Azərbaycanda aqrar sektorun
yeni inkişaf mərhələsi başlayıb
2016-cı ildə gəlirli sahələrdən olan meyvəçiliyin intensiv inkişaf etdirilməsi sayəsində bağlardan 883,7 min ton məhsul yığılıb
Yeni iqtisadi şəraitdə Azərbaycanın üstün inkişafını hədəflədiyi sahələrdən biri də aqrar sektordur. Ölkəmizin malik olduğu əlverişli coğrafi-iqlim xüsusiyyətləri, fəal məşğul əhalinin 40 faizdən çoxunun bölgələrdə yaşaması bütün respublikaboyu kənd təsərrüfatının qarşısında geniş inkişaf perspektivləri açır. Dövlət tərəfindən göstərilən davamlı siyasi və maddi-texniki dəstək hesabına aqrar sektorun geniş potensialından maksimum səmərə ilə istifadə etməklə yeni şəraitdə ölkənin qeyri-neft məhsulları üzrə ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırmaq mümkündür.
Əlamətdar haldır ki, respublikanın bölgələrində kənd təsərrüfatına məqsədyönlü dəstək tədbirləri öz bəhrəsini verməyə başlayıb. Maddi-texniki bazanın gücləndirilməsi, təsərrüfatlarda qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi məhsuldarlığı artırıb və bütövlükdə ölkə üzrə aqrar sektoru yeni inkişaf mərhələsinə çıxardıb. Ötən il məlum çətinliklərə baxmayaraq, respublikanın kənd təsərrüfatında 2,6 faiz artıma nail olunub. Cari ildə isə bu göstəricini daha da artırmaq, yeni istehsal və ixrac imkanları yaratmaq qarşıya məqsəd qoyulub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ötən il kənd təsərrüfatında qazanılan uğurlardan məmnunluq ifadə etməklə yanaşı, vurğulayıb ki, cari ildə aqrar sektorda artım daha böyük rəqəmlərlə ölçülməlidir: “Keçən il kənd təsərrüfatının inkişafında uğurlu il olmuşdur. Biz artıma nail ola bildik. Bu il bu artım hesab edirəm ki, daha da böyük rəqəmlərlə ölçülməlidir”.
Aqrar sektorda gəlirli sahələrdən biri də meyvəçilikdir
Azərbaycanda yeni şəraitdə həyata keçirilən məqsədyönlü aqrar siyasət onunla fərqlənir ki, regionlarda zəngin ənənələrə malik perspektivli, ixrac imkanları geniş olan sahələrin inkişafı diqqət mərkəzində saxlanılır. Aqrar sektorda gəlirli sahələrdən biri də meyvəçilikdir. Qeyd etmək yerinə düşər ki, ölkəmizdə meyvəçiliyin zəngin tarixi var və aqrar sektorun bu gəlirli sahəsi regionlar üzrə ixtisaslaşıb. Mütəxəssislərin qənaətləri belədir ki, tarixi ənənələr və coğrafi-iqlim xüsusiyyətləri nəzərə alınmaqla respublikanın bütün bölgələrində meyvəçiliyi inkişaf etdirmək mümkündür. Ümumiyyətlə, ölkəmizdə tumlu meyvələr üzrə Quba-Xaçmaz, qərzəxli meyvələr (şabalıd, qoz, fındıq) üzrə Şəki-Zaqatala, çəyirdəkli (ərik, şaftalı) meyvələr üzrə Naxçıvan MR, quru subtropik meyvələr (nar, heyva) üzrə Kür-Araz, sitrus meyvələr (naringi, portağal, feyxoa, limon) üzrə Lənkəran, cənub bitkiləri (əncir, zeytun, püstə, badam və s.) üzrə Abşeron yarımadası ixtisaslaşıb.
Respublikamızda yeni şəraitdə meyvəçilik bir tərəfdən tarixən formalaşan ənənələr nəzərə alınmaqla, digər tərəfdən isə innovativ texnologiyaların, yeni suvarma sistemlərinin tətbiqi yolu ilə inkişaf etdirilir. Belə yanaşma sayəsində respublikanın bütün bölgələrində meyvəçilik sürətlə inkişaf edir. 2016-cı ildə bağlardan 883,7 min ton meyvə və giləmeyvə yığılıb. Hazırda Azərbaycan özünü meyvə və giləmeyvə ilə 122 faiz təmin edir. Eyni zamanda, respublikamızdan meyvə ixracının həcmi və çeşidi də artıb. Son bir ildə respublikamızdan xarici bazarlara meyvə ixracı 244 milyon dollara çatıb ki, bu da 2015-ci illə müqayisədə meyvə ixracının 24 milyon ABŞ dolları həcmində artması deməkdir.
Regionlarda yeni meyvə bağları salınır
Respublikamızda meyvəçiliyin perspektiv inkişafına hesablanan müxtəlif tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda vurğulandığı kimi, müxtəlif dövlət dəstək mexanizmlərinin, o cümlədən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə istehsalçılara 256 milyon manat güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, xarici ölkələrdə ticarət evlərinin yaradılması və digər ixracın təşviqi tədbirləri nəticəsində ölkəmizdə gəlirli sahə olan meyvəçilik bundan sonra daha sürətlə inkişaf edəcək, ixrac imkanları daha da artacaq.
Respublikanın bölgələrində meyvəçiliyin inkişafı məqsədilə görülən tədbirlər sırasında yeni meyvə bağları salınmasının önəmini xüsusi qeyd etmək lazımdır. Təkcə son bir neçə ildə respublikanın müxtəlif regionlarında təxminən 40 intensiv bağçılıq təsərrüfatı yaradılıb. Yaxın gələcəkdə Azərbaycanın şimal bölgəsində 700 hektar sahədə müasir tipli intensiv meyvə bağları salınacaq.
Digər bölgələrdə də meyvə bağlarının genişləndirilməsi nəzərdə tutulub. Cari ildə Bərdə rayonunda 140 hektar sahədə meyvə bağları salınacaq. Bərdə rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən bildiriblər ki, meyvə bağlarının 60 hektarının yazda, 80 hektarının isə payızda salınması nəzərdə tutulub. Rayonun Kürqırağı ərazilərindəki Oğlan baba meşəbəyliyində 20 min ədəd nar, 10 min ədəd ərik tinginin əkilməsi prosesi başa çatmaq üzrədir. Bundan başqa, meyvə tinglərinin yetişdirilməsi məqsədilə 30 sot sahədə Qafqaz xurması və ərik toxumu səpilib.
Yevlax rayonunda da yeni meyvə bağlarının salınması diqqət mərkəzində saxlanılır. Bu il rayon ərazisində 100 hektar sahədə yeni meyvə bağlarının salınması planlaşdırılıb. Yeni meyvə bağlarının 50 hektarı yaz mövsümündə, digər 50 hektarı isə payızda salınacaq. Artıq Varvara, Qaraoğlan və Cırdaxan meşəbəyliklərində 9 hektarda müxtəlif növ meyvə ağaclarının tingləri əkilib.
Respublikada fındıqçılıq 13 rayonda inkişaf etdirilir
Respublikanın regionlarında həmçinin daxili və xarici istehlak bazarlarında böyük tələbat duyulan fındıq istehsalını artırmaq üçün hər cür şərait var. Azərbaycan fındıq istehsalına görə dünyada dördüncü ölkədir. Respublikamızda fındıqçılıq 13 rayonda inkişaf etdirilir.
Zaqatala, Qax, Balakən, Qəbələ kimi rayonlarda fındıq bağlarının məhsuldarlığı kifayət qədər yüksəkdir. Respublikamızda ildə təqribən 35 min ton fındıq istehsal olunur və onun 90 faizi xarici ölkələrə ixrac edilir. Ötən il Azərbaycandan 25-ə yaxın ölkəyə 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac edilib.
Ölkə ərazisində 35 min hektaradək fındıq bağları var. Yaxın perspektivdə isə regionlarda fındıq bağlarının sahəsi 80 min hektara çatdırılacaq. Respublikamızda yeni fındıq bağlarının salınması istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Təkcə ötən ilin payız mövsümündə Zaqatala rayonunun ərazisində 2 min 560 hektar sahədə yeni fındıq bağları salınaraq, bağların ümumi sahəsi 16 min 419 hektara çatdırılıb. Yaxın illərdə rayon ərazisində daha 10 min hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 5041 hektardır. Bu bağların 4600 hektarı barverəndir.
Respublikanın iri fındıqçılıq rayonlarından olan Qəbələdə 2016-cı ildə mövcud 3480 hektar bar verən fındıq bağından 8 min 200 ton məhsul yığılıb. Rayonda yeni fındıq bağları salınır. Ümumilikdə, Qəbələdə 1000 hektar sahədə yeni fındıq bağının salınması qarşıya məqsəd kimi qoyulub. Ötən 5 ay ərzində rayonun 20-yə yaxın kəndində əhali arasında geniş maarifləndirmə işləri aparılmaqla yanaşı, kütləvi şəkildə fındıq tinglərinin əkilməsi işləri həyata keçirilib. Qısa müddətdə rayonda 700 hektar sahədə yeni fındıq bağı salınıb.
Ötən il Qax rayonunda 1275 hektar sahədə yeni fındıq bağları salınıb. Cari ilin yaz və payız mövsümlərində daha min hektar sahədə yeni bağların salınması nəzərdə tutulur. Qeyd edək ki, hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 6796 hektardır. Bu bağların 5010 hektarı barverəndir. Ötən il bağlardan 3152 ton, yəni əvvəlki ildəkindən 94 ton çox məhsul tədarük olunub.
Abşeronda, Bakıətrafı qəsəbələrdə zeytun, badam bağları bərpa olunur
Abşeron, Bakıətrafı qəsəbələr tarixən zeytun və badam bağları ilə məşhur olub. İndi hər iki istiqamət üzrə ənənələr dirçəldilir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində yaxın perspektivdə Abşeronda və Bakıətrafı qəsəbələrdə badam, zeytun bağlarının genişləndirilməsini qarşıya mühüm vəzifə kimi qoyub.
Hazırda dövlət başçısının qarşıya qoyduğu vəzifəyə uyğun olaraq Abşeronun Aşağı Güzdək qəsəbəsində 320 hektarda zeytun bağı salınır. Abşeron Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun Aşağı Güzdək bələdiyyəsinin Dövlət Torpaq Fonduna məxsus 320 hektarı zeytun bağlarının salınması məqsədilə “Abşeron Aqro” MMC-yə ayrılıb. Artıq ərazinin 25 hektarı əkinçilik üçün tam yararlı vəziyyətə gətirilib və burada 9 min zeytun tingi əkilib. Ümumiyyətlə, ilin sonunadək əkiləcək tinglərin sayı 120 minə çatdırılacaq.
Ötən ilin statistik məlumatına görə, respublikada 1099 ton badam istehsal edilib. Hər hektara 25,2 sentner məhsul düşüb. Ölkədə badam istehsalını artırmaq, bununla da daxili tələbatı tam ödəmək, eyni zamanda xarici bazarlara məhsul ixrac etmək üçün imkanlar isə daha genişdir. Badamın kifayət qədər qiymətli məhsul olduğu nəzərə alınaraq artıq Abşeronda və Bakıətrafı qəsəbələrdə yeni bağların salınmasına start verilib. O cümlədən Xəzər rayonunda da yeni badam bağları salınacaq. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xəzər rayonunda yeni badam bağlarının salınmasını prioritet investisiya qoyuluşu istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu barədə SKMF-nin bir qədər bundan əvvəl Xəzər rayonunun Mərdəkan qəsəbəsində keçirdiyi işgüzar forumda məlumat verilib.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
m2017.- 28 mart.- S.5