Həyata keçirilən məqsədyönlü tədbirlər regionlarda kənd təsərrüfatının inkişafını təmin edib

 

Lənkəran iqtisadi rayonunda da ötən il aqrar sektorun inkişafında mühüm göstəricilər əldə olunub

Məlum olduğu kimi ölkəmizdə, kənd təsərrüfatının inkişafı istiqamətində mühüm addımlar atılıb. Daha doğrusu bu sahəyə göstərilən davamlı və hərtərəfli dövlət qayğısı, həmçinin həyata keçirilən məqsədyönlü tədbirlər öz müsbət nəticəsini verib. Məhz bunun nəticəsidir ki, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım ölkəmizdəki artımdan geri qalır. Belə ki, əgər dünyada bu göstərici 31,8 faiz təşkil edirsə, Azərbaycanda bu göstərici 48,9 faizdir. Bu isə özlüyündə ölkəmizdlə aqrar sahənin inkişaf etdiyini bir daha təsdiqləyir.

Yeri gəlmişkən, əvvəlki illərdə olduğu kimi ötən il də ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində mühüm uğurlar əldə edilib. Belə ki, ixracyönümlü məhsulların əkilməsinin stimullaşdırılması, yerli məhsulların tədarükünün davamlılığının təşkili, o cümlədən yeni əkin sahələrinin əkilməsi bölgələrdə yüksək məhsuldarlığın əldə olunmasını təmin edib. Eləcə də fermerlərə subsidiyaların verilməsi, kollektiv fermer təsərrüfatlarının yaradılması, aqrotexniki vasitələrin əldə olunmasına göstərilən yardım həm bütövlükdə ölkədə, həm də regionlarda aqrar sektorun inkişafını sürətləndirib. Bunu Lənkəran iqtisadi rayonuna daxil olan rayonlarımızın timsalında da görə bilərik.

Belə ki, Lənkəran iqtisadi rayonuna daxil olan Astara rayonunda ötən il aqrar sahənin inkişafı istiqamətində mühüm addımlar atılıb. Kənd təsərrüfatının inkişafına yeni təkan verilməsi, aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi məqsədilə rayon Kənd Təsərrüfatı İdarəsi yaradılıb, bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilib. Ötən ildə 515 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 65 min 800 manat subsidiya verilməsi təmin edilib. Eləcə də kənd təsərrüfatına yararlı torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi və səmərəli istifadə olunması məqsədilə əkinə yararlı torpaqların məqsədli təyinatına uyğun istifadə olunması istiqamətində rayonda mühüm işlər görülüb. Bununla bağlı kənd təsərrüfatı məhsulları istehsalçıları, fermerlər və ailə təsərrüfatlarının başçıları ilə ərazilərdə mütəmadi görüşlər keçirilib, kənd təsərrüfatı ənənələrinin bərpa olunmasına, əkilməyən torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasının müsbət əhəmiyyəti istiqamətində geniş izahat, təbliğat və maarifləndirmə işləri aparılıb.

Aqrar sahənin inkişafına dövlət dəstəyinin artırılması və rayon üçün ixtisaslaşmış sahələr olan çayçılıq, sitrusçuluq, çəltikçilik və heyvandarlığın rentabelli olması vətəndaşlarda bu sahəyə olan marağı daha da artırıb. Rayonda ənənəvi kənd təsərrüfatı sahələrindən olan çəltikçiliyin inkişafı sahəsində mühüm uğurlar əldə olunub. Belə ki, keyfiyyətli və ekoloji təmiz Astara düyüsünün əkilməsi yönündə işlər davamlı xarakter alıb. Rayonda gələcək illərdə çəltik sahələrinin 1000 hektara çatdırılması nəzərdə tutulub. Bu sahə ilə məşğul olan fermer və fiziki şəxslərə isə dövlət tərəfindən hərtərəfli yardım və köməklik göstərilir. 2016-cı ildə rayonda çəltik əkini aparılmış 133 hektar sahədən 543 ton çəltik yığılıb, məhsuldarlıq 41 sentner olub. Eyni zamanda, tərəvəz sahələrində də yüksək məhsuldarlıq əldə olunub. Hesabat ilində 3 min ton dənli və dənli paxlalılar, 11 min ton kartof, 41 min ton tərəvəz, 46 min tondan çox meyvə və giləmeyvə istehsal olunub. Rayon ərazisində 2017-ci ilin məhsulu üçün 1000 hektardan çox payızlıq şumu aparılıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3.5 dəfə çoxdur. Eləcə də yeni yaradılan çayçılıq təsərrüfatlarının ərazisi də genişləndirilərək 345 hektara çatdırılıb. Bunun 192 hektarını məhsuldar çay sahələri təşkil edir. 2016-cı il ərzində çay plantasiyalarından ümumilikdə 646 ton yaşıl çay yarpağı yığılaraq çay emalı müəssisələrinə təhvil verilib. Bu da əvvəlki ildəkindən 224 ton çoxdur. Bu sahədə aparılan tədbirlər nəticəsində gələcəkdə 1000 hektar torpaq sahəsində çay plantasiyalarının salınması nəzərdə tutulub.

Rayonda sitrus meyvələrinin istehsalında da müsbət dinamika müşahidə edilib. Sitrus bağlarından ümumilikdə 43 min 215 ton məhsul yığılıb ki, bu da keçən illə müqayisədə 7 min ton çoxdur. 72 hektar yeni sitrus bağı salınaraq əkin sahəsi ümumilikdə 2285 hektara çatdırılıb. O cümlədən rayona dövlət hesabına 18000 ədəd tut tingi gətirilib və ayrı-ayrı ərazilərdə əkilməsi təmin edilib. Rayonun əkin sahələrinin genişləndirilməsi məqsədilə lizinq yolu ilə əldə edilmiş texnika sahibləri ilə müvafiq işlər aparılıb, fermer və əkinçilərə yaxından köməklik göstərilib. Rayonda 2016-cı ildə ümumi əkin sahəsi 7225 hektar olub ki, bu da əvvəlki illə müqayisədə 570 hektar çoxdur.

Eyni zamanda Cəlilabad rayonunda da iqtisadiyyatın əsasını təşkil edən aqrar bölmənin dinamik inkişafı istiqamətində addımlar atılıb. Vurğulamaq lazımdır ki, rayonda kənd təsərrüfatı məhsulları istehsalı 2003-cü illə müqayisədə 2,4 dəfə artıb. Ötən il rayon üzrə 248 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, onun da 122 milyon manatı bitkiçiliyin payına düşür. Qeyd edək ki, ötən il rayonda taxıl istehsalı yüksək səviyyədə olub. Nəticədə, rayon üzrə 156,1 min ton buğda, 18,8 min ton arpa, 5,3 min ton vələmir istehsal edilib və rayon əhalisinin tələbatından da artıq məhsul tədarük olunub. Bundan başqa, rayonda 3300 ton noxud, 586 ton mərci, 103221 ton kartof, 1270 ton tərəvəz, 1067 ton qarğıdalı, 294 ton bostan məhsulları, 8520 ton üzüm, 348 ton şəkər çuğunduru, 810 ton çiyələk, 471 ton günəbaxan və 1409 ton meyvə istehsal edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında yaradılan iri toxumçuluq təsərrüfatı olanAvanqardMMC-nin ilkin fəaliyyəti gözlənilən səmərəni verib, 1060 hektar taxıl sahəsinin hər hektarından 35 sentner məhsul götürülərək 3710 ton keyfiyyətli məhsul istehsal olunub.

Eyni zamanda rayonda yeni əkin üçün zəruri aqrotexniki tədbirlər görülüb, 14000 ton toxum fondu yaradılıb və 62889 hektar sahədə payızlıq əkin aparılıb. Həm əkin sahələrinin genişləndirilməsi, həm də zəmilərə aqrotexniki qaydada qulluq edilməsi bu il daha çox məhsul istehsal olunacağına təminat verir.

Ötən il rayonun Sabirabad, Təzəkənd, Günəşli Qarazəncir, Əliqasımlı və Alar kəndlərinin ərazisində 426 hektar pambıq əkilib, 794 ton yüksək keyfiyyətli məhsul toplanıb. Təzəkənd kəndi ərazisində 1 hektar sahədə xaricdən gətirilmiş 10000 ədəd tut tingi əkilib. Bu il isə 500 hektar pambıq və 1000 hektar çuğundur əkilməsi nəzərdə tutulub. Həyata keçirilən tədbirlər nəticəsində 28,2 min hektar əkin sahəsi suvarılıb. Hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq almaq və buğda əkmək üçün 22496 nəfərə 5 milyon 435,6 min manat yardım edilib. Bundan başqa, “AqrolizinqASC-nin Cəlilabad regional nümayəndəliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçısına 70 faiz güzəştlə 2,9 min ton azot, 1,5 min ton amafos və 926 ton digər torpaqaltı gübrələr satılıb. Bu il rayonda 408 hektar torpaq sahəsində əlavə əkin aparılması reallaşdırılacaq.

Cənub bölgəsinin əhatə etdiyi - Lerik rayonunda da 2016-cı ildə taxılçılıq, kartofçuluq və tərəvəzçilik üzrə əkin sahələri genişləndirilib, məhsul istehsalının həcmi artırılıb. 2017-ci il üçün əvvəlki ilə nisbətən 1306 hektar çox payızlıq əkin işləri aparılıb. Nəticədə bitkiçilik və heyvandarlıq məhsullarının həcmi 2015-ci il ilə müqayisədə 14 faiz artıb. Rayon üçün ənənəvi sahə olan, 2005-ci ildən bəri becərilməyən tütün bitkisinin əkini ilə addımlar atılıb və Lerik rayonu üzrə 10 hektar sahədə tütün əkilib. 5,8 ton qurudulmuş tütün yarpağı Şəki şəhərində fəaliyyət göstərən “İlham-M” MMC-yə təhvil verilib.

Lerik rayonunda Veri-Əliabadı kəndində 1 hektar torpaq sahəsində 24 istixana tikilib. İstixanaların beşində qərənfil, on doqquzunda isə pomidor becərilir. 2016-cı ildə istixanalardan 80 ton pomidor, 500 min ədəd qərənfil əldə edilib.

2016-cı il Masallı rayonunda da kənd təsərrüfatının inkişafı istiqamətində mühüm uğurlar əldə edilib. Verilən məlumata görə, hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artaraq 571,3 milyon manat olub. Bu dövrdə kənd təsərrüfatı məhsullarının həcmi 2,8 faiz artaraq 112,6 milyon manata çatıb. Rayonda kənd təsərrüfatı dövriyyəsində olan 24925 ha əkin sahəsi mövcuddur ki, 2016-cı ildə bu torpaqlardan 17956 ha əkilib. Ötən il rayonda 14 ha tütün, 7 ha çəltik, 80 ha çiyələk, 1043 ha kartof əkilib və həmçinin 38 ha ərazidə çay plantasiyaları salınıb. Bundan əlavə 4800 ha sahədə müxtəlif tərəvəz və bostan məhsulları, 11582 ha sahədə isə taxıl əkilib. Əkilən taxılın 8141 hektarını buğda, 3441 hektarını arpa, 1539 ha dənlik vələmir əkini təşkil edir. Eyni zamanda il ərzində 1043,5 ha kartof, 492 ha bostan və 2542 ha tərəvəz əkini aparılıb. Əkilmiş 11582 hektarlıq taxıl sahəsindən ümumilikdə 29085 ton məhsul götürülüb ki, bundan 21015,1 tonu buğda, 8086,1 tonu arpa olub. Bundan əlavə, 1043,5 ha kartof sahəsindən 15382 ton, 492 ha bostan sahəsindən 6560 ton və 2542 ha tərəvəz sahəsindən 63112,9 ton məhsul götürülüb.

Vurğulamaq lazımdır ki, rayonda 2017-ci ilin məhsul istehsalı üçün 15069 ha sahədə şum çıxarılıb. 11653 ha sahədə payızlıq əkinləri aparılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1300 hektardan artıqdır.

Rayonda çayçılıq, üzümçülük və tərəvəzçilik sahələrindəəyyən işlər görülüb. Belə ki, 5 hektar sahədə keçmişdə mövcud olan çay sahəsi bərpa edilib və rayonun Kolatan kəndi ərazisində “Azərsun Holdinq” şirkəti tərəfindən 100 hektar sahə çay əkini aparılması üçün hazır vəziyyətə gətirilib və 50 ha sahədə çay bitkisi əkilib.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2017.-8 mart.- S.7