Regionlarda yaradılan ailə-fermer təsərrüfatlarında yüksək məhsuldarlıq əldə olunur

 

Ağcabədi, Bərdə və İmişli rayonlarında reallaşdırılan pilot layihələr çərçivəsində xaricdən gətirilən “Simmentalcinsli inəklərin hər birindən gündə 18-20 litr süd sağılır ki, bu da ailə təsərrüfatlarının gəlirini əhəmiyyətli dərəcədə artırır

Son illərdə respublikamızda ölkə əhalisinin ərzaq məhsullarına tələbatının tam şəkildə daxili istehsal hesabına təmin olunmasında mühüm pozisiyalardan birini təşkil edən heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Belə ki, regionlarda bu mühüm sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə, məhsuldarlığın artırılmasına, qabaqcıl metodların tətbiqinin təşviq edilməsinə, keyfiyyətin yüksəldilməsinə, hazır məhsulun satış bazarlarına çıxarılmasına dövlət tərəfindən həm güclü siyasi iradə göstərilir, həm də geniş texniki-maliyyə dəstəyi verilir. Təkcə son dövrlərdə ölkənin müxtəlif bölgələrində müvafiq dövlət dəstəyi tədbirləri sayəsində 15-dən artıq modern heyvandarlıq təsərrüfatı fəaliyyətə başlayıb. Ümumiyyətlə, respublikamızda heyvandarlığın intensiv əsaslarla inkişaf etdirilməsi hədəflənib. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində xüsusi olaraq vurğulayıb ki, heyvandarlıq səmərəli şəkildə inkişaf etdirilməlidir.

Heyvandarlıq üzrə ailə-fermer təsərrüfatlarının yaradılması yeni təşəbbüsdür

Respublikamızda heyvandarlığın intensiv yolla inkişaf etdirilməsi məqsədilə qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla yeni layihələr həyata keçirilir. Bölgələrdə ailə-fermer təsərrüfatlarının yaradılması da yeni təşəbbüsdür. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir ki, qurum tərəfindən “Heyvandarlıq istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” pilot mikrokredit layihəsi hazırlanıb. Layihə Bərdə, Ağcabədi və İmişli rayonlarında seçilmiş pilot ərazilərində reallaşdırılır. Layihənin əsas məqsədi ailə-kəndli heyvandarlıq təsərrüfatlarında mövcud olan az məhsuldar heyvanları yüksək məhsuldar heyvanlarla əvəz etmək yolu ilə pay torpaqlarına malik ailələr üçün kiçikhəcmli, müasir heyvandarlıq təsərrüfatlarının qurulmasının stimullaşdırılmasından, respublikada heyvandarlıq sahəsində təsərrüfatçılığın müasirləşdirilməsindən və heyvandarlıq məhsullarının marketinqi üzrə nümunələrin yaradılmasından ibarətdir.

Pilot layihə Ağcabədi rayonunda 25, Bərdə rayonunda 26, İmişli rayonunda isə 18 ailə kəndli təsərrüfatını əhatə edir. Respublikanın təbii iqlim şəraiti və sərf edilən yemin müqabilində maksimal səviyyədə məhsul istehsal edilməsi baxımından ətlik-südlük istiqamətli cins heyvanların saxlanılması daha səmərəli hesab edilib və layihə çərçivəsində ailə-fermer təsərrüfatlarına güzəştli lizinq şərtləri ilə yüksək məhsuldar “Simmentalcinsli heyvanlar verilib. Heyvanların yem rasionu orta hesabla inəklərdən gün ərzində 20-22 litr süd sağımı və doğulmuş buzovların 6-12 ay ərzində gündəlik 1-1,5 kq çəki artımı nəzərə alınmaqla tərtib edilərək fermerlərə paylanılıb. Hazırda pilot layihə çərçivəsində təsərrüfatlarda 516 baş cins heyvan bəslənilir.

Pilot layihə çərçivəsində fermerlərə hərtərəfli dəstək verilir

Pilot layihə heyvandarlıqla məşğul olan fermerlərin üzləşə biləcəkləri bütün problemlərin, o cümlədən cins malın alınmasından tutmuş heyvanların saxlanması üçün müvafiq tövlələrin qurulmasını, yem təchizatı və əldə olunan məhsulun satışını təmin edən zəncirin yaradılmasını nəzərdə tutur.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir ki, pilot layihələrin səmərəliliyini təmin etmək üçün ailə-fermer təsərrüfatlarının fəaliyyəti müxtəlif tədbirlərlə dəstəklənir. Belə ki, layihədə iştirak edən ailə-fermer təsərrüfatları üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən güzəştli şərtlərlə illik 7 faiz olmaqla girovsuz kredit xətti açılıb. Bu məqsədlə, layihəyə dəstək verən bank olmayan kredit təşkilatları tərəfindən aparılan qiymətləndirmə nəticəsində hədəf ərazilərdə 69 ailə-fermer təsərrüfatları ilə kredit müqaviləsi bağlanıb.

Layihə çərçivəsində heyvanların paylanılmasından əvvəl onlar üçün müvafiq yem bazasının formalaşdırılması və müvafiq şəraitdə saxlanılması istiqamətində lazımi işlər görülüb. Cəlb edilmiş ailə-fermer təsərrüfatlarının seçim meyarları da məhz fermerlərin heyvandarlıq təcrübələrinə, mövcud yem bazasına və yemlik istiqamətli bitkilərin əkilməsi məqsədi ilə pay torpaqlara malik olmaları kimi vacib kriteriyaları əhatə edir. Bu məqsədlə, seçilmiş fermerlərin ərazilərində aralıq əkinlərin aparılması üçün torpağın analizi həyata keçirilib, fermerlər qarğıdalı toxumları və gübrə ilə təmin ediliblər. Heyvanların yem rasionuna uyğun yemlərin hazırlanması məqsədilə, əkilmiş qarğıdalıdan müasir metodlardan istifadə etməklə silos hazırlanması təmin edilib, bu istiqamətdə maarifləndirici işlər aparılıb. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qarğıdalı biçən silos avadanlığı alınaraq müvafiq rayonlardaAqrolizinq” xidmətlərinə təhvil verilib.

Bununla yanaşı, güzəştli kredit paketi çərçivəsində fermerlər tərəfindən heyvanların saxlanılmasını müasir tələblərə uyğunlaşdırmaq üçün xüsusi layihə əsasında, ölçüləri heyvanların sayından asılı olaraqəyyənləşdirilməklə müasir tipli tövlələr tikilib. Eyni tipli, heyvan sayına görə həcmləri fərqli olan tövlələrdə heyvanların sağlam və gigiyenik normalara uyğun saxlanılması üçün bütün məsələlər nəzərə alınıb.

Layihənin fermerlərə verdiyi üstünlüklərdən biri də onların güzəştli kredit paketi çərçivəsində daimi istifadə üçün portativ sağım aparatları və yemi xırdalayaraq qarışdıran aqreqatlarla təmin edilmələridir. Bu vasitə ilə ailə-fermer təsərrüfatlarında müasir texnologiyaların tətbiqi mümkün olmuşdur. Eyni zamanda, fermerlər südün saxlanılması üçün bidonlar ilə təmin ediliblər ki, bununla məhsulun çirklənməsinin və bakteriya formalaşmasının qarşısı alınıb, eyni zamanda, süd itkisi riskləri minumuma enib.

Pilot təsərrüfatların fəaliyyəti fermerlərin birliyi - kooperativ vasitəsilə əlaqələndirilir

Fermerlərin layihə çərçivəsində təşkilatlanması və birgə fəaliyyət göstərməsi məqsədilə fermerlərin birliyinin - kooperativin yaradılması da vacib məqamlardandır. Belə ki, hər üç pilot ərazidə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə süd qəbulu məntəqəsi kooperativin sərəncamında olmaq şərti ilə yaradılaraq fermerlərin istifadəsinə verilib. Hər bir məntəqə 5 ton tutumunda soyuducu çənlər və avtomatik süd analizatoru, süd daşıma qabları və portativ laboratoriya cihazları, eləcə də yuyucu və dezinfeksiya vasitələri ilə təchiz edilib.

Kooperativin fəaliyyətinin mühüm şərtlərindən biri də istehsal edilən məhsulların marketinqinin təşkilidir. Bu məqsədlə mövcud olan potensialdan istifadə edilir. Təsərrüfatlardan yığılan süd hər gün məntəqəyə nağd ödəniş olmaq şərti ilə təhvil verilir. Məntəqədə toplanmış südün kooperativ tərəfindən emaləssisələrinə satışı üçün süd emalı müəssisələri ilə əlaqələr yaradılıb. Bununla yanaşı, ailə-fermer təsərrüfatının daxilində süd məhsullarının emalı və ailə brendi formasında məhsulların (məsələn, pendir, qatıq, ayran, dovğa və s.) istehsalının da həyata keçirilməsi planlaşdırılır.

Ailə-fermer təsərrüfatlarında əldə olunan yüksək nəticələr məmnunluq doğurur

Hərtərəfli dövlət dəstəyi sayəsində uğurla fəaliyyət göstərən ailə-fermer təsərrüfatlarında əldə olunan yüksək nəticələr böyük məmnunluq doğurur. Belə təsərrüfatların səmərəliliyini Ağcabədinin Təzəkənd kəndində reallaşdırılan pilot layihənin timsalında da aydın görmək mümkündür. Təzəkənd kəndində bu layihədən 25 ailə-fermer təsərrüfatı bəhrələnir. Təsərrüfatların hər birinə 5-10 baş olmaqla, Avstriyadan gətirilmiş 178 baş ətlik-südlük istiqamətli “Simmentalcinsli heyvan verilib. İndiyədək təsərrüfatlardakı heyvanlardan 160 baş bala alınıb.

Qeyd edək ki, ailə-fermer təsərrüfatlarında heyvanların gündəlik süd məhsuldarlığı yerli cinslərdən 2-3 dəfə artıqdır. Fermerlər bildirirlər ki, əvvəllər yerli cinslərdən olan hər inəkdən gündə cəmi 8-10 litr süd sağmaq mümkün olurdu. Hazırda isə cins inəklərin hər birindən gündə 18-20 litr süd sağılır ki, bu da ailə təsərrüfatlarının gəlirini əhəmiyyətli dərəcədə artırır. Toplanan süd emalçılar tərəfindən bir litri 51 qəpik olmaqla satın alınır.

Təsərrüfatlarda heyvanlar müntəzəm qaydada baytar nəzarətindən keçirilir. Baytar həkimlər epizootik vəziyyətin sabit olduğunu, çəki atımının normaya uyğun getdiyini bildirirlər. Ümumiyyətlə, xaricdən gətirilən “Simmentalcinsli heyvanlar yerli şəraitə tez öyrəşirlər.

Heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsinin artması böyük nailiyyətdir

Ölkədə heyvandarlığın intensiv əsaslarla inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər öz növbəsində əhalinin ət və süd məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsinin əhəmiyyətli dərəcədə artması ilə nəticələnib. Yuxarıda bəhs olunan konfransda kənd təsərrüfatı naziri Heydər Əsədovun verdiyi məlumata əsasən, 2016-cı ildə idxalın həcmi iribuynuzlu heyvanlar üzrə 46, diri ev quşları üzrə 55, quş yumurtası üzrə 27, xırdabuynuzlu heyvanlar üzrə 5 faiz azalıb. Hazırda respublikada heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi təxminən belədir: mal əti - 94 faiz, qoyun əti - 99 faiz, quş əti - 98,6 faiz, süd və süd məhsulları - 88 faiz, kərə yağı - 76 faiz. Rəqəmlərdən də göründüyü kimi, hazırda respublika miqyasında ət və bir sıra heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi 100 faizə yaxınlaşıb ki, bu da böyük nailiyyətdir.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2017.-7 mart.- S.7