Regionların investisiya
təminatı möhkəmlənir
Son bir ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq
subyektlərinə verilən kreditlərin 74 faizi bölgələrin payına düşüb
Müstəqil Azərbaycanı müasir dövlət kimi fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkənin bütün regionları tarazlı şəkildə inkişaf etdirilir. 2004-cü ildən bəri Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və tarixi əhəmiyyət daşıyan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının böyük uğurla həyata keçirilməsi respublikamızın bölgələrinın, bütün şəhər və kəndlərin simasını dəyişib. Müvafiq Dövlət proqramları çərçivəsində bütün bölgələrdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib, 70 mindən çox yeni müəssisə açılıb. Nəticədə, hazırda paytaxt Bakı və digər iri şəhərlərlə yanaşı, bölgələrimiz də iqtisadi güc amili kimi çıxış edir. Təsadüfi deyil ki, son illərdə regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14 dəfədən çox artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Güclü investisiya təminatı regionların inkişafında mühüm rol oynayır
Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən məqsədyönlü siyasət sayəsində kifayət qədər əlverişli investisiya mühiti formalaşıb. Davamlı sabitlik, aparılan islahatlar, mükəmməl qanunvericilik bazası, güclü infrastruktr təminatı, tranzit və satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi, biznes mühitinin optimallaşdırılması və bu kimi digər mühüm amillər Azərbaycanın investisiya cəlbediciliyini artıran faktorlar qismində çıxış edir. Son 13 ildə müxtəlif mənbələrdən respublikamıza 200 milyard dollardan çox investisiya yönəldilib ki, bu da bir tərəfdən respublikanın güclü iqtisadi potensialını, digər tərəfdən isə daxili və xarici investorların Azərbaycandakı sərmayə mühitinə inamını və marağını əks etdirir.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub. Sənədə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədinin verilməsi qaydası müəyyənləşdirilib. İnvestisiya təşviqi sənədi müəyyən olunmuş meyarlara tam cavab verən investisiya layihələrini təqdim etmiş sahibkarlara verilir. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.
Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixdə imzaladığı “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında müvafiq Fərmanı da ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsinə xidmət edən vacib sənəddir. Dövlət başçısının 5 sentyabr 2016-cı il tarixdə imzaladığı növbəti Fərmanla isə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana müəyyən dəyişikliklər edilib.
Ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər və hüquqi-normativ bazanın möhkəmləndirilməsi investorlarda paralel şəkildə regionlara da marağı artırıb. Nəticədə, son illərdə bölgələrin maliyyə təminatı həm dövlət vəsaitləri, həm də müxtəlif qurumların investisiyaları hesabına əhəmiyyətli dərəcədə möhkəmlənib. Regionların maliyyə və investisiya təminatının möhkəmləndirilməsi baxımından 2016-cı il də istisna olmayıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verərək bildirib ki, son bir ildə regionların inkişafına 4 milyard manat vəsait yönəldilib. Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı 67 sərəncamla ayrı-ayrı şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və bəzi mühüm layihələrin icrasına 261 milyon manat vəsait ayrılıb.
Prezident İlham Əliyevin imzaladığı yuxarıda bəhs olunan müvafiq fərmanlara əsasən ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi bütün ölkə miqyasında özəl investisiyaların artımına təkan verib. İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, son bir ildə 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində 1 milyard manatdan çox investisiya yatırılacaq, 6700-ə yaxın yeni iş yeri açılacaq. Layihələrin 38 faizi kənd təsərrüfatı, 62 faizi isə sənaye sahələrində olmaqla, onların 40 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 60 faizi isə digər şəhər və rayonların payına düşür.
Regionların investisiya təminatının möhkəmlənməsinə “Azərbaycan İnvestisiya Şirkəti” sanballı töhfələr verir
Azərbaycan dövləti öz investisiya siyasətində ölkənin maraqlarından çıxış edərək bir sıra zəruri hədəflər müəyyənləşdirib. Hazırda müxtəlif sahələrə yönəldilən daxili investisiyaların tərkibində dövlət investisiya xərcləri üstünlük təşkil edir. Dövlət real sektorun inkişafına güclü dəstək verir, eyni zamanda, bir sıra infrastruktur layihələrinin, o cümlədən sosial məzmunlu layihələrin icrasını öz öhdəsinə götürüb. Dövlət investisiyaları hesabına yaradılan infrastruktur obyektləri bütün ölkə miqyasında sənayenin və kənd təsərrüfatının inkişafına müsbət təsir göstərir. Son 13 ildə dövlət investisiyaları hesabına ayrı-ayrı regionlarda reallaşdırılan Taxtakörpü, Şəmkirçay, Tovuzçay su anbarları, ölkənin generasiya gücünü artıran, bu sahədə ixrac imkanları yaradan yeni elektrik stansiyaları, genişmiqyaslı meliorativ işlər, qazlaşdırma, yol layihələri bütövlükdə Azərbaycanın gücünü və qüdrətini təsdiqləyir.
Son illərdə ölkədə, o cümlədən də regionlarda investisiya qoyuluşunun artmasında ayrı-ayrı qurumların rolunu xüsusi qeyd etmək lazımdır. 2006-cı ildə yaradılan “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) Açıq Səhmdar Cəmiyyəti regionların investisiya təminatının möhkəmlənməsinə sanballı töhfələr verir. Fəaliyyət göstərdiyi 10 il ərzində AİŞ respublikanın müxtəlif bölgələrində çoxlu sayda böyük investisiya tutumlu layihələri reallaşdırmağa müvəffəq olub. AİŞ-in iştirakı ilə “M-Pro” şirkətinin Hövsan qəsəbəsindəki süd zavodunun, “Qaradağ Sement” zavodunda quru istehsal texnologiyasına əsaslanan yeni sobanın, “Səngəçal Qaradağ Neft və Qaz terminalı” layihəsinin başlanğıc fazasının inşası başa çatdırılıb. AİŞ həmçinin “Ağstafa Aqroservis”, “Azərtoxum” və “Dəvəçi Broyler”də həyata keçirilən layihələrdə iştirak edib. “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodunun, “Gilan” seramik, “Gilan” tekstil parklarının, “Gilan” yem emalı zavodunun,”Halal Qida” süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı kompleksinin, “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin, Ağdaş meyvə emalı zavodunun, Horadiz tikiş fabrikinin və çoxlu sayda digər istehsalatların yaradılmasında da AİŞ yaxından iştirak edib.
Hazırda AİŞ-in iştirakı ilə regionlarda icrası davam etdirilən layihələr də kifayət qədər çoxdur. Qurumun fəal dəstəyi ilə yaradılan Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Mingəçevir Sənaye Parkı kifayət qədər böyük investisiya qoyuluşu tələb edən obyektlərdir. Bundan başqa, AİŞ Prezident İlham Əliyevin təşəbbüsü əsasında regionlarda yaradılan sənaye məhəllələrinin qurulmasına böyük dəstək nümayiş etdirir. İndiyədək Neftçala Sənaye Məhəlləsinin yaradılması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Gələcəkdə həmçinin Masallıda və digər bölgələrdə də belə məhəllələrin yaradılması nəzərdə tutulub.
Özəl bölmənin maliyyə təminatının artırılması sayəsində ölkədə güclü sahibkarlar sinfi formalaşıb
Azərbaycanın məqsədyönlü investisiya siyasətində özəl bölmənin maliyyə təminatının gücləndirilməsi mühüm yer tutur. Öz növbəsində özəl bölmənin maliyyə təminatının artırılması sayəsində ölkədə güclü sahibkarlar sinfi formalaşıb. Son 13 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artıb.
Sahibkarlığın inkişafına maliyyə dəstəyinin daha da gücləndirilməsi siyasəti son bir ildə də davam etdirilib. Yuxarıda bəhs olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, müvafiq Dövlət proqramının icrasının üçüncü ilində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2500 sahibkara 190 milyon manatadək güzəştli kredit verilib və nəticədə 8100-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 74 faizi regionların payına düşür. Bu il sahibkarlıq subyektlərinə qaytarılmış vəsaitlər hesabına 150 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulub.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2017.- 18 mart.- S.11