Regionların enerji
təchizatında əsaslı dönüş yaranıb
Son 13 ildə ölkə üzrə 2400 meqavat istehsal gücünə malik 26 elektrik stansiyasının tikilməsi böyük nailiyyətdir
Müstəqil Azərbaycanın uğurlu regional inkişaf siyasətində müasir infrastruktur quruculuğu xüsusi yer tutur. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və 2004-cü ildən etibarən böyük müvəffəqiyyətlə reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində çoxlu sayda yeni infrastruktur layihələri həyata keçirilib. Nəticədə, Azərbaycanın infrastruktur təminatı əhəmiyyətli dərəcədə möhkəmlənib.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycanın infrastruktur quruculuğu siyasəti bir sıra üstün cəhətləri ilə fərqlənir. Belə ki, respublikanın bütün bölgələrində müasir dünya standartlarına cavab verən yüksək səviyyəli infrastruktur obyektlərinin yaradılmasının maliyyə təminatını bir qayda olaraq dövlət öz öhdəsinə götürür. Sonradan bu infrastruktur obyektləri regionların və bütövlükdə ölkənin inkişafına güclü təkan verən, iqtisadi aktivliyi artıran vacib faktora çevrilir. Eyni zamanda, dövlət dəstəyi ilə yaradılan müasir infrastruktur regionlarda insanların sosial vəziyyətinin daha da yaxşılaşması baxımından da böyük aktuallıq daşıyır.
Aparılan struktur islahatları bölgələrin enerji təchizatının yaxşılaşmasına güclü təkan verib
Azərbaycanın müasir infrastruktur quruculuğu sahəsində qazandığı uğurlar bütün ölkə boyu yeni generasiya güclərinin yaradılmasında daha qabarıq şəkildə nəzərə çarpır. Davamlı olaraq həyata keçirilən layihələr hesabına ölkənin elektrik enerjisi təsərrüfatının son 13 ildə tamamilə yeniləndiyini söyləmək mümkündür. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində vurğuladığı kimi, 2004-cü ildən bu günə qədər ölkəmizdə 26 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların ümumi istehsal gücü 2400 meqavatdır.
Beləliklə, Azərbaycanın inkişafını son 13 ildə bütün ölkə boyu yaradılan yeni generasiya gücləri olmadan təsəvvür etmək mümkün deyil. Qeyd etmək yerinə düşər ki, yeni generasiya gücləri respublikanın daxili enerji tələbatını tam şəkildə yerli istehsal hesabına ödəməyə imkan verir, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb.
Başqa bir önəmli cəhət isə ondan ibarətdir ki, respublikamızda yeni generasiya güclərinin yaradılması ilə paralel şəkildə, enerjinin istehlakçılara dayanıqlı şəkildə çatdırılması məqsədilə də böyük iş həcmi yerinə yetirilib. Yuxarıda bəhs olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayevin verdiyi məlumata əsasən, təkcə 2016-cı il ərzində ölkə üzrə 7422 kilometr elektrik xətti çəkilib, 784 transformator və 46 yarımstansiya quraşdırılıb və ya təmir olunub. Yarımstansiyalarda, magistral xətlərdə, paylayıcı şəbəkələrdə aparılan yenidənqurma işləri, maddi-texniki bazanın möhkəmləndirilməsi enerjinin abonentlərə itkisiz və daha keyfiyyətlə çatdırılmasını təmin edir. Görülən tədbirlər nəticəsində “hava şəraitindən asılılıq” sindromu, demək olar ki, tam aradan qaldırılıb.
Azərbaycanın enerji təsərrüfatının yenilənməsində bu sahədə həyata keçirilən islahatların rolunu xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılıb. Naxçıvan Muxtar Respublikası istisna olmaqla ölkə ərazisində istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi “Azərişıq” ASC-yə həvalə edilib. Aparılan struktur islahatları bölgələrin enerji təchizatının yaxşılaşmasına güclü təkan verib.
Ölkə üzrə yarımstansiyaların yenilənməsi, xətlərin təzələnməsi intensiv şəkildə davam etdirilir
Aparılan struktur islahatlarından sonra bölgələrin enerji təchizatında əsaslı şəkildə dönüş yarandığını söyləmək mümkündür. “Azərişıq” ASC-nin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın, həmçinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində “Azərişıq” ASC tərəfindən 2015-2016-cı illərdə irimiqyaslı layihələr həyata keçirilib. Belə ki, “Azərişıq” ASC fəaliyyət göstərdiyi son 2 il müddətində ümumilikdə 16 ədəd 110 kV-luq, 53 ədəd 35 kV-luq yarımstansiya tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub və bütünlüklə müasir tipli avadanlıqlarla təchiz olunub. Paralel şəkildə 78 ədəd 110 kV-luq, 336 ədəd 35 kV-luq və 7.746 ədəd 10-6 kV-luq transformator məntəqələrinin təmir işləri aparılıb. Bundan başqa, 2.300 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb. O cümlədən “Azərişıq” tərəfindən Gəncədə şəhərin qədim memarlıq üslubunda tikilən yarımstansiya, Şəki şəhərində “Göynük” və Gədəbəy rayonunda “Gədəbəy” yarımstansiyaları istifadəyə verilib. Bundan başqa, Xaçmazda 2, Qubada 3, Şabranda 2, Daşkəsəndə 3, həmçinin Qəbələ, Sabirabad, Zərdab və Hacıqabul rayonlarının hər birində bir yarımstansiya inşa edilib.
Mətbuat xidmətinin məlumatında bildirilir ki, 2015-2016-cı illər ərzində paytaxt Bakı ilə yanaşı, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə yararsız, istismar müddəti başa çatan qurğular müasir tipli avadanlıqlarla əvəz olunub. Bu məqsədlə uzun illər istismar edilən 230 minə yaxın ağac dayaqlar yenilənərək dəmir və dəmir-beton dayaqlarla əvəzlənib, yararsız vəziyyətə düşmüş və heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Son iki il ərzində 7 233,8 km hava xətti, 4079,6 km kabel və 5 018,9 km özünüdaşıyan izolyasiyalı naqillər çəkilib. 227479 ədəd dayaq basdırılıb, ümumi uzunluğu 27 700,4 km olan müxtəlif gərginlikli hava xətlərində əsaslı təmir işləri görülüb.
Hazırda ayrı-ayrı bölgələrdə elektrik təsərrüfatının yenilənməsi ilə bağlı bir sıra yeni layihələr həyata keçirilir. Bu baxımdan Bərdə rayonunda görülən işlər xüsusilə təqdirəlayiqdir. Rayon İcra Hakimiyyətinin məlumatında bildirilir ki, 2016-cı ildə rayonun Əmirli, Dəymədağıldı, Kərimbəyli, Darğalar kəndlərinin, Güloğlular kəndinin yeni yaşayış məhəlləsinin elektrik şəbəkələri yenidən qurulub. 612 ədəd 10 kilovoltluq, 3612 ədəd 0,4 kV-luq yeni beton və metal dirəklər basdırılıb, 420 ədəd yeni sayğac quraşdırılıb, 31,9 kilometr naqillər yenisi ilə əvəz edilib, 79,3 kilometr uzunluğunda SİP kabel çəkilib.
İl ərzində 182 ədəd 10/04 kV-luq transformator yarımstansiyası, 1490 ədəd qüsurlu sayğac yeniləri ilə əvəz edilib, Qaradəmirçi yarımstansiyasında 3 ədəd KRN-10 vakuum açarı, Canavarlı yarımstansiyasında Qapalı yarımstansiya quraşdırılıb.
Eyni zamanda, “Azərişıq” ASC-nin sifarişi əsasında Dəliməmmədli şəhərinin və Goranboy rayonunun kəndlərində elektrik təsərrüfatının yenilənməsi həyata keçirilir. Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə ötən ildən başlayaraq icra edilən layihə 8 minə yaxın əhalinin yaşadığı Dəliməmmədli şəhərini və Goranboy rayonunun 23 kəndini əhatə edir. Hazırda köhnə dirəklər, istismar müddəti başa çatmış transformatorlar və elektrik xətləri yeniləri ilə əvəz olunur. Mövcud 110/35/10 kilovatlıq yarımstansiyanın yenidən qurulması gələcəkdə Faxralı, Səmədabad, Göynüyən yaşayış məntəqələrinin normal enerji ilə təminatına imkan verəcək.
Ümumiyyətlə, iki il ərzində ölkə üzrə şəbəkələrin qoyuluş gücü 2 min MVA-dan çox artırılıb. Bu da o deməkdir ki, qoyuluş gücü tələbat gücünü üstələyir. Bunun nəticəsində isə təmir və qəza açılmaları zamanı ehtiyat güc mənbəyi vasitəsilə abonentlər fasiləsiz elektrik enerjisi ilə təmin olunurlar. Bütövlükdə ölkə üzrə 500 mindən çox abonentin enerji təminatı yaxşılaşdırılıb.
Regionlarda müştəri məmnunluğunun təmin olunması qarşıya qoyulan əsas məqsədlərdən biridir
Ölkə üzrə enerji təminatının möhkəmləndirilməsi ilə yanaşı, abonentlərin rahatlığının təmin olunması da qarşıya qoyulan əsas məqsədlər sırasında yer alır. Mətbuat xidmətinin məlumatında qeyd edildiyi kimi, görülmüş tədbirlər texnoloji itkilərin azaldılmasını şərtləndirməklə yanaşı, on minlərlə abonentin elektrik enerjisinə olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. “Azərişıq” müştəri məmnunluğunu təmin etmək üçün təchizatçı-istehlakçı halqasında mümkün neqativ halların aradan qaldırılmasına, şəffaflığın tam təmin olunmasına yönələn davamlı tədbirlər həyata keçirir. Son iki il ərzində əhali və qeyri-əhali istehlakçılara 504 217-dən artıq sayğac quraşdırılıb və ya dəyişdirilib ki, onların da 21 958 ədədi SMS tipli müasir sayğaclardır. Artıq “Azərişıq”ın abonentləri paytaxtda olduğu kimi, regionlarda da enerji haqqını çox asanlıqla internet resurslarından, bank və poçtlardan, həmçinin “APUS”, “Paypoint” və digər köçürmə növlərindən istifadə etməklə ödəyə bilirlər.
İki ildən artıqdır ki, “Azərişıq” ASC “ASAN xidmət” və yeni yaradılan “ASAN Kommunal” mərkəzləri ilə birgə fəaliyyət göstərir. Hazırda Bakı, Sumqayıt, Bərdə, Masallı, Qəbələ, Sabirabad və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində “Azərişıq” ASC öz fəaliyyətini davam etdirir. “ASAN xidmət” mərkəzlərində abunəçilərə texniki şərtlərə dair müraciətlərin qəbulu, elektrik şəbəkəsinə qoşulması, borclara yenidən baxılması, borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının adının dəyişdirilməsi kimi xidmətlər də daxil olmaqla 11 növ xidmət göstərilir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2017.- 3 mart.- S.5