Azərbaycanın regionlarında sosial-iqtisadi
inkişafın davamlılığını təmin etmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir
Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı rayonlarında görülən işlər aqrar sektorun, sənayenin inkişafı və sosial layihələrin icrası istiqamətində mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirib
Azərbaycanda həyata keçirilən uğurlu inkişaf siyasəti müəyyən olunmuş strateji prioritetlər çərçivəsində mühüm nailiyyətlərin əldə edilməsini təmin edib. Bu kontekstdə regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərin əhəmiyyətini və əldə edilən nəticələri ayrıca qeyd etmək lazımdır. Ümumiyyətlə, ölkəmizdə regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan və bu sahədə çoxsaylı nailiyyətlərin qazanılmasını təmin edən tədbirlər müxtəlif sahələri ehtiva edir. Həyata keçirilən tədbirlər bölgələrin sosial-iqtisadi tərəqqisinin intensiv xarakter almasını təmin etməklə yanaşı, yeni inkişaf imkanlarının yaranmasını şərtləndirir.
Şübhəsiz, bütün sahələr üzrə əldə olunan inkişaf ayrı-ayrı rayonlarımızın, o cümlədən bölgələrimizin timsalında da özünü göstərir. Təbii ki, bu inkişafdan Naxçıvan Muxtar Respublikasına və onun rayonlarına da pay düşüb. Bu bölgəyə daxil olan rayonlarda müvafiq Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı və sosial layihələrin icrası istiqamətində mühüm işlər görülüb. Bu istiqamətdə bir neçə nümunəyə ayrıca nəzər yetirmək məqsədəmüvafiqdir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, ötən il Naxçıvan Muxtar Respublikası və onun rayonları üçün uğurlarla yadda qalıb. İlk növbədə vurğulamaq gərəkdir ki, qəbul olunmuş Dövlət proqramları və həyata keçirilən sosial-iqtisadi islahatlar muxtar respublikada aqrar bölmənin inkişafında mühüm rol oynayıb. Əhalini ilboyu kənd təsərrüfatı məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə qarşıda duran əsas vəzifələrdəndir. Hazırda muxtar respublikada ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar və sahəsi 127 min 162 kvadratmetr olan 21 istixana kompleksi, tutumu 27 min ton olan uzunmüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi, 235 heyvandarlıq, 64 quşçuluq, 102 arıçılıq, 15 balıqçılıq, 72 bağçılıq və üzümçülük təsərrüfatı fəaliyyət göstərir. Ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə 1835 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilib, onlardan 1506-sı lizinq yolu ilə sahibkarlara verilib. Əkinçilikdə, xüsusilə dənli bitkilərin məhsuldarlığının yüksəldilməsində ən əsas amillərdən biri keyfiyyətli toxum materialı ilə əkin aparılmasıdır. Aqrar sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, 2016-cı ildə muxtar respublikada 100 min 768 ton dənli və dənli-paxlalı, 10 min 500 ton dən üçün qarğıdalı, 725 ton dən üçün günəbaxan, 83 min ton tərəvəz, 46 min ton kartof, 38 min ton bostan məhsulları, 52 min ton meyvə, 15 min 600 ton üzüm, 25766 ton ət, 81372 ton süd, 80,5 milyon ədəd yumurta, 1022 ton yun və 1403 ton bal istehsal olunub. Kənd təsərrüfatı sahəsinin dinamik inkişafı ixracın həcminə də müsbət təsir göstərib, nəticədə ötən il muxtar respublika üzrə 99 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunub. Görülmüş işlərin nəticəsidir ki, 2016-cı ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 429 milyon 448 min manat olub ki, bu da 2015-ci illə müqayisədə 6,1 faiz çoxdur.
Digər tərəfdən, muxtar respublikada aqrar sektorda inkişafın davamlılığının təmin olunması məqsədilə kəndlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır. Belə ki, Naxçıvanda torpaqların dayanıqlı su təminatı və su itkisinin qarşısının alınması üçün işlər davam etdirilir. Hazırda Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərinin əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün kompleks tədbirlər həyata keçirilir. Məlumata görə, ötən ildən Babək rayonunun Xəlilli kəndinə gələn uzunluğu 1700 metr olan kanal əsaslı təmir edilir. Bu kanal Uzunoba Su Anbarından qidalanır. Kanal Şıxmahmud və Xəlilli kəndlərinin ərazilərini suvarma suyu ilə təmin edəcək. Artıq burada işlər yekunlaşmaq üzrədir. Uzunoba Su Anbarını qidalandıran köhnə kanal da əsaslı təmir olunur. Kanalın 1120 metrlik hissəsi lildən təmizlənib, 540 metri isə beton plitələrlə üzlənib. Hazırda işlər davam etdirilir. Tikintidə texnikanın gücündən səmərəli istifadə olunur və işin keyfiyyətinə diqqət yetirilir. Qeyd edək ki, muxtar respublikanın digər rayonlarında da 2017-ci ilin suvarma mövsümünü mütəşəkkil keçirmək üçün tədbirlər davam etdirilir. Muxtar Respublikanın Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, mart ayında muxtar respublikanın su anbarlarına və göllərə 170 milyon kubmetrə yaxın su yığılıb. Cari ilin iki ayı ərzində 37 kilometrdən artıq magistral kanal, 57 kilometr ara arxları, 6 kilometrdən çox kollektor lildən təmizlənib. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi və suvarma mövsümünün mütəşəkkil şəkildə başa çatdırılması üçün su anbarlarının təmir-bərpası, sututarlara suyun yığılması diqqətdə saxlanılıb. Əkin sahələrində su itkisinin qarşısını almaq, suvarılan ərazilərin şoranlaşmasına yol verməmək üçün açıq və qapalı drenajlarda, kollektorlarda, kanal və arxlarda mütəmadi olaraq lildən təmizlənmə işləri aparılır, yeni drenaj xətləri çəkilir. Suvarma mövsümünü mütəşəkkil keçirmək üçün bütün nasos stansiyalarında təmir işləri başa çatdırılıb.
Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı rayonlarında aqrar sektorda davam etdirilən ardıcıl tədbirlər sırasında yaz-tarla işlərinə hazırlıq məqsədilə görülən işləri da qeyd etmək yerinə düşər. Belə ki, Şərur rayonunda Cəlilkənd və digər ətraf kəndlərin torpaq mülkiyyətçilərinin iştirakı ilə keçirilən müşavirədə məlumat verilib ki, rayonda 87 min 226 hektar torpaq sahəsinin 25 min 510 hektarı kənd təsərrüfatına yararlıdır. Əkin sahələri isə 17 min 115 hektar təşkil edir ki, bunun da 12 min 492 hektarı və ya 72,9 faizi suvarılan torpaqlardır. Müşavirədə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edərək torpaqlardan səmərəli istifadə olunması və yüksək keyfiyyətli məhsul istehsalı üçün torpaq mülkiyyətçilərinə hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. İbrahim Məmmədov bildirib ki, rayonda yaz-tarla işlərinə hazırlıq diqqət mərkəzindədir. Artıq toxumluq kartofun və mineral gübrələrin tədarükünə başlanılıb. Rayonda su itkisinə yol verilməməsi üçün bu ilin yanvar-fevral aylarında suvarma sistemləri idarəsi tərəfindən 18,2 kilometr məsafədə ara arxları, 3,5 kilometr kollektor, 12 kilometr məsafədə beton və torpaq kanallar lildən təmizlənib. Vurğulanıb ki, ötən illərdə olduğu kimi, bu il də Şərur rayon torpaq mülkiyyətçiləri sahələrdən bol məhsul götürülməsi üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər. Naxçıvan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov isə bildirib ki, cəmiyyət tərəfindən 2016-cı ildə hüquqi və fiziki şəxslərə 174 min 278 manat dəyərində 31 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlar güzəştli şərtlərlə satılıb. Bu il də bu işlər davam etdiriləcək, sahibkarlara kənd təsərrüfatı texnikalarının alınması üçün lazımi köməklik göstəriləcək.
Bununla yanaşı, muxtar respublikada sənaye və kənd təsərrüfatı istehsal müəssisələrinin sayının artırılması, o cümlədən yerli xammaldan istifadə edilməklə istehsal edilən məhsulun istehlakçılara daha ucuz qiymətə çatdırılması istiqamətində ardıcıl tədbirlər görülüb, mühüm nəticələr əldə edilib. Fevralın 11-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü zamanı diqqətə çatdırılıb ki, 1996-cı ildə muxtar respublikada, ümumilikdə, 40 sənaye müəssisəsi vardısa, bu gün onların sayı 11 dəfə artırılaraq 442-yə çatdırılıb. Yeni fəaliyyətə başlayan müəssisələr, əsasən, yerli xammaldan istifadə etməklə öz fəaliyyətlərini qurublar ki, bu da hazır məhsulun daha ucuz qiymətə istehlakçılara çatdırılmasına imkan yaradır. Hazırda muxtar respublikada mövcud olan 442 istehsal müəssisəsindən 311-i və ya 70 faizi tamamilə yerli xammaldan istifadə edərək fəaliyyət göstərir.
Eyni zamanda, muxtar respublikada müasir sosial infrastruktur quruculuğuna da böyük diqqət göstərilir və bu istiqamətdə tədbirlər davam etdirilir. Yeri gəlmişkən, bu istiqamətdə görülən tədbirlər çərçivəsində Şərur şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib, dördmərtəbəli və 1020 şagird yerlik məktəbdə müasir tədris şəraiti yaradılıb. 5-i elektron lövhəli olmaqla 50 sinif otağı, 2 müəllimlər otağı, 2 şahmat otağı, tibb otağı, bufet, idman zalı, açıq idman qurğuları və mini futbol meydançası şagirdlərin istifadəsinə verilib, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə yeni avadanlıqlar və əyani tədris vasitələri ilə təchiz edilib. Məktəbin zəngin kitabxanasında 20 minə yaxın müxtəlif ədəbiyyat toplanıb. Onlardan 8973-ü dərslik, 10245-i isə bədii ədəbiyyatdır. Məktəbdə 4 kompüter otağı yaradılıb, ümumilikdə, 84 kompüter quraşdırılaraq sürətli internetə çıxışı təmin edilib. Yeni texnologiyalar məktəbdə distant tədrisin tətbiqinə və interaktiv dərslərin keçirilməsinə imkan verir.
Bununla yanaşı, Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində yaxın günlərdə yeni məktəb, kənd və xidmət mərkəzlərinin tikintisinə başlanılacaq. Yeni məktəb binasının tikiləcəyi yer artıq hazır vəziyyətə gətirilir. 420 yerlik məktəb binası üçmərtəbəli olacaq. Burda şagirdlərin hərtərəfli bilik alması üçün lazımi şərait yaradılacaq.
Bütövlükdə, Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı rayonlarında görülən işlər aqrar sektorun, sənayenin inkişafı və sosial layihələrin icrası istiqamətində mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirib.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.- 2017.- 29 mart.- S.7