Moskvada Xocalı soyqırımının 25-ci
ildönümünə həsr olunmuş “Yaddaşın əbədiliyi” adlı gecə keçirilib
Fevralın 28-də Moskvada, “Ukrayna” mehmanxanasının konqres salonunda “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Yaddaşın əbədiliyi” adlı gecə keçirilib.
Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və Ümumrusiya Azərbaycanlılar Konqresi tərəfindən təşkil edilmiş xatirə gecəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Konqres salonunun foyesində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından bəhs edən ədəbiyyat, bukletlər təqdim olunub, “Xocalının 25 sakininin taleyi” adlı sərgi açılıb. Stendlərdə Xocalı dəhşətini yaşamış insanların həyat hekayətləri təqdim edilib. “Xocalının 25 sakininin taleyi” bukleti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində nəşr edilib.
Konqres salonunun foyesində quraşdırılan böyük monitorlarda Xocalı faciəsindən bəhs edən videomateriallar nümayiş olunub.
Tədbir çərçivəsində Xocalı sakini Dürdanə Ağayevanın “8 gün erməni əsirliyində. Xocalılı qızın xatirələri” kitabının təqdimatı olub. Kitabda Xocalı soyqırımını yaşamış və ermənilərə əsir düşmüş 20 yaşlı azərbaycanlı qızın faciəli taleyindən söhbət açılır. Xatirə gecəsində iştirak edən D.Ağayeva erməni əsirliyində yaşadığı dəhşətlərdən, məruz qaldığı amansız işgəncələrdən, faciəli hadisələrdən sonrakı həyatından və bu hadisələrin onun taleyində və yaddaşında buraxdığı qorxunc izlərdən söhbət açıb.
S.Stroqanov adına Moskva Dövlət Sənaye-İstehsalat Akademiyasının tələbələri onlayn rejimdə Xocalı, müharibə, sülh və ədalət mövzularında şəkillər çəkiblər.
Gecənin rəsmi hissəsi Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xocalı faciəsi qurbanlarının xatirəsini anmağa gələnlərin hamısına təşəkkür edərək deyib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Azərbaycanın yuxuda olan Xocalı şəhərini işğal edərək 613 dinc sakini, o cümlədən 106 qadını, 63 uşağı və 70 qocanı xüsusi amansızlıqla qətlə yetiriblər, 8 ailə tamamilə məhv edilib, 1275 adam əsir götürülüb. Deyilənə görə, zaman yaraları sağaldır, acı anlar yaddaşdan silinir. Amma zaman bizim yaraları sağaltmaqda acizdir. Xocalı qurbanları yaddaşımıza əbədi həkk olunub”.
Heydər Əliyev Fondunun vitse-prezidenti vurğulayıb ki, o dəhşətli faciədən 25 il ötür. Xocalı qırğınından sağ çıxmış uşaqlar böyüyüblər və artıq özləri valideyn olublar. Amma onlar indiyə qədər öz evlərinə, doğma torpaqlarına qayıda bilmirlər. Bu, ağrılı və ədalətsiz vəziyyətdir. Dünya birliyinin bu faciəyə hüquqi qiymət verməsi, günahkarların cəzalandırılması çox əhəmiyyətlidir.
Leyla Əliyeva deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq 30 ilə yaxındır ki, davam edir, torpaqlarımızın 20 faizi işğal altındadır, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var. Azərbaycan həmişə öz tolerantlığı ilə tanınan sülhsevər ölkədir. Əsrlərdir ölkəmizdə müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələri dinc şəraitdə yaşayır, qonşu ölkələrlə mehriban münasibətlərimiz var. Amma bu gün rəhmsiz olmağa hazırıq, çünki ərazi bütövlüyümüzü müdafiə edirik, öz torpağımız uğrunda mübarizə aparırıq”.
2008-ci ildə
“Xocalıya ədalət!” beynəlxalq
kampaniyasının start götürdüyünü
xatırladan Leyla Əliyeva
deyib: “Kampaniya dünya birliyinə
bu dəhşətli faciə haqqında düzgün informasiya
çatdırmaq məqsədi
daşıyır. Bu günlər dünyanın, demək olar,
bütün ölkələrində Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirilir.
Biz konfranslar, seminarlar, sərgilər təşkil
edir, filmlər çəkir, kitablar nəşr
edirik. Bu günlərdə Vilnüs,
Bern, Afina, London və Parisdə
matəm
konsertləri
olub, Berlində sərgi
təşkil
edilib, Bosniya və
Herseqovinada Xocalı qurbanlarının xatirəsinə həsr
olunmuş beynəlxalq konfrans keçirilib. Xocalıda baş verən dəhşətlərdən
söhbət
açan “Sonsuz dəhliz”
filminin bu yaxınlarda ABŞ-da təqdimatı
olub. Bu film münaqişə
tərəflərinin heç
birinə
aidiyyəti
olmayan, böyük bəşəri dəyərlərə
malik insanlar tərəfindən çəkilib”.
Azərbaycan ilə
Rusiyanın uzun illər
dostluq və mehriban qonşuluq münasibətləri ilə bağlı olduğunu qeyd edən
Heydər
Əliyev Fondunun vitse-prezidenti
deyib: “Bu gün burada bizi dəstəklədiyinizə və ağrı-acımızı bölüşdüyünüzə görə
sizə
bir daha təşəkkür etmək
istəyirəm. Biz əldə etdiklərimizlə kifayətlənməyəcəyik və
mümkün olan hər
şeyi edəcəyik ki, dünya bu dəhşətli faciədən xəbər tutsun. Çünki belə
bir faciə dünyanın
heç bir ölkəsində təkrar
olunmamalıdır”.
“Xocalıya ədalət!” kampaniyasının
dünyanın onlarla dövləti
tərəfindən dəstəkləndiyini diqqətə çatdıran
Leyla Əliyeva deyib:
“Meksika, Kolumbiya, Peru,
Pakistan, Serbiya, Bosniya və Herseqovina,
Rumıniya, Çexiya,
İordaniya, Sudan, Panama, Honduras, İndoneziya parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunverici
orqanları, habelə İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı
kimi tanıyıb. Bu yaxınlarda Cibuti
Milli Assambleyası və
Şotlandiya parlamenti də
Xocalı soyqırımını
pisləyən qətnamələr qəbul edib”.
Leyla Əliyeva Xocalının sağ
qalmış sakinlərindən 25-nin həyat hekayətinin
təqdim
olunduğu bukletlər və
Dürdanə
Ağayevanın “8 gün
erməni
əsirliyində. Xocalılı qızın xatirələri” kitabı
haqqında da məlumat
verib. O, arzu edən
hər
kəsi
“www.justiceforkhojaly.org” saytı vasitəsilə kampaniyanı dəstəkləməyə çağıraraq
deyib: “Bu kitabı sarsıntı keçirmədən oxumaq mümkün deyil. Kitabda bu zavallı qadının üzləşdiyi bütün dəhşətlərdən və işgəncələrdən
danışılır. Özünün də
dediyi kimi, 8 gün 800 il kimi uzanıb”.
Leyla Əliyeva çıxışını belə tamamlayıb:
“Bütün bunlara baxmayaraq, Azərbaycan xalqının
əzmi qırılmayıb və bu gün Azərbaycan güclü, müstəqil və
inkişaf edən ölkədir.
Xocalı qurbanlarının xatirəsi
bizim düşüncələrimizdə,
gördüyümüz işlərdə və qəlbimizdə yaşayır. Biz inanırıq ki, ədalət tezliklə
zəfər çalacaq, Azərbaycanın ərazi
bütövlüyü bərpa ediləcək, bütün sakinlər, məcburi
köçkünlər
öz doğma yurd-yuvalarına qayıdacaqlar”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib ki, beynəlxalq
ictimaiyyət
və
təşkilatlar
özlərini
yalnız kənar müşahidəçi
kimi aparıblar və
keşiyində
durmalı olduqları
bütün yüksək prinsip və
idealların Azərbaycanda necə
tapdalandığını səssiz
müşahidə
etməyə üstünlük veriblər. Bu amansız gecənin “müəllifləri” layiq olduqları cəzanı
almayıblar. Diplomat deyib:
“Mən
ölkəmin
səfiri,
mədəniyyət xadimi, zəngin
həyat
təcrübəsi olan bir insan
kimi Xocalı faciəsinin
beynəlxalq
səviyyədə tanınması
prosesinin təşəbbüskarı
olduğuna görə Leyla Əliyevaya xüsusi
minnətdarlığımı bildirmək istəyirəm. Təsadüfi deyil ki, “ədalət” kampaniyanın əsas sözüdür. Əminəm ki, Xocalıya münasibətdə ədalətin təntənəsinə nail olmaq təkcə bu faciənin
qurbanlarının xatirəsi qarşısında borcumuz
deyil, həm də öz xalqlarının gələcəyinə
və
bütövlükdə
dünyaya görə məsuliyyət daşıyan bütün
insanların vəzifəsidir”.
Rusiya Federasiyası
Dövlət
Dumasının Beynəlxalq Məsələlər
Komitəsinin
sədri
Leonid Slutski bildirib ki, Xocalıda baş verənlərə ədalətli qiymət
verilməlidir. O deyib:
“Bu hadisələrin iştirakçıları 100 il
sonra deyil, bizim günlərdə,
bizim nəslin sağlığında
mühakimə
edilməlidir.
Dağlıq Qarabağ kimi
qanlı münaqişələrin həllini bizim nəvələrimizə,
hətta
uşaqlarımıza saxlamağa
haqqımız yoxdur”.
Rusiya Dövlət Dumasının deputatı,
Rusiya-Azərbaycan
Dövlətlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, həmin
gün Xocalıda cinayət
törədən adamların heyvani hissləri
baş qaldırıb. O deyib:
“Onları insan adlandırmaq olmaz. Bu yırtıcılar şəfqət və
mərhəmət kimi hisslərdən tamamilə
uzaqdırlar. Axı təkcə böyüklər, döyüş qabiliyyətli kişilər
deyil, qocalar, qadınlar, uşaqlar həlak
olublar. Bu dəhşətli cinayət
təkcə Azərbaycana
qarşı deyil, bütün bəşəriyyətə qarşı
törədilib”.
D.Savelyev vurğulayıb ki, həm
Rusiyada, həm də bütün dünyada bu cinayətə dövlət
səviyyəsində qiymət
verilməlidir. O deyib:
“O cümlədən bizim parlament də
qiymət
verməlidir.
Bu barədə ucadan danışmaq lazımdır, çünki
əgər sussaq, belə cinayətlər Yer kürəsinin
başqa nöqtələrində
də
təkrarlanacaq
və
qurbanların sayı xeyli çox olacaq. Məhz buna görə
biz qətlə yetirilmiş günahsız
kişilərin,
qadınların, uşaqların
və
qocaların xatirəsini hər
il anırıq.
Ürəyində bu ağrını
daşıyan hər bir kəs
özünü insan adlandıra bilər”.
Sonra Rusiyanın
Xalq artisti Aleksandr Rudinin rəhbərliyi ilə
“Musica Viva” Moskva Kamera Orkestrinin konserti olub.
Xatirə gecəsində Rusiya ictimaiyyətinin nümayəndələri, bir çox ölkələrin Moskvada akkreditə olunmuş səfirləri, tanınmış siyasətçilər iştirak edi
Yeni Azərbaycan.-
2017.- 2 mart.- S.4