Bakı rayonlarının məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana yola düşüblər

 

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində martın 23-də Bakı şəhərinin Səbail, Sabunçu, Suraxanı, Nizami, Yasamal və Pirallahı rayonlarının məktəblərindən 160 şagird Naxçıvan Muxtar Respublikasına yola salınıb.

AZƏRTAC xəbər verir ki, şagirdlər martın 27-dək Naxçıvanın tarixi və mədəniyyət abidələri, adət-ənənələri ilə, bu qədim diyarın müasir simasını əks etdirən yerləri ilə tanış olublar.

Tur-aksiyanın əhəmiyyətindən danışan Sabunçu rayonundan olan qrup rəhbəri Məhəmməd Əsədov bildirib ki, məktəblilər indiyədək görmədikləri bölgələrimizdə olacaq, o yerləri daha yaxşı tanıyacaqlar. Bu, şagirdlərimizdə vətənpərvərlik hissinin yüksəlməsinə səbəb olacaq. Ona görə də layihənin bütün təşkilatçılarına, xüsusilə aksiyanın təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşı Lamiyə Namazova qeyd edib ki, tur-aksiya gənclərin Vətənimizi daha yaxından öyrənməsində, onların dünyagörüşünün artmasında mühüm rol oynayacaq. Tur-aksiya şagirdlərin asudə vaxtlarını daha səmərəli keçirmələrinə kömək edəcək. Biz bu təşəbbüsə görə dövlətimizin başçısına minnətdarıq. Belə gözəl tədbirlərin gələcəkdə də davamlı olmasını arzulayırıq.

Sabunçu rayonunun 81 nömrəli tam orta məktəbinin şagirdi Nuranə Rzayeva sevincini belə ifadə edib: “Bu gün yoldaşlarımla birgə qədim Naxçıvana səyahət edəcəyimə görə çox sevinirəm. Gündən-günə gözəlləşən və inkişaf edən Naxçıvanı yaxından tanıyacağıq. İnşallah, növbəti turumuz doğma Qarabağımıza olar”.

Məktəbli Vüqar Məmmədov deyib: “Naxçıvanın qədim tarixi və abidələri haqqında kitablardan çox oxumuşam. Ancaq indiyə qədər haqqında oxuduqlarımı canlı görmək başqa hissdir. Bu layihə biz gənclər üçün çox mühüm əhəmiyyət kəsb edir”.

Yasamal rayonunun 329 nömrəli məktəbinin şagirdi Cənnət Cəfərzadə qeyd edib ki, Naxçıvanın görməli yerləri çoxdur. “Hüseyn Cavid məqbərəsi, Möminə Xatun türbəsi vəƏshabi-Kəhf” ziyarətgahı ilə tanış olacağam. Tur-aksiyanın biz məktəblilərin dünyagörüşünün artmasına səbəb olacağına inanıram. Əminəm ki, bu ekskursiya tarix dərsində öyrəndiklərimizi əyani şəkildə görməyimizə imkan yaradacaq”, - deyə o əlavə edib.

Digər şagirdlər də doğma Azərbaycanımızın ayrı-ayrı guşələrini gənc nəslə daha yaxından tanıtmaq məqsədilə reallaşan tur-aksiyanın təşkilinə və yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Sonra tur-aksiya iştirakçıları Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola salınıblar.

Yeni Azərbaycan.- 2017.-  28 mart.- S.5.