Ötən il
Şirvan bölgəsi üçün də uğurlarla
yadda qalıb
Bu bölgəyə daxil olan rayonlarda da regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı və sosial layihələrin icrası istiqamətində mühüm işlər görülüb
Məlum olduğu kimi ölkəmizdə 2004-cü ildən etibarən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanın bölgələrinin hərtərəfli şəkildə inkişaf etməsində əsaslı rol oynayıb. Və bu inkişaf ötən il ərzində də davam etdirilib.
Belə ki, 2016-cı ildə regionlarda 850 kilometr avtomobil yolu, 27 körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Eləcə də qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlər çərçivəsində regionlarda 147 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb. Bununla yanaşı, son illərdə 20 rayonda 44 min hektaradək ərazidə 22 sahibkar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan 32 iri fermer təsərrüfatı yaradılıb.
Vurğulamaq yerinə düşər ki, bütün sahələr üzrə əldə olunan inkişaf ayrı-ayrı rayonlarımızın, o cümlədən bölgələrimizin timsalında da özünü göstərir. Və təbii ki, bu inkişafdan Şirvan bölgəsinə daxil olan rayonlara da pay düşüb. Belə ki, İsmayıllı rayonunda ötən il inkişaf davamlı xarakter daşıyıb. Ölkəmizdə qeyri-neft sektoruna göstərilən dövlət dəstəyi, kənd təsərrüfatında aparılan islahatlar rayonda da bu sahənin inkişafında yeni mərhələnin əsasını qoyub. Artıq bölgədə aqrar sektorun nəinki ənənəvi sahələri olan taxılçılığın və heyvandarlığın, habelə ixracyönümlü məhsullar olan fındıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafı istiqamətində də mühüm işlər görülür. Bu barədə İsmayıllıda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib. Bildirilib ki, ötən il rayonda ümumi məhsul buraxılışı 171 milyon 371,9 min manata çatıb. Bu, inişilkindən 7 milyon 121,4 min manat çoxdur. Əsas kapitala investisiya qoyuluşu 2015-ci ilə nisbətən 2 milyon 283,4 min manat artaraq 32 milyon 998,3 min manat təşkil edib. Hesabat ilində 1032 daimi iş yeri açılıb.
Qeyd edilib ki, ötən il rayonun Qurbanəfəndi, Topçu, Qalınçaq və Təzəkənd kəndlərində əkin sahələrindən 3348 kiloqram qurudulmuş tütün istehsal olunub, 30 ailə 760 qram baramaqurdu toxumundan 897 kiloqram barama götürüb, 500 hektar sahədə yeni fındıq bağları salınıb.
Bundan başqa, 2016-cı ildə rayon üzrə 29 min 886 hektar sahədən 102 min 303 ton taxıl istehsal olunub. Hər hektardan məhsuldarlıq 34,2 sentner təşkil edib ki, bu da dağlıq bölgədə diqqətəlayiq göstəricidir. Keçən ildən Talıstan, Cülyan və Kürdmaşı kəndlərində ilk dəfə olaraq 165 hektarda sənaye üsulu ilə kartof əkilib və hər hektardan 45-50 ton məhsul götürülüb. Rayonda daha 10 istixana təsərrüfatı qurulub və bu təsərrüfatların sayı 61-ə çatdırılıb.
Eləcə də kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda da uğurlu nəticələr qazanılıb. Bütün göstəricilər üzrə məhsul istehsalı inişilkinə nisbətən artıb. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. Süni mayalandırma yolu ilə 1381 baş cins buzov alınıb.
Abadlıq və quruculuq işlərinə gəldikdə isə, rayonun Sumağallı kəndində Göyçay çayı üzərində 3,7 meqavat gücündə “İsmayıllı-2” su elektrik stansiyası, Diyallı kəndində velosiped zavodu, şəhərin Təbriz küçəsində 140 yerlik uşaq bağçası, Qaraməryəm-İsmayıllı yolu istifadəyə verilib. Bu obyektlərin açılışı Prezident İlham Əliyevin iştirakı ilə həyata keçirilib. Keçən il rayon ərazisində 15 obyekt, 153 ev inşa olunub, “Fermer evi”nin tikintisi tamamlanıb. Lahıc qəsəbəsində Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində “İcma bazarı”nın tikintisi başa çatıb.
Şirvan bölgəsinin əhatə olunduğu Dağlıq Şirvan iqtisadi rayonunun ərazisinə daxil olan digər bir rayonda - Ağsu rayonunda da ötən il mühüm irəliləyişlər qeydə alınıb. Belə ki, ölkə başçısı İlham Əliyevin ixracyönümlü məhsulların, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı ilə əlaqədar tapşırıq və tövsiyələri nəzərə alınaraq bu istiqamətdə mühüm addımlar atılıb. Ötən il rayonda 1032 ton pambıq, 1691 kiloqram barama istehsal olunub. 2017-ci ildə pambıq əkinlərinin 2500 hektara çatdırılması üçün torpaq sahələri ayrılıb, o cümlədən baramaçılığın yem bazası üçün 33 min ədəd tut tingi əkilib. Rayonda taxılçılıq, heyvandarlıq sahələrində də xeyli işlər görülüb, 3 hektar sahədə istixana təsərrüfatı yaradılıb.
Qeyd edilməlidir ki, Ağsuda ötən il ümumi məhsul buraxılışı 160 milyon 727 min manat olub. Bu isə 2015-ci ilə nisbətən 2 faiz, 2003-cü il səviyyəsindən isə 6,5 dəfə çoxdur. Hesabat ilində ət istehsalı ilə məşğul olmaq üçün hər biri 125 başlıq 2 müasir heyvandarlıq binası inşa olunub. Çiyni və Gəgəli kəndlərindən olan sahibkarlar tərəfindən də 550 baş mal-qara saxlamağa imkan verən heyvandarlıq kompleksləri tikilib.
Rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də yeni layihələrə start verilib. Belə ki, Dövlət Proqramına müvafiq olaraq uzunluğu 29 kilometr olan, 7 kəndi birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun yenidən qurulmasına başlanılıb. 2016-cı ildə Ağsu-Bozavand yolu, şəhərin bir çox küçəsi asfaltlaşdırılıb.
Əhalinin normal elektrik enerjisi, təbii qazla təminatı istiqamətində də xeyli iş görülüb. Ötən il Ağsu yarımstansiyası yenidən qurulub, sakinlərin 97,8 faizi “mavi yanacaq”la təmin olunub.
Eyni zamanda Qobustan rayonunda da regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı, sosial layihələrin icrası istiqamətində ciddi tədbirlər görülüb. Belə ki, 2016-cı ildə ümumi məhsul buraxılışının həcmi 130 milyon 277 min manat olub ki, bu da 2015-ci illə müqayisədə 18,1 faiz çoxdur. O cümlədən kənd təsərrüfatı məhsullarının ümumi həcmi 22,5 faiz artaraq 56 milyon 742,4 min manata, sənayedə 10,6 faiz artaraq 1 milyon 482 min manata çatıb. Ötən il əsas kapitala yönəldilən investisiya 93 milyon 805,8 min manat təşkil edib ki, bu da 2015-ci ildəkindən 2,4 dəfə çoxdur. Qeyd edilməlidir ki, ötən il rayonda 24 min 645 hektar sahədən 55 min 43 ton taxıl istehsal edilib, hər hektardan 22,3 sentner məhsul götürülüb.
Bununla yanaşı, Prezident İlham Əliyevin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisi başa çatdırılıb. Qobustanda cəzaçəkmə müəssisələrindən azad olan şəxslər üçün tikilən Sosial Adaptasiya Mərkəzinin inşası da yekunlaşıb. Cəmcəmli kəndində tibb məntəqəsinin, 50 çarpayılıq mərkəzi xəstəxananın, su-kanalizasiya şəbəkəsinin və digər sosial obyektlərin tikintisi davam etdirilir. Qobustan şəhərində 624 şagird yerlik üçmərtəbəli məktəb binasının tikintisinə başlanılıb.
Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan Şamaxı rayonunda da ötən il sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlar, tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri ilə yadda qalıb. Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə rayonun inzibati ərazisinin Padar və Yasamal adlanan qış otlaq sahələrində iri taxılçılıq təsərrüfatlarının yaradılmasına başlanılıb. Bu isə rayon əhalisinin ərzaqla təminatının yaxşılaşdırılmasına və yeni iş yerlərinin açılmasına xidmət göstərir.
Həmçinin rayonda 2016-cı ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatının inkişafı məqsədilə aqrar sektorda çalışan 24 sahibkara əvvəlki illərdə verilmiş kreditlərin qayıdışı hesabına 272 min manat məbləğində güzəştli kreditlər verilib. Eləcə də Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatının yaradılması üçün əkin dövriyyəsinə 14 min 890,4 hektar torpaq sahəsi ayrılıb. Aqroparkın yaradılması üçün “Yasamal” adlanan qış otlaq sahəsində 1500 hektar torpaq əkin dövriyyəsinə cəlb edilib. Burada 9 min başlıq ətlik və südlük heyvandarlıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Sabir qəsəbəsində isə 1200 başlıq heyvandarlıq kompleksinin inşasına başlanılıb. Bu layihələrin icrası rayonda həm də yüzlərlə yeni iş yerinin açılmasına imkan verəcək.
Bir zamanlar öz üzümü ilə məşhur olan Şamaxıda bu sahənin dirçəldilməsi yönündə də tədbirlər görülür. Şamaxıda üzüm bağlarının sahəsi artıq 1640 hektara çatdırılıb. Meysəri kəndinin ərazisində üzüm əkini üçün “Şirvan şərabları” MMC-yə 330 hektar torpaq sahəsi ayrılıb və 96 hektarda artıq bağ salınıb.
Rayonda arıçılıq təsərrüfatı da sürətlə inkişaf edir. Hesabat ilində arı ailələrinin sayı 1404 qutu artaraq, 6515-ə çatıb. Ötən il Şamaxıda, ümumiyyətlə, heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər artıqlaması ilə yerinə yetirilib.
2016-cı ildə rayonda tikinti-quruculuq və abadlıq işləri də aparılıb. Belə ki, müharibə əlilləri və şəhid ailələri üçün 36 mənzilli evin, habelə 4 ictimai yaşayış binasının dam örtüyü təzələnib. Kərkənc kənd ümumi orta məktəbi üçün binanın tikintisi yekunlaşmaq üzrədir. Çuxuryurd və Nağaraxana kəndlərinin mərkəzi küçələrində geniş abadlıq işləri aparılıb. 55 kilometrlik Şamaxı-Göylər-Çöl-Padar avtomobil yolunun 48 kilometrlik hissəsi tam asfaltlaşdırılıb, işlər davam etdirilir. Dəmirçi kəndinə gedən avtomobil yolu təmir olunur. Kəndin qarşısından keçən Pirsaat çayının üzərindəki körpü istifadəyə verilib.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2017.- 2 mart.- S.7