Regionlarda xalçaçılıq sahəsində ənənələr bərpa olunur
Cari ilin sonunadək respublikanın bölgələrində daha 9 xalçaçılıq müəssisəsinin inşası başa çatdırılacaq
Yeni iqtisadi şəraitdə respublikamızda yüksək rəqabət qabiliyyətinə malik məhsul istehsalına dövlət tərəfindən həm siyasi, həm də maddi dəstək göstərilir, xarici bazarlara “Made in Azerbaijan” brendi ilə məhsul ixracı məqsədyönlü şəkildə təşviq edilir. Ötən ildən başlayaraq ölkəmizdə ixracın səmərəli təşviq mexanizmi işə salınıb.
İndiki mərhələdə ölkənin ixrac imkanlarını artırmaq üçün qeyri-neft sektorunda geniş perspektivlərə malik bir sıra sahələrdə ənənələrin dirçəldilməsi yolu ilə inkişafa nail olunması da yeni hədəflər sırasında yer alır. Belə sahələrdən biri də xalçaçılıqdır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində respublikamızda xalçaçılığın inkişaf etdirilməsinin önəminə diqqət çəkərək vurğulayıb: “Biz həm ənənəvi sənətimizi yaşatmalıyıq, eyni zamanda, xalçaçılıq sənayesini də yaratmalıyıq. Həm əl ilə, həm maşınlarla toxunan xalçalar Azərbaycanı dünyada təbliğ etməlidir və bu da böyük bir gəlir mənbəyinə çevrilməlidir”.
Tarixən Azərbaycanda xalçaçılığın regionlar üzrə 7 məktəbi formalaşıb
Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı və zənginləşdirdiyi qədim sənət növlərindən biri də xalçaçılıqdır. Xalçalar bütün dünyada xalqımızın vizit vərəqinə çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Rəngbərəng ilmələrdən toxunan xalçalarda xalqımızın həyat tərzi, dünyaya, təbiətə baxışı, dünənimiz və bu günümüz həcmcə lakonik, məzmunca dərin bədii lövhələrdə yüksək sənətkarlıqla öz əksini tapıb. Dünyanın ən məşhur muzeylərində Azərbaycan xalçaları qiymətli eksponatlar kimi qorunub saxlanılır və böyük tamaşaçı marağına səbəb olur. Təbrizdə toxunmuş məşhur “Şeyx Səfi” xalısını buna nümunə göstərmək mümkündür. Zəngin naxışları ilə göz oxşayan bu qiymətli sənət əsəri hazırda London muzeyində saxlanılır.
Azərbaycanda xalçaçılığın tarixi eramızdan əvvələ gedib çıxır. Müxtəlif arxeoloji materiallardan və yazılı mənbələrdən bəlli olur ki, əsasən III-VII əsrlərdə Azərbaycanda xalça sənəti daha sürətlə inkişaf edib.
Respublikamızda tarixən xalçaçılığın 7 məktəbinin formalaşdığını söyləmək mümkündür. Bunlar Quba, Abşeron, Şirvan, Gəncə, Qazax-Borçalı, Qarabağ və Təbriz xalçaçılıq məktəbləridir. Əlamətdar haldır ki, yüz illər boyu formalaşan xalçaçılıq məktəblərinin hər birinin özünəməxsus ənənələri var. Belə ki, hər xalçaçılıq məktəbində toxunan xalçaları ümumi cəhətlər birləşdirsə də, onlar naxış, kompozisiya, rəng həlli və bir sıra texniki xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər.
Çalışmaq lazımdır ki, gələcək nəsillər də xalça sənətinə böyük maraq göstərsinlər
Xalçaçılıq sənətinin inkişafı həm iqtisadi, həm də zəngin mədəniyyətimizin, ənənələrimizin qorunub saxlanılması baxımından böyük aktuallıq daşıyır. Ölkənin bütün regionlarında gənc nəsildə, ələlxüsus da qızlar arasında bu sənətə maraq yaradılması çox vacib məsələdir.
Qeyd edək ki, respublikamızda xalçaçılıq ənənələrinin qorunması və təbliği məqsədilə 1967-ci ildə Xalça və Tətbiqi Sənət Muzeyi yaradılıb. Müxtəlif dövrlərdə ayrı-ayrı binalarda fəaliyyət göstərən Xalça Muzeyi 2014-cü ildə artıq yeni ünvanda öz qapılarını xalçasevərlərin üzünə açıb. Muzeyin Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən tikilən yeni binası bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır.
Ölkəmizdə paytaxt Bakı ilə yanaşı, bölgələrdə də xalçaçılıq muzeyləri fəaliyyət göstərir. Eyni zamanda, xalçaçılıq ənənələrinin nəsildən-nəsilə ötürülməsini təmin etmək məqsədilə başqa tədbirlər də görülür. Prezident İlham Əliyev Xalça Muzeyinin açılışındakı çıxışında regionlarada Heydər Əliyev mərkəzlərinin nəzdində yaradılan xalçaçılıq dərnəklərinin əhəmiyyətini xüsusi vurğulayıb: “...Son illər ərzində, demək olar ki, bütün bölgələrdə Heydər Əliyev mərkəzlərinin nəzdində xalçaçılıq dərnəkləri fəaliyyət göstərir. Bu, bizə imkan verəcək ki, bu sənət inkişaf etsin və nəsillər arasındakı körpülər daha da möhkəm olsun. Bizim görkəmli xalçaçılıq ustaları əlbəttə ki, öz təcrübəsini gənc nəslə ötürməlidirlər”.
Eyni zamanda, xalçalarımızın dünya miqyasında təbliği də hər bir azərbaycanlıda sonsuz qürur və iftixar hissi yaradır. Bu işdə Ümummilli lider Heydər Əliyevin adını daşıyan fondun məqsədyönlü fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Avropanın ayrı-ayrı şəhərlərində keçirdiyi silsilə tədbirlərdə müxtəlif xalçaçılıq məktəblərinə aid xalçalarımız da geniş şəkildə nümayiş olunur. İndiyədək fondun təşkilatçılığı ilə Böyük Britaniyada, Fransada, Rusiyada və digər ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti günləri çərçivəsində təşkil edilən xalça sərgiləri böyük şöhrət qazanıb. Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü iş sayəsində 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb.
Yeni şəraitdə ölkə miqyasında xalçaçılığın inkişafını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Respublikamızda xalçaçılığın qorunması və inkişaf etdirilməsi haqqında ayrıca qanun qəbul edilib. Prezident İlham Əliyev 5 may 2016-cı il tarixində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb. Yeni şəraitdə həyata keçirilən bu və ya digər tədbirlər ölkəmizdə qədim sənət növünün qarşısında yeni üfüqlər açıb.
Füzulidə yaradılanxalça kombinatı Qarabağ xalçaçılıq məktəbini təmsil edir
2016-cı il 12 noyabr tarixində Prezident İlham Əliyevin iştirakı ilə Füzuli rayonunun Horadiz qəsəbəsində “Azərxalça”nın ilk filialı açıldı. Qarabağ torpağında Azərbaycan xalqının qədim sənət növünü yaşadacaq və daha da inkişaf etdirəcək belə bir müəssisənin işə salınması olduqca əlamətdar hadisədir. Bu müəssisənin qoşunların təmas xəttinə yaxın bir ərazidə yaradılması, şübhəsiz ki, bölgədə iqtisadi aktivliyin təmin olunmasına öz töhfəsini verəcək. Önəmli olan başqa bir cəhət isə odur ki, Füzuli rayonunun Horadiz qəsəbəsində yaradılan xalça kombinatı Qarabağ xalçaçılıq məktəbini təmsil edir. Belə bir müəssisənin məhz Qarabağda işə salınması daim bizim müxtəlif sənət növlərimizi xainliklə mənimsəməyə çalışan, öz adlarına çıxan ermənilərə bir mesajdır. Bu onu ifadə edir ki, xalqımız mütləq öz əzəli torpaqlarına qayıdaraq Qarabağda qədim sənətini qərinələr boyu yaşadacaq.
Horadizdə yaradılan xalçaçılıq müəssisəsinin ümumi sahəsi 586 kvadratmetr olan binası toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 160 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyacaq. Açılış mərasimində “Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov bildirib ki, bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. O da əlamətdar haldır ki, müəssisədə quraşdırılan dəzgahların əksəriyyəti Azərbaycan brendidir. Burada ayda 251 kvadratmetr xalça istehsal edilməsi nəzərdə tutulub.
Ayrı-ayrı bölgələrdə yeni xalçaçılıq müəssisələrinin inşası intensiv şəkildə davam etdirilir
Yuxarıda bəhs olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, cari ilin sonunadək 9 rayonda xalçaçılıq müəssisələrinin tikintisi başa çatdırılacaq. İlkin mərhələdə “Azərxalça” ASC-nin Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulub.
İşğal altında olan Cəbrayıl rayonunda tarixən xalçaçılıq yerli sakinlərin məişətinin, həyat tərzinin bir hissəsinə çevrilib. Rayonun kəndlərində, demək olar ki, hər evdə toxunan müxtəlif xalça növlərində xalqımızın bütün adət-ənənələri və inancları ilmələrdə öz əksini tapıb. Cəbrayılda hər bir tarixi hadisəni tərənnüm etmək üçün xüsusi xalça toxumaq ənənəsi yaranıb.
Rayonun işğalından sonra bu adət-ənənə bir müddət arxa plana keçmişdi. Nəhayət, ötən ildən başlayaraq cəbrayıllılar xalçaçılıq sənətini yenidən davam etdrməyə başlayıblar. Rayon icra hakimiyyətindən verilən məlumatda bildirilir ki, cəbrayıllıların məskunlaşdıqları Biləsuvar rayonu ərazisindəki 11 saylı qəsəbədə 15 nəfərin işlə təmin olunması, eyni zamanda qədim adət-ənənənin qorunub saxlanılması üçün yeni xalça toxuma sexi açılıb.
2016-cı il 7 dekabr tarixində həmin sexdə ilk toxunmuş xalçaların kəsilməsi mərasimi keçirilib. Mərasimdə sexdə toxunan ilk xalçaların bədii keyfiyyətləri yüksək qiymətləndirilib, həmçinin gələcəkdə işçi qüvvəsinin və istehsal gücünün artırılması üçün lazımi tədbirlər görüləcəyi nəzərə çatdırılıb.
Hazırda Şəmkir rayonunda xalça toxuculuğu müəssisəsinin yaradılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Müəssisənin yaradılması üçün Bakı-Qazax avtomobil yolunun 390-cı kilometrliyində “TRADE” market MMC-yə məxsus mağaza kompleksinin 1200 kvadratmetrlik hissəsində xalça fabrikinin layihəsinə uyğun olaraq rekonstruksiya işləri aparılır. Fabrikdə 150 nəfərin işlə təmin olunması planlaşdırılır.
Qazax rayonunda da “Azərxalça” ASC-nin filialının tikintisinə start verilib. Rayon İcra Hakimiyyətinin məlumatında bildiriblər ki, müəssisədə işləyəcək ixtisaslı kadrların hazırlanması üçün rayonda xalçaçılıq dərnəyi açılıb. Müəssisə işə salındıqdan sonra burada 160 nəfər daimi işlə təmin olunacaq.
Mübariz ABDULLAYEV
Şərq.-
2017.- 4 mart.- S.7