhid anası olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edir, sonsuz minnətdarlığımı çatdırıram”.

“Biz şəhid ailəsi kimi dövlətimizin başçısının yüksək diqqət və qayğısını həmişə hiss etmişik. Məhz Yeni Azərbaycan Partiyasının bu xeyriyyə aksiyasını da böyük məmnunluqla qarşılayırıq. Onu da deyim ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün daimi işlər görülür. Bütün bunlara görə dövlətimizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlıq edirik”. Bunu isə şəhid Sarvan Mehralıyevin anası Xatirə Əliyeva deyib.

Gizir Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov isə Azərbaycan Ordusunun öz ərazi bütövlüyünü təmin edəcəyinə inamını vurğulayaraq deyib: “Biz Ordumuzun qüdrətinə inanırıq. Oğlum Nicat Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmaqla həm də Ordumuzun hər bir əsgərinin cəsarətinin, rəşadətinin necə yüksək olduğunu göstərdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevə şəhid ailələrinə göstərdiyi yüksək qayğıya görə sonsuz təşəkkür edirəm!”

Yeni Azərbaycan.- 2017.- 23 iyun.- S.5.

Qələndərli Nurlan.