Ölkəmizdə müasir yol infrastrukturunun yaradılması istiqamətində işlər davamlı xarakter daşıyır

 

Regionlarda şəhər və rayonlarla yanaşı kənd yolları layihələri də uğurla icra edilir

Məlum olduğu kimi, öz inkişafına görə regionun lider dövlətinə çevrilən, həyata keçirilən düşünülmüş siyasət nəticəsində bütün sahələrdə inkişafa nail olan Azərbaycanda əldə edilən uğurlardan ölkənin bütün regionlarına pay düşüb. Bu da səbəbsiz deyil. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2004-cü ildən etibarən həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin hərtərəfli inkişafını təmin edib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bəyan etdiyi kimi 2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi: “Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, bu gün, əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik. Bizim bütün bölgələrimiz, bütün şəhərlərimiz abadlaşıb, gözəlləşib. Bakı şəhəri, bizim əsas şəhərlərimiz - Gəncə, Sumqayıt göz oxşayır, dünya üçün bir nümunədir. Bizim bütün şəhərlərimizdə abadlıq-quruculuq işləri aparılmışdır, böyük infrastruktur layihələri icra edilmişdir. Bu, imkan verir ki, bu gün Azərbaycan dinamik inkişaf etsin. Bu, imkan verir ki, biznes strukturları bu imkanlardan səmərəli istifadə etsinlər”.

Beləliklə, bu proqramın reallaşması nəticəsində Azərbaycanın regionlarının siması tamamilə dəyişib, nəinki şəhər və rayonlarda, hətta kənd və qəsəbələrdə də genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, infrastruktur layihələri reallaşdırılıb. Təbii ki, bu sırada yol-nəqliyyat infrastrukturunun inkişafı istiqamətində də mühüm addımlar atılıb. Dövlət başçısı sözügedən konfransda həmin məqama toxunaraq bildirib ki, 2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilmişdir: “Bu, həm magistral yollara, həm də şəhərlərarası və kənd yollarına aiddir. Bu yol infrastrukturu həm insanlara rahatlıq verir, eyni zamanda, iqtisadi inkişaf üçün də mühüm amildir. Yol olmayan yerdə nə investisiya, nə iş yeri, nə də bir inkişaf olacaq. Ona görə yol infrastrukturuna çox böyük diqqət verilmişdir. Bununla bərabər, yol tikintisində kifayət qədər çox işçi qüvvəsi iştirak edir və beləliklə, biz məşğulluğu təmin edə bilmişik. Müasir yol infrastrukturu yaradılıb, bu proses davam etdirilir. Bu il görüləcək işlər haqqında danışacağıq və qarşıya məqsəd qoyulub ki, bütün yollarımız yüksək səviyyədə olsun, magistral, şəhərlərarası, kənd yolları, fərq etməz, bütün yollar”.

Bir sözlə, son illər ölkəmizdə müasir avtomobil yolları çəkilib, dövlət başçısının imzaladığı sərəncamlara, qəbul olunan Dövlət proqramlarına uyğun olaraq, yol-nəqliyyat infrastrukturunun yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər görülüb. Və yuxarıda da qeyd edildiyi kimi, ölkəmizdə müasir yol infrastrukturu yaradılıb, bu proses davam etdirilir. Elə bu ilin arxada qalan dövründə ayrı-ayrı rayonlarda görülən işlər də deyilənləri təsdiqləyir. Məsələn, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına Hacıqabulun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisinə başlanılıb. 19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Uzunluğu 50 kilometr olan yol 4-cü dərəcəlidir. Yolun torpaq yatağının eni 8, asfalt-beton örtüyünün eni 6 metr, asfaltın qalınlığı isə 12 santimetr olacaq. Tikinti zamanı suötürücü qurğular və mal-qara üçün yeraltı keçidlər də quraşdırılacaq. Tikintinin 2018-ci ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulub.

Eyni zamanda, Ağsu rayonu ərazisində uzunluğu 29 kilometr, eni 6 metr olan 4-cü texniki dərəcəli Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolu “Azəravtoyol” ASC tərəfindən yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində yol yatağının eni 10 metrə qədər genişləndirilib. İki hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edəcək. Hazırda sözügedən ərazidə aparılan torpaq işləri yekunlaşmaq üzrədir. Yol yatağının yararsız qruntu ərazilərdən asılı olaraq 0,5-1,5 metr dərinlikdə qazılaraq çıxarılıb, əvəzinə yeni yol yatağının və yol əsasının tikintisi aparılıb. Torpaq işləri tam başa çatandan sonra yola 2 qat olmaqla 12 santimetr qalınlığında yüksək keyfiyyətli asfalt-beton örtüyünün salınması işlərinə başlanılacaq. Ümumilikdə, 170 min kvadratmetr sahənin asfaltlanması nəzərdə tutulub.

Sözügedən layihə çərçivəsində, eyni zamanda, avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 110 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi və mövcud 3 körpünün təmir-bərpası işləri də həyata keçirilir. Körpülərdən birinin eni 6 metr, uzunluğu 9 metr, digər 2 körpünün eni və uzunluğu isə 5 metr təşkil edir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Məlumat üçün bildirək ki, Ağsu rayonunun 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi həmin ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq, həmçinin 8 min nəfər əhali rayon mərkəzinə və Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat və maneəsiz şəkildə çıxış əldə edəcək.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumatda o da qeyd edilib ki, Göyçay rayonu Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun “Azəravtoyol” ASC tərəfindən yenidən qurulması işlərinə başlanılıb. 4-cü texniki dərəcəyə uyğun yenidən qurulan yolun ümumi uzunluğu 17 kilometrdir. Salınacaq yolun 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə yolun çiyinlərinin eni isə 2 metr təşkil edəcək. Yenidənqurma işləri zamanı sözügedən yol 6-7 metrdən 10 metrə qədər genişləndiriləcək.

Hazırda yol boyu torpaq işləri görülür, yol yatağı və yol əsası inşa edilir. Torpaq işləri bitdikdən sonra yola ikiqat asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 12 santimetr olmaqla yolun 100 min kvadratmetrdən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.

Layihə çərçivəsində suların ötürülməsi üçün 55 yerdə müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, mövcud avtomobil körpüsü isə əsaslı şəkildə bərpa ediləcək. Tikinti işləri bitdikdən sonra isə yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 37 ədəd yol nişanı qoyulacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

Vurğulamaq yerinə düşər ki, Göyçay rayonu Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun yenidən qurulması 6 yaşayış məntəqəsinin sakinlərinin Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat, maneəsiz və təhlükəsiz şəkildə çıxışını təmin etməklə, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq.

Yol infrastrukturunun inkişafı istiqamətində Naxçıvan Muxtar Respublikasında da mühüm addımlar atılıb. KİV-in məlumatına əsasən, Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri zamanı yol tikintisinə xüsusi diqqət yetirilir. Son illər muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib. Muxtar respublikada müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilib, yol təsərrüfatının yenidən qurulmasında əsas amil olan keyfiyyətli asfalt istehsalına nail olunub. Son illər Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti və onun tabeliyində olan yol-istismar idarələrinin maddi-texniki bazası da xeyli möhkəmləndirilib. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikada yol tikintisinin səmərəli təşkilinə şərait yaradıb, müasir mühəndis-texniki tələblərə cavab verən avtomobil yolları inşa olunub.

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətindən AZƏRTAC-a verilən məlumata görə, son illər muxtar respublikanın qonşu ölkələrlə iqtisadi əlaqələrinin daha da genişləndirilməsində, beynəlxalq yük və sərnişin daşımalarında əhəmiyyətli rol oynayan magistral yollar yenidən qurulub. Belə ki, 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 34 kilometrlik Naxçıvan-Culfa və 88,8 kilometrlik Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolları yenidən qurularaq istifadəyə verilib. Ötən müddətdə dövlətimizin başçısının müvafiq sərəncamlarına uyğun olaraq, Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi, Çeşməbasar-Boyəhməd, Hacıvar-Vayxır-Sirab və Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolları yenidən qurulub. Kəndlərin yol infrastrukturunun tamamilə müasirləşdirilməsi yaşayış məntəqələri arasında avtomobillərin təhlükəsiz və rahat hərəkətinin, eləcə də kəndlərin turizm potensialının artmasına və iqtisadiyyatın inkişafına səbəb olub.

Muxtar respublikada qış aylarında yolların qar və buzdan təmizlənməsi üçün istifadə olunan texnikaların saz vəziyyətə gətirilməsi, ehtiyat hissələri ilə təminat magistral və ucqar kəndlərə hərəkətin fasiləsizliyini təmin edib. Həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verib, muxtar respublikada mövcud olan 274 kilometr dövlət əhəmiyyətli və 1199 kilometr yerli əhəmiyyətli avtomobil yollarında qarlı-çovğunlu günlərdə belə hərəkətin intensivliyi tam təmin olunub.

Yeri gəlmişkən, regionlarla yanaşı paytaxt Bakıda da yol nəqliyyat infrastrukturunun yenidən qurulması və inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Daha dəqiq desək, paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir. Kompleks tədbirlər Yusif Səfərov küçəsi və ətraf ərazilərdə aparılır. Tədbirlər çərçivəsində yeni yolların salınması, mövcud yolların yenidən qurulması və genişləndirilməsi işləri görülür.

Verilən məlumata əsasən, bu ərazilərdə aparılan işlərin əsas məqsədi istər şəhərin mərkəzindən Heydər Əliyev və Babək prospektlərinə doğru çıxışda, istərsə prospektlərdən şəhər mərkəzinə doğru girişdə Yusif Səfərov küçəsinə düşən nəqliyyat yükünü azaltmaqla avtomobillərin rahat və maneəsiz hərəkətini təşkil etməkdir. Həmin istiqamətdə işlərə ilkin olaraq Yusif Səfərov küçəsindən başlanılıb. Küçə bir neçə hərəkət zolağı enində genişləndirilir. Bu məqsədlə küçənin 28 May küçəsi ilə kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində yolayrıcında söküntü və tikinti işləri aparılır. Həmin hissədə yolun hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilməsi nəzərdə tutulub.

Genişləndirmə işlərinin küçəboyu davam etdirilməsi nəzərdə tutulub. Belə ki, mövcud yolayrıcının eninin azaldılması ilə hər bir istiqamət üzrə daha 1 hərəkət zolağı yaradılacaq. Bununla da küçənin Heydər Əliyev prospektinə qədər olan hissəsi 5 hərəkət zolağından 6, bəzi hissələrdə 7 hərəkət zolağına qədər genişləndiriləcək.

Aparılan yenidənqurma işləri çərçivəsində piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi istiqamətində də addımlar atılacaq. Belə ki, küçənin Kamandar Əhmədov küçəsi ilə kəsişməsinin yaxınlığında vətəndaşların avtomobil yolunu daha təhlükəsiz şəkildə keçməsi üçün piyada keçidinin inşası planlaşdırılır.

Bundan başqa, avtonəqliyyat vasitələrinin Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyeva küçəsinə, oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkətini təmin etmək üçün Yusif Səfərov küçəsinə paralel 1,1 kilometr uzunluğunda yeni yol salınır. Layihəyə uyğun olaraq, hazırda yolboyu maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, buna paralel olaraq yararsız qruntun qazılaraq çıxarılması və karbonat materialı tökülərək yenidən kipləşdirilməsi, bununla da yeni yol yatağının inşası işləri həyata keçirilir. Yolun ümumi eni 12 metr olmaqla 2 hərəkət zolaqlıdır. Buraya 9 metr enində hərəkət hissəsi və yolboyu piyadaların təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə hər iki istiqamət üzrə 1,5 metr enində səkilər daxildir.

Daha bir yeni yol hissəsi Sergey Senyuşkin küçəsinin davamı olaraq salınır. Uzunluğu 265 metr, hərəkət hissəsinin eni 10 metr olacaq yol inşa edildikdən sonra Xocalı prospektindən avtonəqliyyat vasitələrinin Yusif Səfərov küçəsinə daxil olmadan Sergey Senyuşkin küçəsindən birbaşa Heydər Əliyev və Babək prospektlərinə doğru rahat çıxışı təmin olunacaq. Qeyd edək ki, Sergey Senyuşkin küçəsinin hazırda mövcud 365 metr uzunluğunda olan hissəsi tam təmir olunub. Təmir işləri zamanı küçəyə yeni asfalt-beton örtük döşənib, mövcud səkilər bərpa olunub və yenilərinin tikintisi istiqamətində işlər aparılıb.

Bundan öncə isə Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında yeni yolun inşası yüksək keyfiyyətlə aparılaraq başa çatdırılıb. Uzunluğu 260 metr olan yeni yol 4 hərəkət zolağından ibarətdir. Layihəyə əsasən, 1 metr enində ayırıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edib. Yeni yolun kənarı ilə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə eni 2-3 metr olan piyada səkiləri də inşa olunub. Bununla da Yusif Səfərov küçəsindən Fəzail Bayramov küçəsinə hərəkət məsafəsi xeyli qısaldılaraq rahatlaşdırılıb.

Təbii ki, Yusif Səfərov küçəsinin yenidən qurulması, bundan başqa hər iki istiqamət üzrə paralel yolların çəkilişi həmin ərazidə sıxlığın azalmasına, şəhər mərkəzinə doğru və əksinə, bu istiqamətdən giriş-çıxışının rahatlaşdırılmasına şərait yaradacaq.

Məlumatda bildirilib ki, görülən bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Yenidənqurma işlərinin qısa müddətdə və ümumi hərəkətə maksimum dərəcədə mane olmamaq şərti ilə aparılaraq yekunlaşdırılması planlaşdırılır.

Bundan başqa, Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılır. Təmir işləri Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsi və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsində aparılır. Burada da köhnə asfalt-beton örtük ikiqat olmaqla yenisi ilə əvəz olunur. Bu səbəbdən küçənin sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılıb.

Sözügedən küçədə yeni yeraltı kommunikasiya xətləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub. Aparılmış kompleks işlər yolun hərəkət hissələrinin tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq. Həmçinin piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanıb, kənarlarına 1100 poqonmetr yeni səki daşları düzülüb. Təmir işləri Cəfər Xəndan və Nəcəf Nərimanov küçələrində yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yol-cizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.

Məlumat üçün bildirək ki, bundan öncə Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən 1100 metrlik hissələrində təmir işləri yekunlaşdırılıb.

Yeri gəlmişkən, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Prezident İlham Əliyev 2017-ci il ərzində bütün sahələrdə görüləcək işlərlə bağlı da müvafiq tapşırıq verib. Konkret olaraq, yol nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülməli olan işlərə gəlincə dövlət başçısı bildirib ki, “Azəravtoyol” bu il şəhərlərarası yollarla, eyni zamanda, magistral yollarla bağlı öz layihələrini icra edəcək: “Bununla bərabər, 40 kənd yolu layihəsi də icra edilməlidir. Bu layihələrin icrası yüzlərlə kəndin yol təsərrüfatını yaxşılaşdıracaq və əlbəttə ki, həm insanlara rahatlıq verəcək, eyni zamanda, iqtisadi inkişaf üçün də bunun böyük müsbət təsiri olacaq. Keçən il də kənd yolları layihələri uğurla icra edilmişdir. Bu il bu proses davam etdiriləcək. Əminəm ki, yaxın gələcəkdə bir dənə də olsun təmirsiz kənd yolu qalmayacaq”.

Öz növbəsində, “Azəravtoyol” ASC Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 13 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş 2017-ci il dövlət büdcəsi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri hesabına Ağdaş rayonunun Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun yenidən qurulması işlərinə start verib. Yenidənqurma işlərinin aparıldığı Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. Tikinti işləri çərçivəsində yolun eni mövcud 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yol əsası hazır olandan sonra yola ikiqat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə 200 min kvadratmetrdən çox sahənin asfaltlanması nəzərdə tutulur.

Layihə çərçivəsində yolun hər bir istiqamət üzrə çiyinlərinin eni iki metr, hərəkət hissəsi isə altı metr olacaq. Bir gediş və bir gəliş olmaqla iki hərəkət zolağından ibarət olacaq yol dördüncü texniki dərəcəyə uyğun olaraq tikilir.

Bundan başqa, tikinti işləri zamanı avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 120 müxtəlif diametrli suötürücü boruların quraşdırılması işləri də aparılacaq.

Avtomobil yolunun əsaslı şəkildə bərpası dörd yaşayış məntəqəsinin sakinlərinin gediş-gəlişini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşınması asanlaşacaq.

Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

“Azəravtoyol” ASC həmçinin Ucar-Gəraybəyli-Rəstəcə kəndlərarası avtomobil yolunun tikintisinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 13 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş 2017-ci il dövlət büdcəsi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri hesabına yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 7, 5 km, mövcud eni isə 6-7 metr arası dəyişir. Tikinti işləri zamanı yolun eni 10 metrə qədər, 3-4 metr enində genişləndirilir. Hazırda yol yatağının yararsız qruntunun qazılaraq çıxarılması, əvəzinə isə yeni yol yatağının və yol əsasının tikintisi işləri aparılır. 3 yaşayış məntəqəsini birləşdirəcək yol 2 hərəkət zolağından ibarət olacaq, yəni hərəkət hissəsinin eni 6 metr təşkil edəcək. Layihə üzrə yol çiyinlərinin eni isə 2 metr olacaq. Torpaq işləri bitdikdən sonra 2 qat olmaqla yolun 45 min m2 ərazisinin asfaltlanması nəzərdə tutulub.

Eyni zamanda, əsaslı tikinti işləri çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 30 ədəd suötürücü borunun quraşdırılması işləri də aparılır. Tikinti işləri bitdikdən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yol boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yola üfüqi nişanlama xətləri çəkiləcək.

4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələrinin sakinlərinin rayon mərkəzinə rahat çıxışı təmin olunmaqla, onların yetişdirdikləri kənd təsərrüfatı məhsullarının qısa vaxt ərzində və xarab olmadan bazara daşınması mümkün olacaq.

Nadir AZƏ

Yeni Azəebaycan.- 2017.- 13 mart.- S.5.