Regionlarda
yeni iş yerlərinin yaradılması daimi prosesə
çevrilib
2017-ci
ilin yanvar-may aylarında ƏƏSMN-in məşğulluq
orqanları tərəfindən 31,3 minə yaxın şəxsin
məşğulluğu təmin edilib, 58 min nəfərdən
çox vətəndaş əlavə təhsil və peşəyönümü
tədbirlərinə cəlb olunub
Respublikamızda səmərəli iqtisadi siyasət hər
sahədə ölkənin güclənməsinə, o
cümlədən də milli gücün artmasını
şərtləndirən vacib amillərdən biri kimi sosial
sahənin prioritetliyinin təmin olunmasına xidmət edir. Ölkəmizdə milli
iqtisadiyyatın sosialyönümlülüyünün təmin
olunması nəticəsində əhalinin real gəlirlərinin
orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib, ölkəmizdə
yoxsulluq səviyyəsi 5 faizə enib. Qeyd edək
ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən
3 dəfə aşağıdır. Ölkəmiz
insan inkişafı indeksini MDB dövlətləri üzrə
ən yüksək səviyyəyə çatdırıb,
BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək
insan inkişafı” ölkələri qrupunda yer alıb.
Bölgələrdə
əhalinin məşğulluğunun təmin olunması
böyük sosial əhəmiyyət daşıyır
Son illərdə regionlarda əhalinin məşğulluğunun
artırılması istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirilir ki, bu da böyük
sosial əhəmiyyət daşıyır. Məlum
olduğu kimi, Prezident İlham Əliyev ölkədə əhalinin
məşğulluğunun təmin edilməsi ilə
bağlı qarşıya yeni hədəflər qoyub. Dövlət başçısı diqqəti ona
yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində
Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə
əhalinin artım tendensiyası ilə əlaqədar yeni
iş yerlərinin yaradılması da daimi prosesə
çevrilməlidir. Prezident İlham Əliyev Nazirlər
Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasındakı nitqində bu barədə fikirlərini
ifadə edərək vurğulayıb: “Bölgələrdə
məşğulluğun artırılması daim diqqət mərkəzindədir.
Mən bunu dəfələrlə demişəm
ki, biz bu məsələni daim diqqətdə
saxlamalıyıq. Çünki bizdə əhali
artır, bu il də, gələn illərdə
də artacaq və artan əhali üçün gələcəkdə
yeni iş yerləri lazım olacaq. Azərbaycanda
demoqrafik vəziyyət çox yaxşıdır, əhali
artır. Ancaq bu, bizi daha da fəal işləməyə
sövq etməlidir. Ona görə məşğulluğun
artırılması həmişə gündəlikdə
duran məsələ olacaqdır. Biz bunu həll
edirik”.
Ölkəmizdə məşğulluq kimi vacib sosial məsələnin
həllində 2004-cü ildən bəri regionların
sosial-iqtisadi inkişafına dair Dövlət
proqramlarının uğurla
reallaşdırılmasının rolunu da xüsusi qeyd etmək
lazımdır. Belə ki, Dövlət proqramlarının icrasına
başlanandan indiyədək ölkə üzrə təxminən
1,6 milyon yeni iş yeri yaradılıb ki,
onların da böyük əksəriyyəti daimidir və
bölgələrin payına düşür. 2014-2018-ci illəri
əhatə edən müvafiq Dövlət Proqramının
icrasının üçüncü ili ərzində ölkə
üzrə ümumilikdə 148 mini daimi olmaqla, 190 minə
yaxın yeni iş yeri açılıb. Azərbaycan yeni
iş yerlərinin yaradılması siyasətini yeni iqtisadi
şəraitdə də diqqət mərkəzində
saxlayır. Cari ilin birinci rübündə ölkə üzrə
proqnozlaşdırıldığından daha çox - 85 min
yeni iş yeri yaradılıb ki, bunun da 70 mini daimidir.
Yeni
müəssisələr bölgələrdə məşğulluğun
artmasına müsbət təsir göstərir
Ötən ildən ölkəmizdə başlanan
islahatlar sayəsində bölgələrin investisiya təminatı
güclənib və iqtisadi aktivlik artıb. Aparılan
islahatların nəticəsində regionlarda yeni təsərrüfat
subyektlərinin fəaliyyətə başlaması isə
öz növbəsində əhalinin məşğulluğunun
artmasına müsbət təsir göstərir. Bu baxımdan Prezident İlham Əliyevin
imzaladığı müvafiq fərmanlara əsasən
ölkəmizdə investisiyaların təşviqi mexanizminin
işə düşməsinin önəmini xüsusi qeyd etmək
lazımdır. Müvafiq təşviq
mexanizminin sayəsində ölkəmizdə istər sənayedə,
istərsə də aqrar sektorda özəl investisiya
qoyuluşu əhəmiyyətli dərəcədə
artıb. Regionların sosial-iqtisadi inkişafına dair
sonuncu Dövlət Proqramının icrasının
üçüncü ilində sahibkarlara 84 investisiya təşviqi
sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində
1 milyard manatdan çox investisiya yatırılacaq, 6700-ə
yaxın yeni iş yeri açılacaq. Layihələrin 38
faizi kənd təsərrüfatı, 62 faizi isə sənaye
sahələrində olmaqla, onların 40 faizi Bakıətrafı
qəsəbələrin və Abşeron rayonunun, 60 faizi isə
digər şəhər və rayonların payına
düşür.
Ölkəmizdə regionların inkişafında
mühüm rolu olan qeyri-neft sənayesinin istehsal və ixrac
potensialının artırılmasında səmərəli təşviq
mexanizmlərindən sayılan sənaye parklarının və
zonalarının təşkili davam etdirilir. Sumqayıt
Kimya Sənaye Parkında “Azərtexnoline” zavodunda 750 nəfər
işlə təmin edilib. Daha dörd müəssisə
bu il, üç müəssisə isə
gələn il fəaliyyətə başlayacaq. Həmin
istehsalatlarda 800-ə yaxın yeni iş yeri açılacaq.
Mingəçevir Sənaye Parkında yüngül sənaye,
o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və
digər növ məhsul istehsalı üzrə yerli xammal
bazası əsasında 9 fabrikin yaradılması ilə
150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dək yeni
iş yerinin açılması nəzərdə tutulur. Son bir ildə Azərbaycan İnvestisiya Şirkəti
tərəfindən Neftçala sənaye zonasında
infrastrukturun yaradılması başa
çatdırılıb və artıq 7
iştirakçı qeydiyyatdan keçib. Bu il burada avtomobil, kənd təsərrüfatı
qurğuları, polietilen boru, modul tipli məktəb
binaları, balıq yemi və digər istehsal müəssisələri
fəaliyyətə başlayacaq. Eyni zamanda,
Ağstafada sənaye zonası yaradılıb, Masallıda
müvafiq torpaq sahəsi ayrılıb və hazırda layihələndirmə
işləri aparılır, bir sıra rayonlar üzrə isə
sənaye zonalarının yaradılmasına hazırlıq
görülür. Bəhs olunan sənaye zonalarında
yüzlərlə yerli sakin yeni iş yerləri ilə təmin
olunacaq.
Xüsusi
layihəyə uyğun olaraq ötən il
Füzuli rayonunda “Azərxalça” ASC-nin xalça müəssisəsi
fəaliyyətə başlayıb. Daha 9 rayonda isə
xalçaçılıq müəssisələrinin
tikintisi bu il başa
çatdırılacaq. İlkin proqnozlara əsasən,
regionlarda açılacaq xalçaçılıq müəssisələrində
1600 yeni iş yeri yaradılacaq. Eyni zamanda, xalça
istehsalı üçün etibarlı xammal bazasının
yaradılması, habelə ixrac potensialının
artırılması məqsədilə yunun tədarükü
sistemi təşkil edilir, kimya-sənaye parkında əyirici-boyaq
fabrikinin yaradılmasına hazırlıq işləri
aparılır ki, bu da əlavə iş yerlərinin
açılması deməkdir.
Son vaxtlarda aqrar sektorda istehsal və ixrac imkanlarının
genişlənməsi də regionlarda iqtisadi aktivliyin
artmasının göstəricisidir. Qeyd edək ki, respublikanın 20
rayonunda 44 min hektaradək ərazidə 22 sahibkar tərəfindən
müasir suvarma sistemlərinin və innovativ texnologiyaların
tətbiqinə əsaslanan 32 iri fermer təsərrüfatı
yaradılıb. Şəmkir və Yalamada
aqroparkların yaradılması işləri davam etdirilir.
Yalama aqroparkında birinci mərhələ
üzrə işlər başa çatdırılıb.
Hazırda 22 rayonda 130 min hektaradək ərazidə
27 aqroparkın yaradılması təşviq olunur. Bundan başqa, ötən ildən başlayaraq
respublikanın bölgələrində böyük əmək
tutumuna malik pambıqçılıq, baramaçılıq,
tütünçülük kimi sahələrin
inkişafına böyük diqqət göstərilir.
Bütün bunlar respublika üzrə fəal məşğul
əhalinin iş yerləri ilə təmin olunmalarına geniş
imkanlar açıb.
Yeri gəlmişkən, əmək və əhalinin
sosial müdafiəsi naziri Səlim Müslümov KİV
nümayəndələri ilə keçirdiyi
görüşdə ölkə üzrə əhalinin məşğulluğunun
artırılması istiqamətində həyata keçirilən
tədbirlərdən geniş söhbət açıb. S.Müslümovun məlumatına
əsasən, cari ilin 5 ayında nazirliyin məşğulluq
orqanları tərəfindən 31,3 minə
yaxın şəxsin məşğulluğu təmin edilib.
Mətbuat konfransında jurnalistlərin
suallarını cavablandıran S.Müslümov ölkəmizin
əmək bazarının son illərdə dünyada baş
verən iqtisadi böhranın təsirlərindən
qorunduğunu vurğulayıb. Azərbaycan
Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinə
uyğun olaraq qeyri-neft sektorunun inkişafı məqsədilə
həyata keçirilən islahatların ilk növbədə əmək
resurslarının məşğulluğuna yönəldilməsinin
əhəmiyyətini önə çəkən nazir bildirib
ki, xüsusən ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində
stimullaşdırıcı tədbirlər əhalinin 47
faizinin yaşadığı regionlarda əmək
ehtiyatlarının daha geniş müstəvidə səmərəli
məşğulluğuna yol açıb. “Ümumilikdə,
2017-ci ilin yanvar-may aylarında nazirliyin məşğulluq
orqanları tərəfindən 31,3 minə yaxın
şəxsin məşğulluğu təmin edilib, 58 min nəfərdən
çox vətəndaş peşə
hazırlığı, əlavə təhsil və peşəyönümü
tədbirlərinə cəlb olunub. Müsbət
nəticələrdən biri kimi, vaxtında və kompleks
şəkildə görülən tədbirlər ötən
ilin ilk aylarında əmək bazarında müəyyən qədər
özünü göstərmiş gərginliyin artıq tam
aradan qalxmasına və əmək bazarında yenidən
sabitliyin mövcud olmasına imkan verib”, - deyə
S.Müslümov vurğulayıb.
Regionlarda özünüməşğulluq
proqramının əhatə dairəsi genişlənir
Ölkəmizdə əhalinin məşğulluğunun
artırılması istiqamətində həyata keçirilən
tədbirlər sırasında özünüməşğulluq
proqramı xüsusi yer tutur. Proqramın əsas məqsədi
insanları layiqli iş yerləri ilə təmin etməkdən
ibarətdir. Prezident İlham Əliyevin “Əhalinin
özünüməşğulluğunun təmin olunması
sahəsində əlavə tədbirlər haqqında” 7 aprel
2016-cı il tarixli Sərəncamına əsasən
proqramın əhatə dairəsi getdikcə genişlənir.
S.Müslümov bildirib ki, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
verilmiş aktivlər (mal və materiallar) hesabına yeni
yaradılan fərdi təsərrüfatların sayı getdikcə
artır: “Özünüməşğulluq proqramı
çərçivəsində artıq 60-dan çox rayon və
şəhər üzrə 730 nəfərə qədər
işsiz və işaxtaran şəxsin aktivlərlə təminatı
həyata keçirilib. Onların hər biri verilmiş mal və
materiallar əsasında ailə əməyinə əsaslanan
fərdi təsərrüfatlarını biznes-planlarında nəzərdə
tutulan qaydada formalaşdıra biliblər”.
Qeyd edək ki, bəhs olunan proqram çərçivəsində
1400 nəfərə yaxın şəxsin özünüməşğulluğuna
şərait yaradılması nəzərdə tutulub.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2017.- 30 iyun.- S.30.